N.Y.Bayramov, N.Novruzov
ANATOMİYASI
Forması və yerləşməsi
Böyrəküstü vəz cüt üzvlər olaraq retroperitoneal sahədə böyrəklərin yuxarı və medial kənarında yerləşir. Sağ piramidal, sol isə oraqvari formadadır, çəkisi 4 qram təşkil edir. Vəzlər xüsusi kapsul ilə örtülür. Sağ adrenal vəz aşağı boş venanın retrohepatik seqmentinin posteriolateral səthinə söykənir, aşağıdan sağ böyrəklə, yuxarı və öndən qaraciyər, arxadan diafraqma ilə əhatə olunur. Sol adrenal vəz sol böyrəklə aorta arasında yerləşir.
Embriogenezi
Böyrəküstü vəzlər qabıq (korteks) və beyin (medula) qatlarından ibarətdir. Kortikal hüceyrələrmezodermal qatdan inkişaf edərək biosintetik aktivliyi embrionun 7-ci həftəsindən etibarən dominantlıq göstərirlər və steroidogenez III trimestrdə pik səviyyəyə çatır. Medulyar qat ektodermal toxumadan başlanğıc götürməklə simpatik sinir sistemi ilə birgə hamiləliyin 5-6-cı həftəsindən formalaşmağa başlayır. Fərqli embrional əsasa malik olsalar da, korteks və medula inkişaf prosesində birgə lokalizə olunmaqla vahid vəz formalaşdırırlar. Bu səbəbdən korteks və medula toxuması ekstraadrenal lokalizasiyalı rast gəlinə bilir.
Qan təchizatı
Arterial qan axını 2000 ml/kq/dəq sürətlə yalnız böyrəklər və qalxanvari vəzdən geri qalır. Sürətli arterial qanlanma 3 fərqli mənbədən təchiz edilir:
- Yuxarı adrenal arteriya (aşağı diafraqmal arteriyanın şaxəsidir)
- Orta adrenal arteriya (aortadan ayrılır)
- Aşağı adrenal arteriya (böyrək arteriyasının şaxəsidir)
Venoz qan axını sağ və sol tərəfdə fərqlidir:
- Sol adrenal vena sol aşağı diafraqmal venanı qəbul etdikdən sonra sol böyrək venasına açılır.
- Sağ adrenal vena birbaşa aşağı boş venaya açılır.
Quruluşu
Böyrəküstü vəz morfoloji və funksional cəhətdən bir-birindən fərqlənən qabıq və beyin maddələrindən ibarətdir.
Qabıq maddə vəzin ümumi həcminin 80%-ni təşkil edir və 3 qatdan ibarətdir:
- xarici qlomerulyar (yumaqcıq qatı) – mineralokortikoid (əsasən aldesteron) ifraz edir.
- orta lifli qat – qlikokortikoid (əsasən kortizol) ifraz edir.
- daxili torlu qat – cinsiyyət hormonları ifraz edir.
Beyin maddə xromaffin hüceyrələrdən ibarətdir və katexolaminlər ifraz edir.
FİZİOLOGİYASI
Böyrəküstü vəz hormon ifraz edərək orqanizmdə su-duz, cinsiyyət, simpatik və hemodinamik tənzimləmə proseslərində mühüm rol oynayır.
Qabıq qatda ifraz olunan kortikosteroidlər xolesterin və preqnenolon törəmələridir və bu adda yüzə yaxın müxtəlif birləşmələr mövcud olsa da onların böyük qismi bioloji aktiv deyildir. Kortikosteroidlər təsir effektinə görə 3 əsas qrupa ayrılır: mineralokortikoidlər, qlikokortikoidlər və cinsi hormonlar.
- Mineralokortikoidlər yumaqcıq qatda sintez olunurlar və bunların ən aktiv nümayəndələri aldosteron və dezoksikortikosterondur. Aldosteronun funksiyası böyrəyin distal kanalcıqlarından natriumun və xlorun reabsorbsiyasını artırmaq, suyun orqanizmdə qalmasına və volemiyanın artmasına xidmət etməkdir. Mineralokortikoidlərin sekresiyası renin-angiotenzin sistemi ilə tənzimlənir. Hipovolemik vəziyyətlərdə və hipokalemiyalarda böyrəklərdən ifraz olunan renin angiotenzin I-i II-yə çevirir, angiotenzin II və hipokalemiya aldosteron ifrazını stimulyasiya edir. Angiotenzin II və aldosteron öz növbəsində əks təsirlə renin ifrazını azaldır.
- Qlikokortikoidlər lifli qatda sintez olunurlar və ən aktiv nümayəndələri kortizol və kortikosterondur. Qlikokortikoidlər orqanizmdə çoxsaylı funksiya daşıyırlar və ümumilikdə baxılarsa orqanizmin stress və katabolik hormonları sayılırlar. Qlikokortikoidlərin təsiri ilə qanda qlükoza artır, lipoliz baş verir, kardiovaskulyar sistemdə adrenergik stimulyasiya artır, iltihabı reaksiya zəifləyir. Qlikokortikoidlərin ifrazının tənzimi “hipotalamus-hipofiz-adrenal əlaqə” sayəsində həyata keçirilir. Hipofizdən ifraz olunan adrenokortikotrop hormon (AKTH) qlikokortikoidlərin sintezini, hipotalamusdan ifraz olunan kortikotropin ifraz etdirən hormon (KİR) isə AKTH sintezini stimulyasiya edir. Böyrəküstü vəzidən ifraz olunan kortizol isə KİR-in sintezini azaldır. Beləliklə bu üç hormon arasında olan təsir-əks təsir əlaqəsi qlikokortikoidlərin tənzimlənməsində əsas rol oynayır.
- Cinsi hormonlar torlu qatda sintez olunurlar və aktiv nümayəndələri androgenlər (dehidroepiandrosteron, androstendion) və estrogenlərdir (estron, estradiol). Bu hormonlar eyni adlı qonadal hormonların ifrazına dəstək olurlar.
Beyin maddəsinin 2 tip xromaffin hüceyrələrində tirozindən katexolaminlər sintez olunur və bunların aktiv nümayəndələrinə dofamin, noradrenalin, adrenalin aid edilir. Katexolaminlər hüceyrələrdə adrenergik reseptorlara birləşərək orqanizmdə müxtəlif proseslərin tənzimində mühüm rol oynayırlar ki, bunlardan adrenergik-simpatik effekt adlanan katabolik və hemodinamik effektlər ön planda durur. Katexolaminlərin α reseptorlara təsiri vazokonstruksiyaya, ürəyin β1 reseptorlarına təsiri taxikardiyaya, periferik β2 reseptorlara təsiri isə saya əzələ relaksasiyasına səbəb olur. Psixi və fiziki gərginlik, stress, hiperinsulinemiya, hipoqlikemiya, hipotoniya kimi hallar katexolaminlərin ifrazı üçün fizioloji stimul sayılır. Katexolaminlərin son parçalanma məhsulları (normetanefrin, metanefrin, vanilmandel turşusu) sidiklə xaric olurlar.
BÖYRƏKÜSTÜ VƏZİN XƏSTƏLİKLƏRİ
Sindromlar
- Adrenal yetməzlik və adrenal kriz
- Adrenal törəmə
Qabıq maddə xəstəlikləri
- Hiperkortizolizm (Cushing sindromu, Cushing xəstəliyi, adrenokortisizm)
- Addison xəstəliyi
- Hiperaldesteroma
- Adrenal virilizə edən törəmələr
- Adrenal feminizləşdirən törəmələr
- Adrenokortikal xərçəng
- İnsidentaloma
Beyin maddə xəstəlikləri
- Feoxromasitoma
- Karsinoid törəmələr
Qarışıq
MÜAYİNƏLƏR
Klinik
Laborator
- Kortizol
- AKTH
- Deksametazon testi
- Aldosteron
- Renin
- Dehidroepiandrosteron sulfat (DHEAS)
- Androstenedion
- Testosteron
- 17-hidroksiprogesteron
- Estradiol
- Sidikdə metanefrin, vanilmandel turşusu
Görüntüləmə
- USM
- KT
- MRT
- PET-KT
- Ssintoqrafiya
Böyrəküstü vəzi üzrə suallar
N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova
|
Suallar |
Cavablar |
|
Sol adrenal vena hara drenaj olunur? |
Sol renal venaya |
|
Sağ adrenal vena hara drenaj olunur? |
Aşağı boş venaya (İVC) |
|
CRH (Kortikotropin relizinq hormon) nədir? |
Ön hipotalamusdan ifraz olunaraq AKTH-ın hipofizdən ifrazına səbəb olur |
|
AKTH (Adreno Kortiko Trop Hormon) nədir? |
Normada ön hipofizdə sintez olunaraq adrenal vəzdən kortizol ifrazını stimulyasiya edir |