Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

KAROTİD XƏSTƏLİYİ

Tərifi

Karotid xəstəliyi yuxu arteriyasının daralması və ya tıxanması nəticəsində beyin qan dövranı pozulmasıdır.

 

Rast gəlməsi

Serebro-vaskulyar pozğunluqlar bir çox Avropa ölkələrində koronar patologiya və bəd xassəli şişlərdən sonra ölümün üçüncü səbəbi sayılır. Serebro-vaskulyar hadisələr hər 1000 nəfərdən 2-də baş verir. Hər il dünyada 30 mln insult, onların arasında isə 5 mln ölüm qed edilir.

 

Patofiziologiyası

Baş beyində inkişaf edən işemik dəyişiliklərin əsasında 2 mexanizm dayanır:

  • arteriya mənfəzinin tədricən daralması ilə əlaqədar beyin qan dövranının artan reduksiyası;
  • trombotik kütlələr və yaxud aterosklerotik yastıqların hissəcikləri ilə beyin damarlarının arterio-arterial embolizasiyası.                                 

Ateromatoz yastıqlar (plaklar) ümumi yuxu arteriyasının bifurkasiyasında yaranır və sonra daxili yuxu arteriyasının mənfəzi boyunca yayılır. Aterosklerotik yastıqlardan qopan embolların miqrasiyası sayəsində distal damarların okkluziyası baş verir.

Səbəbləri

Beyin damarlarında gedən dəyişiliklərin səbəbləri öz xarakterinə görə 4 qrupa bölünür:

  • okkluziyaedici xəstəliklər;
  • patoloji qıvrılmalar və deformasiyalar;
  • ekstravazal kompressiya;
  • yuxu arteriyalarının laylanması.

Risk faktorları

  • Hipertenziya
  • Hiperxolesterinemiya
  • Siqaretçəkmə

 

Klinikası

Karotid xəstəliyi aşağıdakılarla müşayiət oluna bilər:

  • Amarozis fuqas (keçici ipsilateral görmə itirilməsi) - gözə pərdənin enməsi kimi təsvir olunur. Bir neçə saniyə və yaxud dəqiqə ərzində mərkəzi retinal arteriyada qan təchizatının azalması ilə əlaqədar olur
  • Tranzitor işemik tutma (TİT) - beyin qan dövranının pozulmasının başlanğıc forması olub, 24 saat ərzində yerli (ocaq) və yaxud ümumi beyin əlamətləri ilə özünü büruzə verir.
  • TİT simptomlarının kəskinləşməsi - trombositlərin aqreqasiyasının artmasının və kiçik embolizasiyanın olmasının göstəricisi sayılır.
  • İnsult - geridönməz nevroloji defisitin qəflətən başlanmasıdır.
  • Beyin infarktı

Ağırlaşmalar

  • Kardiak işemiya
  • Kranial sinir zədələnməsi – 2-7% hallarda (qayıdan qırtlaq və hipoqlossal)
  • Tənəffüs yolu ilə əlaqəli və ya əlaqəsiz hematoma
  • Hipertenziya və ya hipotenziya
  • Perioperativ insult
  • Təkrari stenoz - 1-20% hallarda

Diaqnoz və müayinələr

Erkən diaqnostika

Karotid zona işemiya əlamətləri olanlarda və 65 yaşdan yuxarı şəxslərdə aşağıdakılardan biri varsa karotid xəstəliyi üçün kontrol müayinələr aparılmalıdır:

  • Koronar arteriya xəstəliyi
  • Siqaretçəkmə
  • Hiperxolesterinemiya

 

Laborator müayinələr

  • Qanın ümumi analizi
  • Elektrolitlər, BUN, kreatinin
  • Lipid profili
  • İNR, APTZ

 

İnstrumental müayinələr

Dupleks USM

Son 6 ay ərzində TİT və iflc keçirmiş bütün xəstələrə bu müayinənin aparılması  göstərişdir. Bu üsulun köməyi ilə karotid arteriyanın daralması qiymətləndirilir.

Arterioqrafiya

Stenozun yerini, dərəcəsini qiymətləndirməyə imkan verir. 1-2 % hallarda insult törətmə riski var.

Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyası 

Baş beynin struktur pozğunluqları, işemik ocağın lokalizasiya və həcmi, həmçinin onun xarakteri və yaranma müddəti (ödem, infarkt zonası, çapıq, kista, qansızma, şiş) barəsində məlumat verir.

EKQ

Miokard infarktı və kardiak işemiya əlamətləri olduqda aparılması mütləqdir. Karotid endarterektomiyalardan sonra əsas ölüm səbəbi miokard infarktıdır.

 

Müalicəsi

Konservativ müalicə

  • Risk faktorlarının aradan qaldırılması
  • Aspirin 30-1350 mg/gün – TİT, insult, ölüm hallarını azaldır
  • Tiklopidin 250 mg/12saat – aspirindən daha effektlidir, lakin neytropeniya və diarreya törədə bilər
  • Klopidogrel – neytropeniya törətmə ehtimalı daha azdır
  • Varfarin

 

Cərrahi müalicə

 

Karotid endarterektomiya -  arteriya mənfəzindən ateromatoz kütlənin çıxarılmasıdır.

Əməliyyata göstərişlər aşağıdakılardır:

  • Simptomatik xəstələrdə stenoz 70%-dən yuxarı olduqda;
  • Asimptomatik xəstələrdə stenoz 60%-dən artıq olduqda;
  • Son 3 ayda TİT simptomları və ya kiçik insult keçirən xəstələr.

Əks göstərişlər:

  • Serebral infarktdan sonra nevroloji defisit olan xəstələr;
  • Okkluziya olunmuş karotid arteriyası olan xəstələr;
  • Yaşam müddətinə təsir edəcək yanaşı xəstəliyi olan xəstələr.

Karotid angioplastika və stentləmə

Əməliyyata göstərişlər aşağıdakılardır:

  • Simptomatik xəstələrdə stenoz 70%-dən yuxarı olduğu halda karotid endarterektomiya üçün yüksək risk olduqda;
  • Asimptomatik xəstələrdə stenoz 80%-dən artıq olduğu halda karotid endarterektomiya üçün yüksək risk olduqda;

Arteriyanın protezlənməsi - daxili yuxu arteriyasının okkluziv zədələnməsinin 3 sm-dən artıq uzunluqda olduğu hallarda icra edilir. Transplantat kimi böyük dərialtı vena və yaxud 6mm diametrli sintetik protezdən (PTFE-dən) istifadə olunur.

Ekstra-intrakranial anastomozların qoyulması - daxili yuxu arteriyasının bütün gedişi boyu olan total okkluziyalarında, intrakranial sementinin stenozunda, orta beyin arteriyasının stenoz və okkluziyalarında ekstra- və intrakranial sistemlər arasında yaradılan anastomoz növüdür.

Stentin qoyulması - daralmış damarın mənfəzinə karkas rolunu oynayan, nazik məftildən toxunmuş silindrşəkilli konstruksiyanın implantasiyasından ibarət olub, son zamanlar bütün dünyada geniş yayilmaqdadır. Bunun üçün bud və yaxud yuxarı ətraf arteriyası vasitəsi ilə daralmış nahiyəyə ucunda balonu olan kateter yeridilir, damarın mənfəzi genişləndirilir  və sonda oraya stent yerləşdirilir. Prosedura yerli anesteziya altında, angioqrafiyanın müşayiət ilə icra edilir. Stentləmə əməliyyatına göstərişlər  əsasən arteriyaların kiçik ölçülü daralmaları olub, başqa  cərrahi üsullardan özünün azinvazivliyi və yüksək effektliyi seçilir.

Texniki incəliklər

  • Ön-çəp sternomastoid kəsiklə damarlar mobilizə edildikdə beyin qan dövranının vəziyyətinə nəzarət etmək;
  • Pasient ayıq olduqda, yuxu arteriyasına sıxıcı qoymamışdan əvvəl venadaxilinə heparin yeritmək;
  • Beyin qan dövranının ağır formalı pozğunluqlarında Villiz qan dövranında adekvat perfuziyanı saxlamaq (şunt qoymaq və s.);
  • Art.serebri media sistemində qan dövranına daimi Doppler nəzarəti etmək;
  • Damar divarının defektini dakron protez materialla bağlamaq;
  • Cərrahi əməliyyatdan sonra xəstənin arterial təzyiqinin monitorinqini aparmaq.

 

Fəsadlar

  • Ölüm və yaxud əlilliyə səbəb olan iflic (1-2%);
  • Sağalma ehtimalı yüksək olan kiçik iflic (3-6%);
  • Miokard infarktı;
  • Yarada hematoma;
  • Kəllə sinirlərinin zədələnməsi.

 

Özət

Karotid xəstəliyi karotid arteriyanın daralması və ya tıxanması nəticəsində beyin qan dövranı pozulmasıdır. Xəstəliyin əsas səbəbləri okkluziyaedici xəstəliklər, pataloji qıvrılmalar və deformasiyalar, ekstravazal kompressiya, yuxu arteriyalarının laylanması kimi patologiyalardır. Klinik olaraq nevroloji əlamətlərlə (bir yaxud hər iki gözdə görmənin itməsi, internal kapsular iflic, hemianopia) büruzə verir. Diaqnostikasında rəngli dupleks, KT, MRT müayinələrindən istifadə olunur. Müalicəsi isə konservativ (antiaqreqantlar, statinlər, qanda qlükoza və arterial təzyiqinin optimallaşdırılması, siqareti atmaq) və cərrahi üsullarla (karotid endarterektomiya, arteriyanın protezlənməsi, ekstra-itrakranial anastomozların qoyulması, stent qoyulması) ola bilər.

Karotid xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Karotid xəstəliyi nədir?

Karotid arteriyanın daralması və tıxanması nəticəsində beyin qan dövranı pozulmasıdır.

Baş beyində işemiya törədən səbəblər hansılardır?

  • okkluziyaedici xəstəliklər;
  • patoloji qıvrılmalar və deformasiyalar;
  • ekstravazal kompressiya;
  • yuxu arteriyalarının laylanması.

Karotid xəstəliyi hansı əlamətlərlə müşayiət oluna bilər?

  • Amarozis fuqas (keçici ipsilateral görmə itirilməsi)
  • Tranzitor işemik tutma (TİT)
  • TİT simptomlarının kəskinləşməsi
  • İnsult
  • Beyin infarktı

Diaqnostikasında hansı müayinə üsullarından istifadə olunur?

  • Rəngli duppleks müayinəsi
  • Arterioqrafiya
  • KT-angioqrafiya
  • MRT - angioqrafiya

Diaqnostikasında qızıl standart hansı müayinə hesab olunur?

Arterioqrafiya

Hansı müalicə üsulları var?

  • Risk faktorlarının aradan qaldırılması
  • Konservativ
  • Cərrahi

Cərrahi müalicə üsulları hansılardır?

  • Karotid endartektomiya
  • Arteriyanın protezlənməsi
  • Ekstra-intrakranial anastomozların qoyulması
  • Stentləmə

Asimptomatik xəstələrdə karotid endarterektomiya üçün göstərişlər nələrdir?

Karotid arteriya stenozu ˃60%

Simptomatik xəstələrdə karotid endarterektomiya üçün göstərişlər nələrdir?

Karotid arteriya stenozu ˃70%

Karotid endarterektomiyadan sonra hansı ağırlaşmalar müşahidə edilə bilər?

  • Baş beyin insultu
  • Miokard infarktı
  • Yara infeksiyası
  • Qanaxma
  • Hipo-/hipertenziya
  • Tromboz
  • Kəllə sinirləri zədələnməsi