Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Əməliyyatönü müayinələr - Özət və Suallar

Özət

Əməliyyatönü müayinələrin məqsədi klassik 3 suala cavab axtarmaqdır: “əməliyyat lazımdırmı?, nə zaman? və olarmı?”. Bu sualları cavablandırmaq üçün xəstəliyin diaqnozunu, ağırlıq dərəcəsini və əməliyyatdan sonrakı ağırlaşmaların proqnozunu müəyyənləşdirmək lazım gəlir. Transplantasiyanın digər əməliyyatlardan əsas fərqi 3 obyektinin olmasıdır: alıcı, verici və qreft. Ona görə də əməliyyatönü müayinələrlə hər üç obyekti yoxlayaraq qərar vermək lazım gəlir.

Alıcıda iki qrup müayinələr aparılır: orqan-spesifik və ümumi. Orqan spesifik müayinələrin məqsədi əsas xəstəliyin diaqnozunu və ağırlıq dərəcəsini müəyənləşdirmək, transplantasiyanın lazım olub-olmadığını və vaxtı təyin etməkdir. Adətən orqanın geriyə dönməyən və digər müalicələrlə düzəlməyən son mərhələ xəstəlikləri transplantasiyaya göstəriş sayılır. Alıcıda aparılan ümumi müayinələrin əsas hədəfi əməliyyatın və immunosupressiyanın gedişində ağırlaşmalara səbəb olan tibbi və psixososial faktorları,  yəni, əks-göstərişləri ortaya çıxarmaqdır (transplantasiyanın mümkünlüyünə qərar verməkdir). Adətən korreksiya olunmayan yanaşı orqan və sistem yetməzlikləri, aktiv infeksiya və bədxassəli törəmələr, ciddi psixososial problemlər transplantasiyaya əks-göstəriş sayılır.

Donorda müayinələrin məqsədi donorun sağlamlığını, resipientə keçə bilən xəstəlikləri, əməliyyatın ümumi və orqan-spesifik riskini və donorun könüllü razılığını müəyyənləşdirməkdir. Bu məqsədlə ümumi, orqan-spesifik, sosial və hüquqi yoxlamalar həyata keçirilir.

Qreft müayinəsinin məqsədi qreftin morfoloji, funksional və immunoloji cəhətdən uyğunluğunu qiymətləndirməkdir.

 

Transplantasiya üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə

 

Suallar

Cavablar

Transplantasiya əməliyyatının digər əməliyyatlardan əsas fərqi nədir?

  • Üç obyekti var: alıcı, verici və qreft
  • İmmunosupressiya lazım gəlir

Transplantasiyaya göstəriş nədir?

Geriyə dönməyən və digər müalicələrlə düzəlməyən son mərhələ xəstəliklər

Alıcıda əməliyyatdan sonra hansı proseslər gedir?

  • Cərrahi stresdən sağalma
  • Rəddetmə/immunosupressiya
  • Qreftin regenerasiyası və adaptasiyası

Transplantasiyada əməliyyatönü müayinələrin məqsədi nədir?

  • əsas xəstəliyin diaqnozunu və ağırlıq dərəcəsini müəyyənləşdirmək (göstərişlər)
  • ağırlaşmalara səbəb ola bilən vəziyyətləri ortaya çıxarmaq (əks-göstərişləri): yanaşı xəstəlikləri və rezervləri, immunosupressiyaya əks göstərişlər və rəddetmə ehtimalı

Alıcıda yanaşı patologiya tapılarsa taktikanız necə olmalıdr?

Patologiya düzələ bilərsə düzəlt sonra transplantasiya et, düzələ bilən deyilsə  simultan transplantasiya et, bu da mümkün deyilsə transplantasiya etmə”.

Transplantasiyaya əks göstərişlər nələrdir?

  • Aşırı piylənmə (BÇİ>40 kq/m2), ürək transplantasiyasında isə ağır dərəcəli piylənmə (BÇİ>30 kq/m2)
  • korreksiya olunmayan orqan və sistem yetməzlikləri
  • aktiv infeksiya
  • bədxassəli törəmələr
  • ciddi psixososial problemlər
  • nəzarəti çətin (HbA1C>7,5) və ağırlaşmış diabet – nisbi əks göstəriş

Donorluğa əks göstərişlər hansılardır?

  • Yaş ˂18 - canlı donorlar üçün
  • Əməliyyat  riskini artıran xəstəlik
  • Yüksək orqan-spesifik risk  - rezervləri az olması, orqanı zədələyən prosesin  mövcud olması
  • Resipientə keçə bilən  xəstəliyin olması
  • Hamiləlik
  • Aşırı piylənmə
  • Əqli problemlər
  • Könüllü razılığı yoxdur (təzyiq altında və ya maddi maraq məqsədi ilə)

Qreft uyğunsuzluğunun göstəricisi nələrdir?

  • ölçüsü kiçikdir
  • funksional rezervləri azdır
  • ciddi zədələnmələri var
  • damar və ya axacaq sistemi uyğun deyil
  • immun riski yüksəkdir

Marginal qreft nə deməkdir?

Qreft standart kriteriyalara görə uyğun deyil, lakin məcburi vəziyyətlərdə istifadə edilə bilər

Hansı qreftlər marginal hesab olunur?

  • Donor yaşı ˃60-65
  • Diabeti və hipertenziyası olan donor qreftləri
  • Ürək dayanması olan donor qreftləri
  • Soyuq işemiya müddətini aşmış qreftlər
  • Müəyyən xəstəlikləri və zədələnmələri olan qreftlər
  • Qan qrupu və ya digər immunoloji testlərdə uyğunsuzluq olan donorların qrefti