Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir
Adrenal yetməzlik böyrəküstü vəzin funksional yetməzliyi qabıq qatından ifraz olunan hormonların azalmasına bağlı meydana gələn simptomokompleksdir. Səbəbinə görə birincili və ikincili, gedişinə görə kəskin və xroniki adrenal yetməzliklər ayırd edilir. Birincili adrenal yetməzlik böyrəküstü vəzin birbaşa zədələnməsinə, ikincili forma isə AKTH ifrazının azalmasına bağlı meydana gələn adrenal hipofunksiyadır.
Kəskin adrenal yetməzlik (adrenal kriz) adətən şok əlamətləri ilə büruzə verir və bu sindrom steroid terapiyasının birdən birə kəsilməsində, steroid terapiyası fonunda infeksiya, travma, əməliyyat və digər stresslər, vəzin kəskin destruksiyası, sepsis, septik şok, kəskin qaraciyər yetməzliyinə bağlı meydana gələ bilir. Diaqnozu dəqiqləşdimək üçün qanda və ya ağız suyunda kortizol təyin edilir və AKTH stimulyasiya testi aparılır. Müalicəsinə təcili surətdə başlanılır, böyük həcmdə (>2 litr) izotonik məhlul infuziyası verilir və qlikokortikoidlər təyin edilir.
Xroniki adrenal yetməzlikdə yorğunluq, zəiflik, anoreksiya, ürəkbulanma, qusma, çəki itirmə, hipotenziya, hiperpiqmentasiya, elektrolit pozuntusu, hiponatremiya, hiperkalemiya kimi əlamətlər ön plana çıxır. Xroniki birincili adrenal yetməzlik Addison xəstəliyi də adlanır.