Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Transplantasiya üzrə ümumi suallar

Transplantasiya üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə

 

Suallar

Cavablar

Transplantasiya nədir?

Sağlam orqan və ya toxumaların köçürülməsi əməliyyatıdır.

Transplantasiyanın obyektləri nələrdir?

  • Donor və ya verici
  • Qreft və ya transplant
  • Resipient və ya alıcı

Alıcı və vericinin yaxınlıq dərəcəsinə görə transplantasiyanın hansı növləri var?

  • Autotransplantasiya
  • İzotransplantasiya
  • Allotransplantasiya
  • Ksenotransplantasiya

Autotransplantasiya nədir?

Orqanizmin öz toxumasının bir bölgədən digərinə köçürülməsi

İzotransplantasiya nədir?

Genetik identik əkizlər arasında aparılan köçürmə

Allotransplantasiya nədir?

Eyni növlər arasında aparılan köçürmə

Ksenotransplantasiya nədir?

Müxtəlif növlər arasında aparılan köçürmə

Məqsədinə görə transplantasiyanın hansı növləri var?

  • Daimi və tam əvəzetmə
  • Daimi hissəvi əvəzetmə
  • Müvəqqəti əvəzetmə

Alıcıda xəstə orqanın çıxarılmasına görə transplantasiyanın hansı növləri var?

  • Dəyişdirmə - orqan çıxarılır
  • Yardımçı və ya aksilyar- orqan çıxarılmır

Köçürmənin yerinə görə transplantasiyanın hansı növləri var?

  • Ortotopik
  • Heterotopik
  • Paratopik

Ortotopik köçürülmə nədir?

Qreft təbii anatomik yerinə yerləşdirilir - qaraciyər, ürək

Heterotopik köçürülmə nədir?

Qreft təbii yerindən fərqli yerə köçürülür -böyrək, pankreas

Paratopik köçürülmə nədir?

Qreft təbii yerinə yaxın yerə köçürülür

Vericinin vəziyyətinə görə transplantasiyanın hansı növləri var?

  • Canlı verici (donor)
  • Beyin ölümü donoru
  • Ürəyi dayanmış donor

Qreftin saxlama üsuluna görə transplantasiyanın hansı növləri var?

  • Statik hipotermik - soyuq qoruyucu məhlulda
  • Perfuziyon - saxlandığı müddətdə qoruyucu məhlul ilə perfuziya etdirilir

Transplantasiyaya əks göstərişlər nələrdir?

  • Aşırı piylənmə (BÇİ>40 kq/m2), ürək transplantasiyasında isə ağır dərəcəli piylənmə (BÇİ>30 kq/m2)
  • korreksiya olunmayan orqan və sistem yetməzlikləri
  • aktiv infeksiya
  • bədxassəli törəmələr
  • ciddi psixososial problemlər
  • nəzarəti çətin (HbA1C>7,5) və ağırlaşmış diabet – nisbi əks göstəriş

Donorluğa əks göstərişlər hansılardır?

  • Yaş ˂18 - canlı donorlar üçün
  • Əməliyyat  riskini artıran xəstəlik
  • Yüksək orqan-spesifik risk  - rezervlərin az olması, orqanı zədələyən prosesin mövcud olması
  • Resipientə keçə bilən  xəstəliyin olması
  • Hamiləlik
  • Aşırı piylənmə
  • Əqli problemlər
  • Könüllü razılığı yoxdur (təzyiq altında və ya maddi maraq məqsədi ilə)

Qreft uyğunsuzluğunun göstəricisi nələrdir?

  • ölçüsü kiçikdir
  • funksional rezervləri azdır
  • ciddi zədələnmələri var
  • damar və ya axacaq sistemi uyğun deyil
  • immun riski yüksəkdir

Marginal qreft nə deməkdir?

Qreft standart kriteriyalara görə uyğun deyil, lakin məcburi vəziyyətlərdə istifadə edilə bilər

Hansı qreftlər marginal hesab olunur?

  • Donor yaşı ˃60-65
  • Diabeti və hipertenziyası olan donor qreftləri
  • Ürək dayanması olan donor qreftləri
  • Soyuq işemiya müddətini aşmış qreftlər
  • Müəyyən xəstəlikləri və zədələnmələri olan qreftlər
  • Qan qrupu və ya digər immunoloji testlərdə uyğunsuzluq olan donorların qrefti