Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Böyrək transplantasiyası - Özət və Suallar

Özət

Böyrək köçürülməsi xroniki böyrək yetməzliyinin və böyrəksiz vəziyyətin ən effektiv müalicəsidir, dializdən daha üstündür. Kreatinin klirensinin 20 ml/dəq az olması böyrək köçürülməsinə göstəriş sayılır. Orqan mənbəyi kimi canlı donorlar və beyin-ürək ölümü donorlar istifadə edilə bilir. Qaraciyərdən fərqli olaraq böyrək köçürülməsində rəddetmə ehtimalı yüksək olduğu üçün geniş profilaktik tədbirlər həyata keçirilir:

  • qan qrupu ilə yanaşı limfositar qarşılaşdırma, PRA və HLA testləri aparılır.
  • güclü induksiya edilir: İL-2 reseptor blokatorları, ATG, hətta kök hüceyrələri
  • daimi immunosupressiya üçün üçlü müalicə tətbiq edilir: CNİ, prednizolon, antimetabolitlər.

Canlı donorda böyrəklər adətən laparoskopik üsulla alınır, alıcıda isə  sağ qalça çuxuruna köçürülür. Adətən üç anastomoz qoyulur - böyrək venası xarici qalça venasına, arteriyası xarici qalça arteriyasına, sidik axarı isə sidik kisəsinə anastomoz edilir.  Axacaq və damar tıxanmaları, kəskin rəddetmə, infeksiya, dehidratasiya, tubulyar nekroz və xroniki rəddetmə əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşmalardır. Böyrək köçürülməsindən sonra xəstələrin 5 illik yaşamı 80-95% təşkil edir. 

 

Böyrək transplantasiyası üzrə suallar

N.Y.Bayramov, E.M.İsazadə, F. Qəhramanova

Suallar

Cavablar

Böyrək köçürülməsinə göstərişlər nələrdir?

  • Son dövr böyrək xəstəliyi (xroniki böyrək yetməzliyi )
  • “ Böyrəksiz ” vəziyyət

Ən çox rast gələn göstəriş?

Xroniki böyrək yetməzliyi

Xroniki böyrək yetməzliyinin hansı dərəcəsində transplantasiya göstərişdir?

Kreatinin klirensi 20 ml/dəq kiçik və dializ gərəkdirən

Əks göstərişlər nələrdir?

Ümumi əks-göstərişlər:

  • Korreksiya olunmayan ekstrarenal yetməzliklər
  • Aktiv və ya müalicə olunmamış bədxassəli xəstəliklər,
  • Sepsis və digər aktiv infeksion xəstəliklər,
  • Psixososial problemlər - əqli yetərsizlik, narkomaniya və alkoqolizm, müalicəyə uymayan xəstələr, finans problemləri və s.

Xüsusi mütləq əks göstərişlər:

  • Qalça damarlarının və aortanın irəli dərəcədə aterosklerozu

Nisbi əks göstərişlər:

  • Mezangiokapilyar qlomerulonefrit
  • IgA nefropatiyası
  • Seqmentar qlomeruloskleroz
  • Oksaloz

Hansı immun uyğunluq testləri aparılır?

Qan qrupu

Limfositar qarşılaşdırma testləri

PRA

HLA

Metodları hansılardır?

  • Canlıdan və beyin ölümü olan donorlardan
  • Təkbaşına və ya pankreasla bilikdə
  • Açıq və ya laparoskopik

Donordan hansı böyrəyi almaq ilk seçimdir?

Sol böyrəyi, çünki venası uzundur.

Alıcıda böyrək hara yerləşdirilir?

Qalça çuxuruna

Böyrək niyə öz təbii yerinə yerləşdirilmir?

Biopiya üçün asan yerdir, sidik axarının anastomozu rahat olur, xəstənin öz böyrəyi qorunur.

Xəstənin öz böyrəyi niyə çıxarılmır?

Əlavə travmadır.

Hansı hallarda nativ böyrək mütləq çıxarılmalıdır?

  • xroniki təkrarlayan daşlı və daşsız pielonefrit
  • ağır proteinuriya
  • refrakter hipertoniya
  • böyük polisistik böyrəklər, xüsusən ağrı, qanaxma verən və kanserə şübhə varsa
  • infektiv refleks nefropatiya

Ağırlaşmaları nələrdir?

  • Postoperativ böyrək disfunksiyası
  • Funksiya etməyən və ya funksiyası gecikən qreft
  • Arterial, venoz tromboz
  • Arterial stenoz
  • Sidik sızması
  • Uretral obstruksiya
  • Limfosel
  • Rəddetmə

Rəddetmənin əlamətləri nələrdir?

Kreatinin artması, ümumi və lokal hərarətin artması, halsızlıq, hipertoniya, ayaqda ödem.

Kreatinin artmasının səbəbləri nələrdir?

TRİ-DK: tıxanma, rəddetmə, infeksiya, dehidratasiya və kəskin tubulyar nekroz.

Kreatinin artması varsa müayinə ardıcıllığı necə olmalıdr?

  • Hipotenziya və hipovolemiya yoxlanılır,
  • Kateter yoxlanılır
  • USM və Dopler müayinəsi
  • Furosemid testi
  • Biopsiya

Köçürülən böyrəyin funksiyası nə vaxt normallaşır?

Canlıdan köçürülən böyrək 3-5 gün sonra, kadavradan köçürülən isə 7-15 gün sonra

Uzaq nəticələri necədir?

5 illik yaşama 80-95%