Bazar, 29 Dekabr 2019 22:11

Görkəmli alimin xatirə yubileyi keçirilib

Dekabrın 27-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibb elmləri doktoru, professor, əməkdar elm xadimi İsmayıl Məmməd oğlu Məmmədovun 100 illik yubileyi qeyd edilib. Yubiley tədbirini ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq yubilyarın həyat və fəaliyyəti ilə bağlı geniş söhbət açıb. Professor İ.Məmmədovun bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolunun olması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov görkəmli alimin keçdiyi həyat yoluna, elmi və həkimlik fəaliyyətinə geniş ekskursiya edib. Onun II Dünya Müharibəsi zamanı Litvada və Leninqradda (indiki Sankt-Peterburq) keçdiyi ağır həyat yolundan, Leninqradda 900 günlük mühasirə zamanı göstərdiyi fədakarlıqdan danışıb. Bu səbəbə “Qırmızı ulduz” və digər medallarla təltif olunduğunu qeyd edib. Sonra tibb inistitutunda göstərdiyi fəaliyyətdən, Cərrahi xəstəliklər kafedrasına rəhbərlik etdiyi dövrdən söhbət açıb.

Professorlardan Çingiz Quliyev, Saday Hənifəyev, dosentlərdən Rəfael Mehdiyev, Səxavət Əliyev də alimlə bağlı xoş təəssüratlarını bölüşüb, maraqlı xatirələrdən danışıblar. Həmçinin alimin keçdiyi həyat yolunun indiki gəclərə bir örnək olacağını xüsusilə vurğulayıblar.

Sonda qohumu Əli Həsənov çıxış edib. O, yüksək səviyyəli belə bir tədbirin təşkili üçün Səhiyyə nazirinə, ATU-nun rəhbərliyinə, tədbirin düzənlənməsində zəhməti keçən hər kəsə, o cümlədən iştirakçılara professor İ.Məmmədovun ailəsi və qohumları adından dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, professor İ.Məmmədov 1919-cu il dekabrın 27-də Naxçıvan Muxtar Respublikasının Babək rayonun Nehrəm kəndində anadan olub. II Dünya Müharibəsinin qanlı-qadalı günlərinin şahidi olub. Çoxsaylı yaralılar onun şəfqətli əllərinin sayəsində şəfa taparaq yenidən həyata qayıdıb.

1953-cı ildə İ.Pavlov adına Leninqrad Dövlət Tibb İnstitutunu bitirib. 1958-ci ildə namizədlik, 1969-cu iuldə doktorluq dissertasiyasını müdafiə edib. 60-a qədər elmi əsərin, 3 monoqrafiyanın müəllifi olan professor İ.Məmmədov uzun sürən ağır xəstəlikdən sonra 2006-cı il noyabrın 24-də vəfat edib. Öz vəsiyyətinə görə, dünyaya göz açdığı Nehrəm kənd qəbristanlığında dəfn olunub.

Onun parlaq xatirəsi yaxınlarının, tələbələrinin, müəllim kollektivinin qəlbində daima yaşayacaq.