ATU-nun I cərrahi xəstəliklər kafedrasının professoru, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Kamran Musayev Türkiyənin Antalya şəhərində “Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin (TÜDCD) XV Beynəlxalq Konqres”ində iştirak edib. Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi Kaliforniya və Kembric Universitetləri, Avropa Flebologiya Kolleci kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə iclaslar keçirib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin birgə toplantısı da təşkil olunub. Toplantı AÜDCC-nin sədri, professor Kamran Musayev və TÜDCD-nin sədr müavini, professor Mehmet Ali Özatikin rəhbərliyi altında keçib. Konqres cərçivəsində professor K. Musayev “Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Bakı təcrübəsi” adlı mövzu ilə çıxış edib, həmçinin 8 tezis və 1 məqaləsi işıq üzü görüb.
Musayev bildirib: “Konqres gənc cərrahların inkişafı baxımından çox əhəmiyyətli tədbirdir. Bundan əlavə Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirməklə yanaşı, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və üsullarla tanış olmaq baxımından da çox faydalı oldu. Bu konqresdə cəmiyyətimiz geniş tərkibli heyətlə iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarım üçün biliklərinin artırılması baxımından faydalı olduğunu düşünürəm. Konqres çərçivəsində AÜDCC-TÜDCD birgə toplantısının keçirilməsi isə qardaş Türkiyədən olan həmkarlarımızla əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Biz çalışırıq ki, cəmiyyətimizin hər bir üzvü beynəlxalq konqreslərdə iştirak etsin, daim öz bilik və təcrübələrini yeniləsin. Bu istiqamətdə ardıcıl fəaliyyət göstəririk, müxtəlif ölkələrin bənzər qurumları ilə əməkdaşlıq edirik. Cəmiyyət üzvlərimizin beynəlxalq təcrübədən daha çox faydalanmaları üçün bu əməkdaşlıqları bundan sonra da davam etdirəcəyik.”


