27 fevral 2026-cı il tarixində Prof. Nuru Bayramov və Prof. Sezai Yılmazın təşkilatçılığı və sədrliyi ilə keçirilən ənənəvi “XI Bakı–Malatya Orqan Transplantasiyası Günləri” beynəlxalq elmi-praktik konfransı uğurla başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DDT balı ilə akkreditasiya olunmuş tədbir transplantologiya sahəsində ABŞ, Türkiyə və Azərbaycan mütəxəssislərini bir araya gətirərək geniş elmi müzakirə platforması yaratmışdır.
Tədbirdə ABŞ-dan tanınmış mütəxəssis Prof.Dr. Brian Carr hepatosellülyar karsinomada proqnostik faktorlar və serum biomarkerləri, Türkiydən Prof. Volkan İnce hepatosellülyar karsinomada transplantasiya sərhədlərinin genişləndirilməsi, Prof. Adil Başkıran transplantasiyadan sonra HBV-nin residivi, Dr. Neslihan Çelik uşaqlarda qaraciyər transplantasiyasının çətinlikləri, Dos. Dr. Koray Kutlutürk qaraciyər transplantasiyasında hepatik arteriyanın rekonstruksiyası və Azərbaycandan mütəxəssislər PhD Mircəlal Kazımi, Dr. Tariyel Nadirov, Dr. Eldar Əhmədov, TED Rəşad Şolan və PhD Anar Namazov qaraciyər və böyrək transplantasiyasında yerli mərkəzlərin təcrübələri barədə məlumatları bölüşdülər.
Ümumilikdə 432 iştirakçı konfransa qatılmış, həkimlər, rezidentlər və səhiyyə nümayəndələri bu sahədə ən son yenilikləri ilə tanış olmaq imkan əldə etmişlər.
Konfrans beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və regionda transplantasiya xidmətlərinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Keçirilən konfransın uğurla baş tutmasında dəyərli töhfələrinə görə Azərbaycan Tibb Universitetinə, İnönü Universiteti Qaraciyər Nəqli İnstitutuna, çıxışçılara, təşkilində əməyi keçən bütün komanda üzvlərinə, o cümlədən Prof. Dr. Mustafa Kərəmə, Dr. Aygün İbrahimova və Recai Tosuna göstərdikləri xüsusi dəstəyə və töhfələrinə görə səmimi təşəkkürümüzü ifadə edirik.
Trans-Xəzər HPB Cərrahiyyə Assosiasiyası