Bayramov N.Y., Rzayev T.M.
DALAĞIN XƏSTƏLİKLƏRİ
Dalağın özünün xəstəlikləri çox nadir rast gəlir, əksər hallarda (95%) dalaq patolioji proseslərə ikincili qoşulur. Dalağın xəstəliklərinə aşağıdakıları aid etmək olar:
- Diffuz splenomeqaliyalar
- Dalağın yerli xəstəlikləri (kütlələri, törəmələri)
- Kistləri
- Neoplastik törəmələri (bəd xassəli, xoş xassəli)
- İnfarkt
- Hematoma
- Absesi
- Hipersplenizm
- Hiposplenizm, asplenizm
- Splenozis
- Ektopik dalaq
- Dalaq travmaları
- Damar xəstəlikləri
- dalaq vena trombozu
- arteriya anevrizması
MÜAYİNƏLƏR
Dalağın anatomik və funksional olaraq dəyərləndirilməsində müxtəlif metodlar istifadə olunur:
- Klinik müayinə
- Laborator müayinələr
- Hemoqram
- Periferik yaxma
- Sümük iliyi aspirasiya və biopsiyası
- Görüntüləmə
- USM
- KT
- MRT
- PET-KT
- Laparoskopiya
- Radioizotop müayinə
- Biopsiya
DALAQ XƏSTƏLİKLƏRİNƏ DİAQNOSTİK YANAŞMA
Prinsip
Dalağın birincili xəstəliklərinin nadir rast gəldiyini və əksər hallarda (95%) ikincili olaraq zədələndiyini nəzərə alaraq dalaqda dəyişiklik tapıldıqda ilk növbədə digər orqan və sistemlərin patologiyalarını araşdırmaq lazımdır.
Şübhə
Aşağıdakı əlamətlərdən hər hansı biri varsa dalaq patologiyalarına şübhə yaranır:
- Dəridə qançırlar
- Anemiya və sarılıq
- Trombositopeniya
- Qarın travmalarında qarındaxili qanaxma və şok
- Sol qabırğaaltı nahiyyədən çıxan törəmə
- Sol qabırğaaltı nahiyyədə kəskin başlayan ağrı
- Digər
Dəqiqləşdirmə
Dalaq patologiyalarını (və ya dalağın patoloji prosesdə iştirakını ) dəqiqləşdirmək üçün ilkin müayinələrlə dalağın funksiyası, ölçüsündə və tərkibində dəyişiklik araşdırılır. Dəyişiklik tapılan hallarda adətən əsas xəstəlik araşdırılır. Son diaqnostik vasitə kimi splenektomiya və biopsiya istifadə edilə bilər.
Birinci pillə müayinələr
İlkin müayinədə məqsəd dalağın funksiya və ölçüsündə dəyişikliyin olub-olmamasını və varsa xarakterini təyin etməkdir. Bunun üçün aşağıdakı müayinələr aparılır:
- klinik
- hemoqram
- USM
Birinci pillə müayinələrdən bir neçə nəticə ortaya çıxa bilər (Şəkil 1.).

Şəkil 1. Dalaq xstəliklərinə diaqnostik yanaşma
- Birinci nəticə- dalaqla əlaqədar təcili xəstəlik əlamətləri var: qarında ağrı ilə yanaşı şok və ya sepsis əlamətləri olan xəstədə dalaqda zədələnmə və abses əlamətləri. Belə hallar adətən dalaq travmalarında, boyük dalaqların spontan və ya zəif travmadan sonra partlaması və ya dalaq abseslərində rast gəlinir.
- İkinci nəticə - diffuz splenomeqaliya - qan elementlərində dəyişiklikdən asılı olmayaraq dalaqda diffuz böyümə qeyd edilir. Diffuz splenomeqaliyada diaqnostik yanaşma sonrakı bölümdə geniş verilmişdir. Qısaca olaraq qeyd etmək lazımdır ki, belə hallarda səbəbin rastgəlmə tezliyinə əsaslanan ardıcıllıqla əvvəlcə hematoloji, sonra qaraciyər, infeksion, sistemik və digər xəstəliklər araşdırılır.
- Üçüncü nəticə - dalaq törəmələri - dalağın lokal dəyişikliyi qeyd edilir. Dalaq törəmələri tapılan xəstələrdə ikinci pillə müayinəsi KT aparılaraq törəmənin xarakteri, ölşüsü, ətraf orqanlara münasibəti araşdırılır.
- Dördüncü nəticə - dalaq ölüçlərində və tərkibində dəyişiklik tapılmır, lakin hiperfunksiya əlamətləri var: anemiya, trombositopeniya, leykopeniya. Belə xəstələrdə adətən növbəti pillə müayinə ilə hematoloji xəstəliklər, xüsusən də idiopatik trombositopenik purpura (İTP) və trombostik trombositopenik purpura (TTP) araşdırılır.
- Beşinci nəticə - dalaq yerində tapılmır və ya ölçüsü həddən artıq kiçilmişdir. Belə hal splenektomiyalarda, ektopik dalaqda, çoxsaylı dalaq infarktlarında rast gəlinir. Dəqiqləşdirmək üçün KT və digər müayinələr lazım gəlir.
- Altıncı nəticə - dalaq ölçüləri və hemoqram göstəriciləri də normaldır. Bu halda yüksək şübhə yoxdursa dalaq patologiyası inkar edilə bilər. Lakin yüksək şübhə əlamətləri olanlarda ikinci pillə müayinələri edilə bilər.
İkinci pillə müayinələr
- İkinci pillə müayinələrin məqsədi ilkin müayinə vaxtı dalaqda tapılan üzvi dəyişiklikləri dəqiqləşdirmək və səbəbi araşdırmaqdır. Bu məqsədlə ilk seçim kontrastlı KT-dir. KT mümkün olmayan hallarda MRT tətbiq oluna bilər. KT ilə dalağın ölüçülərini, qan təchizatını, dalaq arteriya və venasını, kollaterallları, törəmələrin ölçüsünü, qanlanma xüsusiyyətini araşdırmaq olar, ektopik və əlavə dalaqları təyin etmək mümkün olar.
- İkinci pillə müayinənin bir neçə nəticəsi ola bilir.
- Diffuz splenomeqaliyalarda yanaşma növbəti bölümdə verilmişdir.
- Dalaq törəmələrində yanaşma növbəti bölümdə verilmişdir. Qısaca olaraq törəmənin xarakterinə görə (sistik, toxumalı və qarışıq) diaqnostik işləmlər həyata keçirilərək xəstəliyin səbəbi araşdırılır. Əgər KT ilə diaqnoz dəqiqləşmirsə əlavə müayinələr edilir.
- Ektopik və ya əlavə dalaq adətən KT ilə dəqiqləşir.
- Kiçilmiş dalaq adətən KT ilə dəqiqləşir və növbəti müayinə ilə səbəbi araşdırlır. İlk növbədə hematoloji müayinə gərəkir.
Üçüncü pillə müayinələri
- Üçüncü pillə müayinələrin məqsədi dalaq patologiyasının səbəbini araşdırmaqdır. Bu müəyinələr adətən invaziv və spesifik xarakterli olur. Sümük iliyi biopsiyası, genetik və molekulyar müayinələr və s bunlara aiddir. Dalaq törəməsində və diffuz splenomeqaliyalarda səbəb tapılmırsa diaqnostik vasitə kimi splenektomiya və biopsiya edilə bilər.