Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

DƏRİN VENALARIN KƏSKİN TROMBOZU

Səbəbləri

Damar divarının, qan axınının və qanın tərkibinin dəyişilikləri ilə bağlı inkişaf edir:

  • Venanın sıxılması və yaxud qan durğunluğu (hərəkətsizlik, travma, artıq çəki, uzunmüddətli yataq rejimi, cərrahi əməliyyat, iflic, uzun məsafəyə səyahətlər);
  • Anadangəlmə hiperkoaqulyasion vəziyyətlər ( V Leyden faktorunun mutasiyası, protein C, protein S, antitrombin yetərsizliyi);
  • Həyatda qazanılmış hiperkoaqulyasion hallar (cərrahi əməliyyat, bəd xassəli şişlər, polisitemiya, siqaret çəkmə, hormonal terapiya, dehidratasiya);

Proqnozu

Bəzən asimptomatik, subklinik gedişi ilə səciyyələnən baldır venalarının   trombozundan fərqli olaraq kəskin iliofemoral tromboz daha ağır dəyişiliklər, hətta venoz qanqrena (flegmaziya serulae dolens) ilə nəticələnə bilir.

 

Klinikası

  • Özünü klinik olaraq büruzə verməyə bilər
  • Lokal venoz durğunluğun əlamətləri:
    • ətrafın şişməsi (ödem);
    • ağrı;
    • qızartı və istilik.
  • ltihab prosesi nəticəsində yaranan subfebrilitet və taxikardiya
  • Homan əlaməti - pəncəni arxaya bükdükdə baldırda ağrının yaranması və yaxud palpasiya zamanı baldırın ağrılı olması.

 

Fəsadlar

  • Ağciyər arteriyasının tromboemboliyası;
  • Venoz qanqrena (fleqmaziya serulae dolens).

 

Diaqnostikası

Diaqnostik proseduralar yalnız trombun mövcudluğunu təsdiq etmək üçün yox, həmçinin onun emboliya törətmək riskini qiymətləndirmək üçün istifadə olunur:

  • Dupleks ultrasəs müayinəsi: seçimdən asılı olaraq müayinə aparılır. Anatomik dəyişiliklərin vizualizasiyası, trombozun lokalizasiyası, yayılması və eləcə də flotasiya etməsini müəyyən etmək üçün istifadə olunur. Müayinənin nəticələrinin dürüstlüyü venanın sıxılma dərəcəsi, qan axınının xarakteri, eləcə də  tədqiqatçının peşəkarlıq səviyyəsindən çox asılıdır. Baldırın  dərin venalarının  trombozlarında nisbətən az həssaslığa malikdir.
  • Ağciyərin ventilyasion perfuzion skaneri pulmonar embolizmi müəyyən etmək üçün istifadə olunur.
  • Ağciyərin KT angioqrafiyası: təhlükəsizdir, daha yüksək həssaslığa və spesifikliyə malikdir.
  • Qalxan fleboqrafiya: hal-hazırda nadir hallarda istifadə olunur.

Müalicə və profilaktikası

Konservativ tədbirlər

  • Trombun flotasiya etməsi Dupleks müayinəsi ilə inkar edilənə qədər ciddi yataq rejimi gözlənilməli, inkar edildikdən sonra antikoaqulyant  və kompression terapiya fonunda xəstəni aktivləşdirmək;
  • Dehidratasiyanı aradan qaldırmaq.

Fəsadlaşmamış DVT-lərdə - aşağı molekullu heparinlər (enoksaparin, dalteparin, nadroparin)  təyin edilir (əvvəlcə xəstəxanada, sonra isə ambulator olaraq). Sonra isə varfarin və yaxud ksareltonun per os qəbuluna (adətən 3-6 ay, bəzən göstərişlərlə daha artıq) keçilir. Aşağı molekullu heparinlər fraksiya olunmamış heparindən əhəmiyyətli dərəcədə üstünlüklərə malik olub, hal-hazırda kəskin venoz trombozun müalicəsində seçim preparatı sayılır.

Fəsadlaşmış DVT-lərdə - müalicə intravenoz yeridilən fraksiya olunmamış  heparin və yaxud dəri altına vurulan aşağı molekullu heparinlə başlanılır, sonra isə varfarin və yaxud ksareltoya  keçilir. Heparinin başlanğıc dozasını müəyyən etmək üçün xəstənin çəkisinin 450 vahidə vurub, alınan rəqəmi dərialti inyeksiyaların sayına bölmək lazımdır (gündə 3 dəfə optimal sayılır). Son vaxtlar dozatorla-infuzomatla venadaxili fasiləsiz infuziyalara üstünlük verilir və orta çəkili pasient üçün təxmini doza 1000 vah/saat təşkil edir.

 

Cərrahi müalicə

  • Venoz qanqrena ilə fəsadlaşmış kəskin trombozlarda trombolizis və yaxud cərrahi trombektomiya icra edilir.
  • Ağ ciyər arteriyasının tromboemboliyasının qarşısını almaq üçün aşağı boş venaya infrarenal olaraq kava-filtr implantasiya edilir və yaxud onun plikasiyası icra edilir.
  • Magistral venaların (səthi bud venası, daxili qalça venası) bağlanması.
  • Radikal trombektomiya və regionar trombolitik terapiya.

Kava-filtr implantasiyasına göstərişlər:

  • flotasiyaedən iliofemoral və yaxud iliokaval tromb (cərrahi əməliyyata əks göstəriş olduqda);
  • müalicə aparılmasına baxmayaraq ağ ciər arteriyasının təkrar tromboemboliyası;
  • ağciyər arteriyası kötüyünün emboliyası;
  • yüksək DVT riski və təcili cərrahi əməliyyata göstərişlər.

Kava-filtr implantasiyasının fəsadları:

  • aşağı boş venanın okklüziyası
  • renal venaların və filtrin özünün trombozu

 

Özət

Dərin venaların kəskin trombozunun əsas səbəbləri  damar divarının, qan axınının və qanın tərkibinin dəyişilikləri ilə bağlıdır: venanın sıxılması, anadangəlmə və qazanılma hiperkoaqulyasion vəziyyətlər. Klinik olaraq bəzən asimptomatik olsalar da, lokal venoz durğunluq əlamətləri (ödem, ağrı, qızartı, şişkinlik), iltihab əlamətləri (subfebril temperatur, taxikardiya), Homan əlaməti ilə büruzə verə bilir. Əsas olaraq ağciyər arteriyası tromboemboliyası, venoz qanqrena kimi fəsadlar verə bilər. Diaqnostikasında dupleks USM, ağciyərin ventilyasion perfuzion skaneri, ağciyərin KT angioqrafiyası, qalxan fleboqrafiya istifadə olunur. Müalicə məqsədilə konservativ (ciddi yataq rejimi, antikoaqulyant və komperssion terapiya) və cərrahi (tromboektomiya, kava-filtr implantasiyası, magistral venaların bağlanması, regionar trombolitik terapiya) üsullar istifadə edilə bilər.

 

Dərin venaların kəskin trombozu üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Səbəbləri nələrdir?

  • Venanın sıxılması və yaxud qan durğunluğu
  • Anadangəlmə hiperkoaqulyasion vəziyyətlər
  • Qazanılmış hiperkoaqulyasion hallar

Proqnozu nədir?

Venoz qanqrena, ağciyər arteriyasının tromboemboliyası ilə nəticələnə bilir

Klinik əlamətləri nələrdir?

  • Asimptomatik
  • Lokal venoz durğunluğun əlamətləri:
    • ətrafın şişməsi (ödem);
    • ağrı;
    • qızartı və istilik.
  • Bəzən subfebrilitet və taxikardiya
  • Homan əlaməti

Homan əlaməti nədir?

Pəncəni arxaya bükdükdə baldırda ağrının yaranması və yaxud palpasiya zamanı baldırın ağrılı olması

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

  • Dupleks USM – baldırın dərin vena trombozlarında az həssasdır
  • Ağciyərin ventilyasin-perfuzion skaneri – pulmonar embolizmin təyini
  • Ağciyər KT-angioqrafiyası
  • Qalxan fleboqrafiya

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Cərrahi

Konservativ müalicə tədbirləri nələrdir?

  • Ciddi yataq rejimi – trombun foltasiyası inkar edilənə qədər
  • Antikoaqulyant terapiya
  • Kompression terapiya
  • Rehidratasiya

Cərrahi müalicə üsulları nələrdir?

  • Cərrahi trombektomiya
  • Aşağı boş venaya infrarenal kava-filtr implantasiyası
  • Magistral venaların bağlanması
  • Radikal tromboektomiya və regionar trombolitik terapiya

Kava-filtr implantasiyasına göstərişlər hansılardır?

  • iliofemoral və ya iliokaval flotasiya edən tromb (cərrahi əməliyyata əks göstəriş olduqda)
  • müalicə aparılmasına baxmayaraq  ağciyər arteriyasının təkrar tromboemboliyası
  • ağciyər arteriyası kötüyünün emboliyası
  • yüksək DVT riski və təcili cərrahi əməliyyata göstərişlər

Kava-filtr implantasiyasının  fəsadları nələrdir?

  • Aşağı boş vena okkluziyası
  • Renal venaların okkluziyası
  • Filtrin trombozu

Diaqnostikada hansı müayinələrdən istifadə edilir?

  • Rəngli Doppler müayinəsi
  • Angioqrafiya
  • MRT

Müalicə üsulları hansılardır?

  • Revaskulyarizasiya – ilk seçim
  • Endovaskulyar müalicə
  • Cərrahi müalicə
    • Femoro-distal şuntlama
    • Amputasiya