Özət
Kəskin xolesistit öd kisəsinin kəskin iltihabı olub əksər hallarda (90%) öd daşının kisə axacağında pərçimlənməsi nəticəsində, az hallarda isə ümumi ağır xəstəlik və əməliyyatlara bağlı meydana gəlir. Kəskin daşlı xolesistit əksər hallarda öd sancısı ilə başlayır, sancı 6 saatdan çox davam edir və buna iltihab əlamətləri qoşulur. Xəstələrin yarısında tıxanma spontan aradan qalxır və iltihab 7-10 gün ərzində spontan sönür, digər yarısında isə aseptik prosesə infeksiya qoşulur ki, bu da destruktiv (fleqmanoz, qanqrenoz xolesistit) formaların, bəzi hallarda isə ağırlaşmaların (perforasiya, infiltrat, absess, fistula, peritonit, emfizematoz xolesistit, empiema, sepsis) meydana çıxmasına səbəb olur. Diabet, irəli yaş, ürək-damar xəstəlikləri destuktiv forma üçün risk amilləridir. Kəskin daşsız xolesistit əksər hallarda kisə divarının birincili işemik-nekrozu nəticəsində meydana gəlir, adətən ağır xəstələrdə (yanıqlar, böyük travma, əməliyyatlar, sepsis, kəskin ürək-damar yetməzliyi və s.) rast gəlir, gedişi çox ağırdır və letallığı yüksəkdir.
Diaqnostikasında klinik, laborator və görüntüləmə müayinələri əsas yer tutur, diaqnozu kriteriyalar əsasında qoyulur ki, bunlara 6 saatdan çox davam edən öd sancısı, yerli və sistemik iltihab əlamətləri (Merfi simptomu, sağ qabırğaaltı ağrılıq, Ortner simptomu, leykositoz, CRP artması, qranulositoz), görüntüləmədə kisənin böyüməsi, divarının qalınlaşması (> 2 mm) və ətrafında maye aiddir. Müalicəsi erkən laparoskopik xolesistektomiyadır. Digər müalicələr (konservaiv və dekompressiv) köməkçi vasitə kimi və ya əməliyyata əks göstəriş olduqda istifadə edilə bilər. Daşlı xolesistitlərdə letallıq müalicə olunmazsa 1-3%, əməliyyat olunarsa <0,5%, daşsız xolesistitdə isə çox yüksək (40%) olur.
Kəskin xolesistit üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
Kəskin daşlı xolesistit
|
Suallar |
Cavablar |
|
Kəskin xolesistit nədir? |
Öd kisəsi axacağının obstruksiyası nəticəsində öd kisəsinin iltihabıdır. |
|
Kəskin xolesistitin səbəbləri nədir? |
90-95% hallarda daş mənşəli, 5-10% halda isə daşsız olur. |
|
Kəskin daşlı xolesistitin patogenezi necədir? |
Daş axacağı tıxayır, kisədaxili hiertenziya, sonra işemiya və iltihab baş verir. |
|
Kəskin daşsız xolesistitin patogenezi necədir? |
Kisə divarında birincili olaraq mikrosirkulyasiya pozulur, işemiya və nekroz baş verir. |
|
İnfeksiya kəskin xolesistitdə birincilidir yoxsa ikincili? |
İnfeksiya kəskin xolesititdə adətən ikincili qoşulur |
|
Simptom və əlamətləri hansılardır? |
Sağ yuxarı kvadrantda ağrı, gərginlik, temperatur, ürəkbulanma, qusma, ağrılı palpasiya, Merfi simptomu |
|
Merfi simptomu nədir? |
Öd kisəsi nahiyyəsi palpasiya edilir və xəstəyə nəfəsalma təklif edilir. Kisədə iltihab olduqda xəstə ağrı səbəbi ilə tam nəfəs ala bilmir |
|
Kəskin xolesistitin ağırlaşması nələrdir? |
Abses, perforasiya, xoledoxolitiaz, xolesistoenterik fistul, daş mənşəli keçməzlik |
|
Kəskin xolesistitdə hansı laborator dəyişikliklər olur? |
Leykositoz, CRP artması, qələvi-fosfotazanın, ALT,AST, bilirubinin, amilazanın zəif artması |
|
Kəskin xolesistitdə diaqnostik müayinə hansıdır? |
Ultrasəs müayinəsi |
|
Kəskin xolesistitin USM əlamətləri hansılardır? |
|
|
USM əlamətləri kəskin xolesistit üçün patoqnomonikdirmi? |
Xeyr. Kisə böyüməsi, divar qalınlaşması, ətrafında maye kimi əlamətlər sirrozda, pankreatitdə, perforativ xoralarda görünə bilər. |
|
Öd sancısı ilə kəskin xolesistitin fərqi nədir? |
Kəskin xolesistitdə ağrılar 6 saatdan çox davam edir, leykositoz, temperatur və digər iltihaba xas əlamətlər görünür |
|
Kəskin xolesistitin diaqnostik kriteriyaları hansılardır? |
6 saatdan çox davam edən ağrı Yerli və ümumi iltihab əlamətləri USM əlamətləri |
|
Daşın olmaması kəskin xolesistiti inkar edirmi? |
Xeyr |
|
Kəskin xoleistiti təsdiq edən müayinə hansıdır? |
Laparoskopiya |
|
Kəskin xolesistiti inkar edən müayinə varmı? |
Var. Ssintoqrafiyada öd kisəsinin görünməsi kəskin xolesititi inkar edir. |
|
Kəskin xolesistitin müalicəsi? |
İnfuziya, antibiotik, xolesistektomiya |
|
Kirəcləşmiş öd kisəsi nədir? |
Kalsifikasiya olunmuş öd kisəsinə deyilir. Adətən xroniki xolelitiazın nəticəsidir, USM və ya KT ilə görünür. kanser riskini ciddi ölçüdə artırdığı üçün əməliyyat lazımdır. |
|
Öd kisəsi hidropsu nədir? |
Kisə axacağının daşla tamamən tıxanması fonunda kisəsinin maye ilə-kisə mukozasından (ödlə yox)dolması. |
|
Gilbert sindromu nədir? |
Anadangəlmə hiperbilirubinemiyadır: –qaraciyərdəki bilirubin mənimsəmə və qlükuronizasiya proseslərində genetik defektlər sərbəst bilirubinin artması ilə nəticələnir. Əksər hallarda ciddi problem törətmir və müalicəyə ehtiyac yoxdur. |
|
Courvoiser simptomu nədir? |
Əllənən, lakin gərgin olmayan və az ağrılı öd kisəsi, sarılıqla birlikdə mşahidə olunur. Kəskin xolesistitdən fərqli olaraq kisə az ağrılıdır, sərt deyil və çox böyüyə bilir. Adətən pankreas başı xərçəngində rast gəlir. |
|
Mirizzi sindromu nədir? |
Kisə axacağına pərçim olunmuş daşın xoledoxu sıxaraq mexaniki sarılıq törətməsidir |