N.Y.Bayramov, N.A.Zeynalov, Z.Z.Qəhrəmanova
MƏDƏNİN ANATOMİYASI
Mədənin quruluşu və forması
Mədə həzm kanalının qida borusu ilə 12bb arasındak ən geniş hissəsidir, quruluşca buynuza bənzər torbaşəkilli orqandır.
Ölçüləri
Mədənin həcmi boş olduqda 50 ml, qida qəbulundan sonra 1 – 2 litr, tam doldurduqda – 4 litr təşkil edir, obstruksiyalarda daha çox ola bilir.
Mədənin hissələri
Anatomik olaraq bütöv olan mədə şərti olaraq 5 hissəyə bölünür:
- Kardia qida borusunun mədəyə keçən yerinə deyilir, qidanın mədəyə rahat keçişinə şərait yaradır.
- Dibi qida borusu-mədə birləşməsindən yuxarıda və solda qalan hissəyə deyilir, adətən hava qabarcığı olur, reflüksü önləmədə və doyma hissində rol oynayır.
- Cismi mədənin dibi ilə antrum arasındakı böyük hissəsidir, turşu, selik və enzim sekresiyasında və motorikada önəmli rol oynayır.
- Antrum pilor ilə cisim arasındakı hissədir. Antrum ilə cisim arasındakı şərti sərhəd kiçik əyrilikdəki bucaqvari şırımdır. Antrumun əsas funksiyası qastrin ifraz etmək və qidaları pilora və 12 bb-a ötürməkdir.
- Pilor qalınlaşmış əzələ qatıdır, sfinkter rolu oynayır, möhtəviyyatın 12bb-a hissə-hissə keçişinə xidmət edir və reflüksü önləyir.
Mədənin böyük və kiçik əyriliyi
- Mədə əyrilikləri bağların mədəyə birləşdiyi kənarlarıdır, mədənin sinir və damarlarının giriş-çıxış qapısıdırlar: “bağlar mədənin müsariqəsinin qalıqlarıdır, əyriliklər isə müsariqə kənarlarıdır” (bağırsaqdan fərqli olaraq mədənin iki çöz kənarı var).
- Böyük əyrilik mədənin sol və aşağı kənarıdır, mədə-qida borusu bucağından (Hiss bucağı) başlayıb pilora qədər uzanır, ardıcıl olaraq mədə-diafraqma, mədə-dalaq və mədə-kolon bağlarının birləşdiyi yerdir.
- Kiçik əyrilik isə mədənin sağ-yuxarı kənarı olub mədə-qaraciyər bağının birləşdiyi yerdir.
Mədənin bağları
Mədə bağları embrional mezenteriumun qalıqları olub ikiqat periton qatlarından təşkil olunmuşdur, mədənin fiksasiyasında rol oynayırlar və damar-sinir örtüyünü təşkil edirlər:
- Mədə-qaraciyər
- Mədə-köndələn
- Mədə-dalaq
- Mədə diafraqma
Arteriyaları
Mədə qarın kötüyünün hər üç şaxəsindən arterial qan alır:
- Sol mədə arteriyası
- Qaraciyər arteriyasından:
- Sağ mədə arteriyası
- Sağ mədə-piylik arteriyası
- Dalaq arteriyasından:
- Sol mədə-piylik arteriyası
- Kiçik arteriyalar
- Arxa mədə arteriyası
Venaları
Venoz qan arteriyalara paraleldir və 3 venaya axır:
- Sol mədə venasından (koronar vena) və sağ mədə venasından portal venaya
- Sağ qastro-epiploik və kiçik venalardan dalaq venasına
- Sağ qastro-epiploik venadan yuxarı çöz venasına
Limfatik düyünləri
Arteriyalara paralel yerləşir.
İnnervasiyası
- Sağ və sol azan sinir – motorikanı və sekresiyanı artırır
- Simpatik sinirlər – arteriyalar ətrafında yerləşir, motorikanı və sekresiyanı azaldır.
Mədənin histoloji quruluşu
Mədə divarının 4 qatı var:
- selikli
- selikaltı
- əzələ
- seroz
![]() |
![]() |
Selikli qişa mədənin daxili səthini örtür, sekresiya və sorulma proseslərini həyata keçirir. Bu qişada epitel qatı, xüsusi qişa və mukozanın əzələ qatı yerləşir. Epitel qatında müxtəlif hüceyrələr var:
- parietal hüceyrələr –turşu və intristintik faktor (vitamin B12-nin sorulması üçün daxili Kassl faktoru) ifraz edirlər
- əsas hüceyrələr – pepsin və lipaza ifraz edirlər
- boyun hüceyrələr – selik və bikarbonat ifraz edirlər
- APUD hüceyrələr histamin, G hüceyrələr – qastrin, D hüceyrələr somatostatin ifraz edirlər .
- Xüsusi qişa- gövşək toxumadan və limfatik toxumadan ibarətdir. (mədə-bağırsaq divarındakı limfatik follikullara mukozaya aid limfatik toxuma deyilir -MALT). Mukozanın əzələ qatı selikli qişanı selikaltı qatdan ayıran zərif əzələ qatıdır, selikli qişanın hərəkililiyini təmin edir.
Selikaltı qişa qişa birləşdirici toxumadan, qan damarları, sinir kələfləri və limfatik follikullardan təşkil olunmuşdur. Bu qat mədə divarı möhkəmliyini, qan təhcizatını və limfatik follikulların sayəsində isə müdafiəni təmin edir.
Əzələ qişası sirkulyar və boylama saya əzələlərdən təşkil olunubdur, mədənin genişlənməsini, yığılmasını və peristaltikasını təmin edir. Sirkulyar əzələlərin pilorik nahiyyədə qalınlaşması pilorik sfinkteri əmələ gətirir.
MƏDƏNİN FİZİOLOGİYASI
Mədə həzm sisteminin mərkəzi orqanlarındandır, qidaları ağızdan və qida borusundan qəbul edir və əsasən 3 funksiyanı həyata keçirir:
- Çəllək kimi qidaları toplayıb saxlayır ki, bu da bir neçə saat intervallarla qidalanmaya şərait yaradır.
- Qidaları qarışdırır, mayeşəkilli formaya salır, osmosunu düzəldir, bəzi maddələrin ilkin həlli prosesini başladır, bağırsaq həzmi üçün hazırlayır və hissə-hissə 12bb-a ötürür.
- Bəzi maddələrin absorbsiyası həyata keçirilir.
Qeyd edilən funksiyaların həyata keçirilməsi mədədə gedən aşağıdakı proselər sayəsində baş verir:
- Turşu antibakterial təsiri ilə yanaşı zülalları denaturasiya edir və enzimatik həllinə şərait yaradır. Pepsin zülaların ilkin parçalanmasına, ağızdan gələn amilaza isə karbohidratların parçalanmasına xidmət edir. İfraz olunan selik mukozanın qorunmasına və sürüşkənliyə şərait yaradır.
- Həzm və sorulma. Mədədə ilkin həllolma ilə yanaşı az miqdarda maddələrin sorulması da baş verir (spirt).
- Hərəki proses qidaların “çəlləyə” yığılmasında, qarışdırılmasında və hissələrlə 12 bb-a ötürülməsində önəmli rol oynayır. Azan sinirin, motilinin və mədə divar reseptorlarının bu proseslərin tənzimində rol oynayır.
- Selikli qişasının qorunmasında (qida maddələrindən və turşudan) seliyin, epitel regenerasiyasının və qan təhcizatının önəmli rolu var.
Tənzimlənmə
- Sekresiyasının aktivatorları: qida maddələri, xolinergik stimul, histamin, qastrin.
- Sekresiyanın inhibitorları: 12bb-da turşuluq, sekretin, somatostatin, qastrik inhibitor peptit
- Motorikanın stimulyatorları: xolinergik stimullar, motilin
- Motorikanın inhibitorları: simpatik stimullar, xolesistokinin, somatostatin, qastrik inhibitor pepdid
![]() |
12BB ANATOMİYASI
Forması və ölçüləri
Nazik bağırsağın başlanğıc hissəsidir, mədə ilə acı bağırsağı birləşdirir.
- Uzunluğu təxminən 20 sm, diametri 2-3 sm.
- Nalşəkilli formaya malik olan bu bağırsağın sağ lateral kənarına böyük əyrilik, sol içəri kənarına isə kiçik əyrilik deyilir.
Hissələri
12bb anatomik olaraq 4 hissəyə ayrılır:
- soğanaq
- enən (ikinci hissə)
- horizontal (üçüncü hissə)
- qalxan (dördüncü hissə)
Soğanaq hissəsi intraperitoneal, ikinci, üçüncü və dördüncü hissələri isə retroperitonealdır.
Enən hissəyə böyük və kiçik məməciklər açılır. Böyük məməciyə Virsunq axacağı və xoledox, kiçik məməciyə isə pankreasın əlavə axacağı olan (60%) Santorini axacağı açılır.
Yerləşməsi və orqanlara münasibəti
- Kiçik əyrilik tərəfdən mədəaltı vəzi ilə sıx əlaqəlidir.
- Arxada aşağı boş vena, aorta və paravertebral toxumalarla gövşək toxuma ilə əlaqəlidir.
- Ön tərəfində köndələn çənbər bağırsağın müsariqəsi yerləşir.
Arteriyaları
- Arterial qanı əsasən iki mənbədən alır:
- Qaraciyər arteriyasından:
- Qatroduodenal arteriyanın şaxəsi olan yuxarı pankreatoduodenal arteriya
- Yuxarı çöz arteriyasından:
- Aşağı pankreatoduodenal arteriya
- Hər iki pankreatoduodenal arteriylar ön və arxa şaxələr verərək və bir-biri ilə birləşərək ön və arxa arterial tor əmələ gətirir, qaraciyər və çöz arteriyaları arasında kollateral rolu oynayırlar.
Venaları
- Venalar arteriyaları izləyir və eyni adla adlanır, venoz qanı yuxarı çöz venasına və qapı venasına daşıyırlar.
Limfatik axın
- Limfa axını peripankreatik və qaraciyər qapısı düyünlərinə gedir.
İnnervasiyası
- Azan sinirin şaxələri və simpatik sinirlər innervasiyanı təşkil edir. Bu sinirlər intramural sinir kələfləri ilə (Meysner və Auerbax) əlaqəlidirlər.
Histologiyası
12bb-ın 4 qatı var:
- selikli
- selikaltı
- əzələ
- seroz
- Selikli qişa epitel, xüsusi qişa və mukozanın əzələ qatından ibarətdir.
- Epitel qatında aşağıdakı hüceyrələr var:
- Entrositlər – enzim ifrazını və absorbsiyanı həyata keçirir.
- Goblet hüceyrələri – selik ifraz edir.
- Paneth hüceyrələri – lizosim, TNF, kriptidin ifraz edir və immuntetdə rol oynayır
- APUD hüceyrələr – hormonlar ifraz edir.
- Xüsusi qişa- gövşək toxumadan və limfatik toxumadan ibarətdir (MALT)
- Mukozanın əzələ qatı selikli qişanı selikaltı qatdan ayıran zərif əzələ qatıdır, selikli qişanın hərəkililiyini təmin edir.
- Epitel qatının yüksək regenerator qabiliyyəti sayəsində 3-5 gün ərzində epitel yenilənir.
- Selikaltı qat birləşdirici toxumadan ibarətdir, bağırsaq divarının ən möhkəm qatıdır. Qan damarları, sinir lifləri və Meysner qanqlionları var.
- Əzələ qatı daxildə sirkulyar, xaricdə isə boylama saya əzələr var. Əzələ lifləri arasında Auerbax (mienterik) sinir kələfi də yerləşir. Bağırsağın peristaltikasını təmin edən qatdır.
- Seroz qat soğanaq hissədə var, parietal peritondan ibarətdir.
12BB FİZİOLOGİYASI
12bb mədə-bağırsaq sisteminin mərkəzi orqanlarındandır və əsas funksiyaları aşağıdakılardır:
- Həzm
- Qoruma
- Endokrin
Həzm funksiyası
12bb – da gedən aşağıdakı proseslər qida maddələrinin mənimsənilməsini təmin edir:
- sekresiya
- öd və pankreatik enzimlərin möhtəviyyatla qarışdırlması
- absorbsiya
- motorika
- Sekresiya enterokinaza və digər enzimlərin, seliyin ifrazından ibarətdir. Enterokinaza pankreatik enzimlərin aktivləşməsində, karboksipepdidaza membranyanı həzmin getməsində rol oynayır.
- 12bb-ın önəmli funksiyası mədədən gələn qarışıq möhtəviyyatın öd və pankreatik sekretlərlə qarışdırmaqdır ki, bu da qidaların degradasiyasında həlledici mərhələnin gedişinə şərait yaradır.
- Absorbsiya həzmin ən önəmli mərhələsidir və 12bb-da aktiv şəkildə həyata keçirilir. Dəmir və mikroelementlərin əksəriyyəti, vitaminlər 12bb-dan sorulur.
- 12bb nazik bağırsaqların peysmekeri sayılır.
Qoruma funksiyası
Nazik bağırsaq epitelinin mexaniki baryer rolu ilə yanaşı Panet hüceyrələri və MALT immun qorumada əhəmiyyət daşıyır.
Hormonal funksiyası
Nazik bağırsaq orqanizmdə ən böyük endokrin orqandır və selikli qişada səpələnmiş çoxsaylı endokrin hüceyrələr aşağıdakı hormonları sintez edir:
- Xolesistokinin – aminturşuların və yağların təsiri ilə 12bb-da və acı bağırsaqdakı I hüceyrələrdən ifraz olunur. Bu hormon öd kisəsini yığır, Oddi sfinkterini boşaldır, pankreasdan enzim sekresiyasını artırır.
- Enteroglukaqon – öd turşularının və yağların təsiri ilə nazik bağırsaqlarda və kolondakı L hüceyrələrdən ifraz olunur. Təsiri kontrinsulyardır.
- Qastrik inhibitor pepdid (QİP) – monosaxaridlərin, aminturşu və yağların təsiri ilə 12bb-dakı və acı bağırsaqdakı K hüceyrələrdən ifraz olunur. QİP mədədən turşu və pepsinogen ifrazını azaldır, mədənin peristaltikasını zəiflədir, lakin insulin ifrazını artırır.
- Qastrin – vaqal stimulyasiya və mənfəzdəki zülaların təsiri ilə 12bb-dakı G hüceyrələr tərəfindən sintez olunur, mədədən turşu ifrazını və qan təhcizatını artırır.
- Motilin – vaqal implusun, turşunun təsiri ilə 12bb-dakı M hüceyrələr tərəfindən ifraz olunur, ac vaxtı miqrator peristaltizmi başladan hormondur və mədənin motorikasında önəmli rol oynayır.
- Sekretin – turşunun, aminturşuların, öd turşularının təsiri ilə 12bb-dakı S hüceyrələrdən ifraz olunur. Sekretin pankreasdan su və bikarbonat ifrazını artırır, mədənin sekresiyasını və motorikasını azaldır.
- Somatostatin – mənfəzdəki turşu, aminturşu və yağların təsiri ilə nazik bağırsaqdakı D hüceyrələrdən ifraz olunur. Somatostatin bağırsaqların həm ekzokrin, həm endokrin funksiyalarını inhibə edir, həm də qan təchizatını azaldır.
- Vazoaktiv intestinal pepdid (VİP) – vaqal implusların təsiri ilə bağırsaqdakı F hüceyrələrdən ifraz olunur. VİP pankreasın sekresiyasını, bağırsaqların sekresiyasını, motorikasını və qan axınını artırır.
Mədə və 12bb anatomiyası və fiziologiyası üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
Mədənin anatomiyası və fiziologiyası
|
Mədənin hansı hissələri var? |
|
|
Mədənin arterial qan təchizatı hansı arteriyalar vasitəsi ilə həyata keçirilir? |
|
|
Mədənin arxasında hansı sahə var? |
Kiçik piylik cibi |
|
Kiçik piylik cibinin “qapısı” haradır? |
Vinslov dəliyi |
|
Mədə divarının hansı qatları var? |
|
|
Mədənin selikli qatında hansı hüceyrələr var və nə ifraz edirlər? |
|
|
Pepsin nədir? |
Zülalları parçalayan enzimdir |
|
İntrinsik faktor nədir? |
Parietal hüceyrələrdən ifraz olunan proteindir, vitamin B12- ilə birləşərək onun bağırsaqdan sorulmasına kömək edir. Daxili Kassl faktoru da deyilir. |
|
Mədənin əsas funksiyaları hansılardır? |
Çəllək Qidanı bağırsaq həzmi üçün hazırlama Absorbsiya |
|
Çəllək funksiyası nə deməkdir? |
Qidalar mədədə müəyyən müddət saxlanılır və hissə-hissə bağırsağa ötürülür. |
|
Çəllək funksiyasının pozulması nəyə səbəb ola bilir? |
Dumping sindromuna |
|
Qidaların bağırsaq həzminə hazırlığı üçün mədədə hansı proseslər gedir? |
Qarışdırma, osmotik tənzim, bərk qidaların yumşadılması, protein və polisaxaridlərin ilkin həlli və s. |
|
Mədədə hansı fizioloji preseslər baş verir? |
Sekresiya Deqradasiya və sorulma Hərəki Qoruma |
|
Mədə sekresiyasının əsas stimulyatorları hansılardır? |
Qida, xolinergik stimullar, histamin, gastrin |
|
Mədənin motorikasının stimulyatorları hansılardır? |
Xolinergik təsir və motilin |
Qastro-intestinal hormonlar və fiziologiyası
|
Mədə hüceyrələrindən ifraz olunanlar hansılardır?
|
|
|
Parietal hüceyrələrdən HCl ifrazını stimulə edən 3 hüceyrə reseptorları hansılardır? |
|
|
Entero-hepatik sirkulyasiya nədir? |
Öd turşusunun qaraciyərdən bağırsağa keçməsi və portal vena ilə yenidən qaraciyərə qayıtmasıdır. |
|
Öd turşularının ən çox absorbsiya olduğu yer? |
Terminal ileum |
|
Normal yemək vaxtı öd turşuları neçə dəfə sirkulyasiya edir? |
İki dəfə |
|
Öd kisəsinin boşalmasının stimulyatoru nədir? |
Xolesistokinin və azan sinir |
|
Öd kisəsinin boşalmasının inhibitoru nədir? |
Somatostatin, simpatik sinirlər |
|
Sfinkter nədir və əsas əhəmiyyəti nədən ibarətdir? |
Sirkulyar əzələ toxumasıdır və möhtəviyyatı hissə-hissə buraxır |
|
Sfinkterin əlavə funksiyası nədir? |
Möhtəviyyatın geriyə qayıtmasını qarşısını alır (reflüksu əngəlləyir) |
|
Həzm sistemində 5 əsas sfinkter hansılardır? |
Yuxarı və aşağı ezofaqus, pilorik, papilla Vater və anal |
|
Bu sfinkterlər arasında ən güclüsü hansıdır? |
Anal sfinkter |
|
Həzm sistemində daha hansı antireflüks strukturlar var? |
Hiss bucağı və ilio-sekal qapaq. |
Xolesistokinin
|
Xolesistokinin mənbəyi haradır? |
Onikibarmaq bağırsağın selikli qişası |
|
Xolesistokinin ifrazını nə stimulyasiya edir? |
Yağ, protein, aminturşular və HCl |
|
Xolesistokinin funksiyası nədir? |
|
Sekretin
|
Sekretinin mənbəyi haradır ? |
Onikibarmaq bağırsaq hüceyrələri (xüsusən argiofil S hüceyrələr). |
|
Sekretinin ifrazını nə stimulə edir? |
pH 4.5 aşağı olması, duodenumda yağ |
|
Sekretinin ifrazını nə inhibə edir? |
Duodenumda yüksək pH (qələvi mühit) |
|
Sekretinin funksiyaları nədir? |
Pankreasdan bikorbonat və su ifrazını artırır. Öd və bikarbonat ifrazını artırır. Aşağı ezofageal sfinkter tonusunu azaldır, mədədən turşu ifrazını azaldır. |
Qastrin
|
Gastrinin mənbəyi haradır? |
Mədə, antrumda G hüceyrələr |
|
Gastrinin ifrazını nə stimulyasiya edir? |
Zülallar və aminturşular, vaqal impuls və kalsium |
|
Gastrinin ifrazını nə inhibə edir? |
Turş mühit (pH 3.0 –dən aşağı), somatostatin |
|
Gastrinin funksiyaları nədir? |
Parietal hüceyrələrdən HCl ifrazını artırır. Mədə və nazik bağırsaq mukozasına trofiki təsir |
Somatostatin
|
Somatostatinin mənbəyi haradır? |
Pankreasın D hüceyrələri |
|
Somatostatinin ifrazını nə stimuyasiya edir? |
Qida |
|
Somatostatinin funksiyaları nədir? |
Mədə-bağırsağın bütün funksiyalarını inhibə edir. |
Digər funksiyalar
|
Yoğun bağırsağın əsas funksiyaları hansılardır? |
|
|
Nazik bağırsağın 3 əsas funksiyaları hansılardır? |
|
|
Orqanizmdə hormon ifraz edən ən böyük orqan hansıdır? |
Bağırsaqlar |
|
Nazik bağırsağın əsas qida mənbəyi nədir? |
Mənfəzdəki qidalar və qlütamin |
|
Yoğun bağırsağın əsas qida mənbəyi nədir? |
Qısa zəncirli yağ turşuları |
|
Kalsium harada absorbsiya olunur? |
Aktiv olaraq onikibarmaq bağırsaqdan, passiv olaraq nazik bağırsaqdan |
|
Dəmir harada absorbsiya olunur? |
Onikibarmaq bağırsaqdan |
|
Vitamin B12 harada absorbsiya olunur? |
Terminal ileumdan |
|
Öd kisəsinin yığılmasını əsasən hansı hormonla tənzim olunur? |
Xolesistokinin |
|
Mədə və terminal ileum çıxarıldıqdan sonra xəstə nəyi qəbul etməlidir? |
B12 |
|
Ödün əsas tərkib hissələri nələrdir? |
Su, fosfolipid (lesitin), öd turşuları, xolesterin və bilirubin |
|
Öd daşları ən çox nədən əmələ gəlir? |
Xolesterindən |
|
Opiatlar bağırsağa necə təsir edir? |
Opiatlar sodium (Na) absorbsiyasını stimulyasiya edir, ileumun sekresiyasını inhibə edir, peristaltikanı azaldır. |
|
Qida borusu hansı əzələ liflərindən təşkil olunub - eninəzolaqlı yoxsa saya? |
Hər ikisindən. Yuxarı 1/3- eninəzolaqlı əzələ toxuması təşkil olunub, motor sinirləri ilə innervasiya olunur. Orta 1/3-i qarışıqdır. Aşağı 1/3-i saya əzələ toxumasından ibarətdir, azan sinirlərlə innervasiya olunur. |
|
Hansı elektrolitlər kolondan aktiv olaraq sorulur? |
Na və Cl |
|
Hansı elektrolit kolondan aktiv olaraq sekresiya olunur? |
HCO3 |
|
Hansı elektroliti kolon passiv olaraq sekresiya edir? |
K |
|
Gastrokolik refleks nədir? |
Artmış kolon peristaltikası fonunda mədənin motor və sekretor funksiyası artır. |
|
Qaraciyərin qan təchizatı necədir? |
75 % portal venadan (qida ilə zəngin), 25% hepatik arteriya (oksigenlə zəngin) |
|
Peyer düyünləri nədir? |
Nazik bağırsaqların selikaltı qatında yerləşən, T və B limfositlərdən ibarət olan limfoid toxuma. |


