Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Öd sancısı (xroniki daşlı xolesistit) - Özət və Suallar

Özət

Öd sancısı xəstəliyi və ya xronik daşlı xolesistit tutması öd daşının kisə axacağını təkrarlayan və müvəqqəti tıxaması nəticəsində kisədə yaranan morfofunksional dəyişikliklərlə (durğunluq, hipoaktiv kisə, fibroz, iltihab) xarakterizə olunur. Avropa ədəbiyyatlarında bu xəstəlik öd sancısı da adlanır. Xəstəlik adətən öd sancısı ilə başlayır, sancı əksər hallarda spontan və ya dərmanlarla (spazmolitik, ağrıkəsicilərlə) 6 saat, ən gec isə 24 saat ərzində keçib gedir, lakin vaxtaşırı təkrarlama xarakterikdir. Təkrarlayan tutmalar adətən öd kisəsi fibrozuna, durğun kisəyə, Oddi fibrozuna, xronik pankreatitə gətirib çıxarır, bəzən ağrı tutmalarının ardınca ağırlaşmalar baş verir (kəskin xolesistit və pankreatit, xoledoxolitaz və xolangit və s.).

Diaqnostikasında klinik, laborator və USM əsas yer tutur, öd sancısı, USM-də kisədə daşların tapılması ilə yanaşı klinik, laborator və görüntüləmə müayinələrdə iltihabi, xolestatik və zədələnmə əlamətlərinin olmaması və 12-24 saatlıq izləmədə də ortaya çıxmaması xarakterikdir. Xroniki daşlı xolesistitin (öd sancısı xəstəliyinin) standart müalicəsi laparoskopik xolesistektomiyadır.

 

Öd sancısı (xroniki daşlı xolesistit) üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Xroniki daşlı xolesistit (öd sancısı xəstəliyi) nədir?

Öd daşının kisə axacağını təkrarlayan və müvəqqəti tıxaması nəticəsində kisədə yaranan morfofunksional dəyişikliklərlə (durğunluq, hipoaktiv kisə, fibroz, iltihab) ağrı tutmaları ilə xarakterizə olunan xəstəlikdir.

Rastgəlmə tezliyi nə qədərdir?

Öd daşı olanların 20-30% -də

Səbəbi və ya risk faktorları nələrdir?

Öd kisəsində daşın olması

Patogenezi nədən ibarətdir?

Kisə axacağının daşla müvəqqəti tıxanması kisənin blokuna, kisədaxili hipertenziyaya və ağrıya səbəb olur.

Gediş xüsusiyyəti necədir?

  • Tıxanma əksər hallarda (90%) spontan və ya spazmolitik və ağrıkəsicilərlə 6-24 saat ərzində keçib gedir.
  • Ağrı tutmaları 6%/il tezlikdə və xəstələrin 70%-ində təkrarlayır.

Ağırlaşmaları nələrdir?

  • Kəskin xolesistit
  • Kəskin pankreatit
  • Xronik pankreatit
  • Xoledoxolitaz
  • Xolangit
  • Oddi fibrozu

Klinik əlamətləri hansılardır?

  • Sağ qabırğaaltı və ya epiqastral nahiyədə, sağ çiyinə, boyuna irradiasiya edən ağrı;
  • Ürəkbulanma, qusma ilə müşayiət oluna bilər.

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Epiqastral və ya sağ qabırğalatında sancışəkilli ağrıları olan

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

Klinik, laborator və USM

Laborator əlamətləri nələrdir?

Spesifik laborator əlamətləri yoxdur

Görüntüləmə əlamətləri nələrdir?

USM – öd kisəsində daşlar.

Digər müayinələrdə nə tapılır?

Digər göstəricilər normal olur.

Diaqnostik kriteriyalarını sadala?

  • Sağ qabırğaaltı və ya epiqastral nahiyədə 6 saatdan az davam edən ağrı;
  • Öd kisəsində daş;
  • Klinik, laborator və görüntüləmə ilə iltihabi, xolestatik və zədələnmə əlamətlərinin olmaması və 12-24 saatlıq izləmədə də ortaya çıxmaması.

Müalicə üsulları hansılardır?

Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

Ağrı tutmaları əməliyyata göstərişdir.

Əməliyyat üsulları hansılardır?

Laparoskopik xolesistektomiya – «Qızıl standart»

Proqnozu nədir?

Yaxşıdır

Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Xroniki daşlı xolesistit (öd sancısı xəstəliyi) ən çox rast gəlinən cərrahi xəstəlikdir.