Piyliyin cərrahi xəstəlikləri
Hazırladı: t.f.d. Əliyev T.
I cərrahi xəstəliklər kafedrası
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
1 Böyük piyliyin infarktının diaqnozunun müəyyənləşdirilməsində önəmlidir:
- A. KT
- B. USM
- C. Cərrahi əməliyyat
- D. Rentgenoloji müayinə
- E. Klinik –laborator müayinələr
C. Böyük piyliyin infarktı ən çox böyüklərdə rast gəlinir, 14% hallarda uşaqlarda da rast gəlinə bilər. Burulma, travma, vaskulitlər piyliyin infarktını törədə bilir. Hesab edilir ki, piyliyin sərbəst ucu fiksə olunarsa,o öz ətrafında burulur və işemik nekroz baş verir. Kliniki olaraq qarının sağ yarısında ağrılar və qusma ilə müşayiət olunur. Əzələ gərginliyi, bəzən də kütlə palpasiya edilir. Klinik olaraq appendisitdən, bəzən də xolesistitdən fərqləndirmək çətin olur. Diaqnoz adətən cərrahi əməliyyat zamanı müəyyən olunur. Kompüter tomoqrafiya piyliyin patologiyasını göstərə bilər, lakin patologiyanın infarkt olduğunu dəqiqləşdirə bilmir.
2 Böyük piyliyin kistoz törəmələrinin fəsadlarından deyildir:
- A. Kistoz törəmənin cırılması
- B. Kist ilə orqanlar arasında fistul
- C. Kistoz törəmənin infeksiyalaşması
- D. Kistoz törəmənin qonşu orqanları sıxması
- E. Kistoz törəmənin ayaqcığının burulması
B. Böyük piyliyin kistası uşaqlarda daha çox müşahidə olunur. Anadangəlmə və qazanılma olur. Müxtəlif ölçülərdə, bir və ya çox kameralı ola bilər. Klinikası adətən simptomsuz keçir. Proqressiv böyüdükdə qarın assitəbənzər forma alır. Cırılma, infeksiyalaşma, ayaqcığın burulması, qonşu orqanların sıxılması kimi fəsadlar, qarında diffuz ağrılar törədə bilir. Qonşu orqanlarla fistulizasiya rast gəlinməyib.
3 Böyük piyliyin funksiyası deyildir:
- A. Mexaniki qoruyucu
- B. İmmun qoruyucu
- C. Bürüyücü
- D. Sekretor-sorucu
- E. Termorequlyasiya
E. Böyük piylik qarın boşluğunun limfoid immunokompotent orqanıdır. Antimikrob xüsusiyyəti, sorucu-sekretor xüsusiyyəti, mexaniki qoruyucu və zədələnmə bölgəsini örtərək möhtəviyyatın kənara çıxmasını əngəlləyə bilir. Piylik termorequlyasiyada iştirak etmir.
4 Kəskin mezoadenitin əmələ gəlməsinə ən çox hansı səbəb olur?
- A. Streptokokk və stafilokklar
- B. İersinia entercolitica
- C. Echerixa coli
- D. Adenoviruslar
- E. Enterokokklar
D. Kəskin mezoadenit 85% hallarda 5-13 yaşlı uşaqlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsinə 66,7% hallarda adeno- və respirator viruslar, 33% hallarda strepto-, entero-, stafilokokklar, göy-yaşıl irin çöpləri və İersina enterocolitica səbəb olur.
5 Kəskin mezoadenitin müalicəsi:
- A. Konservativ
- B. Cərrahi
- C. Fizioterapiya
- D. Simptomatik
- E. Spesifik
A. Kəskin mezoadenitin diaqnozu adətən diaqnostik laparotomiya ilə qoyulur. Biopsiya və bakterioloji müayinədən sonra konservativ müalicə verilir.
6 Xroniki mezoadenitin müalicəsi hansıdır?
- A. Fizioterapiya
- B. Simptomatik
- C. Cərrahi
- D. Konservativ
- E. Spesifik
E. Xroniki mezoadeniti əksər hallarda spesifik infeksiyalar törədir (vərəm, sitomeqalovirus və s.). Daqnozu KT, anamnez, biopsiya və bəzən də PZR ilə qoyulur. Müalicəsi isə səbəbə uyğun anti-infektivdir.
