Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Varikoz xəstəliyi - Özət və Suallar

Özət

Varikoz venalar normal venaların genişlənməsi və qıvrılmış şəklə düşməsindən ibarətdir. Əhalinin 20-30%-ə qədəri varikoz xəstəliyindən əziyyət çəkir. Formasına görə sapşəkilli, alov dili şəklində, silindr şəkilli, forma müxtəlifliyinə görə kombinə olunmuş, pilləli, müştərək formaları vardır. Polietioloji xəstəlik olub, bir çox risk amillərinin təsirindən yaranır. Birbaşa səbəbi isə qapaq çatmazlığıdır. Əsas klinik əlamətləri ağrı, qaşınma, ağırlıq hissi, şişkinlik, ödem, qıcolmadır. Ekzema, ekskoriasiya, flebit, lipodermatoskleroz, trofiki dəyişiliklər və xoralar, qanaxma, tromboz, tromboflebit kimi fəsadlar törədə bilər. Diaqnostikasında klinik müayinə, öskürək sınağı, US Doppleroqrafiya və angioskan istifadə edilir. Müalicəsində konservativ (mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya, köpük skleroterapiyası, kompression terapiya) və cərrahi üsullardan istifadə edilə bilir. Cərrahi üsullara lokal flebektomiya, safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması, böyük/kiçik dərialtı venanın xaric edilməsi, baldır nahiyəsində perforantların bağlanması, perforantların subfassial endoskopik liqaturaya alınması aiddir. Son zamanlar əsasən endovaskulyar müalicə üsullarından (endovenoz lazer ablasiyası, radiotezlikli dalğalarla ablasiya, buxarla ablasiya, mexanokimyəvi ablasiya, kimyəvi vasitələrlə obliterasiya) istifadə edilir

Varikoz xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Varikoz xəstəliyin risk faktoru nələrdir?

Yaş, irsiyyət, cins, çoxsaylı hamiləliklər, işin xarakteri və hipodinamiya

İkincili olaraq varikoz xəstəliyinin hansı səbəbləri var?

  • Çanaqdaxili təzyiqin yüksəlməsi
  • Çanaqdaxili venaların anomaliyaları
  • Çanaq orqanları üzərində cərrahi əməliyyatlar və yaxud şüa terapiyası
  • Keçirilmiş ileo-femoral tromboz

Klinik əlamətləri nələrdir?

  • Ağrı
  • Qaşınma
  • Ağırlıq hissi
  • Şişkinlik
  • Ödem
  • Qıcolma
  • günün sonunda və yaxud isti havalarda pisləşmə

Varikoz xəstəliyinin hansı fəsadları ola bilər?

  • Ekzema
  • Ekskoriasiya
  • Flebit
  • Lipodermatoskleroz
  • Trofiki dəyişiliklər və xoralar
  • Qanaxma
  • Tromboz və tromboflebitlər

Diaqnostikasında hansı müayinə üsullarından istifadə olunur?

  • Ümumi baxış
  • Funksional sınaqlar – öskürək sınağı
  • US Doppleroqrafiyası
  • Angioskan

Öskürək sınağı necə aparılır?

Pasientin vertikal vəziyyətində öskürmə aktında qanın retroqrad hərəkəti safeno-femoral və yaxud safeno-popliteal birləşmədə həkimin taktil hissiyatına əsasən təyin edilir.

Diaqnostikasında əsas məqsəd nədir?

  • Klinik diaqnozun təsdiqi
  • Endovaskulyar ablasiya və yaxud skleroterapiya metoduna göstərişi müəyyən etmək
  • Əməliyyatdan əvvəl varikoz venaları və zədələnmiş perforantları işarə etmək
  • Endovaskulyar və başqa mini-invaziv müdaxilələr zamanı, həmçinin onun icrasından sonrakı dövrdə dinamik nəzarət

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Endovaskulyar
  • Cərrahi

Konservativ müalicə üsulları hansılardır?

  • Mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya
  • Köpük skleroterapiyası (sadə, exoskleroterapiya)
  • Kompression terapiya

Cərrahi müalicə üsulları hansılardır?

  • Lokal flebektomiya (mini flebektomiya)
  • Safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması (krossektomiya)
  • Böyük/kiçik dərialtı venanın xaric edilməsi (strippinq)
  • Baldır nahiyəsində perforantların bağlanması
  • Perforantların subfassial endoskopik liqaturaya alınması

Endovaskulyar müalicə üsulları hansılardır?

  • Endovenoz lazer ablasiyası
  • Radiotezlikli dalğalarla ablasiya
  • Buxarla ablasiya
  • Mexanokimyəvi ablasiya
  • Kimyəvi vasitələrlə obliterasiya (Biolas, Vena Seal sistemləri)