Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Mədə törəmələri - Özət və Suallar

Özət

Mədə adenokarsinoması epitelial xarakterli bədxassəli törəmələr və mədənin ən çox rast gələn bədxassəli şişidir. Etiologiyası dəqiq bilinmir, lakin qidalanma tərzi, radiasiya, A və C vitamin azlığı, genetik amillər, kişi cinsi və bəzi xərçəngönü xəstəliklər (H.pylori qastriti, mədə rezeksiyası, adenomatoz polip) risk təşkil edir. Erkən mərhələdə törəmə selikli qişa səviyyəsində olur və adətən əlamətlər törətmir, təsadüfi və ya profilaktik müayinələrdə tapılır. Xəstəlik irəlilədikcə mədə divarının dərin qatlarına, ətraf və uzaq orqanlara, limfa düyünlərinə yayılır və əlamətlər ortaya çıxır. Arıqlama, ağrı, qanaxma, anemiya, iştahsızlıq çox rast gəlinən əlamətləridir. Diaqnozunu dəqiqləşdirmək üçün endoskopiya və biopsiya edilir, mədədə sərt, xoralaşmış, qanaxmaya meyilli törəmə və biopsiyada adenokarsinoma hüceyrələrinin tapılması xarakterikdir. Mərhələni təyin etmək üçün KT, EUS, laparoskopiya və PET-KT edilir. Rezektabel mərhələdə (erkən və irəliləmiş rezekstabel) radikal əməliyyat edilir (total və ya subtotal qastrektomiya və limfadiseksiya), əməliyyatətrafı dövrdə kimya-radioterapiya əlavə edilir (trimodal terapiya). İrəliləmiş qeyri – rezektabel hallarda isə palliativ əməliyyatlar və ya kimyaradioterapiya tətbiq edilir.

Mədə limfoması limfatik toxumadan inkişaf edən (MALT və diffuz B hüceyrəli)  və ya metastatik xarakterli limfoproliferativ xəstəlikdir, adenokarsinomalardan sonra ən çox rast gələn 2-ci bədxassəli törəmədir. MALT-limfomalarda H.pylori infeksiyası mühüm rol oynayır. Liunikası adenokarsinomalara bənzəyir. Diaqnozu endoskopiya və  biopsiya ilə qoyulur, İkincili limfomalardan fərqləndirmək üçün immunositokimya, qanın müayinəsi, sümük iliyi biopsiyası aparılır. Müalicəsi əsasən konservativdir (anti-heloikobakter, kimya-radioterapiya), cərrahi müalicə göstərişə görə aparılır.

Qastrointestinal stromal törəmələr  (QİST) subepitelial toxumadan inkişaf edən törəmələr arasında ən çox rast gəlinənidir (stromadan inkişaf edən digər törəmələrə leyomioma, leyomiosarkoma, lipoma, liposarkoma, şvannoma, desmoid törəmələr və b. aid edilir). QİST-lər kiçik ölçülərdə xoşxassəli, böyük ölçülərdə isə bədxassəli gediş göstərirlər. Əksər hallarda asimptomatik olurlar. Diaqnostikası üçün endoskopiya və biopsiya  lazm gəlir, immunohistokimyəvi müayinədə CD117 antigeninə və ya genetik müayinə ilə C-KİT mutasiyasına görə diaqnzou dəqiqləşdirilir. Müalicəsi üçün radikal çıxarma və kimyaterapiya tətbiq edilir.

Meneterier xəstəliyi hipertrofik qastritin formalarından biri olub, mədə büküşlərinin hipertrofiyası, həddən çox mədə sekresiyası və protein itkisi anemiya ilə xarakterizə olunur, anemiya çox rastlanır. Diaqnozu endoskopiya və biopsiya ilə qoyulur. Müalicəsində antisekretor və anti-helikobakter terapiya ilk seçimdir, cərrahi müdaxilə göstərişə görə aparılır.

Karsinoid törəmələr enteroxromaffin hüceyrələrdən inkişaf edən törəmələrdir, adətən böyüyürlər, ağırlaşma və karsinoid sindrom törədə bilirlər. Diaqnozu endoskopiya və biopsiya ilə qoyulur. Əsas müalicəsi radikal çıxarmadır.

Poliplər mədə divarından mənfəzinə doğru böyüyən neoplastik və qeyri – neoplastik xarakterli törəmələrdir. Neoplastik törəmələrin bəd xassəliyə keçmə ehtimalı var. Diaqnozu endoskopiya və biopsiya ilə qoyulur. Standart müalicəsi endoskopik polipektomiyadır.

 

 

Mədə törəmələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

Mədə kanseri

Suallar

Cavablar

Rastgəlmə tezliyi?

Bədxassəli xəstəliklər arasında ikinci yeri tutur.

Risk faktorlar hansılardır?

  • Həyat şəraiti
    • Qidalanma (qıcıqlandırıcı, nitratlı, hisə verilmiş, az bitkili)
    • Toksinlər-aflatoksin, alkohol, siqaret
    • Radiasiya
    • A, C vitamin azlığı
  • Genetik
    • I qrup
    • Ailəvi anamnez
    • Kişi cinsi
  • Xəstəliklər (prekanseroz vəziyyətlər)
    • H.pylori qastriti
    • Rezeksiya olunmuş mədə
    • Xronik atrofik qastrit
    • Xronik hipertrofik qastrit
    • Adenomatoz polip

Adətən hansı yaşlarda aşkarlanır?

60 yaşdan  yuxarı

Rastgəlmə tezliyində kişilərin qadınlara nisbəti

3:2

Hansı qan qrupu mədə kanseri ilə əlaqəlidir?

A qan qrupu

Şikayətləri hansıdır?

Erkən mərhələdə asimptomatik

Epiqastrik diskomfort

Anoreksiya

Arıqlama

Qusma

Melena, ürəkbulanma

Ən çox rastlanan şikayət  hansıdır?

Arıqlama

Hansı obyektiv əlamətləri var?

Anemiya, melena, epiqastrik kütlə, hepatomeqaliya, qanlı qusma, Virxov düyünləri, böyümüş yumurtalıqlar, aksilyar adenopatiya

Virxov düyünü nədir?

Sol supraklavikular fossada düyünlər, mədə kanserinin metastazı

Krukenberg tumoru nədir?

Mədə kanserinin yumurtalığa metastazı

Laborator əlaməti hansıdır?

30% hallarda CEA və ya CA-72-4 qalxır

Diaqnozu necə dəqiqləşdirilir?

Qastroskopiya və biopsiya ilə

Mərhələni təyin etmək üçün hansı müayinələr aparılır?

Endo-USM

Qarın və döş qəfəsi KT

PET (göstərişə görə)

Histologiyası nədir?

Adenokarsinoma

Hansı iki histoloji növü var?

  • İntestinal(vəzili)
  • Diffuz(vəzili olmayan)

Hansı makroskopik formaları var?

  • Xoraşəkilli (25%)
  • Polipşəkilli (25%)
  • Səthi və ya erkən forma(10% - 30%)
  • Linitis plastika(10%)
  • İrəliləmiş karsinoma (35%)

Mədə kanseri daha çox hansı əyrilikdə olur, böyük yoxsa kiçik əyrilikdə?

Kiçik əyrilikdə

Hansı morfoloji növə “ dəri qutu forması ” deyilir?

Linitis plastika-mədənin bütün qatlarının prosesə cəlb olunması və divarlarının tamamən qalınlaşması və sərtləşməsidir.

Radikal müalicəsi hansıdır?

Cərrahi rezeksiya  və limfatik diseksiya

Törəmə antrumda yerləşərsə hansı əməliyyat edilir?

Distal subtotal rezeksiya

Törəmə ortada yerləşərsə hansı əməliyyat edilir?

Total qastrektomiya

Törəmə proksimal hissədə yerləşərsə hansı əməliyyat edilir?

Total qastrektomiya

Splenektomiya nə zaman aparılmalıdır?

Şiş dalağa, dalaq qapısına və qapı limfa düyünlərinə  invaziya edirsə

Təxminən xəstələrin neçə faizində inoperabel vəziyyət olur?

Təxminən 10-15%

Postoperativ kimyaterapiyanın rolu nə qədərdir?

Əhəmiyyəti tam aydın deyil

Mədə xərçəngində 5 illik yaşam nə qədərdir?

Ümumilikdə 5 illik yaşam 12% təşkil edir. Mərhələ proqnozu müəyyən edən önəmli göstəricidir

 

Mədə limfoması

Suallar

Cavablar

Mədə limfoması nədir?

Mədənin limfatik toxumasından inkişaf edən (birincili) və ya metastatik xarakterli limfoproliferativ xəstəlikdir

Rastəlmə tezliyi nə qədərdir?

Mədənin adenokarsinomalardan sonra ən çox rast gəlinən 2-ci bəd xassəli törəməsidir (2-5%)

Hansı klinik formaları var?

Birincili limfoma

İkincili limfoma

Səbəbi  və ya risk faktorları nələrdir?

H.pylori infeksiyası əsas etioloji faktor

Autoimmun xəstəliklər, EBV və herpesviruslar, enteropatiyalar risk faktorları

Gediş xüsusiyyəti necədir?

Proqressif böyüməyə və yayılmağa meyillidir, ağırlaşmalar törədə bilirlər

Klinik əlamətləri hansılardır?

Epiqastral ağrı, arıqlama, iştahsızlıq, ürəkbulanma, qusma, gizli qanaxmalar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Mədədə diffuz divar qalınlaşması olanlarda

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və biopsiya

Müalicə üsulları hansılardır?

konservativ müalicə

kimyaradioterapiya

cərrahi əməliyyat

Əməliyyata göstərişlər nələrdir?

kimyaradiioterapiyaya cavab verməyən törəmələr

ağırlaşmalar (qanama, keçməzlik, perforasiya və s)

 

Mədənin polipləri

Suallar

Cavablar

Mədənin polipləri nədir?

Mədə divarından mənfəzinə doğru böyüyən neoplastik və qeyri-neoplastik xarakterli törəmələrdir.

Rastəlmə tezliyi nə qədərdir?

Əhali arasında 2-6% hallarda

Hansı klinik formaları var?

Hiperplastik

Adenomatoz

Qlandulyar fundal poliplər

Hamartomatoz poliplər

Ağırlaşmaları nələrdir?

Qanaxma, bəd xassəliyə keçmə

Klinik əlamətləri hansılardır?

Əksəriyyəti asimptomatik olur

Qanaxma, qastrit və xora əlamətləri ola bilər

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və biopsiya

 

Meneterier xəstəliyi

Suallar

Cavablar

Meneterier xəstəliyi nədir?

Hipertrofik qastritin formalarından biridir

Səbəbi  və ya risk faktorları nələrdir?

Etiologiyası məlum deyil, H.pylory infeksiyasının rolu ehtimal edilir

Ağırlaşmaları nələrdir?

Qanaxma

Klinik əlamətləri hansılardır?

Anemiya, hipoproteinemiya, arıqlama, ödemlər, ağrı əlamətləri

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və biospiya

Diaqnostik kriteriyalarını sadala?

Endoskopiyada hipertrofik büküşlər görünür, biopsiyada mukozal hiperplaziya və sistik transformasiyalar tapılır

Müalicə üsulları hansılardır?

Konservativ

Cərrahi müalicə