"IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu” keçirilib
6 oktyabr 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının böyük konfrans salonunda Azərbaycan-Türkiyə 4-cü ortaq hepatoloji kursu keçirildi. Bu kurs 2015-ci ildən başlayaraq artıq oturuşmuş hala gəlmiş, ənənəvi olaraq ildə 1 dəfə növbə ilə Bakı və İstanbul şəhərlərində Azərbaycan Tibb Universitetinin və Türk Qaraciyər vəqfinin təşəbbüsü ilə keçirilir. Bu dəfəki toplantı Azərbaycan Xalq Cümhürriyətinin və Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən Bakının terrorçi bolşevik-daşnak dəstələrinin azad edilməsinin 100 illiyinə həsr olunmuşdur. Konfransı giriş sözü ilə AMEA-nın müxbir üzvü, Professor Nuru Bayramov açaraq qeyd edilən tarixi hadisələrin rolunu və xalqlarımız üçün böyük əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirildikdən sonra 1918-ci ilin sentyabr ayının 15-də Bakının terrorçi bolşevik-daşnak dəstələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olundu. Prof. N. Bayramov konfransa xeyir-dua vermək üçün sözü Türk Qaraciyər vəqfinin eşbaşkanı Prof. Dr. Yılmaz Çakaloğluna verdi. Prof. Dr. Y. Çakaloğlu bir milləti təmsil edəən 2 qardaş dövlətin tarixi keçmişinə qısa ekskurs edərək gənclərimizə ortaq tariximizi, mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı və elmimizi daim öyrənməyi və təblig etməyi, tarixi şəxsiyyətlərimizin – Mustafa Kamal Atatürkün, şərqdə il demokratik dövlətin qurucusu Ankarada uyuyan Məmmədəmin Rəsulzadənin, böyük Türk oğlu Əbülfəz Elçibəyin və Azərbaycan dövlətinin müstəqilliyinin qurucusu və memarı Heydər Əliyevin irslərinin dəriindən öyrənilməsini və əziz tutulmasını gənclərə tövsiyə etdi.
Daha sonra konfransın elmi hissəsi başladı. Prof. N. Bayramov ilk iclasın sədrlərini kafedraya dəvət etdi, çıxış üçün ilk sözü Ankara Memorial xəstəxanasının qastroenteroloji bölümündən Dr Hakan Bozkayaya verdi. Qısa fasilələrlə 10-a qədər elmi çıxış, müzakirələr, klinik videofilmlər təqdimatı, elmi disputlar və diskussiyalar, klinik hadisələrin, o cümlədən hepatit C hekayəsi yaşamış xəstənin həyatına həsr olunmuş Amerika filmi nümayiş etdirildi. Günün sonunda Prof. N. Bayramov konfransın öz işini uğurla başa çatdırdığını bildirdi, iclasın qapanışını elan etdi, qonaqları və bütün iştirakçıları məxsusi olaraq konfrans üçün nəzərdə tutulmuş qala konsert-yeməyinə dəvət etdi. Növbəti 5-ci Türkiyə-Azərbaycan ortaq hepatoloji kursun 2019-cu ilin payızında İstanbulda keçirilməsi elan olundu.
