Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Tənəffüs yetməzliyi - Özət və Suallar

Özət

Ağciyərin əsas funksiyaları olan oksigen və karbon qazı mübadiləsindən birinin və ya hər ikisinin pozulması tənəffüs yetməzliyi sindromu adlanır. Ağciyər ventilyasiyasını (hava yolları tıxanması , sinir patologiyaları, döş divarı patologiyaları və ağciyər elastikliyinin azalması və s.) və alveolyar-kapilyar mübadiləni pozan xəstəliklər (ürək yetməzliyi, emboliyalar, ağciyər ödemi, KRDS, pnevmoniya və s.) tənəffüs yetməzliyinə səbəb ola bilir. Klinik olaraq hipoksemiya (həyəcan, yuxululuq, sianoz, saturasiyanın azalması), hiperkapniya (taxikardiya, hipertenziya, diaforez, təngnəfəslik) və əlavə tənəffüs əzələlərinin fəaliyyətinin artması ilə biruzə verir (retraksiyalar, paradoksal tənəffüs). Tənəffüs yetməzliyinin diaqnozu klinik olaraq qoyulur, AQQA ilə dəqiqləşdirilir: PaO2 <60 mm Hg st., PaCO2 >50 mm Hg st., hipoksemiya, hiperkapniya və tənəffüs əzələlərinin işinin artma əlamətləri. Klinik-patogenetik olaraq iki klassik forması ayrıd edilir: hipoksemik və hiperkapnik.

Hipoksemik tipli tənəffüs yetməzliyi qanda oksigenasiyanın azalması ilə xarakterizə olunur, başlıca mexanizmi ağciyərin zədələnməsi və alveolo-kapilyar sistemində baş verən diffuziya-perfuziya pozulmasıdır (“xalis” ağciyər yetməzliyidir). Xarakterik olaraq alveolyar havadakı oksigenlə qandakı oksigenin fərqi yüksək olur (15 mm Hg st-dan çox), qanda oksigenin parsial təzyiqi azalır, karbon qazının təzyiqi normal, hətta az ola bilər, pH normal sərhədlərdə olur (7.3 – 7.4). Oksigenoterapiyadan sonra hipoksemiya düzəlirsə V/Q nisbətinin pozulduğu, düzəlmirsə yanyol mexanizminin mövcudluğu düşünülür.

Hiperkapnik tipli tənəffüs yetməzliyi qanda karbon qazının artması ilə xarakterizə olunur, əksər hallarda hipoksemiya ilə müşayiət olunur, əsas mexanizmləri hipoventilyasiya və karbon qazı istehsalının artmasıdır. Hipoksemik tipdən fərqli olaraq arterial-alveolyar oksigen fərqi artmır, normal sərhədlərdə olur (15 mm Hg st-dan az).

Kəskin tənəffüs yetməzliyinin müalicəsi iki mərhələli prinsip üzərində qurulur: birinci mərhələdə təcili olaraq oksigenasiya təmin edilir (YADDAŞ ardıcıllığı ilə stabilizasiya tədbirləri – etibarlı hava yolu, oksigenasiya, ventilyasiya, qan dövranı və beyin), ikinci mərhələdə isə klinik forma və səbəb dəqiqləşdirilir. Ventilyasiyanın korreksiyası həm hipoksemik, həm də hiperkapnik yetməzliklərdə ən önəmli tədbirdir və bu məqsədlə ən effektiv vasitə mexaniki ventilyasiyadır. Ağır hipoksemiya (PaO2 ≤55 mm Hg st.), ağır hiperkapniya (PaCO2 ≥50 mm Hg st), ağır asidoz (pH≤7.3), taxipnoe ≥35, hava yolunu açıq tuta bilməyən vəziyyət (huşsuz xəstə), tənəffüs əzələlərinin aşırı fəaliyyəti ventilyasiyaya göstərişlərdir.

 

Tənəffüs yetməzliyi üzrə suallar

N.Y.Bayramov, F.Əhmədov

 

Suallar

Cavablar

Tənəffüs yetməzliyi nədir?

Oksigenasiyanın və karbon qazı çıxışının azalmasıdır.

Qanın oksigenasiyasını təmin edən önəmli mexanizmlər hansılardır?

Alveolyar ventilyasiya və alveolo-kapilyar mübadilə

Karbon qazı çxışını təmin edən mexanizmlər hansılardır?

Alveolyar ventilyasiya və böyrək

Tənəffüs yetməzliyinin əsas mexanizmləri hansılardır?

Hipoventilyasiya, V/Q azalması və şunt

Tənəffüs yetməzliyinin hansı formaları var?

Hipoksemik və hiperkapnik

Hipoksemik tipli yetməzliyin mexanizmləri hansılardır?

Şunt, V/Q nisbətinin pozulması

Hiperkapnik tipli tənəffüs yetməzliyinin mexanizmləri hansılardır?

Alveolyar hipoventilyasiya, karbon qazı istehsalının artması

Ventilyasiya/perfuziya nisbətinin pozulması nə deməkdir?

V/Q normal qaz mübadiləsinin həyata keçdiyi ağciyər sahəsinin miqdarını göstərir. Aşağı V/Q o deməkdir ki, qan az ventilyasiya olunan sahədən keçir.

Şunt nə deməkdir?

Qanın ventilyasiya olunmayan sahədən keçməsi

V/Q mənşəli tənəffüs yetməzliyi ilə şunt mənşəli yetməzliyi klinik olaraq necə diferensasiya etmək olar?

Oksigenoterapiyaya cavabla.

Hiperkapniya olan xəstədə oksigenin təzyiqi normal ola bilərmi?

Ola bilər: sepsis, yüksək hərarət, çoxlu qida qəbulu, XOAX olan xəstəyə oksigen verilməsi

Postoperativ tənəffüs yetməzliyinin səbəbləri hansılardır?

Ağrıya, narkotik və relaksantlara bağlı hipoventilyasiya

İnfuziya və SİRS-in törətdiyi ağciyər ödeminə bağlı alveolo-kapilyar disfunksiya (V/Q pozulması)

XOAX olan xəstəyə oksigen verildikdə niyə tənəffüs yetməzliyi əmələ gələ bilər?

Oksigen verməklə qanda oksigen normallaşır, tənəffüs mərkəzinin stimulyasiyası azalır, ona görə də hipoventilyasiya baş verir.

Tənəffüs yetməzliyinin klinik əlamətləri hansılardır?

Hipoksemiya əlamətləri

Hiperkapniya əlamətləri

Əlavə tənəffüs əzələlərinin fəaliyyəti

Tənəffüs yetməzliyinin diaqnozu necə dəqiqləşdirilir?

AQQA ilə

AQQA nədir?

Arterial qanda qan qazları analizi

AQQA-da hansı əsas göstəicilərə baxılır?

pH, PaO2, PaCO2, əsas defisiti, HCO2

Venoz qanda qan qazı analizinin klinik əhəmiyyəti nədir?

Qanda pH-ı təyin etmək üçün

Mexaniki ventilyasiyada məqsəd nədir?

Alveolyar ventilyasiya, funksional alveol sayını artırmaq və tənəffüs əzələlərinin işini azaltmaq

Mexaniki ventilyasiyaya konkret göstərişlər nələrdir?

Hava yolunu açıq tuta bilməyən vəziyyət (huşsuz xəstə)

Tənəffüs əzələlərinin aşırı fəaliyyəti

Ağır hipoksemiya – oksigen verilməsinə baxmayaraq PaO2 ≤55 mm Hg st.

Ağır asidoz – PaCO2 ≥50 mm Hg st

Taxipnoe ≥35

Mexaniki ventilyasiyada hansı parametrlərə diqqət edilməlidir?

Nəfəsalma havasında oksigen fraksiyası (FiO2)

Həcm

Təzyiq

Tezlik

Nəfəsalma/nəfəsvermə nisbəti

Rejim

Sedasiya və digər

Oksigenasiyanın hədəfi nədir?

PaO2 ≥60 mm Hg st, SpO2 ≥ 92%

Oksigenasiyanı korreksiya etmək üçün hansı parametrləri ilk növbədə ayarlamaq lazımdır?

Nəfəsalma havasında oksigen fraksiyasını

Ventilyasiya təzyiqini

Nəfəsalma müddətini

Niyə ventilyasiya təzyiqinin artması oksigenasiyanı artıra bilir?

Rezervdəki və kollaps olmuş alveolları açır, diffuziya səthini artırır.

Karbon qazı çıxışının korreksiyasında hədəf nədir?

PaCO2 ≤50 mm Hg st.

Karbon qazı çıxışını korreksiya etmək üçün ilk növbədə hansı parametrləri ayarlamaq lazımdır?

Ventilyasiya həcmini

Ventilyasiya tezliyini

Xəstəyə oksigen verildikdə saturasiya artarsa ilk növbədə nə düşünərsiniz?

Hipoventilyasiya və V/Q pozulmsı

Xəstəyə oksigen verilməsinə baxmayaraq saturasiya düzəlmirsə nə düşünərsiniz?

Hava yolu tıxanması, ağır hipoventilyasiya, şunt mexanizmi və agciyərin ağır zədələnmələri

Oksigen verildikdə qanda karbon qazı artarsa nə düşünərsiniz?

Oksigenoterapiyaya bağlı hipoventilyasiya

PEEP nədir?

Nəfəsalma sonunda müsbət təzyiq

CPAP nədir?

Daimi müsbət təzyiqlə ASV rejimi

 

Test sualları

Mexaniki venilyasiyada olan xəstədə edilən AQQA-da pH -7.32, PaO2 - 50 mm Hg st, PaCO2 - 41 mm Hg st.-dur, nəfəsalma havasına 32% oksigen verilir. Nə tövsiyə edərsiniz?

  1. Nəfəsalma havasında oksigeni artırmaq
  2. Ventilyasiya təzyiqini artırmaq
  3. Ventilyasiya həcmini artırmaq
  4. Ventilyasiya tezliyini artırmaq
  5. Müşahidə

 

Mexaniki ventilyasiyada olan xəstədə birdən-birə narahatlıq və çabalama başladı, saturasiya düşdü, göyərmə baş verdi, tənəffüs əzələlərinin hərəkəti göründü. İlk olaraq nə edərsiniz?

  1. Ventilyatordan ayırıb əllə ventilyasiyaya başlamaq
  2. Oksigeni artırmaq
  3. Cihazın borularını yoxlamaq
  4. Ventilyasiya həcmini artırmaq
  5. Sedativlər vermək

 

Kəskin respirator distress sindromu olan xəstədə hansı müalicəni ilk növbədə seçərsiniz?

  1. PEEP
  2. Kortikosteroid
  3. Surfaktant
  4. Bronxial sanasiya
  5. Bronxodilatator

 

Mexaniki ventilyasiyada olan xəstdəyə 60% oksigen verilir, ventilyasiya həcmi 6 ml/kg, tənəffüs tezliyi 16, nəfəsalma/nəfəsvermə nisbəti 3:1, PEEP 8 sm su st, PaO2 50 mm Hg st. İlk növbədə nə edərsiniz?

  1. PEEP-i 12 sm su st. çatdırmaq
  2. Oksigen fraksiyasını 70%-ə çatdırmaq
  3. Tənəffüs tezliyini 20-yə çatdırmaq
  4. Həcmi 10 ml/kq çatdırmaq
  5. Nəfəsalma/nəfəsvermə nisbətini 4:1-ə ayarlamaq