Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

ANEVRİZMALAR

Tərifi

Anevrizma - damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir.

 

Səbəbləri

Anevrizma damar divarında olan  kollagen və elastin liflərinin normal nisbətinin patoloji şəkildə dəyişməsi ilə əlaqədar baş verir. Multifaktorial xəstəlik hesab olunur.

Risk faktorları:

  • Arterial hipertenziya
  • Ateroskleroz
  • Siqaret çəkmə
  • Travma – yüksək sürətli nəqliyyat qəzaları və yüksəklikdən yıxılma hallarında
  • Marfan sindromu – autosom-dominant yolla ötürülən, fibrillin sintezinin pozulması ilə müşayiət olunan birləşdirici toxuma xəstəliyidir. əksərən skelet, ürək qapaqları və okulyar anomaliyalarla təzahür edir. Xüsusilə torakal aorta anevrizması üçün risk faktoru hesab olunur.
  • Ehlers-Danlos sindromu, IV tip – autosom-dominant yolla ötürülən, tip III kollagen sintezinin azalması nəticələnən birləşdirici toxuma xəstəliyidir.
  • Arteriit və aortit – bakterial, mikotik, Takayasu, Kawasaki, Behçet xəstəliyi və s.
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Kişi cinsi
  • Piylənmə
  • İrsiyyət
  • Yaş

Rast gəlməsi

Kişi qadın nisbəti 9:1 təşkil edir. Daha çox yaşlı və qoca adamlarda rast gəlinir (65 yaşdan yuxarı kişilər arasında 5%  təşkil edir).

 

Təsnifatı

Patoloji anatomik xüsusiyyətlərinə görə

  • Həqiqi - arteriya divarının bütün qatlarını əhatə edir
  • Yalançı - çox zaman yalnız adventisiya və ətrafdakı toxumalardan ibarət olur (travmalar, infeksiya)

Lokalizasiyasına görə

  • Torakal
  • Abdominal
  • Periferik (iliak, femoral, popliteal, visseral, karotid, subklavial)

Formasına görə

  • Kisəvari (psevdoanevrizma)
  • İyəbənzər (həqiqi anevrizma)

Torakal aorta anevrizması

 

Təsnifatı

Lokalizasiyasına görə

  • Qalxan aorta anevrizması – aorta dəliyindən adsız arteriyaya qədər (a.brachiocephalicus)
  • Aorta qövsü anevrizması – a.brachiocephalicus və sol körpücükaltı arteriyaları arasında
  • Enən aorta anevrizması və ya torakoabdominal anevrizma

 

Torakoabdominal aorta anevrizmasının lokalizasiyasına görə 4 tipi vardır (Crawford təsnifatı):

  • Tip I – sol körpücükaltı arteriyadan renal arteriyaya qədər
  • Tip II – sol körpücükaltı arteriyadan aorta bifurkasiyasına qədər
  • Tip III – enən aortanın orta 1/3-dən aorta bifurkasiyasına qədər
  • Tip IV – diafraqma səviyyəsində aortadan aorta bifurkasiyasına renal arteriyaya və ya aota bifurkasiyasına qədər

 

damar img 1

Crawford təsnifatı

 

Klinikası

  • Əksərən asimptomatik;
  • Anevrizma böyüdükdə, partladıqda və ya ətraf orqanlara açıldıqda simptom verə bilər.
  • Anevrizma cırılması və aorta disseksiyası zamanı kəskin ağrı, kompresiya və gərginliklə əlaqədar olaraq xroniki ağrılar müşahidə olunur.

Qalxan aorta anevrizmaları:

  • Ağrı - döş sümüyü arxasında və boyuna yayılan
  • Boyun venalarında gərginlik - yuxarı boş venanı sıxılması nəticəsində
  • Dispnoe
  • Perikarda açılarsa ürək tamponadası əlamətləri
  • Aortal qapaq çatmazlığı (yüksək nəbz təzyiqi və ya diastolik titrəmə) və ürək çatmazlığı əlamətləri müşahidə oluna bilər

Aorta qövsü anevrizmaları:

  • Səsin tutulması - qayıdan qırtlaq sinirinin sıxılması zamanı

Enən aorta anevrizması və torakoabdominal anevrizma:

  • Ağrı – kürək sümükləri arası, epiqastral (diafraqma dəliyi nahiyəsində olduqda)
  • Dispnoe, öskürək, auskultasiyada küylər - tənəffüs yolununun sıxılması nəticəsində
  • Disfagiya - qida borusunun sıxılması nəticəsində
  • Distal embolizasiya əlamətləri

Ətraf strukturları eroziyaya uğradaraq hemoptiz, hematemez və ya qastrointestinal qanaxmaya səbəb ola bilər.

Diaqnostikası

Laborator müayinələr

  • Qanın ümumi analizi
  • Elektrolitlər və BUN/kreatinin
  • Koaqulyasion göstəricilər – İNR, APTZ
  • Qan qrupunun təyini

İnstrumental müayinələr

  • Toraks R-qrafiya – mediastinumda genişlənmə və ya genişlənmiş kalsifik aorta kölgəliyi, lateral proyeksiyada retrosternal hava boşluğunun itməsi aşkarlana bilər. Lakin anevrizma ürək kölgəliyi ilə örtülə və normal Rentgen görüntüsü də müşahidə oluna bilər.
  • Exo-KQ – aortal qapaq çatmazlığını Valsava cibi anevrizmalarını, qövsü anevrizmalarını qiymətləndirmək üçün istifadə edilə bilər. Transezofageal Exo-KQ ilə disseksiya və anevrizmanı fərqləndirmək mümkündür.
  • Aortoqrafiya – aorta mənfəzini, anevrizmanın distal və proksimal sərhədlərini dəqiqləşdirməyə imkan verir. Lakin anevrizmanın ölçüsünü dəqiqləşdirmək mümkün olmur.
  • KT/KT-angioqrafiya – i.v. kontrastla anevrizmanın dərəcəsi və ölçüsü, aorta disseksiyası, anevrizma partlamaları, intramural hematoma müəyyən edilə bilir.
  • İntraoperativ USM - əməliyyat zamanı anatomiyanı və ateroskleroz və trombozu aydınlaşdırmaq üçün istifadə olunur.
  • MRT/MR-angioqrafiya – KT-dən əsas üstünlükləri şüalanmanın az olması və nefrotoksik kontrastın istifadə olunmamasıdır
damar img 2  damar img 3 

Rentgenoqrafiyada mediastinumun genişlənməsi

Aortoqrafiyada qalxan aorta anevrizması

                                                                            

Müalicəsi

Müalicə növünün seçilməsində ağırlaşma riskinin hesablanması mühüm rol oynayır. Anevrizmanın ölçüsü artdıqca ağırlaşma ehtimalı da artır.

Konservativ müalicə

  • Risk faktorlarının aradan qaldırılması (arterial təzyiqə nəzarət, siqareti tərgitmə).

 

Cərrahi müalicə

Cərrahi əməliyyata göstərişlər:

  • Simptomatik anevrizma – ölçüsündən asılı olmayaraq;
  • Qalxan aorta diametri ≥5,5 sm, enən aorta diametri ≥6.5 sm olması; ailəvi anevrizma və ya birləşdirici toxuma xəstəliyi olanlar (Marfan və s.), bikuspid aorta qapağı, aorta stenozu, disseksiyası olanlarda 0.5 sm aşağı;
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən, 6 aylıq müşahidədə 0.5 sm-dən çox böyüməsi;
  • Psevdoanevrizmalar;
  • Böyük kisəvari anevrizma;
  • Mikotik anevrizma – partlama təhlükəsi yüksək;
  • Partlamış anevrizma və qalxan aorta disseksiyası – təcili;
  • Anevrizmanın bronxu sıxması;
  • Aorta koarktasiyası olanlarda;
  • Aortobronxial və aortoezofageal fistul;
  • B tip kəskin aorta disseksiyası və partlama, distal işemiya;

Cərrahi əməliyyata ciddi əks-göstəriş yoxdur. Yalnız terminal mərhələ böyrək, tənəffüs, qaraciyər çatmazlığı və digər ağır yanaşı xəstəliklər əməliyyata əks-göstəriş hesab olunur.

Seçiləcək əməliyyatın növü anevrizmanın yerindən, distal və proksimal ölçülərindən, səbəb olan patologiyadan, xəstənin yaşam qabiliyyətindən, antikoqulasion vəziyyətdən və cərrahin təcrübəsindən asılı olaraq dəyişir: endovaskulyar stent, boru qreftlər, qapaq rekonstruksiyası və s.

Abdominal aorta anevrizması

Rastgəlməsi

Aorta anevrizmalarının ən çox rast gələn növüdür. Bir qayda olaraq (95% hallarda) böyrək arteriyalarından aşağıda (infrarenal seqmentdə) rast gəlinir. 15% hallarda distal olaraq yayılır və ümumi qalça arteriyalarına sirayət edir. Periferik arteriyaların (məs. dizaltı arteriyanın) anevrizması ilə müştərək rast gəlinə bilir.

Klinikası

  • Asimptomatik – 75%
  • Anevrizma böyüdükdə, partladıqda və ya ətraf strukturları eroziyaya uğratdıqda şok əlamətləri müşahidə oluna bilər:
    • Ağrı - kürəkdə, qarında və bəzən qasıqda (femoral sinirin sıxılması nəticəsində)
    • Qızdırma
    • “Mavi barmaq” sindromu – ayaq barmaqlarının embolizasiyası
    • Tezdoyma, ürəkbulanma, qusma
    • Kəskin axsama – distal embolizasiya hallarında
    • Obstruktiv uropatiya
    • Qastrointestinal qanaxma – anevrizma duodenuma açıldıqda
    • Hematuriya
    • Şok əlamətləri

Diaqnostikası

  • Klinik müayinə - göbəkətrafı nahiyədə pulsasiya edən kütlə - 50% hallarda;
  • Laborator müayinələr – qanın ümumi analizi, qanın biokimyəvi analizi, qan qrupu təyini;
  • USM – anevrizmanın olmasını təsdiqləmək üçün təcili vəziyyətlərdə və kontrol məqsədlə istifadə edilir, lakin kök adamlarda və bağırsaqların köplü olduğu hallarda müayinənin aparılması çətinləşir.
  • Abdominal R-qrafiya – həssaslığı aşağı olduğundan, differensial diaqnostikaya ehtiyac yarandığından əksərən istifadə edilmir.
  • KT-angioqrafiya – ölçülərini dəqiqləşdirmək məqsədilə istifadə edilir
  • MR-angioqrafiya – i.v. kontrast istifadəsinə əks göstəriş olan hallarda istifadə edilir
  • Aortoqrafiya – ağırlaşma ehtimalı, qiyməti, invaziv prosedur olması nəzərə alınaraq rutin müayinə olaraq məsləhət görülmür.

 

Müalicəsi

Abdominal aorta  anevrizmasının müalicəsində əsas məqsəd ölüm hallarının qarşısını almaqdır. Belə ki, anevrizmanın partlama ehtimalı yüksək olub, 30-80% hallarda ölümlə nəticələnə bilər.

Aorta diametri 4.5 sm-ə qədərdisə və risk faktorları yoxdursa USM və KT nəzarəti ilə (1 ildə/6 ayda 1 dəfə) xəstə izlənə bilər. Bu müddət ərzində xəstədə anevrizmaya səbəb ola biləcək vəziyyətlər aradan qaldırılmalıdır.

Əsas cərrahi müalicə üsulu aortanın açıq üsulla süni protezlənməsidir: patologiyanın xarakterindən asılı olaraq düz və yaxud bifurkasion protezlərdən istifadə olunur. Cərrahi əməliyyat sonrası ölüm göstəricisi 3-7% arasında dəyişir. Laparoskopik əməliyyatlar perioperativ ölüm riskini azalda bilir.

Cərrahi əməliyyata göstərişlər:

  • Simptomatik anevrizma – ölçüsündən asılı olmayaraq;
  • Kisəvari anevrizma;
  • Aortanın diametrinin ≥5 sm (qadınlarda ≥4.5 sm) olması;
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən, 6 aylıq müşahidədə 0.5 sm-dən çox böyüməsi.

Cərrahi əməliyyata əks-göstərişlər:

  • Təzə keçirilmiş Mİ
  • İnsult sonrası ağır nevroloji defisit
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Yaşam ehtimalının 2 ildən az olması
  • Bərpa oluna bilinməyən koronar arteriya xəstəliyi
  • 80 yaşdan yuxarı olan xəstələr

Açıq əməliyyata əks göstəriş olan hallarda endovaskulyar stentləmə əməliyyatı icra edilir: perkutan olaraq anevrizmanın daxilinə yeridilir və onun divarı bərkidilir.

  • Üstünlükləri: perkutan texnika ilə daha asan icra mexanizmi və aşağı ölüm göstəricisi.
  • Çatışmayan cəhətləri: daimi həkim nəzarəti altında olmaq, təkrar müdaxilə riskinin qalması (orta hesabla hər il pasientlərin 10%-də cərrahi müdaxiləyə ehtiyac yaranır).

Periferik anevrizma

  • İliak. Yaşı 70-dən yuxarı olan xəstələrin 2%-də rast gəlinir. Əksər hallarda ümumi qalça arteriyasını zədələyir və süst kliniki gedişə malik olur. Nadir hallarda palpator olaraq müəyyən edilir, kəskin abdominal və böyrək sancısı ilə özünü büruzə edir.
  • Femoral. Asimptomatik olaraq qasıqda şişkinlik və yaxud ağrı (25% hallarda) qeyd edilir. Aşağı ətrafın işemiyası ilə də özünü göstərə bilər.
  • Popliteal. Əksər hallarda asimptomatik gedişi ilə səciyyələnir və yarıdan çoxu bilateral olur. Kəskin ətraf işemiyası ilə özünü göstərir və ətrafın itirilməsi ilə nəticələnə bilər.
  • Karotid. Nadir hallarda rast gəlinir və bilateral ola bilər. Nevroloji və yaxud beyindaxili təzyiqin artması sindromu ilə müşayət oluna bilir. Boyunda şişkinlik, pulsasiya qeyd edilir. Nadir hallarda partlama baş verir. Diaqnozunda əsasən dupleks ultrasonoqrafiyadan istifadə olunur.
  • Visseral. Bütün anevrizmaların  cəmi 1%-ni təşkil edir. Ümumiyyətlə, kiçik ölçülərdə olur və partlayana qədər asimptomatik gedişə malik olur.

 

Özət

Anevrizma - damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir. Anevrizma damar divarında olan  kollagen və elastin liflərinin normal nisbətinin patoloji şəkildə dəyişməsi ilə əlaqədar baş verir. Arterial hepertenziya, siqaret çəkmə və irsiyyət risk faktorlarıdır. Patoloji anatomik xüsusiyyətlərinə görə həqiqi (arteriya divarının bütün qatlarını əhatə edən) və yalançı (adventisiya və ətrafdakı toxumalardan ibarət), baş verdiyi damardan asılı olaraq torakal, abdominal və periferik (iliak, femoral, popliteal, karotid, visseral), formaına görə kisəvari və iyəbənzər olurlar.

Anevrizmalar əksərən asimptomatik gedişə meyllidir, lakin böyüdükdə, partladıqda və ya ətraf orqanlara açıldıqda simptom verə bilər: ağrı, səs tutulması, dispnoe, disfagiya, distal embolizasiya əlamətləri, hematuriya, ürəkbulanma və s. Diaqnostikasında klinik, laborator (qanın ümumi müayinəsi, elektrolitlər, koaqulyasiya göstəriciləri, qan qrupu) və instrumental (R-qrafiya, USM, Exo-KQ, KT/MRT, aortoqrafiya) müayinələrdən istifadə edilir. əsas müalicə üsulları cərrahidir. Anevrizmanın ölçüsündən, ağırlaşma riskindən asılı olaraq əməliyyatın növü seçilir.

Anevrizma üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Anevrizma nədir?

Damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir.

Risk faktorları nələrdir?

  • Arterial hipertenziya
  • Ateroskleroz
  • Siqaret çəkmə
  • Travma
  • Marfan, Ehlers-Danlos sindromu
  • Arteriit və aortit
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Kişi cinsi
  • Piylənmə
  • İrsiyyət
  • Yaş

Rastgəlmə tezliyi nə qədərdir?

Kişi qadın nisbəti 9:1 təşkil edir.

Patoloji anatomik xüsusiyyətlərinə görə hansı növləri var?

  • Həqiqi
  • Yalançı

Həqiqi anevrizma nədir?

Arteriya divarının bütün qatlarını əhatə edən dilatasiyasıdır

Psevdoanevrizma nədir?

Yalnız adventisiya və ətrafdakı toxumalardan ibarət olur

Lokalizasiyasına görə hansı növləri var?

  • torakal
  • abdominal
  • periferik

Periferik anevrizmanın hansı növləri var?

  • Iliak
  • Femoral
  • Popliteal
  • Karotid
  • Visseral

Formasına görə anevrizmanın hansı növləri var?

  • Kisəvari (psevdoanevrizma)
  • İyəbənzər (həqiqi anevrizma)

Torakal anevrizmanın lokalizasiyasına görə hansı növləri var?

  • Qalxan aorta anevrizması
  • Aorta qövsü anevrizması
  • Enən aorta anevrizması və ya torakoabdominal anevrizma

Crawford təsnifatına görə torakoabdominal aorta anevrizmasının hansı tipləri var?

 

Tip I – sol körpücükaltı arteriyadan renal arteriyaya qədər

Tip II – sol körpücükaltı arteriyadan aorta bifurkasiyasına qədər

Tip III – enən aortanın orta 1/3-dən aorta bifurkasiyasına qədər

Tip IV – diafraqma səviyyəsində aortadan aorta bifurkasiyasına renal arteriyaya və ya aota bifurkasiyasına qədər

Torakal anevrizmanın klinik əlamətləri hansılardır?

  • əksərən asimptomatik

Anevrizma böyüdükdə və ya partladıqda:

  • ağrı - döş sümüyü arxasında və boyuna yayılan, kürək sümükləri arası, epiqastral
  • Boyun venalarında gərginlik
  • Dispnoe
  • Səsin tutulması
  • Disfagiya
  • Distal embolizasiya əlamətləri
  • hemoptiz, hematemez və ya qastrointestinal qanaxma əlamətləri

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

  • laborator
  • instrumental

Torakal aorta anevrizmasının diaqnostikasında hansı laborator müayinələrdən istifadə olunur?

  • Qanın ümumi analizi
  • Elektrolitlər və BUN/kreatinin
  • Koaqulyasion göstəricilər – İNR, APTZ
  • Qan qrupunun təyini

Torakal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur?

  • Toraks R-qrafiya
  • Exo-KQ
  • Aortoqrafiya
  • KT/KT-angioqrafiya
  • MRT/MR-angioqrafiya
  • İntraoperativ USM

Müalicə üsulları hansılardır?

  • Konservativ - risk faktorlarının aradan qaldırılması
  • Endovaskulyar – stent-qraft implantasiyası
  • Cərrahi – aortanın süni protezlənməsi

Cərrahi əməliyyat üçün göstərişlər nələrdir?

  • Simptomatik anevrizma
  • Qalxan aorta diametri ≥5,5 sm, enən aorta diametri ≥6.5 sm olması
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən çox böyüməsi
  • Psevdoanevrizmalar
  • Böyük kisəvari anevrizma
  • Mikotik anevrizma
  • Anevrizmanın bronxu sıxması
  • Aorta koarktasiyası
  • Aortobronxial və aortoezofageal fistul
  • B tip kəskin aorta disseksiyası və partlama, distal işemiya

Abdominal aorta anevrizmasının klinik əlamətləri hansılardır?

  • əksərən asimptomatik

Anevrizma böyüdükdə, partladıqda:

  • Ağrı - kürəkdə, qarında və bəzən qasıqda
  • Qızdırma
  • “Mavi barmaq” sindromu – ayaq barmaqlarının embolizasiyası
  • Tezdoyma, ürəkbulanma, qusma
  • Kəskin axsama
  • Obstruktiv uropatiya
  • Qastrointestinal qanaxma, hematuriya
  • Şok əlamətləri

Abdominal aorta anevrizmasının diaqnostikasında hansı üsullardan istifadə edilir?

  • Klinik - göbəkətrafı nahiyədə pulsasiya edən kütlə
  • Laborator - qanın ümumi analizi, qanın biokimyəvi analizi, qan qrupu təyini
  • Görüntüləmə

Abdominal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur?

  • USM
  • Abdominal R-qrafiya
  • KT-angioqrafiya
  • MR-angioqrafiya
  • Aortoqrafiya

Müalicə üsulları hansılardır?

  • Konservativ - risk faktorlarının aradan qaldırılması
  • Endovaskulyar – stent-qreft implantasiyası
  • Cərrahi – aortanın süni protezlənməsi

Cərrahi əməliyyat üçün göstərişlər nələrdir?

  • Simptomatik anevrizma
  • Qalxan aorta diametri ≥5 sm (qadınlarda ≥4.5 sm) olması
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən çox böyüməsi
  • Kisəvari anevrizma

Aorta disseksiyası nədir?

Aorta divarının laylanması nəticəsində aorta mənfəzində yalançı mənfəzin əmələ gəlməsidir.

Klinik əlamətləri nələrdir?

  • Kəskin döş, boyun, kürəkarası və ya abdominal ağrılar – 90%
  • Bayılma
  • Serebrovaskulyar zədələnmə əlamətləri – hemianesteziya, hemiparez, hemiplegiya
  • Horner sindromu (ptoz, mioz, anhidroz)
  • Dispnoe, disfagiya
  • Hemoptiz
  • Qızdırma

Diaqnostikasında hansı üsullardan istifadə edilir?

  • Anamnez və fiziki müayinə
  • Laborator – qanın ümumi analizi, BUN/kreatinin səviyyəsi, LDH, fibrinin deqradasiya məhsulları,
  • Görüntüləmə

DeBakey təsnifatına görə hansı növləri var?

Tip I – enən aorta, aorta qövsü və qalxan aortada

Tip II – qalxan aortada

Tip III – enən aortada

Stanford təsnifatına görə hansı növləri var?

A tip – qalxan aortada

B tip – enən aortada

Diaqnostikasında istifadə olunan görüntüləmə müayinələri nələrdir?

  • Toraks R-qrafiya
  • KT
  • Exo-KQ
  • MRT
  • Aortoqrafiya