Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

MEKKEL (MECKEL) DİVERTİKULU

Bayramov N.Y., Rüstəm Ə.M., Zeynalov B.M., Musayev X.N.

 

Tərifi

Embrionun sarı cisimi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində əmələ gələn həqiqi divertikuldur. Əksər hallarda klinik əlamətlər və ağılaşma törətmir, çox az hallarda qanaxma, perforasiya və digər ağırlaşmalara səbəb olur.

 

Rastgəlmə tezliyi

Meckel divertikulu üçün “2-lər qaydası” xarakterikdir.

  • ən çox 2 yaşa qədər uşaqlarda müəyyən edilir;
  • əhalinin 2%-də rast gəlir;
  • qadın/kişi nisbəti - 2:1;
  • ileosekal bucaqdan 2 feet (fut) (60-80 sm) məsafədə yerləşir;
  • uzunluğu 2 düymdür (5 sm);
  • xəstələrin ½-dən çoxunda 2 növ selikli qişa (nazik bağırsağın və mədənin selikli qişaları) müəyyən olunur.

Təsnifatı

Gedişinə görə

  • Ağırlaşmasız
  • Ağırlaşmış (qanaxma, divertikulit, bağırsaq keçməzliyi)

 

Patogenezi

Normada embironun sarı cisimi ilə (yolk suc) nazik bağırsaq arasındakı vitellointestinal və ya omfalomezenterik axar embironal inkişafın VI həftəsində obliterasiya olunur və postnatal dövrdə onun qalığı qalmır.

Obliterasiya prosesinin pozğunluqları bəzi anomaliyaların inkişafına səbəb olur:

  • Fibroz bağ – axar obliterasiya olunur, lakin yerində fibroz bağ əmələ gəlir.
  • Omfalomezenterik fistul – axar obliterasiya olunmur, doğuşdan sonra göbəklə nazik bağırsaq arasında fistul əmələ gəlir.
  • Meckel divertikulu – axarın nazik bağırsaq ucu obliterasiya olunmur. Nazik bağırsağın antimezenterik divarında həqiqi divertikul əmələ gəlir.
  • Sistlər - axarın nazik bağırsaq və göbək ucları obliterasiya olunur, orta hissəsi isə obliterasiya olunmur, nəticədə göbək sisti və ya qarındaxili enterosistom adlanan sist formalaşır.
  • Göbək cibi – axarın nazik bağırsaq ucu obliterasiya olunur, göbək ucu icə açıq qalır.

 

Patomorfologiyası

  • Meckel divertikulu ileosekal bucaqdan 0,6-1,5 m məsafədə qalça bağırsaqda yerləşir.
  • Nazik bağırsağın antimezenterik divarından çıxır, bəzən sərbəst çözü olur. Uzunluğu 5 sm və daha çox olur.
  • Divarlarında nazik bağırsağın bütün qişaları olduğu üçün həqiqi divertikuldur.
  • Selikli qişada nazik bağırsaq epiteli ilə yanaşı 50%-dən çox hallarda ektopik mədə (60%-dən çox), OBB, pankreas və yoğun bağırsaq epiteli müəyyən edilir.

 

   

 

Gedişi və ağırlaşmaları

Meckel divertikulu əksər hallarda klinik olaraq asimptomatik və ağırlaşmasız gedişlidir. Lakin xəstələrin təxminən 4%-də ağırlaşmalar rast gəlir:

  • qanaxma – 40%;
  • bağırsaq keçməzliyi – 25%;
  • divertikulit – 25%.

Uşaqlarda divertikulun ən çox rast gələn ağırlaşması qanaxma, böyüklərdə isə kəskin bağırsaq keçməzliyidir.

  • Qanaxma divertikulun ektopik mədə mukozasının ifraz etdiyi xlorid turşusunun bağırsağın selikli qişasında törətdiyi xora(lar)dan baş verir.
  • Kəskin bağırsaq keçməzliyi adətən nazik bağırsağın fibroz bağ ətrafında burulması nəticəsində əmələ gəlir. Keçməzliyin səbəbi bəzən invaginasiya, nadir hallarda divertikulun yırtıq qapısında boğulması (Lyttre yırtığı) olur.
  • Divertikulitin inkişafı və klinik gedişi kəskin appendisitin klinikasına bənzərdir. Divertikulun boşluğunun tıxanması durğunluğa, boşluqdaxili hipertenziya, işemiya, iltihab və nekroza səbəb olur.

Klinikası

  • Meckel divertikulu əksər hallarda (96%) simptomsuz gedişlidir, laparotomik və ya laparoskopik təftiş zamanı aşkar edilir.
  • Divertikulun bu və ya digər ağır­laş­ması zamanı klinik əlamətlər (qanaxma, kəskin bağırsaq keçməzliyi, iltihab) mey­dana çıxır.
  • Meckel divertikulitini klinik olaraq kəskin appendisitdən fərqləndirmək çətindir, diaqnoz bir qayda kimi laparotomiya və ya laparoskopiya zamanı qoyulur. Ona görə də kəskin appendisitlə (həmçinin kiçik çanağın digər kəskin cərrahi xəstəlikləri ilə) bağlı əməliyyatlarda, xüsusilə əməliyytdaxili dəyişikliklərlə klinik əlamətlərin uyğunsuzluğu hallarında ileosekal bucaqdan ən azı 1 m məsafə Meckel divertikuluna görə təftiş edilməlidir.

 

Diaqnostikası

Şübhə

Aşağıdakı hallarda Meckel divertikulu ağırlaşmalarına şübhə yaranır:

  • uşaqlarda və gənclərdə endoskopiyada (qastro-, kolonoskopiya) lokalizasiyası tapılmayan qanaxmalar;
  • kəskin bağırsaq keçməzliyi;
  • kəskin appendisitin differensial diaqnostikası prosesində.

 

Diaqnozun dəqiqləşdirilməsi

Meckel divertikulunun dəqiq diaqnozu laparoskopiya və ya laparotomiya zamanı qoyulur. Kontrastlı müayinələr (enteroklizis, KT) az informativdir. Mədə mukozasının təyini üçün istifadə edilən radioizotop müayinənin (Texnesium 99m, pertexnetat) həssaslığı 50%-dən azdır.

 

Diaqnostik əlamətlər

  • Asimptomatik və ya simptomatik gedişli;
  • Laparoskopiyada və ya laparotomiyada divertikulun aşkar olunması.

 

Müalicəsi

  • Asimptomatik gedişli və təsadüfən tapılan Meckel divertikulunun ağırlaşma ehtimalı az olduğuna (4%-dən az) görə həmin insanların klinik izlənməsi məsləhətdir.
  • Ağırlaşmış divertikulun əsası səviyyəsində eksiziyası və ya nazik bağırsaq seqmenti ilə birgə rezeksiyası tövsiyə edilir.

 

   

 

Şək. Cərrahi əməliyyat. A. Divertikulun açıq B. Laparoskopik eksiziyası

 

Özət

Meckel divertikulu embrionun sarı cisimi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində formalaşan çıxan həqiqi divertikuldur. Əksər hallarda asimptomatikdir, laparotomik və ya laparoskopik təftiş zamanı aşkar edilir. Çox az hallarda qanaxma, divertikulit və bağırsaq keçməliyi ilə ağırlaşır. Kinik əhəmiyyəti kəskin apendisitlə diferensiasiya və səbəbi tapılmayan mədə-bağırsaq qanaxmaları ortaya çıxır. Diaqnoza bəzən KT -də və qanaxma mənbəyi axtarış vaxtı ssintiqrafiya zamanı şübhə yaranır. Laparotomiya və ya laparoskopiya ilə dəqiqləşdirilir. Müalicəsi asimptomatik hallarda izləmə, ağırlaşmlarda isə divertikulektomiyadır.

 

Meckel divertikulu üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Meckel divertikulu nədir?

Vitellointestinal axarın tam bağlanmaması nəticəsində formalaşan həqiqi divertikuldur

Əsas xüsusiyyəti?

Ən çox rast gələn mədə-bağırsaq anomaliyasıdır.

Adətən harada yerləşir ?

İleosekal bucaqdan 1-1,5 m məsafədə, antimezenterik divarda.

Həqiqi divertikuldurmu?

Bəli! Çünki bağırsaq divarının qişaları var.

Rastgəlmə tezliyi?

Təxminən autopsiyada əhalinin 2% olur.

Cins nisbəti necədir?

Kişilərdə 2 dəfə çox rast gəlinir.

Hansı yaşda simptomlar daha qabarıq olur?

Daha çox 2 yaşda. Amma digər yaşlarda da ola bilər.

Hansı  ağırlaşmaları var?

Ağırlaşmalar 4% xəstələrdə rast gəlir:

  • qanaxma – 40%
  • bağırsaq keçməzliyi  -25%
  • divertikulit – 25%

Meckel divertikulitini hansı xəstəliklə differensiasiya etmək lazımdır?

Kəskin appendisitlə

Meckel divertikulunda qanaxmanın səbəbi nədir?

Divertikulun ektopik mədə mukozasından ifraz olunan turşunun törətdiyi xora.

Meckel divertikulundan qanaxmanın əlamətləri hansıdır?

Ağrısız aşağı GİS qanaxması, qarında hərəkətli kütlə əllənə bilər.

Böyüklərdə Meckel divertikulunun ən çox rast gələn ağırlaşması hansıdır?

Bağırsaq obstruksiyası

Divertukullarda neçə faiz hallarda heterotopik bağırsaq mukozası tapılır?

50%-dən yuxarı

Meckel divertikulunda ən çox tapılan  heterotopik toxuma hansıdır?

Gastrik mukoza (60%), lakin duodenal, pankreatik, kolonik mukoza da tapıla bilir.

Meckel divertikulunda “2-lər qaydası” nədir?

  • əhalinin 2 % də rast gəlir
  • ən çox 2 yaşa qədər rast gəlinir
  • qadın/kişi nisbəti -  2:1
  • ileosekal bucaqdan 2 feet (60-80 sm) məsafədə
  • uzunluğu 2 düym (5 sm) 
  • xəstələrin ½-dən çoxunda 2 növ selikli qişa olur

Meckel scan nədir?

Meckel divertikulunda ektopik qastrik mukozanın təyini üçün radioizotopla (texnesium, pertexnetat) müayinə aparılır.

Meckel divertikulunun dəqiq diaqnozu necə qoyulur?

Laparoskopiya və ya laparotomiya ilə

Təsadüfən tapılan asimptomatik Meckel divertukulunda nə etməli?

İzləmək

Qanaxma və  obstruksiya verən Meckel divertikulunun müalicəsi nədir?

Cərrahi rezeksiya, divertikulun qarşı tərəfində olan mezenterik divarın  aktiv xorası ilə bərabər nazik bağırsağın rezeksiyası

Meckel divertukulunun boğulması  ilə müşayiət olunan yırtığın adı nədir?

Lyttre yırtığı

Nəcisdə gizli qan testi pozitiv, qastro-kolonoskopiya neqativ olan xəstədə hansı patologiyanı inkar etmək lazımdır?

Nazik bağırsaq törəməsini (KT və ya enteroklizislə -kontrastlı nazik bağırsaq müayinəsi)