Bayramov N.Y., Rüstəm Ə.M., Qeybulla A.Ə.
ANATOMİYASI
Forması, ölçüləri, yerləşməsi
- Qida borusu (QB) udlaq ilə mədəni birləşdirən boruşəklilli əzələli orqandır.
- C6-Th11 fəqərələri səviyyəsində yerləşir. Boyunda traxeyadan arxada və solda, döş qəfəsində traxeya, sol bronx və aorta qövsündən arxada yerləşir. Diafraqmanın özünəməxsus dəliyindən keçdikdən sonra qarın boşluğuna daxil olur və 2-4 sm sonra mədənin kardiyasında tamamlanır.
- Kəsici dişlərdən QB-nun yuxarı sfinkterinə qədər 15-20 sm, qastroezofageal birləşməyə qədər isə 40-45 sm-dir.
![]() |
Hissələri
QB anatomik 3 şöbəyə ayrılır:
- Boyun (servikal) şöbəsi - udlaqdan döş boşluğuna qədər olan bölgə, C6-Th1-2 səviyyəsində yerləşir, ortalama 5 sm uzunluğunda olur.
- Döş (torakal) şöbəsi - Th1-2-T10 səviyyəsində yerləşir, ortalama 20 sm uzunluğunda olur. Bu şöbə 3 hissədən ibarətdir:
- yuxarı hissə — arcus aortae-yə qədər;
- orta hissə — arcus aortae və traxeyanın bifurkasiyası səviyyəsində;
- aşağı hissə — traxeyanın bifurkasiyasından diafraqmanın QB dəliyinə qədər.
- Qarın (abdominal) şöbəsi - Th10-Th11 səviyyəsindədir. Uzunluğu ortalama 2-4 sm-dir.
Fizioloji (darlıqlar)
QB-nun 3 fizioloji darlığı var:
- Yuxarı darlıq - ezofaqusun girişində yuxarı ezofageal sfinkterin (kriko-faringeal əzələnin) yaratdığı və diametri ən kiçik (1,5 sm) darlıqdır.
- Orta darlıq - traxeyanın bifurkasiyası səviyyəsində yerləşir, diametri 1,6 sm-dir;
- Aşağı darlıq - Ezofagusun diafraqmadan keçdiyi nahiyədədir, aşağı ezofageal sfinkterin yaratdığı darlıqdır. Uzunluğu 2-4 sm, diametri 1,6-1,9 sm-dir.
Morfoloji qatları:
- Mukoza - yastı hüceyrəli epiteldən təşkil olunmuşdur.
- Submukoza - damar kələfləri və selik ifraz edən vəzilərlə zəngin kövşək birləşdirici toxumadan ibarətdir.
- Sirkular əzələ qatı - yuxarı bölgədə eninəzolaqlı əzələ qatı (yuxarı sfinkter), digər hissələrdə isə saya əzələlərdən ibarətdir.
- Boylama əzələ qatı - saya əzələlərdən təşkil olunmuşdur.
- Seroz qişası yoxdur və xarici qatı birləşdirici toxumadan təşkil olunmuşdur. Lakin abdominal hissəsinin ön divarı periton qişası və freniko-ezofageal bağla örtülüdür. Bu strukturlar fibrotik membran əmələ gətirərək QB-nun və mədənin fiksasiyasında iştirak edirlər.

Arterial qan təchizi
- Boyun şöbəsi – körpücükaltı arteriyanın tiro-servikal şaxəsindən ayrılan aşağı tiroid arteriya,
- Döş şöbəsi – birbaşa aortadan ayrılan bronxial arteriyalar
- Abdominal şöbə - sol mədə arteriyasının qalxan şaxəsi və aşağı diafraqma arteriyası
Venoz drenaj
Boyun şöbəsi - aşağı tiroid venaları
- Döş şöbəsi - bronxial, tək ( azigos) və yarımtək (v. hemiazigos) venaları
- Abdominal şöbəsi - sol mədə venasına (koronar venaya). Bu venalar portal vena ilə yuxarı boş vena sistemini əlaqələndirən kollaterallardır.
Limfa drenajı
Limfa düyünləri və kələfləri submukozada yerləşir. Limfa axımı daha çox boylama istiqamətindədir.
- Boyun şöbəsi - paratraxeal və dərin servikal limfa düyünlərinə
- Yuxarı döş şöbəsi - paratraxeal limfa düyünlərinə
- Aşağı döş şöbəsi - bifurkasiyaətrafı limfa düyünlərinə
- Abdominal şöbə - yuxarı mədə limfa düyünlərin
FİZİOLOGİYASI
QB-nun 3 əsas funksiyası var:
- Udma
- Anti-reflüks
- Sekresiya
Udma
- Udma – QB-nun əsas funksiyasıdır. Məqsəd qidanı və ağız boşluğunun şirəsini peristaltik dalğalarla udlaqdan mədəyə ötürməkdir.
- Oral faza iradi, faringeal və ezofageal faza qeyri-iradidir.
- İnsan gün ərzində 600-1000 dəfə udqunur: qida qəbulu zamanı saniyədə 1 dəfə, yemək arasında isə saatda 70 dəfə. Dərin yuxuda udqunma müşahidə olunmur.
- Udma 5 prosesin koordinasiyası nəticəsində baş verir:
|
Baş beyindən impulsun gəlməsi ↓ |
Baş beyindən impuls iradi olaraq və ya dilin kökünün qıcıq-lanması nəticəsində baş verir. Baş beyinin zədələnmələrində udma refleksi itə bilər. |
|
Udlağın yığılması ↓ |
Udlaq əzələləri yığılır, dilin kökü yuxarı qalxır və qırtlaq qapanır, yuxarı sfinkter boşalır və qida ezofaqusa keçir. |
|
Yuxarı ezofageal sfinkterin boşalması ↓ |
Yuxarı sfinkter innervasiyasını birbaşa baş beyindən alır. Bu sfinkter daim yığılma vəziyyətindədir, 100 mm Hg st. sakitlik təzyiqi yaratmaqla havanın udlaqdan QB-na, QB-nun möhtəviyyatının isə udlağa keçməsinin qarşısını alır. Udma vaxtı o, boşalır və qida ezofaqusa keçir. |
|
QB-nun peristaltikası ↓ |
QB divarının peristaltikası pompa funksiyasını yaradır: 3 növ peristaltik dalğa müşahidə edilir. Birincili dalğalar yuxarı sfinkterdən başlayır və mədəyə qədər davam edir. Bu dalğalar 3-4 sm/san sürətlə davam edir və 60-140 mm Hg st. təzyiq yaradır. İkincili dalğalar QB-nun genişlənən və ya qıcıqlanan nahiyəsindən başlayır. Birincili dalğaların möhtəviyyatın ötürülməsində yetərsiziyi hallarında ikincili dalğalar köməkçi rol oynayır və ya mədədən QB-na keçən möhtəviyyatı yenidən mədəyə qaytarılmasında iştirak edirlər. Üçüncülü dalğalar anormal dalğalardır. |
|
Aşağı ezofageal sfinkterin boşalması |
Aşağı sfinkter daim yığılmış vəziyyətdə olur, 15-25 mm Hg st. təzyiq yaradır və mədə möhtəviyyatının QB-na reflüksünə mane olur. Sfinkter 2 halda boşalır - peristaltik və vaxtaşırı. Peristaltik boşalma udma vaxtı baş verir, udmadan 1-1,5 san sonra sfinkter 5-10 san boşalır və qidanı mədəyə buraxır. Udmadan kənar vaxtlarda sfinkterin vaxtaşırı boşalmaları (onlara transient boşalmalar da deyilir) fizioloji və patoloji reflüks epizodlarının meydana çıxmasına səbəb olurlar. Sfinkterin yığılmasında onun avtonomluğu əsas rol oynayır. Lakin bir çox digər faktorlar da sfinkterin tonusuna təsir göstərir (cədvəl). |
Antireflüks mexanizmlər
Bu mexanizmlər möhtəviyyatın QB-dan udlağa və mədədən QB-na keçməsinə mane olur və aşağıdakı anatomik və funksional komponentlərdən ibarətdir:
- Yuxarı və ya faringoezofageal sfinkter - QB-nun möhtəviyyatının udlağa reflüksünə mane olur.
- QB-nun peristaltikası - fizioloji reflüktatın mənfi təsirlərini aradan qaldırır.
- Hiss bucağı - mədə ilə QB arasında büküş əmələ gətirir. Sonuncu qapaq rolunu oynayır.
- Diafraqmanın ayaqcıqları - fiziki iş vaxtı və qarındaxili təzyiqi artıran digər hallarda (öskürək, asqırma, gücənmə, defekasiya və b.) QB-nu sıxaraq reflüksə mane olur.
- Aşağı və ya qastroezofageal sfinkter düz əzələ qalınlaşması ilə formalaşır və təzyiq fərqi hesabına mədə möhtəviyyatının reflüksünə mane olur. Ona fizioloji sfinkter də deyilir.
Aşağı ezofageal sfinkterin tonusuna təsir edən amillər:
|
AES tonusunu artıran |
AES tonusunu azaldan |
|
α- mimetiklər, β- blokatorlar Gastrin Enkefalinlər Antasidlər Domperidon Metoklopramid Xolinergiklər |
β- mimetiklər, α- blokatorlar Estrogenlər, Progesteron, Somatostatin, Qlükaqon, Sekretin, Kofein, Barbituratlar, Ca ionları blokatorları, Diazepam Dopamin Meperidin Antixolinergiklər |
QB-nun sekresiya funksiyası zəifdir, adətən udma prosesinə və möhtəviyyatın sürüşməsində köməkçi rol oynayır. QB-da praktik olaraq sorulma baş vermir.
