Cümə, 25 Fevral 2022 09:17

Beynəlxalq elmi-praktik konfrans keçirildi

24 fevral 2022-ci il tarixdə daha bir ənənəvi  beynəlxalq elmi tədbir – 7-ci Bakı-Malatya “Orqan trnsplantasiyası günləri” keçirildi. Elmi tədbiri Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Prof. Nuru Bayramov giriş sözü ilə açıq elan edərək açılış nitiqi üçün sözü Universitetin rektoru Prof. Gəray Gəraybəyliyə verdi.

Rektor Universitetimizin beynəlxalq elmi əlaqələri, o cümlədən Turkiyə Universitetləri, xüsusilə Malatya İnönü Universiteti və həmin Universitetin Orqan Nəqli İnstitutu ilə qarşılıqlı faydalı elmi mübadiə əlaqələri, müştərək elmi fəaliyyət, yüksək peşəkar mütəxəssis kadrlarının hazırlığında birgə əməkdaşlığın faydalılığını və zəruriliyini bildirdi. Uzun illər əvvəl Universitetimizlə Malatya Universiteti arasında əməkdaşlıq sazişinin imzalandığını və bu saziş əsasında əməkdaşlığın uğurla davam etdirildiyini qeyd etdi. Prof. G. Gəraybəyli Orqan Nəqli İnstitutunun direktoru Prof. Sezai Yılmazın və Prof. Nuru Bayramovun birgə əhəmiyyətinin hər iki Universitetə fayda gətirməklə əməkdaşlığımızın inkişafında böyük rol oynadığını vurğuladı. Prof. Sezai Yımazın rəhbərlik etdiyi İnstitutun Universitetimiz və ölkəmiz üçün yüksək ixtisaslı transplantoloq kadrlarının, tibb bacılarının hazırlığında xidmətlərini yüksək qiymətləndirdi və Universitetimizin Elmi Şurasının qərarı ilə onun “Qonaq professor” fəxri adına layiq görulməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq konqresin işinə və iştirakçılara uğurlar arzuladı.

Prof. N. Bayramov Malatya İnönü Universitetinin Rektoru Prof. Ahmet Kızılayı təqdim edərək çıxış üçün ona söz verdi. Rektor Prof. A. Kızılay çıxışını xalqımızın ümumi lideri Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” sözləri ilə başladı. Universitetlərimiz arasında birgə elmi-araşdırma və mübadiə proqramının uğurla başlamasını, davam etməsini və onun qarşılıqlı gərəkli olduğunu qeyd etdi. Natiq Orqan Nəqli İnstitutunun böyük transplantoloqlar heyətlərinin 2019-cu ilin yayında eyni zamanda 5 vericidən alınmış qaraciyər parçasının 5 xəstəyə köçürülməsinin dünyada bir ilk olduğunu və bu prosesdə Prof. Nuru Bayramovun şahid-ekspert və birbaşa cərrah kimi iştirakından məmnunluğunu və bu hadisənin Ginnesin rekordlar kitabına düşməsini böyük uğur kimi dəyərləndirdi. Orqan Nəqli İnstitutunun orqan köçürülməsi istiqamətində Türkiyədə və Avropada birinci, dünyada ikinci olduğunu millətimiz və dövlətlərimizin adına böyük qürur olduğunu xüsusi qeyd etdi. Prof. Sezayi Yılmaz və Prof. Nuru Bayramovun orqan nəqlində birgə müstəsna fəaliyyətini yüksək qiymətləndirərək onların qarşılıqlı olaraq hər iki Universitetdə rəsmi professor vəzifəsində işləyə biləcəyinin mexanizminin hazırlanmasını təklif etdi. Rektor fəxrlə vurğuladı ki, hər iki elm adamı qeyri-rəsmi olaraq Universitetlərimizdə qarşılıqlı işləyir və böyük işlər görürlər, onların bu lazımi vəzifələrinin rəsmiləşdirilməsi məqqsədəuyğun olar.

Daha sonra tədbirin elmi hissəsi başlandı. Tədbirin panel iclasları Prof. N. Bayramov, Prof. Burak İşık, Prof. Sezayi Yılmaz, Prof. Surxay Hadıyev və Prof. Elmir Bəşirovun sədrlikləri altında davam etdirildi. Dr Kutay Sağlam, Prof. Sezayi Yılmaz, Prof. Tevfik Tolga Şahin, Dr Elvin İsazadə, PhD Dr Təranə Bayramova, Dos. Volkan İnce, PHD Dr Anar Namazov və Dos. Koray Kutlutürk çoxillik elmi-praktik fəaliyyətlərinin nəticələrini məruzə edilər. Çıxışlar maraqlı qarşılandı, qızğın müzakirələr, disput, suallar və cavablarla müşaiyət olundu. Maraqlı cıxışlar işlas iştirakçıları və moderatorlar tərəfindən yüksək qiymətləndirildi.

Sonda Prof. Sezayi Yılmaz, Prof. Surxay Hadıyev və Prof. Elmir Bəşirov çıxış edərək bu tip elmi tədbirlərin davamlı olacağına, Universitetlərimizə və ölkələrimizə faydalı olacağına inamlarını ifadə etdilər. AMEA-nın müxbir üzvü Prof. Nuru Bayramov yekun çıxışı söylədi, konqresin təşkilatçılarına, məruzəcilərə, hər iki Universitetin rəhbərliyinə, rektorlar prof. G. Gəraybəyliyə, Prof. A. Kızılaya və bütün iştirakçılara təşəkkürlərini bildirdi.

Azərbaycan Tibb Universitetinin mətbuat xidməti