Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Ağciyər xərçəngi - Özət və Suallar

Özət

 

Ağciyərin törəmələri bəd və xoş xassəli ola bilər. Ağciyərin bəd xassəli törəmələri mənbəyinə görə iki qrupa ayrılır: birincili və metastatik.

Birincili ağciyər xərçənginin klinik-patoloji xüsusiyyətlərinə görə 2 qrupu var – kiçik hüceyrəli və qeyri-kiçik hüceyrəli. Kiçik-hüceyrəli xərçəng – ağciyər xərçənginin 20%-ni təşkil edir, aqressiv gedişlidir, siqaret çəkənlərdə rastlanır, əksər hallarda diffuzdur, cərrahi müalicə nadir hallarda mümkün olur, kimyaterapiya əsas müalicədir. 5 illik yaşama 10% təşkil edir. Bronxogenik neyroendokrin mənşəli olduğu ehtimal edilir. Qeyri-kiçik hüceyrəli xərçəng – ağciyər xərçənginin 80%-ni təşkil edir, əsas müalicəsi cərrahidir və adenokarsinoma (bronxoalveolar karsinoma), yastı epitel hüceyrəli və böyük hüceyrəli növlərə ayrılır. Adenokarsinomalar çapıq toxuma ilə əlaqəli olub, periferik yerləşirlər, tez yayılmağa və hematogen metastaza meyillidir. Yastı hüceyrəli xərçəng siqaretlə sıx əlaqəlidir, əksəriyyəti mərkəzi yerləşir, yavaş inkişaf edir və gec metastaz verir. Böyük hüceyrəli xərçəng adətən periferiyada yerləşir və yüksək bədxassəlilik daşıyır. Xəstəlik adətən erkən mərhələdə asimptomatik və ya qeyri-spesifik əlamətlərlə büruzə verir, irəlilədikcə bronxopulmonar (öskürək, öskürək xarakterinin dəyişməsi, qanhayxırma, bəlğəm ifrazının artması, təngnəfəslik, pnevmoniya əlamətləri və s.), ekstrapulmonar (döş qəfəsi ağrısı, səsin dəyişməsi, yuxarı boş vena simptomu, Horner simptomu və s.) hətta paraneoplastik sindromlar ortaya çıxır. Diaqnostikası üçün KT və bronxoskopiya və biopsiya istifadə edilir. Görüntüləmədə kütlə və biopsiyada xərçəng hüceyrələrinin tapılması ilə diaqnoz dəqiqləşdirilir. Mərhələnin təyini üçün klinik və TNM təsnifatı istifadə edilir. Müalicəsi klinik-patoloji formadan və mərhələdən asılı olaraq dəyişir. Kiçik-hüceyrəli karsinomada kimyaterapiya əsas müalicədir. Qeyri-kiçik hüceyrəli karsinomada əsas müalicə cərrahidir (lobektomiya və pulmonektomiya), göstərişə görə kimyaterapiya edilə bilər. Ağciyər xərçəngində rezektabellik meyarları aşağıdakılardır:

  • xərçəng rezektabel olmalıdır - bir tərəfdə yerləşən, mediastinuma az yayılmış və distal metastazlar olmamalıdır)
  • ağciyərin funksional rezervləri adekvat olmalıdır (FEV1 lobektomiya üçün 0.8-1 litrdən çox, pulmonektomiya üçün isə 2 litrdən çox olmalıdır), hiperkapniya olmamalıdır.
  • ümumi əks göstəriş olmamalıdır.

 

Ağciyər xərçəngi üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Ağciyər xərçəngi nədir?

Ağciyərdən inkişaf edən bəd xassəli törəmə

Rastgəlmə tezliyi nə qədərdir?

Kiçik hüceyrəli – 20%

Qeyri-kiçik hüceyrəli – 80%

Səbəbi və ya risk faktorları nələrdir?

Siqaret və hava çirklənməsi əsas səbəblərdir.

Ağciyər vərəmi, çapığı və azbestozu, xroniki pnevmoniya xərçəng riskini artırır

Ağciyər xərçənginin hansı növü siqaret çəkməyən şəxslərdə müşahidə olunur?

Adenokarsinoma

Hansı klinik-morfoloji formaları var?

Kiçik hüceyrəli və qeyri-kiçik hüceyrəli

Kiçik hüceyrəli ağciyər xərçənginin xarakter xüsusiyyətləri nələrdir?

  • aqressiv gedişlidir
  • paraneoplastik sindrom törətməyə meyillidir
  • əksərən diffuzdur
  • əsas müalicə kimyaterapiyadır
  • 5 illik yaşama 10%
  • Bronxogenik neyroendokrin mənşəli

Qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin hansı növləri var?

  • Adenokarsinoma (bronxoalveolar karsinoma)
  • Yastı epitel hüceyrəli
  • Böyük hüceyrəli

Qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin xarakter xüsusiyyətləri nələrdir?

  • əsas müalicəsi cərrahidir
  • adenokarsinomalar periferik yerləşirlər, tez yayılmağa və hematogen metastaza meyillidir
  • yastı hüceyrəli xərçəng əksəriyyəti mərkəzi yerləşir, yavaş inkişaf edir və gec metastaz verir
  • böyük hüceyrəli xərçəng adətən periferiyada yerləşir və yüksək bədxassəlilik daşıyır

Ağciyər xərçənginin klinik olaraq hansı mərhələləri var?

  • Erkən mərhələ - mediastinal yayılma yoxdur (I-II mərhələlər)
  • Yerli yayılmış mərhələ - mesdiastinuma yayılma var (IIIA və B mərhələlər)
  • Metastaz mərhələsi – distal metastazlar var (IV mərhələ)

Gediş xüsusiyyəti necədir?

Proqressiv gedişli

Ağciyər xərçəngi ən çox hansı orqanlara metastaz verir?

  • Beyin
  • Sümük
  • Böyrəküstü vəz
  • Qaraciyər
  • Böyrək

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik və ya zəif klinik əlamətlər
  • Bronxopulmonar əlamətlər
    • öskürək, öskürək xarakterinin dəyişməsi
    • qanhayxırma
    • bəlğəm ifrazının artması
    • təngnəfəslik
    • pnevmoniya əlamətləri
  • Ekstrapulmonar əlamətlər
    • döş qəfəsi ağrısı
    • səsin dəyişməsi
    • yuxarı boş vena simptomu
    • Horner simptomu
  • Paraneoplastik sindromlar
    • Cushing sindromu
    • şəkərsiz diabet
    • hiperkalsemiya
    • hiperplastik osteoartropatiya

Hipertrofik pulmonar osteoartropatiya nədir?

uzun sümüklərin epifizində və əl sümüklərində periostal proliferasiya (ağciyər xərçəngi olan xəstələrin 10%-də)

Horner sindromu nədir?

Boyun simpatik kələfinin zədələnməsidir (MAP):

  • Mioz
  • Anhidroz – üzdə bir tərəfli tər vəzlərinin disfunksiyası
  • Ptoz

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik və görüntüləmə əlamətləri olan xəstələrdə

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • Biopsiya – bronxoskopik, perkutan iynə, torakoskopiya və ya torakotomiya ilə
  • KT, PET-KT və endobronxial USM – mediastinal strukturlara yayılmanı və metastazların dəqiqləşdirilməsi

Diaqnostik kriteriyalarını sadala?

  • Klinik olaraq bronxo-pulmonar, ekstrapulmonar, paraneoplastik əlamətlər
  • Biopsiyada xərçəng hüceyrələri

Ağciyər xərçənginin rezektabellik meyarları nələrdir?

  • xərçəng rezektabel olmalıdır - bir tərəfdə yerləşən, mediatinuma az yayılmış və distal metastazlar olmamalı (I,II,IIIA mərhələlər)
  • ağciyərin funksional rezervləri adekvat olmalı: lobektomiya üçün FEV1˃0.8-1 L, pulmonektomiya üçün FEV1˃2 L, hiperkapniya olmamalıdır (arterial qanda PCO2 ˂45 mm Hg st)
  • əməliyyata ümumi əks göstəriş olmamalı

Ağciyər rezeksiyasına əks göstərişlər nələrdir?

  • Distal metastazlar (istisna: təksaylı beyin metastazı)
  • Yuxarı boş vena sindromu
  • Hər iki bronxu tutan törəmə
  • Əks tərəfdəki və yuxarıdakı limfa düyünlərinə metastaz
  • Plevral mayedə bədxassəli hüceyrələr
  • FEV1˂ 1 L
  • Hiperkapniya (arterial qanda PCO2 ˃45 mm Hg st)
  • Miokard infarktı

Erkən mərhələdə (I-II mərhələ) müalicə üsulları hansılardır?

Rezeksiya ± kimyaterapiya

Yerli yayılmış, lakin rezekatabel mərhələdə (IIIA mərhələ) müalicə üsulları hansılardır?

Əməliyyatönü kimyaterapiya ± rezeksiya ± əməliyyatdan sonra radioterapiya

Yerli yayılmış, lakin qeyri-rezektabel mərhələdə müalicə üsulları hansılardır?

Kimya-radioterapiya

Metastatik mərhələdə müalicə üsulları hansılardır?

Kimyaterapiya + simtomatik müalicələr