Bir çox sistem xəstəlikləri vazospazmla müşayiət olunur.
Səbəbləri
- Revmatoloji xəstəliklər - autoimmun proseslərlə əlaqədar olur:
- Sistem skleroz;
- Sistem qırmızı qurdeşənəyi;
- Revmatoid artrit;
- Dermatomiozit;
- Polimiozit.
- Nevroloji xəstəliklər:
- Reflektor simpatik distrofiya;
- Posttravmatik vazospazm;
- Vibrasion solğun barmaqlar
- İdiopatik:
- Reyno sindromu
Reyno fenomeni
Tərifi
Reyno xəstəliyi və Reyno sindromu Reyno fenomeninin 2 növü olub, simptomlarının oxşarlığına baxmayaraq bir-birindən fərqlənirlər.
Reyno xəstəliyi (birincili Reyno fenomeni) daha çox rast gəlinir (90% hallarda) və başqa xəstəliklərdən asılı olmayaraq inkişaf edir.
Reyno sindromu (ikincili Reyno fenomeni) isə müxtəlif xəstəliklərin fəsadı kimi inkişaf edir.
Reyno fenomeni vazospastik xəstəliklərə aid olub, əsasən kiçik arteriya və arteriolaların zədələnməsi ilə səciyyələnən angiotrofonevrozdur. İlk dəfə olaraq fransız həkim Moris Reyno (A.G.Maurice Raynaud ) tərəfindən 1862-ci ildə təsvir edilmişdir. Xəstəlik əsasən irsi olub, daha çox yuxarı ətraf damarlarını zədələyir, bir qayda olaraq simmetrik və ikitərəfli olur.
Rast gəlməsi
Əhali arasında 3-5%, qadınların arasında 20-30% hallarda rast gəlinir. Kişi qadın nisbəti 1:5-6. Daha çox 20-40 yaş arasında olan və miqrendən əziyyət çəkən qadınlarda qeyd edilir.
Risk amilləri
- yuxarı ətrafların tez-tez və uzunmüddətli soyuğun təsirinə məruz qalması;
- endokrin pozğunluqları (qalxanabənzər vəz, cinsi vəzlərin patologiyaları);
- anamnezdə ağır emosional stresslər;
- peşə patologiyası, zərərli istehsalat amilləri(vibrasiya);
- revmatik xəstəliklər, autoimmun pozğunluqlar.
Klinikası
Xəstəliyin klinik inkişafının 3 mərhələsi ayırd edilir:
- Angiospastik (əlin II-V, pəncənin I-III barmaqlarının dırnaq falanqalarında damar spazmı və avazıma; spazm qısa müddət davam edir və sonra damarın genişlənməsi, dərinin qızarması, barmaqların isinməsi ilə əvəz olunur);
- Angioparalitik (əl və barmaqlar göyərir, sianotik rəngdə, ödemli və pastoz olur);
- Trofoparalitik (dırnaq falanqalarında dolama və xoraların, yumşaq toxumalarda səthi nekroz ocaqlarının yaranması, sonra isə yerlərində sağalmayan xoraların qalması).
Diaqnoz və müayinələr
Dəyərləndirmədən 24 saat əvvəl bütün vazoaktiv müalicəni dayandırmaq lazımdır.
Yuxarı ətraf arteriyalarının Doppler müayinəsi və sistolik təzyiqin müxtəlif səviyyələrdə, o cümlədən barmaqlarda təyin edilməsi;
Göstəriş olduqda döş qəfəsinin rentgenoqrafiyası (ekstravazal kompressiyaları inkar etmək üçün) yerinə yetirilir.
Laborator müayinələr
- Qanın analizi
- Sidiyin analizi
- Tiroid testlər
- Plazma sıxlığı
- Revmatoid testlər
- İmmunoloji müayinələr.
Müalicə
Tövsiyyələr
- Siqareti atmaq
- İsti əlcəklərdən istifadə etmək
- Ətrafları soyuqdan qorumaq.
Simptomlar artıb həyat keyfiyyətinə neqativ təsir edirsə medikamentoz müalicə tələb olunur. Kalsium kanalı blokatorları (nifedipin, gündəlik 10-20 mq daxilə) təyin edilir, iloprost bədən çəkisinə müvafiq olaraq və yan təsirləri nəzərə alınmaqla venadaxilinə köçürülür (prostasiklin infuziyası).
Cərrahi müalicə
Simpatektomiya dərman müalicəsi effekt vermədikdə və ikincili fəsadlar - barmaqlarda xoralar yarandıqda istifadə olunur və radikal müalicə sayılmır.
Lumbar simpatektomiya - açıq, laparoskopik və yaxud kimyəvi üsullarla pəncə patalogiyasında işlədilir – effekti qısa müddətlidir.
Servikal simpatektomiya - əsasən endoskopik üsulla icra edilir, effekti zəif olub və yüksək residiv verməyə meyllidir.
Proqnoz
Reyno fenomeni qorxuludurmu? Soyuqla təmas və stress kənar edildikdə Reyno xəstəliyi 99% hallarda təhlükə törətmir, həyat keyfiyyətini ciddi zədələmir.Bununla bərabər Reyno xəstəliyi inkişaf edib qanqrenaya və amputasiyaya səbəb ola bilər.Reyno sindromunun təhlükəsi onu törədən əsas xəstəlikdən asılı olub,ciddi fəsadlarla ağırlaşa bilər.Ona görə də bu xəstəliklərin vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin aparılması müalicənin nəticələrinə müsbət təsir göstərir.
Özət
Bir çox sistem xəstəlikləri vazospazmla müşayiət olunur: revmatoloji xəstəliklər (sistem skleroz, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit, dermatomiozit, polimiozit), nevroloji xəstəliklər (reflektor simpatik distrofiya, posttravmatik vazospazm, vibrasion solğun barmaqlar) və idiopatik (Reyno fenomeni).
Reyno fenomeni Reyno xəstəliyi (birincili Reyno fenomeni) və Reyno sindromu (ikincili Reyno fenomeni) anlayışlarını əhatə edir. Reyno fenomeni vazospastik xəstəliklərə aid olub, əsasən kiçik arteriya və arteriolaların zədələnməsi ilə səciyyələnən angiotrofonevrozdur. Xəstəlik əsasən irsi olub, daha çox yuxarı ətraf damarlarını zədələyir, bir qayda olaraq simmetrik və ikitərəfli olur. Daha çox 20-40 yaş arasında olan və miqrendən əziyyət çəkən qadınlarda rast gəlinir. Risk amillərinə yuxarı ətrafların tez-tez və uzunmüddətli soyuğun təsirinə məruz qalması, endokrin pozğunluqları, anamnezdə ağır emosional stresslər, peşə patologiyası, zərərli istehsalat amilləri, revmatik xəstəliklər, autoimmun pozğunluqlar aiddir. Xəstəliyin klinik inkişafının 3 mərhələsi ayırd edilir: angiospastik (damar spazmı və avazıma; spazm qısa müddət davam edir və sonra damarın genişlənməsi, dərinin qızarması, barmaqların isinməsi ilə əvəz olunur), angioparalitik (əl və barmaqlar göyərir, sianotik rəngdə, ödemli və pastoz olur), trofoparalitik (dırnaq falanqalarında dolama və xoraların, yumşaq toxumalarda səthi nekroz ocaqlarının yaranması, sonra isə yerlərində sağalmayan xoraların qalması). Diaqnostika üçün dəyərləndirmədən 24 saat əvvəl bütün vazoaktiv müalicəni dayandırmaq lazımdır. Müayinə üsullarından yuxarı ətraf arteriyalarının Doppler müayinəsi və sistolik təzyiqin müxtəlif səviyyələrdə, o cümlədən barmaqlarda təyin edilməsi, göstəriş olduqda döş qəfəsinin rentgenoqrafiyası yerinə yetirilir. Laborator müayinələrdən qanın analizi, sidiyin analizi, tireoid testlər, plazma sıxlığı, revmatoid testlər, immunoloji müayinələr diaqnostik əhəmiyyət daşıyır. Müalicə məqsədilə ilk olaraq siqareti atmaq, isti əlcəklərdən istifadə etmək, ətrafları soyuqdan qorumaq məsləhət görülür. Simptomlar artıb həyat keyfiyyətinə neqativ təsir edirsə medikamentoz müalicə (Ca kanalı blokatorları, prostasiklin infuziyası) təyin edilir. Dərman müalicəsi effekt vermədikdə və ikincili fəsadlar - barmaqlarda xoralar yarandıqda cərrahi müalicə üsullarından (simpatektomiya – lumbar və ya servikal) istifadə edilir. Soyuqla təmas və stress kənar edildikdə Reyno xəstəliyi 99% hallarda təhlükə törətmir, həyat keyfiyyətini ciddi zədələmir. Bununla bərabər Reyno xəstəliyi inkişaf edib qanqrenaya və amputasiyaya da səbəb ola bilər. Ona görə də bu xəstəliklərin vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin aparılması müalicənin nəticələrinə müsbət təsir göstərir.
Vazospastik xəstəliklər üzrə suallar
N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Vazospastik xəstəliklərin əsas səbəbləri hansılardır? |
Revmatoloji xəstəliklər - autoimmun proseslərlə əlaqədar olur:
Nevroloji xəstəliklər:
İdiopatik:
|
|
Reyno fenomeni nədir? |
Əsasən kiçik arteriya və arteriolaların zədələnməsi ilə səciyyələnən angiotrofonevrozdur. |
|
Reyno sindromu və reyno xəstəliyinin fərqi nədir? |
Reyno xəstəliyi - birincili Reyno fenomeni, Reyno sindromu isə ikincili Reyno fenomenidir |
|
Əsas risk faktorları hansılardır? |
|
|
Hansı klinik mərhələləri var? |
|
|
Diaqnostikasında hansı müayinələrdən istifadə olunur? |
|
|
Diaqnozun dəqiqləşdirilməsi üçün hansı laborator müayinə üsullarından istifadə edilir? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Konservativ müalicə üsullarına nələr aiddir? |
|
|
Reyno fenomeni qorxuludurmu? |
Nəzarət edildikdə 99% hallarda təhlükə törətmir, lakin inkişaf edib qanqrenaya və amputasiyaya səbəb ola bilər. |