Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Pankreas transplantasiyası - Özət və Suallar

Özət

MAV köçürülməsidnə məqsəd insulin defisitini aradan qaldırmadır və ağırlaşmış şəkərli diabet, xüsusən də diabetik nefropatiya və təkrarlayan metabolik krizlər (hipo, hiperqlikemik komalar və s) MAV köçürülməsinə göstəriş sayılır. Mədəaltı vəzi köçürülməsinin iki prinsipial üsulu var- orqan və adacıq hüceyrə köçürülməsi.

Orqan köçürülməsi böyrəklə birlikdə və ya təkbaşına ola bilər. MAV heterotopik olaraq qalça çuxuruna köçürülərsə damarları qalça damarları ilə calanır, axacağı isə (adətən 12bb ilə birlikdə) sidik kisəsinə calanır. Orqanın paratopik köçürülməsi daha fiziolojidir, venası portal venaya, axcaq sistemi isə bağırsağa calanır. İmmunosupressiv müalicə böyrəkdə olduğu kimidir (yüksək induksiya və üçlü daimi müalicə).Ağırlaşmaları arasında pankreatit, rəddetmə və venoz tromboz çox rast gəlinir. Rəddetmə ağrı, amilazanın artması, hiperqlikemiya və insulin azalması ilə biruzə verir, biopsiya ilə dəqiqləşdirlir. Eyni vaxtlı böyrək-MAV birlikdə köçürüldükdə 3 illik yaşam 80-85% təşkil edir.

Adacıq köçürülməsi ağırlaşmış diabetdə və ya total pankreatektomiyalarda tətbiq edilə bilir. Hüceyrə mənbəyi kimi pankreas toxumasından izolə edilmiş adacıq hüceyrələri və ya yetişdirilmiş hüceyrələr istifadə edilir. Bu hüceyrələr adətən portal vena ilə qaraciyərə yerləşdirilir.  Hələlik effekti müvəqqətidir, lakin hüceyrə texnologiyalarının inkişafı böyük ümidlər yaradır.

Beləliklə, orqan köçürülməsi texniki çətin, ağırlaşmalı üsuldur, lakin diabeti sağaldır, adacıq hüceyrə köçürülməsi isə asan, az təhlükəli üsuldur, lakin hələlik diabeti sağalda bilmir.

Mədəaltı vəzi üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə

Suallar

Cavablar

Mədəaltı vəzi köçürülməsinə göstərişlər nələrdir?

Şəkərli diabetin ağırlaşmaları:

  • Diabetik nefropatiya
  • Təkrarlayan metabolik krizlər (hipo, hiperqlikemik komalar və s).

Əks göstərişlər nələrdir?

  • Ümumi əks-göstərişlər
  • Spesifik əks-göstərişlər – ayaq qanqrenası, ağır kardiomiopatiya, dözülməz periferik neyropatiya.

Hansı immunoloji testlər aparmaq lazımdır?

  • Qan qrupu
  • Limfositar qarşılaşdırma testləri
  • PRA
  • HLA

Metodları hansılardır?

  • İzolə pankreas köçürülməsi
  • Pankreas və böyrəyin birlikdə köçürülməsi
  • Adacıq hüceyrə köçürülməsi
  • Heterotopik və ya paratopik

Heterotopik köçürülmə nədir?

MAV qalça çuxuruna yerləşdirilir, damarları qalça damarları ilə, 12bb isə sidik kisəsinə calanır.

Heterotopik üsulun üstünlükləri nələrdir?

Sidikdə amilazanı ölçərək pankreasın ekzokrin funksiyası barədə məlumat almaq olur.

Heterotopik üsulun mənfi cəhəti nədir?

Bikarbonat itkisi, asidoz, sistit, hematuriya və refluks pankreatit.

Paratopik köçürmə nə deməkdir?

Qreftin venası qapı venasına, axacağı isə bağırsağa calanır.

Müsbət cəhəti nədir?

Fizioloji yerləşdirmədir, hormonlar portal sistemə, şirə isə bağırsağa daxil  olur.

Paratopik üsulun çatışmayan cəhəti nədir?

Qreftin ekzokrin funksiyasını qiymətləndirmək çətin olur.

Ağırlaşmaları nələrdir?

  • Posttransplant pankreatit
  • Rəddetmə
  • Qreft venasının trombozu
  • Asidoz, sistit, hematuriya və refluks pankreatit
  • Anastomoz buraxması

Rəddetmə əlaməti nələrdir?

Hiperamilazemiya, hiperqlikemiya, C-pepdid və insulin azalması.

Nə üçün böyrək və MAV birlikdə köçürmək daha yaxşıdır?

Rəddetməni erkən müəyyən etmək olur (kreatinin qalxması və biopsiya), ikisinin birilikdə köçürülməsində uzaq nəticələr daha yaxşıdır

Adacıq hüceyrələri haradan alınır?

Donorların MAV-dan izolə edilir

Yetişdirilir

Adacıq hüceyrələri hara yeridilir?

Portal venaya

Ən azı nə qədər hüceyrə yeritmək lazımdır?

6000 hüceyrə/kq

Adacıq hüceyrə köçürülməsi niyə yüksək effekt vermir?

Köçürülən hüceyrələrin əksəriyyəti qısa zamanda məhv olur.

Uzaq nəticələri necədir?

  • Böyrək-MAV birlikdə köçürüldükdə 3 illik yaşam 80-85%, 
  • Böyrəkdən sonra MAV köçürüldükdə 60-65%,
  • MAV tək köçürüldükdə  50-60%