Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Diabetik pəncə - Özət və Suallar

Özət

Damarların zədələnməsi şəkərli diabetin çox vacib patogenetik amillərindən biri olub, xəstəliyin gedişini, fəsadlarının xarakterini, proqnozunu və nəticəsini müəyyən edir. Zədələnmiş damarların diametrindən asılı olaraq diabetik mikro- və makroangiopatiya ayırd edilir. Diabetik pəncənin əsas xüsusiyyətləri xora əmələ gəlməsi, infeksiya, neyropatiya, kiçik yaraların gec sağalmasıdır. 45% hallarda diabetik pəncə xorasının yaranma səbəbi neyropatiya, 10% işemiya, 45%-qarışıq, yəni neyro-işemiyadır. Neyropatik mənşəli xoralarda zəif nəbz, isti ayaqlar, sıxılmış, zəif görünən səthi venalar, hissiyatın itirilməsi, normal və yaxud yüksək qan axını müşahidə olunur. İşemik və yaxud neyro-işemik xoralarda isə ayaq soyuq olur, nəbz itir, xoralar əsasən barmaqların ucunda, dabanda və yaxud metatarzal nahiyədə lokalizə edir, aşağı ətrafda irinli-nekrotik infeksiya və yaxud sellülit qeyd edilir, topuq-braxial indeks aldadıcı olaraq yuxarı ola bilər. Profilaktika məqsədilə müxtəlif ixtisaslı mütəxəssis nəzarəti altında olmaq, ayaqlarda xora yaranması ehtimalını daimi diqqətdə saxlamaq, hər zaman geniş ayaqqabılardan istifadə etmək, ayaqlara və dırnaqlara müntəzəm qulluq, ayaqda olan döyənəklərə podiatrın baxışı, ayaqyalın gəzməkdən, isti, qaynar prosedurlardan qaçmaq lazımdır. Müalicəsi cərrahi və konservativ (spazmolitiklər, mikrosirkulyasiya və toxuma metabolizmini yaxşılaşdırmaq, hipolipidemik vasitələr, angioprotektorlar, dezaqreqantlar, reoloji preparatlar, antioksidantlar, antikoaqulyantlar, immunostimulyatorlar, venoz və limfatik drenajı yaxşılaşdırmaq və s.) ola bilər. İrinli-nekrotik  infeksiyalarda geniş spektrli antibiotiklərin təyini, nekroza uğramış toxumaları kəsilib götürülməsi, irinliklərin geniş açılması və adekvat drenaj, yaş qanqrenanı quru qanqrenaya çevirmək, demarkasion xəttin yaranmasına nail olmaq, ekstrakorporal detoksikasiya, osteomielitə şübhə olduqda rentgenoqrafiya, göstərişlər və müvafiq şərait olduğu hallarda revaskulyarizasiya etmək (angioplastika/stent və ya şuntun qoyulması, rekonstruktiv əməliyyatlar) lazımdır. Konservativ və cərrahi tədbirlər effekt vermədikdə vaxtında amputasiya icra etmək və imkan olduqda distal (kiçik) amputasiyalara üstünlük vermək lazımdır. Xəstəlik yayılarsa həyat üçün təhlükəli hal ala bilər.

Diabetik pəncə üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Diabetik pəncənin əsas klinik xüsusiyyətləri hansılardır?

  • Xora əmələ gəlməsi
  • İnfeksiya
  • Neyropatiya
  • Kiçik yaraların gec sağalması

Xoranın əmələ gəlməsi üçün risk faktorları nələrdir?

  • Əvvəllər xoranın olması;
  • Neyropatiya;
  • Periferik arterial xəstəlik;
  • Ayağın formasının dəyişməsi;
  • Təzyiq nəticəsində pəncədə döyənəklərin yaranması;
  • Görmə qabiliyyətinin zəifləməsi;
  • Tək yaşamaq;
  • Böyrəklərdə pozğunluqlar;
  • Böyük və kiçik ölçülü damarların ikincili olaraq neyropatik və okklüziv olaraq zədələnməsi;

Şəkərli diabeti olan xəstələrdə neyropatik xoralarda əsas xüsusiyyətləri hansılardır?

  • Zəif nəbz, isti ayaqlar;
  • Sıxılmış, zəif görünən səthi venalar;
  • Hissiyatın itirilməsi;
  • Normal və yaxud yüksək qan axını

Şəkərli diabeti olan xəstələrdə işemik və ya neyro-işemik xoralarda əsas xüsusiyyətləri hansılardır?

  • Ayaq soyuq olur, nəbz itir;
  • Xoralar əsasən barmaqların ucunda, dabanda və yaxud metatarzal nahiyədə lokalizə edir;
  • Aşağı ətrafda irinli-nekrotik infeksiya və yaxud sellülit qeyd edilir;
  • Topuq-braxial indeks aldadıcı olaraq yuxarı ola bilər;
  • Kritik işemiyaya səbəb ola biləcək stenozlara şübhə olduqda angioqrafiya mütləqdir

Profilaktika üsulları hansılardır?

  • Müxtəlif ixtisaslı mütəxəssis nəzarəti altında olmaq;
  • Ayaqlarda xora yaranması ehtimalını daimi diqqətdə saxlamaq;
  • Hər zaman geniş ayaqqabılardan istifadə etmək;
  • Ayaqlara və dırnaqlara müntəzəm qulluq;
  • Ayaqda olan döyənəklərə podiatrın baxışı;
  • Ayaqyalın gəzmək olmaz və isti, qaynar prosedurlardan qaçmaq;

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Cərrahi - nekrektomiya və ya nekrotomiya, angioplastika, şuntlama, amputasiya

Konservativ müalicə üsulları hansılardır?

  • Spazmolitiklər
  • Mikrosirkulyasiya və toxuma metabolizmini yaxşılaşdırmaq
  • Hipolipidemik vasitələr
  • Angioprotektorlar
  • Dezaqreqantlar
  • Reoloji preparatlar
  • Antooksidantlar
  • Antikoaqulyantlar
  • İmmunostimulyatorlar
  • Venoz və limfatik drenajı yaxşılaşdırmaq