Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Boyun travmaları - Özət və Suallar

Özət

Boyun zədələnmələri həyati təhlükəli zədələnmələr hesab edilir. Boyunun yaralanmaları travmalar arasında 5-10% hallarda rast gəlinir və böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir.

Təsnifatı. Klassik olaraq boyun zədələnmələri açıq (yaralanmalar) va qapalı (küt) zədələnmələrə ayrılır. Açıq zədələnmələr dərinliyinə (səthi, dərin), yerləşməsinə (I, II və III zona), klinik əlamətlərinə (böyük və kiçik əlamətlər) və zədələnən orqana görə (aerodigestiv, damarlar, fəqərə və digər) təsnif edilir.

Boyun yaralanmalarına yanaşma. Boyun yaralanmalarının diaqnostika və müalicəsinə tarixi olaraq dörd yanaşma mövcud olmuşdur: konservativ, aktiv cərrahi, zonalara və klinik-KT nəticələrinə əsaslanan selektiv yanaşma. Hazırda klinik-KT nəticələrinə əsaslana selektiv yanaşma tətbiq edilir. Bu yanaşmaya görə xəstənin stabilliyi, yaralanmanın klinik əlamətləri və stabil xəstələrdə KT nəticələri nəzərə alınaraq diaqnostika və müalicə seçilir

Boyun travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanır, stabillik qiymətləndirilir və gərəkdirsə stabilləşdirmə tədbirləri həyata keçirilir.

Qeyri-stabil və ya böyük əlamətləri olan xəstələrdə (dərialtı geniş emfizema, xırıltılı səs, səsin karlaşması, qanhayxırma, qanqusma, boğulma əlamətləri, yarada kəsilmiş traxeya, yaradan massiv qanaxma, boyunda böyük hematoma, boyunda küy, yaradan hava qabarcıqlarının çıxması, qanqusma, mil arteriyası üzərində pulsasiyanın itməsi) həyatqurtarma tədbirləri başladılır və təcili əməliyyatxanaya verilir. İlk növbədə hava yolları zədələnmə əlamətləri və ya hava yoluna təhlükə törədən əlamətlər varsa etibarlı hava yolu – endotraxeal intubasiya edilir.

Stabil xəstələrdə ilk növbədə endotraxeal intubasiya ehtiyac olub-olmadığı müəyyənləşdirilir. Hava yolu etibarlılığı təmin edildikdən sonra boyunun zədələnməsinin “kiçik əlamətləri” (kiçik qanaxmalar, infuziyaya cavab verən hipotenziya, dərialtı və ya mediastinal hava, böyüməyən və ya pulsasiya etməyən hematoma, səs dəyişikliyi, disfagiya) yoxlanılır və bu əlamətlərdən hər hansı biri varsa KT edilərək damarlarda və digər orqanlarda zədələnmə axtarılır. KT-də zədələnmə tapılarsa uyğun cərrahi və ya invaziv müdaxilələr edilir. KT-də aerodigestiv zədələnmə tapılmadıqda, lakin xəstədə klinik əlamətlər olarsa (kiçik emfizema, səs dəyişikliyi, disfaqiya, qanqusma) bronxoskopiya və ezofaqoskopiya edilir.

Asimptomatik xəstələrdə 24 saatlıq izləmə tövsiyə olunur.

 

Boyun travmaları üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Rastgəlmə tezliyi nə qədərdir?

Travmalar arasında 5-10% hallarda

Hansı növləri var?

Açıq və qapalı

Açıq zədələnmələrin dərinliyinə görə hansı növləri var?

  • Səthi yaralar – platizmanı keçməyən
  • Dərin – platizmanı keçən

Açıq zədələnmələrin yerləşməsinə görə hansı növləri var?

  • I zona yaralanmaları
  • II zona yaralanmaları
  • III zona yaralanmaları

Klinik əlamətləri hansılardır?

  • “Böyük əlamətlər” - böyük zədələnməni göstərən
  • “Kiçik əlamətlər” - kiçik zədələnməni göstərən
  • Asimptomatik

“Böyük əlamətlər” hansılardır?

  • Çoxlu və davam edən qanaxma
  • Böyük, böyüyən və ya pulsasiya edən hematoma
  • Damarlar üzərində küy
  • İnfuziyaya cavab verməyən şok
  • Mil arteriyasında nəbzin zəifləməsi və ya olmaması
  • Nevroloji defisit (serebral işemiya)
  • Yaradan hava qabarcıqlarının çıxması
  • Massiv qanhayxırma və ya qanqusma
  • Nəfəsalma çətinliyi
  • Xırıltılı tənəffüs

“Kiçik əlamətlər” hansılardır?

  • Orqana yaxın yaralar
  • Kiçik qanaxmalar
  • İnfuziyaya cavab verən hipotenziya
  • Dərialtı və ya mediastinal hava
  • Böyüməyən və ya pulsasiya etməyən hematoma
  • Səs dəyişikliyi
  • Disfagiya

Stabil və ya “kiçik əlamətlər” olan xəstələrdə ilkin yardım tədbirləri hansılardır?

  • Hava yoluna nəzarət
  • KT
  • Aerodigestiv əlamətlər tapılarsa bronxoskopiya və ezofaqoskopiya

Asimptomatik xəstələrdə hansı tədbirlər görülməlidir?

  • 24 saat izləmə, vaxtaşırı hava yolu, tənəffüs, hemodinamika, beyin fəaliyyəti yoxlanılmalı
  • Hər hansı bir əlamət ortaya şıxarsa KT;

Hansı hallarda təcili torakotomiya edilməsi məsləhətdir?

Ağciyər-bronx zədələnməsinə bağlı pnevmotoraks və ya döşdaxili böyük damar zədələnməsindən şübhə varsa

Proqnozu nədir?

Böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir