Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Ağciyər absesi və qanqrenası

Hazırladı: prof. Əliyev S.

Rezident. Abbasova S.

Redaksiya heyəti: prof. Bayramov N., dos. Rüstəm Ə., t.f.d. Hümmətov A.

Rezident: Şirinova X.


 

1 Aşağıdakı amillərdən hansı ağciyər absesinin səbəblərindən deyildir?

  • A. Eksudativ plevrit
  • B. Aspirasiya
  • C. Obstruksiya
  • D. Septik embollar
  • E. Tuberkulyoz

A. Ağciyər absesi adətən digər xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Bronxial obstruksiya və ağciyərdə kəskin zədələnmə törədən xəstəliklər ağciyər absesi ilə ağırlaşa bilər. Abseslər əmələ gəlmə mexanizmlərinə görə 3 qrupa bölünür: bronxogen-aspirasion, postpnevmonik, postişemik-nekrotik. Aspirasion pnevmoniya, bronx obstruksiyası, septik embollar və tuberkuloz ağciyər absesi törədə bilər. Eksudativ plevrit reaktiv iltihabi proses olduğu üçün ağciyərin irinli destruktiv xəstəliyini törətmə ehimalı çox azdır.

2 Aşağıdakı xəstəliklərdən hansı ağciyər absesi ilə ağırlaşmaz?

  • A. Ağciyər emfizeması
  • B. Ağciyərin travması
  • C. Atelektaz
  • D. Obturativ bronx şişi
  • E. Bronxoektaziya

A. Ağciyər absesi adətən digər xəstəliklərin ağırlaşması kimi ortaya çıxır. Bronxial obstruksiya və ağciyərdə kəskin zədələnmə törədən xəstəliklər ağciyər absesi ilə ağırlaşa bilər. Abseslər əmələ gəlmə mexanizmlərinə görə 3 qrupa bölünür: bronxogen-aspirasion, postpnevmonik, postişemik-nekrotik. Emfizemanın ağciyər absesi törətmə ehtimalı çox azdır.

3 Böyüklərdə ağciyər absesinin ən çox rast gələn səbəbi hansıdır?

  • A. Pnevmoniya
  • B. Aspirasion pnevmoniya
  • C. Septik trombemboliya
  • D. Bronxoektaziya
  • E. Ağciyərin travmaları

A. Böyüklərdə ağciyər absesinin ən çox rast gələn səbəbi pnevmoniyadır. Pnevmoniya həm sərbəst xəstəlik kimi həm də ağciyər absesinin səbəbi kimi rast gəlinə bilər.

4 Aşağıdakı üsullardan hansı ağciyər absesinin diaqnostikasında əsas yeri tutur?

  • A. R-qrafiya və KT
  • B. Bronxoskopiya
  • C. Bəlğəmin bakteroloji müayinəsi
  • D. USM
  • E. Ağciyərin funksional müayinəsi

A. R-qrafiya və KT ardıcıl mərhələli aparıldıqda ağciyər toxumasında irinli destruktiv proses olmasını yüksək dəqiqliklə göstərməyə imkan verir.

5 Ağciyər absesinin diaqnostikasında aşağıdakı əlamətlərdən hansı ən əhəmiyyətlidir?

  • A. R-qrafiyada maye səviyyəli boşluğun görünməsi
  • B. Yüksək hərarət və sepsis əlamətləri
  • C. R-qrafiyada boşluğun görünməsi
  • D. Bəlğəmin xaricindən sonra hərarətin düşməsi
  • E. Döş qəfəsində ağrı

A. Sadalanan əlamətlərin hamısı ağciyər absesində rast gəlinir. Lakin, absesin patoqnomonik əlamətlərindən biri R-qrafiyada və KT-də maye səviyyəli boşluğun görünməsidir.

6 Kəskin ağciyər absesi diaqnozu qoyulmuş bir xəstədə ilk növbədə hansı müalicə tədbiri başlanmalıdır?

  • A. Antibiotikoterapiya
  • B. Absesin punksiyası
  • C. Transtorakal drenaj
  • D. Lobektomiya
  • E. Bronxial drenaj

A. Antibiotikoterapiya, dəstək və drenaj (postural, perkutan, bronxoskopik, cərrahi) və nekrektomiya absesin əsas müalicə prinsipləridir. Mərhələsindən asılı olmayaraq abses diaqnozu qoyulan xəstədə ilk növbədə antibiotikoterapiya və infuzion-dəstək müalicəsi başladılır, sonra isə drenaj edilir.

7 Ağciyər absesində ən çox rast gələn bakterial flora hansıdır?

  • A. Qarışıq (Aerob +Anaerob)
  • B. Anaerob
  • C. Aerob
  • D. Anaerob +göbələk
  • E. Plazmidilər

A. Yuxarı tənəffüs yolları fizioloji olaraq şərti aerob və anerob flora ilə zəngindir və bronx keçiriciliyinin pozulması nəticəsində ağciyər toxumasında əmələ gələn hipoksiya şəraitində qeyd olunan flora aktivləşərək assiosativ olaraq ocaqlı irinli prosesin inkişafına səbəb olur.

8 Aşağıdakılardan hansı kəskin ağciyər absesinin nəticəsi deyil?

  • A. Amiloidoz
  • B. Plevra empieması
  • C. Qanaxma
  • D. Mediastinit
  • E. Pnevmotoraks

A. Kəskin ağciyər absesi plevraya, mediastinuma aşılaraq plevrit, pnevmotoraks, mediastinit törədə, damar eroziyası və qanaxmaya səbəb ola bilər. Amiloidoz xroniki işemik iltihabi proseslər nəticəsində meydana gələn, parenximatoz orqanlarda gedən degenerativ prosesdir.

9 Aşağıdakılardan hansı xronik ağciyər absesinin nəticəsində əmələ gəlməz?

  • A. Bronxial astma
  • B. Xərçəng
  • C. Amiloidoz
  • D. Bronxoektaziya
  • E. Bronx fistulası

A. Ağciyərdə uzunmüddətli irinli iltihabi proseslər, xərçəng, amiloidoz, bronxoektaziya, bronxo-plevral fistullar ağciyər büzüşməsi ilə ağırlaşa bilir. Ağciyər absesinin patogenezində əsas rol oynayan patogenetik amillər (bronx keçiriciliyinin mexaniki pozulması) bronxial astmanın patogenizində rol oynamadığından ağciyər absesi törədə bilməz. Bronxial astma infeksion allergik xəstəlikdir.

10 Ağciyər absesi olan xəstədə aşağıdakı müalicə üsullarından hansının əhəmiyyəti yoxdur?

  • A. Boşluq içinə antibiotik vurulması
  • B. Lobektomiya
  • C. Bronxoskopik drenaj
  • D. Transtorakal drenaj
  • E. Absesin punksiyası

A. Antibiotikoterapiya, dəstək, drenaj və nekrektomiya irinli proseslərin müalicə prinsipləridir. İrinli iltihabi proseslərdə bakteriyalar toxuma daxilində yerləşir və destruksiya törədirlər. İrinli boşluğa yeridilən antibiotiklərin toxuma diffuziyası zəif olduğu üçün faydası olmur. Ona görə də irinli proseslərdə antibiotiklərin parenteral istifadəsi tövsiyə edilir.

11 Aşağıdakı xəstəliklərdən hansı lobektomiyaya göstəriş deyil?

  • A. Ağciyər kalsinatı
  • B. Ağciyər emfizeması
  • C. Ağciyər qanaxması
  • D. Xroniki abses
  • E. Bəd xassəli törəmə

A. Ağciyər kalsinatı adətən sağalmış xəstəliklərin nəticəsi kimi meydana çıxır və əksər hallarda simptom vermir və müalicə gərəkdirmir. Sadalanan digər xəstəliklərdə lobektamiya ehtiyacı yarana bilir.

12 Ağciyər absesinin bronxogen şişlə əlaqəli olduğunu sübuta yetirmək üçün hansı müayinə üsulu seçilməlidir?

  • A. Bronxoskopiya
  • B. R-qrafiya
  • C. KT
  • D. USM
  • E. Bəlğəm sitologiyası

A. Bronx şişlərinin ağırlaşmalarından biri də ağciyər absesidir. Ağciyər absesinin diaqnostikasında önəmli məsələlərdən biri də səbəbin müəyyənləşdirilməsidir. Bronxoskopiya həm abses səbəbinin araşdırılmasında, həm də drenaj və sanasiyasında vacib olan müdaxilədir.

13 Ağciyərin xroniki absesi diaqnozu qoyulmuş xəstədə hansı əməliyyat icra olunur?

  • A. Lobektomiya
  • B. Pnevmotomiya
  • C. Seqmentektomiya
  • D. Pnevmoektomiya
  • E. Dekortikasiya

A. Ağciyər absesi adətən pay bronxunun və ya onun şaxələrinin obstruksiyası ilə əlaqədar meydana gəlir və pay səviyyəsində hüdudlanır. Ona görə də əksər hallarda lobektomiya yetərlidir.

14 Bronxektaziya xəstəliyi zamanı hansı əməliyyat icra olunmur?

  • A. Pnevmotomiya
  • B. Seqmentektomiya
  • C. Lobektomiya
  • D. Pulmonektomiya
  • E. Bilobektomiya

A. Pnevmotomiya ağciyər parenximasında kəsiklə kəskin icra edilən əməliyyatdır.Bronxektaziya xəstəliyində isə cərrahi əməliyyat patoloji dəyişikliyə uğramış bronx və ağciyər parenximasının xaric edilməsindən ibarət olmalıdır. Pnevmotomiya seçim əməliyyat variantı deyildir.

15 Ağciyər absesinin başlanğıc dövründə meydan çıxan əlamətlərin əsasında hansı proses durur?

  • A. Sistemik iltihabi reaksiya sindromu (SİRS)
  • B. İntoksikasiya
  • C. Poliorqan çatmazlığı
  • D. Sepsis
  • E. Tənəffüs çatmazlığı

A. Müasir görüşə görə, lokal prosesin orqanizmdə törətdiyi dəyişikliklərin əsasında leykositar-endotelial sistemin aşırı aktivləşməsi və vücudun iltihaba cəlb olunması prosesi durur ki, bu da ümumi iltihab sindromu və ya sistemik iltihabi reaksiya sindromu adlanır. İntoksikasiya köhnə konsepsiyadır və hazırda istifadə olunmur. Sepsis SİRS-in klinik formalarından biridir. Abses zamanı tənəffüs çatmazlığı adətən ağciyərin işğalı iləəlaqədar yox, SİRS və digər ağırlaşmalara bağlı olaraq meydana gəlir.