Özət
Böyrəklərin filtrasiya və konsentrasiya funksiyalarından birinin və ya hər ikisinin kəskin azalması nəticəsində meydana gələn, başlıca olaraq su, elektrolit pozulmaları və uremiya ilə səciyyələnən vəziyyətdir. Ağır dərəcəli disfunksiya böyrək yetməzliyi adlanır.
Səbəblərinə görə klassik 3 klinik forması var: prerenal, renal və postrenal.
Prerenal forma böyrək perfuziyasının kəskin azalması nəticəsində meydana gəlir (hipovolemiya, şok, kompartman), erkən mərhələlərdə perfuziya korreksiya edilərsə disfunksiya aradan qalxır, edilməzsə işemiya baş verir və tubulyar nekroz baş verir. Sidik mikroskopiyasının və Na+ ekskresiyasının normal olması, infuziyaya müsbət cavab xarakterikdir.
Renal forma yumacıqların və kanalcıqların zədələnməsi nəticəsində (işemiya, nefrotoksinlər, sepsis) və kəsin tubulyar nekroz da adlanır. Bu formanın bərpa olunması adətən həftələr çəkir. Sidik mikroskopiyasında epitelin görünməsi və Na+ ekskresiyasının 2%-dən çox olması xarakterikdir.
Postrenal və ya obstruktiv forma böyrəklərdən sidik axınını əngəllənməsi nəticəsində baş verir (zədələnmə, manipulyasiyalar, prostat hipertrofiyası, sidik kateterinin tutulması, qan laxtaları, kənardan sıxılma) və maneə erkən aradan qalxarsa funksiya bərpa olunur, qalxmazsa hidronefroz və kəskin tubulyar nekroz baş verə bilir. Xarakterik əlaməti sidik yollarında genişlənmənin olmasıdır.
Prerenal və kəskin tubulyar nekroz cərrahi reanimasiyada ən çox rast gəlinən kəskin böyrək yetməzlikləridir.
Böyrək disfunksiyası adətən sidik ifrazının azalması və ya olmaması ilə biruzə verir, müalicə olunmadıqda böyrək yetməzliyinə və ağırlaşmalra səbəb olur: diffuz ödem, hiperkalemiya, uremiya, asidoz və s. Diaqnozu müəyyənləşdirmək üçün dinamikada kreatinin klirensinə, kreatinin səviyyəsinə və sidik ifrazına baxılır. İlk 6 saat ərzində sidik ifrazı 0.5 mL/kg/saat-dan azdırsa və ya ilk 48 saat ərzində kreatinin ≥0.3 mg/dL çox artarsa böyrək disfunksiyası kimi qəbul edilir. Kreatinin ≥4.0 mg/dl, böyrək əvəzedici müalicə lazım gəlməsi və ya qlomerulyar filtrasiya <35 ml/dəq olarsa böyrək yetməzliyi (ağır dərəcəli disfunksiya) adlanır. Səbəbi müəyyənləşdimək üçün anamnez, klinik məlumat nəzərə alınır və əvvəlcə obstruktiv səbəblər inkar edilir, sonra isə prerenal səbəblər və kəskin tubulyar nekroz arasında differensasiya aparılır (sidik mikroskopiyası, Na+ ekskresiyası, infuziyaya cavab).
Müalicəsi iki prinsipə əsaslanır: səbəbin profilaktikası və müalicəsi üçün hipoperfuziyanın və nefrotoksikozun aradan qaldırılması, ağırlaşmaların profilaktikası və müalicəsi üçün əvəzedici müalicə – dializ.
Böyrək disfunksiyası üzrə suallar
N.Y.Bayramov, F.Əhmədov
|
Suallar |
Cavablar |
|
Böyrək disfunksiyası nədir? |
Böyrəklərin filtrasiya və/və ya konsentrasiya funksiyalarının kəskin azalması. |
|
Böyrək yetməzliyi nədir? |
Ağır dərəcəli disfunksiyadır, adətən kreatinin 4 mg/dl-dən yüksək, sidik ifrazı müddətdə <0.3 ml/kg/saat, qlomerulyar filtrasiya <35 ml/dəq və ya dializ gərəkdirən vəziyyətlər. |
|
Hansı klinik formaları var? |
Prerenal – hipoperfuziyaya bağlı meydana gəlir (hipovolemiya, şok, dehidratasiya), sidik mikroskopiyası və Na+ ekskresiyası normaldır, infuziyaya cavab verir. Renal (kəskin tubulyar nekroz) – yumaqcıq və kanalcıqların zədələnməsinə bağlı meydana gəlir (işemiya, nefrotoksikoz, sepsis, kontrast), sidik mikroskopiyasında patoloji silindirlər, Na+ ekskresiyası artır, infuziyaya cavab vermir, bərpası həftələr çəkə bilir. Postrenal - obstruksiya nəticəsində meydana gəlir (zədələnmə, qan laxtası, katater tutulması və s.), USM-də genişlənmə görünür, erkən dekompressiyadan sonra düzələ bilir. |
|
Cərrahi xəstələrdə ən çox hansı forma rast gəlinir? |
Prerenal və renal. |
|
Ağırlaşmaları nələrdir? |
Hipervolemiya (diffuz ödem), hiperkalemiya, uremiya, asidoz. |
|
Klinik əlamətləri hansılardır? |
Oliqouriya,anuriya, ödemlər. |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Oliqouriya, poliuriya, ödemlər. |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Kreatinin, sidik ifrazı. |
|
Obstruktiv formanı necə təsdiq və ya inkar etmək olar? |
USM-də sidik yollarında genişlənməyə görə. |
|
Prerenal və KTN differensasiya etmək üçün hansı müayinələr edilir? |
Sidik mikroskopiyası, Na+ ekskresiyası və infuziyaya cavab testi. |
|
Diaqnostik kriteriyalarını sadala. |
İlk 48 saat kreatinin ≥0.3 mg/dL çox artarsa. ilk 6 saat ərzində sidik ifrazı 0.5 mL/kg/saat-dan azdırsa. |
|
Müalicə üsulları hansılardır? |
Konservativ. Dializ. |
|
Dializə göstərişlər nələrdir? |
Hipervolemiya Asidoz Korreksiya olunmayan hiperkalemiya Uremik ağırlaşmalar (ensefalopatiya, perikardial maye). |
|
Dializ üsulları hansılardır? |
Daimi hemodializ Fasiləli hemodializ Peritoneal dializ |
|
Proqnozu necədir? |
Vaxtında müalicə olunarsa əksər hallarda disfunksiya və yetməzlik düzəlir. |
|
Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Böyrəyi qorumaq üçün ən yaxşı dərman hidratasiyadır. |