29 may 2014 tarixində I cərrahi xəstəliklər kafedrasında ATU-nun cərrahlıq üzrə rezidentləri üçün Tikiş kursu təşkil edilmişdir. Kurs Almaniyanın Nordhorn şəhərinin Euregio klinikasının rəhbəri professor Nevzat Doğan və həmin klinikanın həkim-cərrahı, universitetimizin məzunu doktor Rüfət Məhərrəmov tərəfindən aparılmışdır. Əvvəl professor Nevzat Doğan müasir mini-invaziv cərrahlığın nailiyyətləri barədə geniş auditoriya qarşısında mühazirə oxudu və çoxsaylı suallara cavab verdi. Sonra doktor Rüfət Məhərrəmov praktik kursun nəzəri hissəsini rezidentlərə çatdırdı. Budan sonra rezidentlər cərrahi düyünlərin növləri və onların vurulması, müxtəlif dəri tikişlərinin qoyulması, bağırsaq anastomozlarının qoyulması texnikası və plevra boşluğuna drenajın yeridilməsi qaydaları ilə praktik məşğələdə tanış oldular və sərbəst yerinə yetirdilər.