Bayramov N.Y., Rüstəm Ə.M. Zeynalov B.M. Musayev X.N.
Tərifi
Qısa bağırsaq sindromu bağırsağın geniş rezeksiyalarından sonra meydana çıxan ağır dərəcəli absorbsiya pozğunluğudur (sorulma çatmazlığıdır).
Bu sindrom bağırsağın funksional çatmazlığının elə dərəcəsidir ki, rezeksiyadan sonra qalmış bağırsaq orqanizmə lazım olan miqdarda qida maddələri və suyun sorulmasını təmin etmir və dəstək müalicəsi olmadan yaşamaq mümkün olmur.
Bağırsağın malabsorbtiv çatmazlığının digər formalarına kəskin bağırsaq keçməzliyi və kor ilgək sindromu aid edilir.
Təsnifatı
|
Mərhələsinə görə |
Kəskin diareya Adaptasiya Stablizasiya |
Etiologiya
- Qısa bağırsaq sindromunun əsas səbəbi geniş həcmli rezeksiyadır.
- Geniş həcmli rezeksiyaların səbəbləri böyüklərdə massiv travma, bağırsağın iltihab xəstəlikləri, tromboz, törəmələr, uşaqlarda atreziya, nekrotik enterokolit, burulmalar və nekrozdur.
Patogenezi
- Normada NB-ın uzunluğu 5-6 m arasındadır, sorulma səthi təxminən futbol meydançasının sahəsinə yaxındır və sorulma imkanları gündəlik ehtiyacdan dəfələrlə çoxdur (gün ərzində daxil olan 10 litr mayenin 9 l-i, qida maddələrinin böyük əksəriyyəti).
- NB-ın 60-70%-ə qədəri rezeksiya olunduqda həzm defisiti qısa müddətlərdə kompensasiya olunur və ağır sorulma çatmazlığı baş vermir.
- Rezeksiyadan sonra 100-120 sm-dən az nazik bağırsaq hissəsi qaldıqda (və ya 150 sm-dən az NB və ya 75 sm-dən az kolon saxlanılarsa) sorulma səthinin kəskin azalması nəticəsində ağır dərəcəli malabsorbsiya baş verir.
- Sorulmanın kəskin azalması nəticəsində bağırsaq möhtəviyyatı və su ağır diareya səbəbindən itirilir, kəskin su-elektrolit və qida defisiti meydana çıxır. Dəstək müalicəsi olmazsa qısa müddətdə həyat üçün təhlükə yaranır.
- Geniş rezeksiyalardan, xüsusilə acı bağırsağın rezeksiyasından sonra adətən mədənin hipersekresiyası (acı bağırsaq hormonları mədənin sekresiyasını azaldır) baş verir. Nəticədə diareya və elektrolit pozğunluqları daha da dərinləşir.
Gedişi və ağırlaşmalar
- Şərti olaraq diareya, adaptasiya və stabilləşmə mərhələləri ayırd
- Diareya mərhələsi əməliyyatdan sonrakı ilk saatlardan başlayır, ağır diareya və mədənin hipersekresiyası ilə xarakterizə olunur. Bağırsaqdan gündəlik 2 l-dən çox möhtəviyyat itirilir, oral qidalanma kifayətsizdir, parenteral dəstək vacibdir. Bu müddət bir neçə həftədən 3 aya qədər davam edir.
- Adaptasiya dövründə NB-ın genişlənməsi, uzanması, divarının qalınlaşması, büküşlərin hipertrofiyası, xovların uzanması və kriptlərin dərinləşməsi kimi kompensator dəyişikliklərin hesabına sorulma səthi artır, diareya nisbətən azalır. Bu mərhələ 2 ilə qədər davam edir və intravenoz dəstəklə yanaşı oral qidalandırma tələb olunur. Adaptasiya prosesində enteral yolla daxil olan qida maddələri, xüsusilə glutamin, arginin və yağ turşuları mühüm trofik rol oynayırlar. Digər tərəfdən NB-ın hormonlarının (glükogenə bənzər böyümə faktoru (GLP), insulinəbənzər böyümə faktoru (İLGF), epidermal böyümə faktoru və b.) əhəmiyyəti böyükdür.
- Stabilləşmə məhələsində NB-ın orqanizmi su və qidalarla təmin etmə imkanları yetərli səviyyəyə yaxınlaşır və bədən çəkisinin ideal çəkidən fərqi 20%-dən çox olmur. Lakin yağların sorulması tam bərpa olunmur.
Ağırlaşmalar
- Dehidratasiya
- Elektrolit pozğunluqları
- Kateter sepsisi
- Qaraciyər yetməzliyi
- Xolesistolitiaz
- Nefrolitiaz (hiperoksaluriya)
- Disbakterioz
Klinika və diaqnostika
Qısa bağırsaq sindromu adətən əməliyyatdan sonrakı ilk günlərdə ağır diareya (gündə 2 l-dən çox) əlaməti ilə təzahür edir.
Proqressiv arıqlama, steatoreya, dehidratasiya, elektrolit pozğunluqları, qanda proteinlərin miqdarının azalması, kəskin zəiflik (halsızlıq) müşahidə edilir.
Oral qidalanma yetərsizdir və diareyanı artırır.
Böyükhəcmli rezeksiyadan sonra ağır diareya və kəskin malnutrisiya əlamətləri diaqnozu dəqiqləşdirir.
Diaqnostik əlamətlər
Böyükhəcmli bağırsaq rezeksiyasından sonra ağır diareya və kəskin malnutrisiya
Müalicə
Qısa bağırsaq sindromunun müalicəsində konservativ və cərrahi tədbirlər həyata keçirilir.
Konservativ müalicə əsasən dəstək xarakterlidir, ağırlaşmaların qarşısını almaq və adaptasiyanı gözləmək prinsipləri üzərində qurulur. Müalicə tədbirləri mərhələli şəkildə aparılır:
- İlkin mərhələdə stabilləşdirmə və həyat üçün təhlükəli ağırlaşmaların profilaktikası həyata keçirilir:
- oral qidalandırma dayandırılır;
- parenteral qidalar və maye verilir (25 kkal/kq/gün, lipid 1 q/kq/gün, protein vəziyyətə uyğun);
- mədənin sekresiyasını azaltmaq üçün hidrogen körüyü (pompası) blokatorları və ya H2 reseptorlarının blokatorları təyin edilir.
- II mərhələdə qidalandırma ilə yanaşı NB-ın adaptasiyasını təmin edən tədbirlər həyata keçirilir:
- parenteral qidalandırma davam etdirilir;
- tədricən oral qidalandırmaya başlanılır;
- regenerator preparatlar: qlutamin, arginin, teduglutide (qlükogenəbənzər peptidin analoqu);
- diareyanın azaldılması üçün: pəhriz (az osmotik və az miqdarda), hipokinetik preparatlar (loperamid, sandostatin, atropine sulfat, narkotik analgetiklər və s.), xolesteramin və b.
- III mərhələdə oral qidalanma artırılır, parenteral qidalandırma kəsilir.
Cərrahi müalicə. Klinik praktikada qısa bağırsaq sindromunun 3 növ cərrahi müalicə üsulu tətbiq olunur:
- enteroplastika – bağırsağı uzatma və ya genişləndirmə
- antiperistaltik əməliyyatlar
- nazik bağırsağın transplantasiyası
Enteroplastika və antiperistaltik əməliyyatlar adaptasiya baş verməyən xəstələrdə tətbiq edilir.
Cərrahi ağırlaşmalar, xüsusilə ağır qaraciyər disfunksiyası və nəzarət oluna bilməyən kateter sepsisi nazik bağırsağın transplatasiyasına göstərişlərdir.
![]() |
Şək. 1. Nazik bağırsağı uzatma əməliyyatları
Özət
Qısa bağırsaq sindromu bağırsağın geniş rezeksiyalarından sonra meydana çıxan ağır dərəcəli malabsorbsiyadır (sorulma çatmazlığıdır). Adətən rezeksiyadan sonra 100-120 sm-dən az nazik bağırsaq hissəsi qaldıqda ortaya çıxr. Xəstəlik əməliyyatdan sonrakı ilk günlərdə ağır diareya (gündə 2 l-dən çox) ilə təzahür edir, proqressiv arıqlama, steatoreya, dehidratasiya, elektrolit pozğunluqları, qanda proteinlərin miqdarının azlaması və kəskin zəiflik (halsızlıq) müşahidə edilir. Oral qidalanma diareyanı daha da artırır. Müalicə edilmədikdə qısa müddətdə letallığa səbəb olur. Diaqnoz klinik olaraq qoyulur - böyükhəcmli rezeksiyadan sonra ağır diareya və kəskin malnutrisiya. Müalicə mərhələləli xarakterlidir: erkən mərhələdə stabilləşdirmə, oral qidalanmanın kəsilməsi, parenteral qidalandırma və mədə sekresiyasını azaltma tədbirləri. Növbəti mərhələdə tədricən oral qidalandırma və bağırsaq regeneratorları başladılır, sonra parenteral qidalandırma kəsilir. Cərrahi müalicə adaptasiya baş verməyən xəstələrdə (enteroplastika və ya antiperistaltik əməliyyatlar), kateter sepsisi və qaraciyər çatmazlığı baş verən xəstələrdə göstərişdir (nazik bağırsaq transplantasiyası).
Nazik bağırsaq keçməzliyi üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova
|
Suallar |
Cavablar |
|
Qısa bağırsaq sindromu nədir? |
Bağırsağın geniş rezeksiyalarından sonra meydana çıxan ağır dərəcəli malabsorbsiyadır |
|
Səbəbi və ya risk faktorları hansılardır? |
Geniş həcmli rezeksiya |
|
Patogenezi nədən ibarətdir? |
Sorulma səthinin azalması → diareya → bağırsaq möhtəviyyatı və su itkisi → kəskin su-elektrolit və qida defisiti |
|
Gediş xüsusiyyəti necədir? |
Diareya, adaptasiya və stabilləşmə mərhələləri ayırd olunur |
|
Ağırlaşmaları hansılardırr? |
Dehidratasiya Elektrolit pozğunluqları Kateter sepsisi Qaraciyər çatmazlığı Xolesistolitiaz Nefrolitiaz (hiperoksaluriya) Disbakterioz |
|
Klinik əlamətləri hansılardır? |
Əməliyyatdan sonrakı ilk günlərdə ağır diareya, proqressiv arıqlama, steatoreya, dehidratasiya, elektrolit pozğunluqları, qanda proteinlərin miqdarının azalması, kəskin zəiflik (halsızlıq) |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Geniş bağırsaq rezeksiyalardan sonra müvafiq klinik əlamətlər müşahidə olunan |
|
Laborator əlamətləri hansılardır? |
Malnutrisiya |
|
Diaqnostik kriteriyalarını sadala? |
Böyükhəcmli rezeksiyadan sonra ağır diareya və kəskin malnutrisiya |
|
Müalicə üsulları hansılardır? |
Konservativ tədbirlər (dəstək xarakterli) və cərrahi |
|
Əməliyyata göstərişlər hansılardır? |
Adaptasiya baş verməyən xəstələr |
|
Əməliyyat üsulları hansılardır? |
Enteroplastika - bağırsağı uzatma və ya genişləndirmə Antiperistaltik əməliyyatlar Nazik bağırsağın transplantasiyası |
