Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

VARİKOZ XƏSTƏLİYİ

Aşağı ətrafların venoz sistemi 3 qrup venalardan ibarətdir:

  • Səthi: böyük və kiçik dərialtı venalar və onların şaxələri;
  • Dərin: əzələlər arasında yerləşən magistral venalar;
  • Perforant: səthi və dərin sistemi birləşdirir.

Qan səthi sistemdən dərin sistemə safeno-femoral, safeno-popliteal birləşmələr və perforantlar vasitəsi ilə keçir.Burada əsas rolu distaldan proksimala doğru ancaq bir istiqamətdə fəaliyyət göstərən qapaqlar oynayır.

Tərifi

Varikoz venalar normal venaların genişlənməsi və qıvrılmış şəklə düşməsindən ibarətdir.

 

Rast gəlməsi

Əhalinin 20-30% -ə qədəri varikoz xəstəliyindən əziyyət çəkir. Qadın kişi nisbəti - 9:1.

 

Təsnifatı

Formasına görə

  • Sapşəkilli venalar - dəridaxili (intradermal) venaların genişlənməsidir (hormonal faktorlarla bağlı ola bilər);
  • Alov dili şəklində - topuq ətrafınfda olur və baldır perforantlarının qapaq çatışmazlığı ilə əlaqədardır;
  • Silindrşəkilli – böyük və kiçik dərialtı venalar boyunca olur.
  • Venoz malformasiyalar –  anadangəlmə olur (Klippel-Trenon sindromu)

 

Səbəbləri

Polietioloji xəstəlik olub, bir çox amillərin, xüsusilə də - yaş, irsiyyət, cins, çoxsaylı hamiləliklər, işin xarakteri və hipodinamiya kimi faktorların qarşılıqlı təsirindən yaranır. Son nəticədə varikozun yaranmasının birbaşa səbəbi qapaq çatmazlığı olur. Əsasən idiopatikdir.

İkincili olaraq yaranmasına səbəb olur:

  • Çanaqdaxili təzyiqin yüksəlməsi (hamiləlik, uşaqlığın fibromiomaları, yumurtalığın sistləri, pelvik şişlər və s.);
  • Çanaqdaxili venaların anamoliyaları, çanaq orqanları üzərində cərrahi əməliyyatlar və yaxud şüa terapiyasından sonra, keçirilmiş ileo-femoral tromboz.

 

Klinik xüsusiyyətləri

Simptomları

  • Ağrı
  • Qaşınma
  • Ağırlıq hissi
  • Şişkinlik
  • Ödem
  • Qıcolma
  • Günün sonunda və yaxud isti havalarda pisləşmə

 

Fəsadları

  • Ekzema
  • Ekskoriasiya
  • Flebit
  • Lipodermatoskleroz
  • Trofiki dəyişiliklər və xoralar
  • Qanaxma
  • Tromboz
  • Tromboflebit

 

Diaqnostikası

Ümumi baxış

  • Genişlənmiş və qıvrılmış səthi venalar
  • Ödem
  • Ekzema
  • Lipodermatoskleroz
  • Adətən baldırın medial səthində açıq və ya çapıqlaşmış xora(lar)

Funksional sınaqlardan bu gün az da olsa istifadə olunan öskürək sınağıdır. Pasientin vertikal vəziyyətində öskürmə aktında qanın retroqrad hərəkəti safeno-femoral və yaxud safeno-popliteal birləşmədə həkimin taktil hissiyatına əsasən təyin edilir.

Əsas instrumental müayinə üsulu ultrasəs Doppleroqrafiyası və angioskandır (dupleks və yaxud tripleks angioskan müayinəsi). Bu müayinə reflüksün mənbəyini və yayılmasını, dərin və səthi vena divarları və qapaqlarının vəziyyətini, qan axının xarakterini və sürətini qiymətləndirmək imkanı verir. Daha çox B-rejim (qara-boz-ağ təsvir) və dupleks rejimindən (+qan axınının rəngli kodlanması) istifadə olunur.

 

Əsas məqsəd

  • Klinik diaqnozun təsdiqi;
  • Endovaskulyar ablasiya və yaxud skleroterapiya metoduna göstərişi müəyyən etmək;
  • Əməliyyatdan əvvəl varikoz venaları və zədələnmiş perforantları işarə etmək;
  • Endovaskulyar və başqa mini-invaziv müdaxilələr zamanı, həmçinin onun icrasından sonrakı dövrdə dinamik nəzarət.

 

Müalicəsi

Konservativ müalicə

  • Mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya;
  • Köpük skleroterapiyası (sadə, exoskleroterapiya);
  • Kompression terapiya.

Cərrahi müalicə

  • Lokal flebektomiya (genişlənmiş venanın tək-tək xaric edilməsi), mini flebektomiya;
  • Safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması(krossektomoiya);
  • Böyük/kiçik dərialtı venanın xaric edilməsi (strippinq);
  • Baldır nahiyəsində perforantların bağlanması (n.saphenous-un zədələnmə ehtimalını unutmamaq);
  • Perforantların subfassial endoskopik liqaturaya alınması;
  • Endovaskulyar müalicə.

 

Müalicəyə göstərişlər

  • Kosmetik;
  • Venoz kötük və yaxud sapvari venalar-mikroskleroterapiya, lazer və ya fotodinamik terapiya;
  • Qapaq yetməzliyi olmayan varikozlar: skleroterapiya, kompression trikotaj, köpük skleroterapiyası, xaric edilməsi.
  • Qapaq yetməzliyi olan varikozlar: safeno-femoral birləşmənin bağlanması (krossektomiya), böyük dərialtı venanın strippinqi və miniflebektomiya
  • Kiçik dərialtı venanın varikozunda safeno-popliteal birləşmənin bağlanması, venanın strippinqi
  • Baldır perforantlarının yetməzliyində venanın subfassial endoskopik bağlanması.

Sadalanan üsulların bir çoxu son illər sivil dünyada çox az və yaxud tamamilə  istifadə olunmur.

 

Endovaskulyar müalicə üsulları

Müasir, az invaziv müalicə üsulları olub kəsiksiz, qansız, ağrısız və narkozsuz icra edilir:

  • Endovenoz lazer ablasiyası;
  • Radiotezlikli dalğalarla ablasiya;
  • Buxarla ablasiya;
  • Mexanokimyəvi ablasiya;
  • Kimyəvi vasitələrlə obliterasiya (Biolas, Vena Seal sistemləri);

Residiv: yanlış dəyərləndirmə, klassik cərrahi əməliyyat, eləcə də neovaskulyarizasiya ilə əlaqədar yenidən yarana bilir.

Fəsadlar:

  • Qansızma
  • Residiv (klassik əməliyyatlardan sonra 20% ətrafında)
  • Qanaxma
  • Yara infeksiyası (əsasən qasıq nahiyəsindəki kəsikdə)
  • Paresteziya (n.saphenous-un zədələnməsi)

Özət

Varikoz venalar normal venaların genişlənməsi və qıvrılmış şəklə düşməsindən ibarətdir. Əhalinin 20-30%-ə qədəri varikoz xəstəliyindən əziyyət çəkir. Formasına görə sapşəkilli, alov dili şəklində, silindr şəkilli, forma müxtəlifliyinə görə kombinə olunmuş, pilləli, müştərək formaları vardır. Polietioloji xəstəlik olub, bir çox risk amillərinin təsirindən yaranır. Birbaşa səbəbi isə qapaq çatmazlığıdır. Əsas klinik əlamətləri ağrı, qaşınma, ağırlıq hissi, şişkinlik, ödem, qıcolmadır. Ekzema, ekskoriasiya, flebit, lipodermatoskleroz, trofiki dəyişiliklər və xoralar, qanaxma, tromboz, tromboflebit kimi fəsadlar törədə bilər. Diaqnostikasında klinik müayinə, öskürək sınağı, US Doppleroqrafiya və angioskan istifadə edilir. Müalicəsində konservativ (mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya, köpük skleroterapiyası, kompression terapiya) və cərrahi üsullardan istifadə edilə bilir. Cərrahi üsullara lokal flebektomiya, safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması, böyük/kiçik dərialtı venanın xaric edilməsi, baldır nahiyəsində perforantların bağlanması, perforantların subfassial endoskopik liqaturaya alınması aiddir. Son zamanlar əsasən endovaskulyar müalicə üsullarından (endovenoz lazer ablasiyası, radiotezlikli dalğalarla ablasiya, buxarla ablasiya, mexanokimyəvi ablasiya, kimyəvi vasitələrlə obliterasiya) istifadə edilir

Varikoz xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Varikoz xəstəliyin risk faktoru nələrdir?

Yaş, irsiyyət, cins, çoxsaylı hamiləliklər, işin xarakteri və hipodinamiya

İkincili olaraq varikoz xəstəliyinin hansı səbəbləri var?

  • Çanaqdaxili təzyiqin yüksəlməsi
  • Çanaqdaxili venaların anomaliyaları
  • Çanaq orqanları üzərində cərrahi əməliyyatlar və yaxud şüa terapiyası
  • Keçirilmiş ileo-femoral tromboz

Klinik əlamətləri nələrdir?

  • Ağrı
  • Qaşınma
  • Ağırlıq hissi
  • Şişkinlik
  • Ödem
  • Qıcolma
  • günün sonunda və yaxud isti havalarda pisləşmə

Varikoz xəstəliyinin hansı fəsadları ola bilər?

  • Ekzema
  • Ekskoriasiya
  • Flebit
  • Lipodermatoskleroz
  • Trofiki dəyişiliklər və xoralar
  • Qanaxma
  • Tromboz və tromboflebitlər

Diaqnostikasında hansı müayinə üsullarından istifadə olunur?

  • Ümumi baxış
  • Funksional sınaqlar – öskürək sınağı
  • US Doppleroqrafiyası
  • Angioskan

Öskürək sınağı necə aparılır?

Pasientin vertikal vəziyyətində öskürmə aktında qanın retroqrad hərəkəti safeno-femoral və yaxud safeno-popliteal birləşmədə həkimin taktil hissiyatına əsasən təyin edilir.

Diaqnostikasında əsas məqsəd nədir?

  • Klinik diaqnozun təsdiqi
  • Endovaskulyar ablasiya və yaxud skleroterapiya metoduna göstərişi müəyyən etmək
  • Əməliyyatdan əvvəl varikoz venaları və zədələnmiş perforantları işarə etmək
  • Endovaskulyar və başqa mini-invaziv müdaxilələr zamanı, həmçinin onun icrasından sonrakı dövrdə dinamik nəzarət

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Endovaskulyar
  • Cərrahi

Konservativ müalicə üsulları hansılardır?

  • Mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya
  • Köpük skleroterapiyası (sadə, exoskleroterapiya)
  • Kompression terapiya

Cərrahi müalicə üsulları hansılardır?

  • Lokal flebektomiya (mini flebektomiya)
  • Safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması (krossektomiya)
  • Böyük/kiçik dərialtı venanın xaric edilməsi (strippinq)
  • Baldır nahiyəsində perforantların bağlanması
  • Perforantların subfassial endoskopik liqaturaya alınması

Endovaskulyar müalicə üsulları hansılardır?

  • Endovenoz lazer ablasiyası
  • Radiotezlikli dalğalarla ablasiya
  • Buxarla ablasiya
  • Mexanokimyəvi ablasiya
  • Kimyəvi vasitələrlə obliterasiya (Biolas, Vena Seal sistemləri)