Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QİDA BORUSUNUN DİVERTİKULLARI

Bayramov N.Y., Rüstəm Ə.M., Qeybulla A.Ə.

 

Tərif

Divertikul QB divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli kənara qabarmasıdır. Divertikulun iç səthi epitel toxuması ilə örtülü olur.

Divertikullar əsasən qazanılmış olur və digər xəstəliklərin ağırlaşması kimi ortaya çıxır, böyüklərdə daha çox rast gəlir.

 

Təsnifatı

 

 

Lokalizasiyasına görə

  • Üst ezofaqus (farinqoezofageal) divertikulu - Zenker divertikulu
  • Orta hissənin divertikulu (midezofageal, parabronxial)
  • Aşağı sfinkterin üstündə yerləşən divertikul (epifrenik)

Mexanizminə görə

  • Traksion və ya həqiqi divertikullar
  • Pulsion  və ya yalançı divertikullar

 

 

Etiopatogenezi

Əmələgəlmə mexanizmi və divarın quruluşuna görə 2 növü var:

  • Traksion və ya həqiqi divertikulların divarında ezofaqusun bütün qatları iştirak edir. Ətraf patoloji prosesə bağlı QB-nun divarının dartılması nəticəsində əmələ gəlir. Məsələn, orta (midezofageal) divertikul.
  • Pulsion və ya yalançı divertikulların divarı yalnız selikli qişa və selikaltı əsasdan ibarətdir. Mənfəzdaxili təzyiqin artması nəticəsində əzələ lifləri arasından mukoza və submukozanın kənara çıxması hesabına əmələ gəlir (Zenker və epifrenik divertikullar).

 

Zenker divertikulu

 

Tərifi

Pulsiyon divertikuldur. QB-nun boyun hissəsinin arxa divarında,  selikli qişa və selikaltı əsasın əzələlər arasından kənara qabarması nəitcəsində əmələ gəlir. Üst ezofagus və ya farinqoezofageal divertikul da adlandırılır.

Əksər xəstələrdə əlamətlərlə büruzə verir, bəzi xəstələrdə böyüyərək boyun orqanlarını sıxma, divertikulit, perforasiya və qanaxma törədə bilir.

 

Rastgəlməi

QB-nun ən çox rast gələn divertikuludur. Daha çox 60 yaşdan çox kişilərdə müşahidə edilir.

 

Etiopatogenezi

Qazanılmış xəstəlikdir. Yuxarı sfinkterin spazmı (yuxarı sfinkter axalaziyası) və ya yuxarı sfinkter ilə udlaq əzələləri arasında koordinasiyanın pozulması (udlaq yığılır, yuxarı sfinkter isə boşalmır) Zenker divertikulunun əsas etiopatogenetik mexanizmidir.

Yuxarı sfinkterin dismotorikası və ya diskoordinasiyası mənfəzdaxili basincın təzyiqin artmasına, sonuncu isə QB-nun arxa divarının zəif əzələ lifləri arasından selikli qişa və selikaltı qatın kənara qabarmasına səbəb olur (krikofaringeal əzələ ilə udlağın aşağı büzücü əzələləri arasındakı zəif hissə Cillian (Killian) üçbucağı adanır).

 

Gedişi və ağırlaşmaları

Əksər xəstələrdə əlamətlərlə büruzə verir, bəzi xəstələrdə isə  böyüyərək boyun orqanlarını sıxır. Requrgitasiya nəticəsində aspirasiyon pnevmoniya baş verə bilər. Divertikulit, perforasiya və fistullarla ağırlaşma hadisələri də rast gəlir.

 

Klinikası

Disfagiya

Əsas simptomdur. Xəstələrin çoxunda rast gəlir. Boyun disfagiyası daha çox müşahidə olunur.

Requrgitasiya

Həzm olunmamış qidaların requrgitasiyası xarakterik əlamətdir.

Boyunda udma səsi

Udma vaxtı boyunda qurultu səsi eşidilir.

Ağızdan kif iyi

Qidanın divertikulda qıcqırması hesabına meydana çıxır.

Reflüks əlamətləri

Xəstələrin 30%-də rast gəlir.

 

Diaqnostikası

Şübhə

Disfagiya, requrgitasiya, ağızdan pis iy gəlməsi, boyunda şişkinlik və boyunun palpasiyasında xışıltı səsi Zenker divertikulunun şübhəli əlamətləridir.

 

Dəqiqləşdirmə

Diaqnozun dəiqiləşdirilməsi üçün kontrastlı Rentgenoloji müayinələr, KT və çox ehtiyatla endoskopiya edilir.

  • Kontrastlı Rh-qrafiya - diaqnozu dəqiqləşdirən müayinədir.
  • Endoskopiya - divertikulun perforasiyası təhlükəsinə görə çox ehtiyatla aparılmalıdır.
  • Manometriya - səbəbi (üst sfinkterin tonusunun artması, udlaq və yuxarı sfinkterin diskoordinasiyası) araşdırmaq və reflüksu qiymətləndirmək baxımından olduqca mühüm müayinə üsuludur.
  • pH-metriya - reflüks xəstəliyi ilə differensiasiya üçün aparılmalıdır.
  • KT və endoskopik USM - şişlərlə differensiasiya məqsədi ilə aparılmalıdır.

 

Diaqnostik meyarlar:

  • Disfagiya, həzm olunmamış qidaların requrgitasiyası, ağızdan kif iyi gəlməsi
  • Rentgenoqrafik divertikul görünməsi
  • Manometriyada hipertonus və ya diskoordinasiya.

 

   

 

Differensial diaqnostika

  • QB-nun strikturu;
  • Axalaziya;
  • QB-nun xərçəngi.

 

Müalicəsi

Miotomiya

Kiçik (<2 sm) divertikullarda göstərişdir. Krikofarengeal əzələ boylama istiqamətdə 3 sm kəsilir.

Divertikulektomiya və miotomiya

Ən radikal müalicə üsuludur. Divertikul boyun nahiyəsindən kəsilir, atılır və miotomiya edilir. 90% hallarda nəticə qənaətbəxş olur.

 

Endoskopik stapler

Divertikul ilə QB arasındakı arakəsmə endoskopik staplerlə kəsilir və tikilir. 3-6 sm ölçülü divertikullarda icra edilir.

Reflüks əməliyyatı

Reflüks xəstəliyində aspirasiyanın profilaktikası üçün antireflüks əməliyyatı divertikul əməliyyatından əvvəl aparılmalıdır.

 

 

 

QB-nun orta divertikulu

 

Tərifi

Həqiqi, traksiyon divertikuldur, QB-nun döş hissəsində, traxeya bifurkasiyasına yaxın bölgədə yerləşir. Kiçik divertikullar adətən əlamətsiz olur, böyük divertikullar isə disfagiya, divertikulit və fistul törədə bilirlər.

 

Etiopatogenezi

Qazanılmış xəstəlikdir. Divararalığının qranulomatoz xəstəlikləri,  adətən vərəm və histoplazmoz limfadenopatiyalarında, həmçinin sarkoidozda QB-nun divarı bitişmələrlə dartılaraq divertikul əmələ gətirir.

 

Gedişi və ağırlaşmaları

Kiçik divertikullar əlamətsiz gedişlidirlər. Böyük divertikullar disfagiya simptomu, divertikulit və fistul kimi ağırlaşmalar törədirlər.

 

Klinikası

Asimptomatik

Kiçik divertikullarda rast gəlir. Bəzən əsas xəstəliyin əlaməti ön plana çıxır.

Disfagiya

Simptomatik formalarda əsas simptomdur.

Requrgitasiya

Həzm olunmamış qidaların requrgitasiyası xarakterik əlamətdir.

Döş ağrıları

Divertikulitə və limfadenopatiyalara xasdır.

 

Diaqnostikası

Şübhə

Disfagiya, requrgitasiya, döş ağrıları əlamətləri olan və anamnezində divararlığı xəstəlikləri keçirmiş xəstələrdə ezofaqusun orta divertikuluna şübhələr yaranır.

 

Dəqiqləşdirmə

Xəstəliyin dəqiqləşdirilməsi üçün kontrastlı Rentgenoloji müayinə, KT və çox ehtiyatla endskopiya edilməlidir.

  • Obyektiv müayinə - əsas xəstəliyin əlamətləri ola bilər.
  • Kontrastlı rentgenoqrafiya - dəqiqləşdirici müayinə üsuludur.
  • Endoskopiya - divertikulun perforasiyası təhlükəsinə görə çox ehtiyatla aparılmalıdır.
  • Manometriya - aşağı sfinkterin funksiyasının (axalaziya, reflüks) qiymətlənirilməsi üçün vacib müayinə üsuludur.
  • pH-metriya - reflüks xəstəliyi ilə differensiasiya məqsədi ilə aparılan ən önəmli müayinədir.
  • KT və endoskopik USM - etioloji diaqnostika (divararalığının və QB-nun xəstəliklərinin diaqnostikası) üçün olduqca vacibdir.

 

Diaqnostik meyarlar:

  • Disfagiya, həzm olunmamış qidaların requrgitasiyası, ağızdan kif iy gəlməsi
  • Kontrastlı Rentgenoloji müayinədə və ya KT-də divertikul görünməsi
  • Manometriyada aşağı sfinkterin normal tonusu

 

 

 

Differensial diaqnostika

  • QB-nun strikturu;
  • Axalaziya;
  • QB-nun xərçəngi.

 

Müalicəsi

Müşahidə

Asimptomatik divertikullarda tövsiyə olunur.

Divertikuloektomiya

Simptomatik divertikullarda aparılır. Ətraf iltihablı kütlə divertikulla birlikdə xaric edilir

 

 

QB-nun epifrenik divertikulu

 

Tərif

Pulsion, yalançı divertikuldur. QB-nun distal 10 sm hissəsində, aşağı sfinkterin üstündə yerləşir. Kiçik divertikullar adətən əlamətsiz olur, böyük divertikullar isə disfagiya, divertikulit və fistul törədə bilirlər.

 

Etiopatogenez

Qazanılmış xəstəlikdir. Əmələgəlmə mexanizmi Zenker divertikuluna bənzərdir. Axalaziya, diffuz spazmlar, hiatal yırtıqlar və strikturlarda mənfəzdaxili təzyiqin artması hesabına divertikul formalaşır.

 

Gedişi və ağırlaşmaları

Kiçik divertikullar əlamətsiz gedişlidirlər.  Böyük divertikullara disfagiya əlaməti, divertikulit və fistul kimi ağırlaşmalar xasdır.

 

Klinika

Asimptomatik

Kiçik divertikullarda rast gəlir. Bəzi xəstələrdə əsas xəstəliyin əlamətləri ön plana çıxır.

Disfagiya

Simptomatik formalarda əsas simptomdur.

Requrgitasiya

Həzm olunmamış qidaların requrgitasiyası xarakterik əlamətdir.

Döş ağrıları

Divertikulitdə və fistul zamanı müşahidə olunur.

 

Diaqnostika

Şübhə

Disfagiya, requrgitasiya, döş ağrıları, axalaziya, distal ezofaqus strikturları olan xəstələr divertikula görə müayinə olunmalıdırlar.

 

Dəqiqləşdirmə

Diaqnozun dəqiqləşdirilməsi üçün kontrastlı şüa diaqnostikası üsulları (Rh-qrafiya və ya KT) və endoskopiya aparılmalıdır.

  • Obyektiv müayinə - əsas xəstəliyin əlamətləri rast gələ bilər.
  • Kontrastlı Rh-qrafiya - dəqiqləşdirici müayinə üsuludur.
  • Endoskopiya - divertikulun perforasiyası təhlükəsinə görə çox ehtiyatla aparılmalıdır. QB-nun xəstəliklərinin və paraezofageal yırtıqların diferensiasiyası üçün mühümdür.
  • Manometriya - divertikulun səbəbini (axalaziya, diffuz spazm, “fındıqqıran” QB) aşkar etmək üçün aparılan ən vacib müayinə üsuludur.
  • pH-metriya - reflüks xətəliyinin diaqnostikasında ən önəmli müayinə üsuludur.
  • KT və endoskopik USM - etioloji diaqnostika (divararalığının və QB-nun xəstəliklərinin diaqnostikası) üçün vacibdir.

 

Diaqnostik meyarlar:

  • Disfagiya, həzm olunmamış qidaların requrgitasiyası
  • Kontrastlı müayinələrdə (Rh-qrafiya, KT) divertikul görünməsi
  • Manometriyada hipertenziv dismotorika

 

Differensial diaqnostika

  • QB-nun strikturu
  • Axalaziya
  • Paraezofageal yırtıq
  • QB-nun xərçəngi

 

Müalicəsi

Cərrahi müalicə - 3-komponentli cərrahi müalicə  (laparoskopik yol daha çox tövsiyə edilir):

  • Divertikulektomiya
  • Miotomiya – divertikulun əks tərəfindən aparılır. Kəsik divertikulun boyunu səviyyəsindən başlanılır və mədəyə doğru 2 sm uzadılır.
  • Hissəvi fundoplikasiya reflüksü önləmək üçün icra edilir.

 

Özət

Qida borusu divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli kənara çıxması (qabarması) divertikul adlanır. Divertikulun iç səthi epitel toxuması ilə örtülü olur. Divar zəifliyi və distal hissədə maneə divertikulun əmələ  gəlməsində mühüm rol oynayır. Divertikullar qida borusunun yuxarı (Zenker divertikulu), orta və aşağı  (epifrenik divertikul) hissələrində çox rast gəlir. Xəstəlik erkən mərhələlərdə asimtomatik ola bilir, böyüdükdə disfagiya, requrgitasiya, ağızdan pis iy gəlməsi əlamətləri ilə büruzə verir. Uzunmüddətli divertikullar iltihab, böyüyüərək ətraf orqanları sıxma, hətta perforasiya törədə bilirlər. Diaqnoz kontrastlı müayinələrlə qoyulur. Müalicə əsasən cərrahidir (divertikulektomiya, distal miotomiya).

 

Divertikullar üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus divertikulu nədir?

Ezofaqus divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli bayıra qabarmasıdır.

Hansı növləri var?

Lokalizasiyasına görə:

  • Farinqoezogeal (Zenker);
  • Midezofageal (parabronxial);
  • Epifrenik;

Mexanizminə görə:

  • Həqiqi və ya traksion;
  • Yalançı və ya pulsion

Ağırlaşmaları hansılarıdır?

  • Ətraf orqanları sıxmır;
  • Divertikulit;
  • Perforasiya;
  • Fistul;

Zenker divertikulu nədir?

Ezofaqusun boyun hissəsinin arxa divarından çıxan divertikul

Səbəbi  və ya risk faktorları hansılardır?

Yuxarı sfinkterin spazmı və ya yuxarı sfinkter ilə udlaq əzələləri arasında koordinasiyanın pozulması

Klinik əlamətləri hansılardır?

  • Disfagiya;
  • Requrgitasiya;
  • Boyunda udma səsi;
  • Ağızdan kif iyi gəlməsi;
  • Reflüks əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Yuxarıdakı klinik əlamətlər olan və boyunun palpasiyası zamanı xışıltı aşkar edilən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (çox ehtiyatla)

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrast məhlulunn divertikul nahiyəsində toplanması

Digər müayinələrdə nə tapılır?

Manometriyada üst sfinkterin tonusunun artması, udlaq və yuxarı sfinkterin diskoordinasiyası

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Divertikulun Rentgenoqrafik görünməsi;
  • Manometriyada hipertonus və ya diskordinasiya

Müalicə üsulları hansıdır?

Cərrahi

Əməliyyata göstərişlər hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansılardır?

  • Miotomiya;
  • Divertikulektomiya və miotomiya;
  • Endoskopik stapler;
  • Reflüks əməliyyatı

Qida borusunun orta divertikulu nədir?

Ezofaqusun döş hissəsinin traxeya bifurkasiyasına yaxın nahiyəsindən çıxan divertikuldur

Rastəlmə tezliyi nə qədərdir?

Ezofaqusun ən çox rast gələn divertikuludur

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Divararalığının qranulomatoz xəstəlikləri – vərəm, histoplazmoz;
  • Divararalığı limfoadenopatiyaları;
  • Sarkoidoz;

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Disfagiya;
  • Requrgitasiya;
  • Döş qəfəsində ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan və divararalığı xəstəlikləri keçirmiş xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (xüsusi ehtiyatla)

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrast məhlulun divertikul nahiyəsində toplanması

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Rentgenoqrafik və ya KT müayinəsində divertikulun görünməsi;
  • Manometriyada aşağı sfinkterin normal tonusu

Müalicə üsulları hansılardır?

  • Müşahidə;
  • Cərrahi

Əməliyyata göstəriş hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansıdır?

Divertikulektomiya

Epifrenik divertikul nədir?

Ezofaqusun aşağı sfinkterinin üstündə divarın kənara kisəşəkilli qabarmasıdır

Rastəlmə tezliyi nə qədərdir?

Bütün ezofaqus divertikullarının 10 %-ni təşkil edir

Patogenezi nədən ibarətdir?

Axalaziya, diffuz spazm, hiatal yırtıq və striktura nəticəsində mənfəzdaxili təzyiq artması nəticəsində selikli və selikaltı qat kənara qabarır.

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Disfagiya;
  • Requrgitasiya;
  • Döş qəfəsində ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri və distal ezofaqus strikturu olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (xüsusi ehtiyatla)

Görüntlüləmə əlamətləri hansıdır?

Kontrast məhlulun divertikul nahiyəsində toplanması

Digər müayinələrdə nə tapılır?

Manometriya – aşağı sfinkterin tonusunun artması və ya dismotorika

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Rentgenoqrafiya və ya KT müayinələrində divertikulun görünməsi;
  • Manometriyada hipertenziv dismotorika

Müalicə üsulları hansıdır?

Cərrahi

Əməliyyata göstəriş hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansılardır?

  • Divertikulektomiya;
  • Miotomiya;
  • Hissəvi fundoplikasiya

Bir cümlə ilə divertikul?

Divertikul malignizasiya törətmir, lakin əməliyyat tələb edir.