Hörmətli oxucular! Tələbələr və rezidentlər üçün dərslik kimi nəzərdə tutulmuş bu kitab “Cərrahi xəstəliklər” fənni üzrə 4-5-6-cı kursun müasir səriştəyönlü proqramını əhatə edir. Kitabda qarın və döş boşluğu üzvlərinin, ürək-damar, süd vəzi və endokrin orqanların ən çox rast gəlinən cərrahi xəstəlikləri, cərrahi reanimasiya, travma, transplantasiya və metabolik cərrahiyyə barədə məlumatlar verilmişdir.
Kitabda ayrı-ayrı cərrahi xəstəlikləri şərh edərkən bəzi cəhətlərə xüsusi diqqət yetirilməyə çalışılmışıq.
Birincisi, müasir tibb təhsilinin təlabatları nəzərə alınmışdır. Məlumdur ki, müasir tibb təhsilinin əsas hədəfi səriştəli kadr hazırlamaqdır və bunun üçün tələbələrin isbatlanmış tibbi biliklərə, əqli (kliniki) və əməli (praktiki) bacarıqlara pilləli şəkildə yiyələnməsinə nail olmaq lazımdır: təhsilin universitet mərhələsində əsas məqsəd çox rast gəlinən patologiyalar üzrə tibbi biliklərləri və əqli bacarıqları öyrətmək, rezidentura mərhələsində ixtisas sahəsindəki bütün patolpgiyalar üzrə həm bilikləri, həm əqli, həm də praktiki bacarıqları öyrətmək, sonrakı pillələrdə isə (Davamlı Tbbi Təhsil) məqsəd bilik və bacarıqları təkmilləşdirmək və yenilikləri mənimsəməkdir. Hazırkı proqrama görə Univresitetimizdəki təhsilinin 3-cü kursunda tələbələrə ümumi cərrahi patologiyalar üzrə müasir biliklər və bəzi ümumi praktiki bacarıqlar öyrədilir. 4-cü və 5-ci kurslarda çox rast gəlinən və təcili cərrahi xəstəliklər üzrə diaqnoz qoyma səriştəsi (diqanoz qoyma, diaqnostik yanaşma, diaqnostik taktika da adlanır) tədris edilir, 6-cı kursda isə əsasən təcili cərrahi xəstəliklər üzrə xəstələri aparma (əməliyyatönü qiymətləndirmə, müalicə seçimi və əməliyyatdan sonra aparma) bacarıqğı tədiris edilir. Bunu nəzərə alaraq kitabda cərrahi xəstəliklərdə diaqnostik yanaşma və müalicə taktikası ön planda tutulmuşdur. Diaqnostik prosesin mərhəllələri (şübhələnmə, dəqiqləşdirmə, səbəbin və ağırlıq dərəcəsinin təyini) barədə məlumat verilmişdir. Müalicə seçimi ilə əlaqədar verilən məlumatlar 6 kurs tələbələri və rezidentləi üçün faydalı ola bilir.
İkincisi, kitabda hər bir cərrahi xəstəlik barədə məlumat oxucuya 3 formada təqdim edilir:
- geniş mətn formasında xəstəliyin tərifi, etio-patogenezi, gedişi, ağırlaşmaları, klinikası, diaqnostikası və və müalicəsi barədə məlumatlar yer alır.
- özət formasında xəstəlik barədə qısa xülasə (ensiklopedik məlumat) verilir.
- sual-cavab formasında xəstəlik barəsində məlumatlar sual-cavab şəkilində təqdim edilir verilir.
Üçüncüsü, kitabdakı məlumatların müasir klinik protokollar əsaslanmasına çalışmışıq.
Hesab edirik ki, elektron varinatda hazırladığımız bu kitab tələbələrimizin və rezidentlərimizın biliklərə və əqli bacarıqlara yiyələnmələri üçün faydalı olacaqdır. Kitaba aid irad və təklifləri olanlara öncədən təşəkkür edirik.
Müəlliflər