N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova
Tərifi
Sağ qabırğaaltı və ya epiqastrik bölgədə kəskin başlayan, 15-30 dəqiqə ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı öd sancısı adlanır.
- Ağrı belə, sağ çiyinə, boyuna hətta ürək nahiyəsinə yayıla bilər.
- Öd sancısı xəstələrin təxminən yarısında yeməkdən sonra başlayır, qalan hissəsində gecə, səhərə yaxın, fiziki aktivlik, soyuq, həyacan və s. səbəblər ağrını başlada bilər.
- Öd sancısının ikinci xüsusiyyəti vaxtaşırı təkrarlanmasıdır.
Ədəbiyyatlarda öd sancısı simptom, sindrom, hətta xəstəlik kimi də təqdim edilir.
- Öd sancısı simptomu - xarakterik ağrı klinik və laborator dəyişikliklərlə birlikdə olarsa (sarılıq, qarında ağrılıq, gərginlik, kütlə, diareya, keçməzlik, aramsız qusma və s.)
- Öd sancısı sindromu (və ya işçi diaqnoz) – ağrı vaxtı ilkin klinik və laborator müayinələrdə dəyişikliklər tapılmır.
- Öd sancısı xəstəliyi – öd kisəsi daşının törətdiyi təkrarlayan tutmalara deyilir. Bu xəstəlik əvvəllər xroniki daşlı xolesistit adlanırdı.
Mexanizmi
Digər visseral ağrılar kimi öd sancısının da əsasında işemiya durur və işemiya törədən hər iki mexanizm (spazm və dilatasiya) prosesdə iştirak edir. İlk dəqiqələrdə artan ağrı spazm, davam edən ağrı divarın gərilməsi, azalma isə dekompressiya ilə əlaqədardır (Şəkil 1). Başlanğıcda artan ağrılar maneəni (üzvi, spastik) aradan qaldırmaq üçün proksimal hissədəki aktiv yığılmalara bağlıdır. Spazm və ya anatomik maneə aradan qalxmazsa (tıxanma mövcuddursa) mənfəzdaxili hipertenziya divarı genişləndirərək ağrının davam etməsinə səbəb olur. Maneə aradan qalxdıqdan sonra mənfəzdə boşalma baş verir, gərginlik və ağrı azalmağa başlayır. Ağrı 6 saatdan çox davam edərsə və 24 saata qədər keçmirsə adətən iltihabı prosesin qoşulduğunu göstərir.

Şəkil 1. Öd sancısının mexanizmi
Səbəbləri
Öd sancısını törədən xəstəlikləri 2 qrupa ayırmaq olar: öd daşına bağlı xəstəliklər, daşsız xəstəliklər (Cədvəl 1.).
|
Daşlı xəstəliklər |
Daşsız xəstəliklər |
Az rast gələn səbəblər |
|
|
|
Daşlı xəstəliklər öd sancısının ən çox rast gələn səbəbidir və öd daşı da ən çox (75%-90%) öd sancısı əlamətləri ilə ortaya çıxır. Xroniki daşlı xolesistit və xoledoxolitiaz adətən öd sancısı şəklində ortaya çıxır. Kəskin xolesistit, daşlı xolestaz, xolangit, pankreatit isə adətən öd sancısı əlamətləri ilə başlayır, xəstəliyin inkişafı ilə əlaqədar ağrı davam edərək kəsilmir və əlavə əlamətlər meydana gəlir. Öd sancısı törədən daşsız xəstəliklərdən ən çox rast gələni öd kisəsi diskineziyası (xronik daşsız xolesistit və ya daşsız öd sancısı), Oddi sfinktoru diskineziyasıdır. Az rast gələn xəstəliklərə isə kəskin daşsız xolesistit, öd kisəsi polipi, adenomatozu, xolesterozu, idiopatik xoledox genişlənməsi, xoledox daralmaları, sistləri və s. aid edilir.
Diaqnostika
Şübhə
Qarnın üst nahiyəsində kəskin başlayan ağrılarda öd sancısından şübhələnmək lazımdır.
Dəqiqləşdirmə- differensiasiya
Ağrının öd sancısı olduğunu dəqiqləşdirmək üçün ağrının yerinə, müddətinə, xarakterinə və dinamikasına diqqət etmək və digər ağrılardan differensiasiya etmək lazımdır.
- Bağırsaq sancısı üçün göbəkətrafı ağrı, qaz çıxarma və ya defekasiya ilə sıx əlaqəli olmasıdır.
- Böyrək sancısı beldən başlayır və qasıq nahiyəsinə yayılır, diurezdə pozulmalar ilə müşayiət olunur.
- Xora sancıları adətən ac qaldıqda və ya gecələr başlayır, qida alınması ilə azalır.
- Qarında güclü və davamlı ağrılar da sancışəkilli (artan intensivlikdə) başlaya bilir. Lakin öd sancısından fərqli olaraq bu ağrılar kəsilmir, yüksək tempdə davam edir (pankreatit, müsariqə trombozu, aorta partlaması, perforasiya, stranqulyasiya).
- Öd sancıları üçün qısa müddətli – bir neçə dəqiqə ərzində başlayıb keçmə xarakterik deyildir.
- Öd sancısını şərti olaraq öd ağrısından da fərqləndirmək lazımdır. Öd ağrılarında adətən qida qəbulundan 1-2 saat sonra başlayan və 2-3 saat davam edən küt ağrılar qeyd edilir. Öd ağrıları da epiqastral və ya sağ qabırğaaltı nahiyədə yerləşir, lakin sancışəkilli yox küt xarakterli olur.
Səbəbin təyini
Öd sancısı olan xəstədə öd yollarının görüntüləmə və laborator müayinəsi aparılır: USM, xolestaz (bilirubin, QF, QQT), zədələnmə (ALT, AST, amilaza) və iltihab (leykosit, CRP) göstəriciləri.
- Öd kisəsində və öd yollarında daş tapılarsa əlavə müayinələrə daşın törətdiyi xəstəlik müəyyənləşdirilir.
- Daş tapılmazsa, lakin görüntüləmə, klinik və laborator əlamətlər daş ehtimalını artırarsa (pankreatit, sarılıq, anamnezdə daş, xolestaz, amilazemiya, aminotransferaza artışı, xoledox genişlənməsi, öd kisəsi böyüməsi, xolangit) xolangioqrafiya edilir.
- Üzvi dəyişiklik tapılmayan xəstələrdə funksional sınaqlar aparılır (öd kisəsinin yığılma funksiyası, Oddi sfinktoru müayinəsi və s).
- Öd yollarında üzvi və funksional dəyişiklik tapılmayan xəstələrdə digər xəstəliklər araşdırılır.
Müalicəsi
Müalicəsi səbibinə uyğun olaraq aparılır
Özət
Sağ qabırğaaltı və ya epiqastral bölgədə kəskin başlayan, 15-30 dəq. ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı öd sancısı adlanır. Öd sancısının ikinci xüsusiyyəti da vaxtaşırı təkrarlanmasıdır. Ədəbiyyatlarda öd sancısı simptom, sindrom, hətta xəstəlik kimi də təqdim edilir.
Digər visseral ağrılar kimi öd sancısının da əsasında işemiya durur. Hesab edilir ki, ilk dəqiqələrdə artan ağrı spazm, davam edən ağrı divarın gərilməsi, azalma isə dekompressiya ilə əlaqədardır. Öd yollarının həm daşlı, həm də daşsız xəstəlikləri öd sancısı törədə bilərlər. Xroniki daşlı xolesistit və xoledoxolitiaz adətən öd sancısı şəklində ortaya çıxır, kəskin xolesistit, daşlı xolestaz, xolangit, pankreatit isə adətən öd sancısı əlamətləri ilə başlayır. Öd sancısı törədən daşsız xəstəliklərdən ən çox rast gələni öd kisəsi diskineziyası (xronik daşsız xolesistit və ya daşsız öd sancısı), Oddi sfinktoru diskineziyasıdır, az rast gələn xəstəliklərə isə kəskin daşsız xolesistit, öd kisəsi polipi, adenomatozu, xolesterozu, idiopatik xoledox genişlənməsi, xoledox daralmaları, sistləri və s. aid edilir.
Öd sancısı sindromunun diaqnozu klinik olaraq ağrı dinamikasına görə qoyulur, səbəbini müəyyənləşdirmək üçün görüntüləmə və laborator müayinəsi aparılır (USM, bilirubin, QF, QQT, ALT, AST, amilaza, hemoqram, CRP), gərəkərsə MRT edilir. Öd yollarında üzvi və ya funksional xəstəliklər tapılan xəstələrdə əlavə müayinələrlə xəstəlik dəqiqləşdirirlir, bu dəyişiklik tapılmayan xəstələrdə isə digər orqanlar araşdırılır.
Öd sancısı üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Öd sancısı nədir? |
Sancışəkilli ağrıdır, simptom, sindrom və xəstəlik kimi qəbul edilir. |
|
Xarakterik cəhəti nədir? |
Sağ qabırğaaltı və ya epiqastrik bölgədə kəskin başlayan, 15-30 dəqiqə ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı. |
|
Öd sancısı simptomu nədir? |
Xarakterik ağrı klinik və laborator dəyişikliklərlə birlikdə olarsa. |
|
Öd sancısı sindromu nədir? |
İşci diaqnoz kimi qəbul edilir, xarakterik ağrısı olanlarda ilkin klinik və laborator müayinələrdə əlavə dəyişikliklər tapılmır. |
|
Öd sancısı xəstəliyi nədir? |
Öd kisəsi daşının törətdiyi təkrarlayan tutmalara deyilir. Bu xəstəlik əvvəllər xroniki daşlı xolesistit adlanırdı. |