Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

TRANSPLANTASİYADA TƏMƏL ANLAYIŞLAR

N.Y.Bayramov, S.Yılmaz,  R.A.Məmmədov

 

Transplantasiya–ağır dərəcədə zədələnmiş və ya itirilmiş orqan və toxumaları əvəz etmək üçün xəstəyə özündən və ya başqasından götürülmüş sağlam orqan və ya toxumaların köçürülməsi əməliyyatıdır. Ağır dərəcə zədələnmə dedikdə bərpası digər üsullarla mümkün olmayan və ya geriyə dönməyən zədələnmələr nəzərdə tutulur. Əvəzetmə adətən tam və daimi olur, lakin bəzi hallarda hissəvi və ya müvəqqəti kömək məqsədi daşıya bilər.

Təbabətin digər sahələrindən fərqli olaraq transplantasiya əməliyyatında 3 obyekt üzərində ən azı 3 müdaxilə həyata keçirilir:

  • Verici və ya donor – orqanı (toxumanı) ver1ən orqanizmdir, üzərində orqan və ya toxumanın alınması əməliyyatı həyata keçirilir
  • Qreft və ya transplant – köçürülən orqan və ya toxumadır, üzərində köçürmə üçün müdaxilələr həyata keçirilir (saxlanma, damarların hazırlanması və s.)
  • Alıcı və ya resipient – orqanı (toxumanı) qəbul edən orqanizmdir (xəstə), üzərində orqan və ya toxumanın yerləşdirilməsi əməliyyatı həyata keçirilir.

 

Transplantasiyanın vaxtına, məqsədinə, alıcı, verici və qreftin xarakteristikasına görə müxtəlif növləri var.

Alıcı və vericinin yaxınlıq dərəcəsinə görə:

  • Autotransplantasiya – orqanizmin öz toxumasının bir bölgədən digərinə köçürülməsidir
  • İzotransplantasiya – genetik identik ekizlər arasında aparılan köçürmədir
  • Allotransplantasiya – eyni növlər arasında aparılan köçürmədir.
  • Ksenotransplantasiya – müxtəlif növlər arasında aparılan köçürmədir.

 

Məqsədinə görə:

  • Daimi və tam əvəzetmə - köçürmə orqanın bütün funksiyalarını daimi əvəz etmək üçün yerinə yetirilir
  • Daimi hissəvi əvəzetmə - köçürmə orqanın bəzi funksiyalarını əvəz etmək üçün aparılır (məsələn, metabolik xəstəliklərdə qaraciyər köçürülməsi)
  • Müvəqqəti əvəzetmə - zədələnmiş orqanın özünü bərpa edənə qədər orqanizmə kömək etmək üçün (məsələn kəskin qaraciyər yetməzliyində köməkçi qaraciyər köçürülməsi).

 

Xəstə orqanın çıxarılmasına görə:

  • Dəyişdirmə - alıcıda orqan çıxarılır
  • Yardımçı və ya aksilyar- alıcıda orqan çıxarılmır

 

Köçürmənin yerinə görə:

  • Ortotopik- qreft təbii anatomik yerinə yerləşdirilir (məsələn qaraciyər, ürək və s)
  • Heterotopik – qreft təbii yerindən fərqli yerə köçürülür (məsələn, böyrək, pankreas və s)
  • Paratopik – qreft təbii yerinə yaxın yerə köçürülür.

 

Vericinin vəziyyətinə görə:

  • Canlı verici donor– qreft praktik sağlam donorlardan alınır
  • Beyin ölümü donoru– qreft beyin ölümü baş vermiş donorlardan alınır
  • Ürəyi dayanmış donor – qreft ürəyi dayanmış donordan alınır

 

Qreftin saxlama üsuluna görə:

  • Statik hipotermik – qreft soyuq qoruyucu məhlulda saxlanılır
  • Perfuziyon – qreft saxlandığı müddətdə qoruyucu məhlul ilə perfuziya etdirilir, hərarət hipo, sub və ya normotermik ola bilər.

 

Transplantasiya üzrə ümumi suallar

N.Y.Bayramov, E.M.İsazadə

 

Suallar

Cavablar

Transplantasiya nədir?

Sağlam orqan və ya toxumaların köçürülməsi əməliyyatıdır.

Transplantasiyanın obyektləri nələrdir?

  • Donor və ya verici
  • Qreft və ya transplant
  • Resipient və ya alıcı

Alıcı və vericinin yaxınlıq dərəcəsinə görə transplantasiyanın hansı növləri var?

  • Autotransplantasiya
  • İzotransplantasiya
  • Allotransplantasiya
  • Ksenotransplantasiya

Autotransplantasiya nədir?

Orqanizmin öz toxumasının bir bölgədən digərinə köçürülməsi

İzotransplantasiya nədir?

Genetik identik əkizlər arasında aparılan köçürmə

Allotransplantasiya nədir?

Eyni növlər arasında aparılan köçürmə

Ksenotransplantasiya nədir?

Müxtəlif növlər arasında aparılan köçürmə

Məqsədinə görə transplantasiyanın hansı növləri var?

  • Daimi və tam əvəzetmə
  • Daimi hissəvi əvəzetmə
  • Müvəqqəti əvəzetmə

Alıcıda xəstə orqanın çıxarılmasına görə transplantasiyanın hansı növləri var?

  • Dəyişdirmə - orqan çıxarılır
  • Yardımçı və ya aksilyar- orqan çıxarılmır

Köçürmənin yerinə görə transplantasiyanın hansı növləri var?

  • Ortotopik
  • Heterotopik
  • Paratopik

Ortotopik köçürülmə nədir?

Qreft təbii anatomik yerinə yerləşdirilir - qaraciyər, ürək

Heterotopik köçürülmə nədir?

Qreft təbii yerindən fərqli yerə köçürülür -böyrək, pankreas

Paratopik köçürülmə nədir?

Qreft təbii yerinə yaxın yerə köçürülür

Vericinin vəziyyətinə görə transplantasiyanın hansı növləri var?

  • Canlı verici (donor)
  • Beyin ölümü donoru
  • Ürəyi dayanmış donor

Qreftin saxlama üsuluna görə transplantasiyanın hansı növləri var?

  • Statik hipotermik - soyuq qoruyucu məhlulda
  • Perfuziyon - saxlandığı müddətdə qoruyucu məhlul ilə perfuziya etdirilir

Transplantasiyaya əks göstərişlər nələrdir?

  • Aşırı piylənmə (BÇİ>40 kq/m2), ürək transplantasiyasında isə ağır dərəcəli piylənmə (BÇİ>30 kq/m2)
  • korreksiya olunmayan orqan və sistem yetməzlikləri
  • aktiv infeksiya
  • bədxassəli törəmələr
  • ciddi psixososial problemlər
  • nəzarəti çətin (HbA1C>7,5) və ağırlaşmış diabet – nisbi əks göstəriş

Donorluğa əks göstərişlər hansılardır?

  • Yaş ˂18 - canlı donorlar üçün
  • Əməliyyat  riskini artıran xəstəlik
  • Yüksək orqan-spesifik risk  - rezervlərin az olması, orqanı zədələyən prosesin mövcud olması
  • Resipientə keçə bilən  xəstəliyin olması
  • Hamiləlik
  • Aşırı piylənmə
  • Əqli problemlər
  • Könüllü razılığı yoxdur (təzyiq altında və ya maddi maraq məqsədi ilə)

Qreft uyğunsuzluğunun göstəricisi nələrdir?

  • ölçüsü kiçikdir
  • funksional rezervləri azdır
  • ciddi zədələnmələri var
  • damar və ya axacaq sistemi uyğun deyil
  • immun riski yüksəkdir

Marginal qreft nə deməkdir?

Qreft standart kriteriyalara görə uyğun deyil, lakin məcburi vəziyyətlərdə istifadə edilə bilər

Hansı qreftlər marginal hesab olunur?

  • Donor yaşı ˃60-65
  • Diabeti və hipertenziyası olan donor qreftləri
  • Ürək dayanması olan donor qreftləri
  • Soyuq işemiya müddətini aşmış qreftlər
  • Müəyyən xəstəlikləri və zədələnmələri olan qreftlər
  • Qan qrupu və ya digər immunoloji testlərdə uyğunsuzluq olan donorların qrefti