Abdominal kompartman sindromu - Özət və Suallar
Özət
Abdominal kompartman sindromu intraabdominal hipertenziyanın törətdiyi orqan disfunksiyasıdır və adətən intraabdominal təzyiq 20 mm Hg st.-dan çox olduqda ortaya çıxır. Kəskin qarındaxili patologiyalar (travma, pankreatit, peritonit, bağırsaq keçməzliyi, qanaxma və s.) və ekstraabdominal səbəblər (massiv infuziya, sepsis, tamponada və s.) qarındaxili təzyiqi artıraraq orqanlarda sıxılma, işemiya törədirlər. Sindrom adətən qarında şişkinlik və gərginlik əlamətləri ilə başlayır, tənəffüsün, hemodinamikanın və diurezin pozulması ilə müşayiət olunur, müalicə olunmazsa letallığa səbəb olur. Diaqnozu klinik olaraq qoyulur, qarındaxili təzyiqə və orqan disfunksiyasına görə dəqiqləşdirilir. Müalicəsi üçün cərrahi və konservativ müalicələr tətbiq edilir. İntraabdominal səbəblərdə cərrahi dekompressiya, ekstraabdominal səbəblərdə isə konservativ üsul ilk seçimdir.
Abdominal kompartman sindromu üzrə suallar
N.Y.Bayramov, F.Əhmədov
|
Suallar |
Cavablar |
|
Abdominal hipertenziya nədir? |
Qarındaxili təzyiqin 12 mm Hg st.-dan çox olmasıdır. |
|
Kompartman nədir? |
Orqanların qapalı boşluqda sıxılmasıdır. |
|
Abdominal kompartman nədir? |
Qarındaxili təzyiqin 20 mm Hg st. dan çox olması və orqan disfunksiyasıdır. |
|
Hansı klinik formaları var? |
Kəskin və xroniki. |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Birincili səbəblər: travma, peritonit, pankreatit, perforasiya, qanaxma, törəmə və s. İkincili səbəblər: massiv infuziya, sepsis və s. |
|
Patogenezi nədən ibarətdir? |
Durğunluq qüsurlu dövranı: hipertenziya ® venoz durğunluq ® işemiya ® iltihab ® ödem, assit ® disfunksiya, hipertenziya. |
|
Gediş xüsusiyyəti necədir? |
Kəskin gedişli – letallığı yüksəkdir. Xroniki gedişli – proqnozu yaxşıdır. |
|
Ağırlaşmaları nələrdir? |
Böyrək, ağciyər və sirkulyator yetməzlikləri, bağırsaq işemiyası, reperfuzion sindrom və s. |
|
Klinik əlamətləri hansılardır? |
Qarında şişkinlik və gərginlik, oliqouriya, təngənəfəslik, hipotenziya və s. |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Kəskin qarında və reanimasion xəstələrdə. |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Qarındaxili təzyiqin ölçülməsi. |
|
Laborator əlamətləri nələrdir? |
Spesifik əlaməti yoxdur. |
|
Görüntüləmə əlamətləri nələrdir? |
KT-də qarının “yumrulaşması” – ön-arxa ölçüsünün köndələn ölçüsünə nisbətinin 0.8-dən çox olması, aşağı boş venanın sıxılması, bağırsaq divarının qalınlaşması, ikitərəfli qasıq yırtığı. |
|
Digər müayinələrdə nə tapılır? |
Orqan disfunksiya əlamətləri. |
|
Diaqnostik kriteriyalarını sadala. |
Qarında köp, ağrı, gərginlik. Orqan disfunksiyası. Qarındaxili təzyiqin 20 mm Hg st.-dan çox olması. |
|
Müalicə üsulları hansılardır? |
Cərrahi. Konservativ. |
|
Əməliyyata göstərişlər nələrdir? |
Birincili (qarındaxili patologiyalar) və konservativ müalicələrə cavab verməyən ekstraabdominal səbəblər. |
|
Əməliyyat üsulları hansılardır? |
Laparotomiya və laparostoma. |
|
Proqnozu necədir? |
Birincili kəskin formada letallıq 25-75%. Xroniki formada yaxşıdır. |
|
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Gərgin və şişkin qarını olanlarda abdominal kompartman unudulmamalıdır, letallığı yüksəkdir. |