Bazar, 27 Oktyabr 2019 00:36

Azərbaycan tibb alimlərinin növbəti uğuru

Oktyabr ayının 23-də Türkiyənin Antalya şəhərində Beynəlxalq səviyyəli 14-cü elmi-praktik hepatopankreatobiliar (qaraciyər - mədəaltı vəzi - öd yolları) cərrahlıq konqresi öz işinə başlamışdır. Konqresin işində Avropa, Amerika, Asiya, Avstraliya qitələrinin 40-dan çox ölkəsinin nüfuzlu elmi cərrahlıq mərkəzlərinin, universitetlərinin və elmi-tədqiqat institutlarının 300-dən artıq tanınmış alimləri, o cümlədən Azərbaycan alimlərindən ibarət böyük heyət iştirak edir.  Azərbaycan nümayəndə heyətinə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, həmin Universitetin Tədris-cərrahiyyə Klinikasının orqan transplantasiyası şöbəsinin elmi rəhbəri, AMEA-nın müxbir üzvü, tibb üzrə elmlər doktoru, Professor Nuru Bayramov rəhbərlik edir. Konqresdə Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin koloproktologiya şöbəsinin müdiri,  tibb üzrə elmlər doktoru, Professor Qurbanxan Müslümov, qeyd etdiyimiz kafedranın əməkdaşları tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov, doktor Elvin İsazadə və doktor Niyazi Qəmbərlinin təqdim etdikləri elmi işlər, posterlər və çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, qızğın elmi müzakirələrə səbəb olmuşdur.

Doktor Ruslan Məmmədovun Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının, Malatyanın (Türkiyə) İnönü Universitetinin Orqan nəqli İnstitutunun, Rotterdam (Niderland krallığı) Universitetinin Cərrahiyyə Departamentinin əməkdaşları ilə müştərək apardığı böyük elmi tədqiqat işinin uğurlu nəticələrini əks etdirən “Qaraciiyər transplantasiyasından sonra biliar fəsadların qiymətləndirilməsində mikro-RNT-lərin rolu” mövzusundakı çıxışı 228 elmi iş arasında ilk dördlüyə düşmüş, konqresin sonuncu günü (26.09.2019) həmin işin müəlliflərinin təşkilat komitəsi tərəfindən mükafatlandırılması nəzərdə tutulmuşdur. Daha bir sevindirici xəbər ondan ibarətdir ki, Konqresin bağlanış iclasının aparılması dünyanın ən nüfuzlu qaraciyər cərrahları icərisində layiqli mövqe qazanmış milli alimimiz, ünlü cərrah Professor Nuru Bayramova  etibar edilmişdir. Beynəlxalq konqres hazırda fəaliyyətini ugurla davam etdirir.