N.Y.Bayramov, Ə.Rüstəm
ANATOMİYASI
Sərhədlər
- Nazik bağırsaq (NB) həzm traktının mədə ilə yoğun bağırsaq arasındakı hissəsidir. Pilordan başlayır və kor bağırsaqda bitir.
Ölçülər
- Uzunluğu 5-6 m, diametri 2-4 sm, mukoza səthinin sahəsi 200-500 m2 (təxminən futbol meydançasının sahəsinə yaxın, müqayisə üçün bədən səthinin sahəsi təxminən 2 m2, ağciyərlərin alveollarının ümumi sahəsi 50 m2-dir. )
Hissələr
- Nazik bağırsaq 3 hissəyə ayrılır:
- 12bb -20 sm
- Acı bağırsaq – 2-2,5 m
- Qalça bağırsaq– 3-3,5 m
- 12bb ilə acı bağırsağın sərhədi Treitz bağıdır.
- Acı bağırsaq ilə qalça bağırsaq arasında kəskin sərhəd yoxdur. Lakin qalça bağırsağın diametri nisbətən kiçik, divarı daha incə, damar qövsləri xeyli çox və mürəkkəb, qövsdən bağırsağa gedən düz arteriyalar qısa, mukozanın büküşləri isə daha incə və seyrəkdir.
- NB-ın 2/5-ni acı, 3/5-nü isə qalça bağırsaq təşkil edir.
- Acı bağırsaq periton boşluğunun sol hissəsində, qalça bağırsaq isə çanaqda və periton boşluğunun sağ hissəsində yerləşir.
- NB çöz vasitəsi ilə qarının arxa divarına təsbit olunur.
![]() |
Arterial qan təchizi
- Yuxarı çöz arteriyası. NB arterial qanı yuxarı çöz arteriyasından alır. Arteriyanın şaxələri arasındakı əlaqələr sayəsində qövslər əmələ gəlir.
- Acı bağırsaqda adətən geniş və 2-3 mərtəbəli qövslər, qalça bağırsaqda isə sıx və daha çox mərtəbəli qövslər olur. Sonuncu qövsdən çıxan arteriya şaxələri düz istiqamətdə bağırsağa çatır və 2 şaxəyə ayrılaraq ön və arxa divarlara daxil olur.
Venoz qanın qayıdışı
- Yuxarı çöz venası. Venalar arteriyaları izləyir, venoz qanı yuxarı çöz venasına və qapı venasına daşıyırlar.
Limfa axını
- Geniş limfa damarları makroskopik görünürlər. Həmin damarlar limfanı çöz limfa düyünlərinə daşıyır.
İnnervasiya
- NB-ın innervasiyasında dominant rolu öz sinir kələfləri oynayır (selikaltı Meissner və əzələarası Auerbach sinir kələfləri).
- Sinir kələflərində 4 növ neyron olur (motor, sekretor, sensor və kommunikant) və onların 4 qrup mediatorları mövcuddur: xolinergik, adrenergik, serotonergik və peptidergik (xolesistokinin, VİP, somatostatin, neyrotenzin, enkefalin, qalanin, P substansiyası).
- Meissner kələfi sekresiya və absorbsiyanı, Auerbach kələfi isə motorikanı tənzimləyir.
- Azan sinirin şaxələri və simpatik sinirlər bu kələflər vasitəsi ilə təsir edirlər.
Histologiya
- NB-ın divarı 4 qatdan ibarətdir:
- selikli
- selikaltı
- əzələ
- seroz
- Selikli qişa epitel, xüsusi qişa və mukozanın əzələ qatından ibarətdir.
- Epitel qatı büküşlər, xovlar və mikroxovlarla (enterositlərin kiprikləri) zəngindir. Absorbsiya səthi onların hesabına 160-200 dəfə artır və 200-500 m2-ə çatır.
- Xovlar 1 mm diametrli və uzunluqlu mukozal çıxıntılardır, üzərində epitel qatı, mərkəzində damarlar və əzələlər olur. Əsasən absorbsiyanı həyata keçirirlər. Kriptlər epitel qatının selikaltı qata qabarmasıdır, üzəri epitellə örtülüdür, əsasən sekresiyanı təmin edirlər.
- Epitel qatında aşağıdakı hüceyrələr var:
- Enterositlər – absorbsiyanı həyata keçirirər
- Goblet hüceyrələri – selik ifraz edirlər
- Panet hüceyrələri – kriptlərdə yerləşir, lizosim, TNF, kriptidin sintez edir və immuntetdə mühüm rol oynayırlar
- M hüceyrələri – limfoid hüceyrələri əhatə edirlər
- Endokrin (APUD və digər) hüceyrələr – hormonlar sintez edirər.
- Xüsusi qişa - kövşək toxuma və limfa toxumasından ibarətdir (MALT)
- Mukozanın əzələ qatı selikli qişanı selikaltı əsasdan ayıran zərif qatıdır, selikli qişanın hərəkiliyini təmin edir.
- Epitel qatın yüksək regenerator qabiliyyəti hesabına 5-6 gün ərzində epitel örtüyü yenilənir. Xovlarda regenerasiya adətən dibdən zirvəyə doğru baş verir. Enterositlər ximusla, xüsusilə qlutaminlə qidalanırlar.
- Selikaltı əsas (qat)- birləşdirici toxumadan ibarətdir, bağırsağın divarının ən sərt qatıdır, qan damarları, sinir lifləri və Meissner qanqlionları ilə zəngindir. Anastomoz qoyularkən tikişər mütləq bu qatdan keçməlidir.
- Əzələ qatı - daxildə sirkulyar, xaricdə isə boylama saya əzələlərdən təşkil olunmuşdur. Əzələ lifləri arasında Auerbach (mienterik) sinir kələfləri yerləşir. Bu qat bağırsağın peristaltikasını təmin edir.
- Seroz qat - visseral peritonun nazik bağırsağı örtən səhifəsidir, bağırsağın mezenterik kənardan başqa bütün xarici səthini örtür.
![]() |
![]() |
FİZİOLOGİYASI
- NB-ın funksiyaları aşağıdakılardır:
- Həzm
- absorbsiya
- sekresiya
- parçalama - deqradasiya
- motorika
- Müdafiə
- Endokrin
Həzm funksiyası
- NB-da dəmir və Ca ionlarından başqa digər mikroelementlərin və qida maddələrinin əksəriyyətinin həlli və sorulması başa çatır. Bu, sekresiya, parçalama, absorbsiya və motorika kimi proseslərin hesabına baş verir.
- NB-ın əsas həzm funksiyası absorbsiyadır. Suyun böyük hissəsi (90%), karbohidratlar, yağ, zülal, mikroelementlər, vitaminlər tamamilə sorulur, yoğun bağırsağa yalnız sorulmayan maddələr və su keçir. Absorbsiya əsas etibarı ilə xovlarda gedir.
- Sekresiya və deqradasiya. Pankreatik enzimlərlə yanaşı bağırsağın öz enzimlərinin təsiri ilə qidaların divaryanı və mənfəzdaxili degradasiyası prosesi həyata keçir. Kriptlərdə sekresiya baş verir, xovlararası sahələrdə isə membranyanı (divaryanı) həzm həyata keçirilir.
- Motorika qidaların parçalanmasının və sorulmasının ardıcıl davam etməsinə xidmət edən prosesdir. NB-da prinsipal olaraq 2 növ hərəkətlilik olur: peristaltik və tonik-ossilyator. Peristaltika möhtəviyyatın irəli qovulmasına, ossilyasiya isə qarışdırılmasına xidmət edir. Azan sinir, xolesistokinin və motilin bağırsaq peristaltikasını artırır, simpatik stimulyasiya isə azaldır.
- Intestinal sinir kələflərinin (Auerbach) və hormonların hesabına sekresiya və sorulma prosesləri arasındakı tarazlıq tənzimlənir.
![]() |
Qoruma
- NB-ın epitelinin mexanik səd (baryer) rolu ilə yanaşı mukozanın limfa toxuması (MALT), kriptlərin Panet hüceyrələri orqanizmin mikrorqanizmlərdən və toksinlərdən qorunmasında müstəsna əhəmiyyət kəsb edir. Limfatik hüceyrələri örtən M hüceyrələr və İgA sintez edən hüceyrələr də mikroblara qarşı müdafiə yaradırlar.
Endokrin
- NB orqanizmin ən boyük endokrin üzvlərindəndir. Selikli qişada səpələnmiş çoxsaylı endokrin hüceyrələr aşağıdakı hormonları sintez edirlər:
- Xolesistokinin – 12bb-da və acı bağırsaqda I hüceyrələr tərəfindən amin turşuların və yağların təsiri ilə sintez olunur. Bu hormon öd kisəsini yığır, Oddi sfinkterini boşaldır, pankreasın enzim sekresiyasını artırır, bağırsaq peristaltikasını artırır
- Enteroglükaqon – NB və kolonun L hüceyrələri tərəfindən öd turşularının və yağların təsiri ilə sintez olunur. Antiinsulyar təsir göstərir;
- Qastrointestinal peptid (QİP) – 12bb və acı bağırsağın K hüceyrələri tərəfindən monosaxaridlər, amin turşular və yağların təsiri ilə sintez olunur. QİP mədədə turşu və pepsinogen sintezini azaldır, mədənin peristaltikasını zəiflədir, lakin insulin sintezini artırır;
- Qastrin – mədə, 12bb və MAV-ın G hüceyrələri tərəfindən vaqal stimulyasiya və mənfəzdaxili zülaların təsiri ilə sintez olunur. Mədədə xlorid turşusunun sintezini və qan təchizini artırır;
- Motilin – 12bb-ın M hüceyrələr tərəfindən vaqal stimulyasiya və xlorid turşusunun təsiri ilə sintez olunur. Ac vaxtı miqrator peristaltizmi başladır. Mədənin motorikasında önəmli rol oynayır;
- Sekretin – 12bb-ın S hüceyrələri tərəfindən xlorid turşusu, amin turşuları və öd turşularının təsiri ilə sintez olunur. Pankreasdan su və bikarbonat ifrazını artırır, mədənin sekresiyasını və motorikasını azaldır;
- Somatostatin – NB-ın və MAV-in D hüceyrələri tərəfindən xlorid turşusu, amin turşuları və yağların təsiri ilə sinteiz olunur. Bağırsağın ekzokrin və endokrin funksiyalarını tormozlayır, onun qan təchizini azaldır;
- Vazoaktiv intestinal peptid (VİP) – NB-ın və MAV-in F hüceyrələri tərəfindən vaqal implusların təsiri ilə sintez olunur. Pankreasın və NB-ın sekresiyasını, həmçinin qan təchizini artırır;
- İnsulinəbənzər hormon – ileumda sintez olunur.
Nazik bağırsağın anatomiyası və fiziologiyası üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
Anatomiya
|
Nazik bağırsaqlar hansılardır? |
Onikibarmaq bağırsaq, acı və qalça bağırsaqlar |
|
Onikibarmaq bağırsağın uzunluğu nə qədərdir? |
Təxminən 12 inç, buna görə də ona Onikibarmaq bağırsaq (duodenum) deyilir. |
|
Duodenumun bitdiyi və yeyunumun başlandığı yer haradır? |
Treytz bağı |
|
Nazik bağırsaqların uzunluğu nə qədərdir? |
Təxminən 5-6 metr |
|
Nazik bağırsağın qan təchizatı hardandır? |
Yuxarı çöz arteriyası |
|
Nazik bağırsağın mukoza səthinin sahəsi nə qədərdir? |
Təxminən 200-500 m2 (təxminən futbol meydançasının sahəsinə yaxın) |
|
Bağırsaq səthinin bu qədər böyük olmasının səbəbi və əhəmiyyəti nədir? |
Büküşlər, xovlar və kirpiklər sorulma sahəni 160-200 dəfə artırır. |
|
Acı və qalça bağırsaqlar arasında əsas anatomik fərqlər hansılardır? |
Acı bağırsaqda - düz damarlar uzun, böyük büküşlər, qalın divar Qalça bağırsaqda - düz damarlar qısa, incə büküşlər, nazik divar |
Fiziologiya
|
Nazik bağırsaqların funksiyaları hansılardır? |
Həzm, absorbsiya, endokrin və qoruma |
|
Nazik bağırsaqlardan hansı maddələr sorulur? |
Karbohidratların, zülalların və yağların hamısı, suyun 90%-i, vitaminlər, minerallar. |
|
Onikibarmaq bağırsaqdan nə sorulur? |
Vitaminlər, dəmir və digər mikroelementlər |
|
Terminal ileumdan nə sorulur? |
B12 vitamini, öd turşuları, yağ turşuları |
|
Nazik bağırsaqda qorumanı həyata keçirən hansılardır? |
Epitel, Paneth hüceyrələri, sekretor IgA və MALT |



