Bazar, 15 Sentyabr 2019 23:54

ATU-da XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilib

11 – 14.09.1019 tarixlərdə Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilib.

Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin mərhum sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşları hər zaman olduğu kimi bu konfransdada yaxından iştirak ediblər. Belə ki, kafedranın əməkdaşlarının müxtəlif mövzulara həsr olunmuş elmi işləri təqdim edilmişdir. Konqrenin müxtəlif günlərində kafedra əməkdaşlarından – professor K. Musayev “Aortal qapağın tam rekonstruksiyası”, professor S. Zeynalov “Kəskin biliar pankreatitlərdə endoskopik cərrahiyyə”, professor S. Aliyev “Fournie qanqrena: qədim xəstəliyin aktual aspektlərinə müasir baxış”, doktorant G. Bayramlı “ Liposaksiyadan sonrakı toxuma defektlərinin autopiy transplantasiysı ilə korreksiyası” mövzusunda çıxış etmişlər. Həmçinin, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor N.Y. Bayramov və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev iclas sədrləri kimi də çıxış etmişlər.