Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

BAŞ VƏ ÜZ ZƏDƏLƏNMƏLƏRİ

N.Y.Bayramov, F.M.Qapaqov

 

Baş zədələnmələrinə ən çox avtomobil qəzalarında, hündürlükdən yıxılmalarda və dalaşmalarda rast gəlinir. Baş zədələnmələrinin təxminən 80%-i yüngül, 10%-i orta, 10%-i isə ağır dərəcəli olur. Travmalarda ölümün təxminən yarısı beyin zədələnmələri ilə əlaqədar olur.

 

Baş zədələnmələri

Təsnifatı

Baş zədələnmələrini klassik olaraq ekstrakranial və intrakranial zədələnmələrinə bölünür. İntrakranial zədələnmələrə adətən beyin zədələnmələri aid edilir.

Ekstrakranial zədələnmələrin morfoloji olaraq aşağıdakı formaları ola bilər:

  • Baş dərisinin yaralanmaları və hematomaları
  • Kəllə sümüklərinin sınığı

Beyin zədələnmələrinin morfoloji növləri:

  • Epidural hematoma
  • Subdural hematoma
  • Subaraxinoid qanaxma
  • İntraparenximal qanaxma
  • İntraventrikulyar qanaxma
  • Beyin əzilməsi
  • Beyin silkələnməsi

 

Ağırlıq dərəcəsinə görə klinik və KT klassifikasiyaları istifadə edilir. KT ağırlıq dərəcələrini təyin etmək üçün spesifik Marshall və Rosterdam şkalaları tətbiq edilir. Klinik olaraq GKŞ-ə görə 3 ağrlıq dərəcəsi ayırd edilir:

  • yüngül dərəcəli – GKŞ 15-13
  • orta dərəcəli – GKŞ 12-9
  • ağır dərəcəli – GKŞ ≤ 8

 

Diaqnostika və müalicə

Baş və beyin zədələnmələrinin diaqnostikasında əsas vasitələr klinik və KT müayinələridir. Bununla yanaşı kəllədaxili təzyiqin ölçülməsi və digər müayinələr aparıla bilər.

Başın yaralanmaları

Başda olan yaralanmalar aktiv qanaxmaya səbəb olurlar. İlkin olaraq zərif aseptik təzyiqlə qanaxma dayandırılır və kəllə sümüyündə sınığın olub-olmaması yoxlanılır, sonra sarğı qoyularaq KT müayinəsi ilə kəllədaxili zədələnmələr yoxlanılır. Kəllə sümüyü sınığı və kəllədaxili zədələnmə inkar edilirsə yaraya tikişlər qoyula bilər. Əks halda neyrocərrahlar tərəfindən sümük sınıqları və kəllədaxili zədələnmələrin müalicəsi həyata keçirilir.

İntrakranial zədələnmələr

İntrakranial zədələnmələrdə beyini ikincili zədələnmədən qorumaq və cərrahi dekompressiyaya göstəriş olub-olmadığını dəqiqləşdirmək əsas müalicə prinsipləridir. Hipoksemiya, hipoperfuziya və kəllədaxili hipertenziya, yüksək hərarət və qıcolmalar ikincili zədələnmə törədən əsas amillərdir. Ona görə də oksigenasiyanı və beyinin perfuziya təzyiqini təmin etmək ən vacib tədbir hesab edilir. Beyin perfuziya təzyiqi dedikdə orta arterial təzyiq (>70-80 mm Hg st) ilə intrakranial təzyiq arasındakı (<10-15 mm Hg st) fərq nəzərdə tutulur. Beyinin perfuziya təzyiqininin 60-70 mm Hg-dən yüksək tutmaq əsas hədəfdir. Bu məqsədlə adekvat arterial təzyiqi təmin etmək və intrakranial təzyiqi azaltmaq lazım gəlir.

Arterial təzyiqi normallaşdırmaq üçün hipertenziyaya yol vermədən farmakoloji vasitələrdən istifadə etmək gərəkdir. İntrakranial təzyiqi azaltmaq üçün subaraxnoid təzyiq monitoru qoyularaq tədbirlər həyata keçirilir:

  • başın 30-45 dərəcə qaldırılması
  • yüngül hiperventilyasiya
  • diuretiklər
  • hipotermiya 32-340 C (əgər koaqulopatiya yoxdursa)
  • qıcolmaların ən azı 1 həftə müalicəsi
  • antipiretiklər
  • göstərişə görə cərrahi dekompressiya

 

Maksillofassial zədələnmələr

 

Diaqnostika və müalicə

Maksillofassial zədələnmələr yumşaq toxumların zədələnmələri və üz sümüklərinin sınıqları şəkilində ortaya çıxa bilər.

Üz yaralanmalarında sinir, vəz axarlarının zədələnmələri və sümük sınıqlarına diqqət edilməlidir. Axar və sinir yaralanmalarını yoxlamaq üçün yara təftiş edilməlidir, sınıqları inkar etmək üçün isə adətən KT lazım gəlir. Çənə sınıqlarında panoramik rentgen də tətbiq edilə bilər. Sadə yaralanmalar 24 saat ərzində işləndikdən sonra birincili tikişlə bərpa oluna bilərlər. Axacaq və sinir yaralanmalarına şübhə olarsa uyğun mütəxəssisə göndərmək lazım gəlir. Sümük sınıqlarında sınığın yerinə və xarakterinə uyğun müalicələr aparılır:

  • Alın sümüyü sınığı – yerdəyişməsi olmayan sınıqlar nəzarət edilir, yerdəyişmiş sınıqlar isə mütəxəssis tərəfindən cərrahi müalicə edilir.
  • Burun sümüyü sınıqları – yerdəyişmiş sınıqlar cərrahi korreksiya edilir. Avaskulyar nekrozun profilaktikası üçün septal hematomalar təcili dekompressiya edilməlidir.
  • Əng sümüyü sınıqlarında mütəxəssis tərəfindən cərrahi korreksiya lazım gəlir.
  • Çənə sınıqları üçün fiksasiya tədbirləri tətbiq edilir (sərt, maksillomandibulyar, cərrahi fiksasiyalar)

 

Özət

Baş və maksillofasial zədələnmələr ən çox avtomobil qəzalarında, hündürlükdən yıxılmalarda və dalaşmalarda rast gəlinir. Baş zədələnmələri ektrakranial (baş dərisi və kəllə süçükləri) və intrakranial (beyin) zədələnmələrinə ayrılır. Beyin zədlədələnmələri yüngül, orta və ağır dərəcəli ola bilər. Bu zədlənmələrin diaqnostikasında əsasən klinik və KT müayinələri tətbiq edilir və əsas prinsip beyin zədələnməsinin olub-olmadığını müəyyənləşdirməkdir. Başın və maksillo-fassial travmaların müalicəsi əsasən uyğun mütəxəssislər tərəfindən həyata keçirilir. İntrakranial zədələnmələrdə beyini ikincili zədələnmədən qorumaq və cərrahi dekompressiyaya göstəriş olub-olmadığını dəqiqləşdirmək əsas müalicə prinsipləridir. Hipoksemiya, hipoperfuziya, kəllədaxili hipertenziya, yüksək hərarət və qıcolmalar ikincili zədələnmə törədən əsas amillərdir. Ona görə də bu amillərin qarşısını almaq ən vacib tədbirlər sayılır. Başın və üz-çənənin travmalarında müalicə əsasən bərpa üzərində qurulur.

 

Baş və üz travmaları üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Baş zədələnmələrinin hansı növləri var?

Ekstrakranial və intrakranial

Ekstrakranial zədələnmələrin hansı morfoloji formaları ola bilər?

  • Baş dərisinin yaralanmaları və hematomaları
  • Kəllə sümüklərinin sınığı

Beyin zədələnmələrinin morfoloji növləri hansılardır?

  • Epidural hematoma
  • Subdural hematoma
  • Subaraxinoidal qanaxma
  • İntraparenximal qanaxma
  • İntraventrikulyar qanaxma
  • Beyin əzilməsi
  • Beyin silkələnməsi

Beyin zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • Klinik müayinə
  • KT

Başın yaralanmalarında xəstəyə ümumi yanaşma prinsipləri hansılardır?

Qanaxma dayandırılmalı → sınıqlar, kəllədaxili zədələnmə inkar edilməli → yaraya tikişlər qoyulmalı

İntrakranial zədələnmələrdə əsas müalicə prinsipləri nədən ibarətdir?

Cərrahi dekompressiyaya göstəriş olub-olmadığını dəqiqləşdirmək

Ilkin yardım üsullarına nələr aiddir?

Oksigenasiyanı və beyinin perfuziya təzyiqini təmin etmək

Beyin perfuziya təzyiqi nədir?

Orta arterial təzyiq (>70-80 mm Hg st) ilə intrakranial təzyiq arasındakı (<10-15 mm Hg st) fərq

Beyinin perfuziya təzyiqinə nəzarət necə olmalıdır?

Adekvat arterial təzyiqi təmin etmək və intrakranial təzyiqi azaltmaq

İntrakranial təzyiqə nəzarət üsulu hansıdır?

Subaraxinoidal təzyiq monitoru

İntrakranial təzyiqi azaltmaq üçün hansı tədbirlər həyata keçirilir?

  • Başın 30-45 dərəcə qaldırılması
  • Yüngül hiperventilyasiya
  • Diuretiklər
  • Hipotermiya 32-340 C (əgər koaqulopatiya yoxdursa)
  • Qıcolmaların ən azı 1 həftə müalicəsi
  • Antipiretiklər
  • Göstərişə görə cərrahi dekompressiya

Alın sümüyü sınığında xəstəyə ümumi yanaşma prinsipləri nədir?

  • Yerdəyişməsi olmayan sınıqlarda nəzarət
  • Yerdəyişmiş sınıqlarda cərrahi

Burun sümüyü sınıqlarında xəstəyə ümumi yanaşma prinsipləri nədir?

  • Yerdəyişmiş sınıqlarda cərrahi
  • Septal hematomalarda təcili dekompressiya

Maksillofassial sınıqlarda nazoqastral zond qoymaq olarmı?

Xeyr, lakin oral-qastrik zond qoymaq olar

Kəllə əsası sümüklərinin sınıqlarında xarakterik əlamətlər hansılardır?

  • “Yenot gözü” və ya eynək əlaməti – göz ətrafında ekximoz
  • Battle simptomu – qulaq arxasında ekximoz
  • Otorreya, rinorreya
  • hemotimpanium