Azərbaycan Tibb elminə, tibb ictimaiyyətinə və səhiyyə sisteminə ağır itki baş vermişdir.
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasına uzun illər rəhbərlik etmiş, ölkəmizdə cərrahlıq elminin inkişafında müstəsna xidmətləri olmuş, böyük cərrahlıq məktəbi yaratmış, respublikada elmi koloproktologiyanın əsasını qoymuş əməkdar elm xadimi, tibb elmləri doktoru, professor «Şöhrət» ordenli Həsən Abbas oğlu Sultanov uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
Professor H.A.Sultanov bütün ömrünü Azərbaycan cərrahlıq elminin, klinik cərrahlığın inkişafına həsr etmiş, Vətən cərrahlıq elmini xaricdə ləyaqətlə təmsil etmişdir.
Onun rəhbərliyi altında 40-a qədər tibb elmləri namizədi, 6 elmlər doktoru yetişmişdir. O, 11 kitab, dərslik, dərs vəsaiti, rəhbərlik və monoqrafiyaların, ümumilikdə 300-dən artıq elmi əsərin müəllifidir.
Prof. H.A.Sultanov Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında klinik ordinatordan professora qədər şərəfli yol keçmiş, 1989-2012-ci illərdə həmin kafedraya rəhbərlik etmişdir. Bu illər ərzində ölkəmiz üçün, postsovet ölkələri və bir çox uzaq ölkələr üçün yüksək ixtisaslı cərrah kadrlarının hazırlanmasında, cərrahların peşəkarlıq səviyyələrinin təkmilləşməsində böyük işlər göstərmişdir.
Professor Həsən Abbas oğlu Sultanovun xatirəsi ölkəmizin çoxminli tibb ictimaiyyəti, tələbələri, həmkarları və dostlarının xatirəsində əbədi yaşayacaq və yaşadılacaqdır!!!
Allah rəhmət eləsin!!!
Qəbri nurla dolsun !!!
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının kollektivi
