N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova
Tərifi
Öd sancısı xəstəliyi və ya xronik daşlı xolesistit tutması öd daşının kisə axacağını təkrarlayan və müvəqqəti tıxaması nəticəsində kisədə yaranan morfofunksional dəyişikliklərlə (durğunluq, hipoaktiv kisə, fibroz, iltihab) xarakterizə olunur.
Avropa ədəbiyyatlarında bu xəstəlik öd sancısı da adlanır.
Rastgəlməsi
Öd sancısı öd daşının ən çox rast gəlinən ağırlaşmasıdır və öd daşı olanlarda təxminən 30% hallarda rast gəlinir.
Etiologiya və patogenezi
Xroniki daşlı xolesistit tutmasında aparıcı patogenetik mexanizm kisə axacağının daşla müvəqqəti tıxanmasıdır. Tıxanma kisə bloku və kisədaxili hipertenziya törədərək ağrıya səbəb olur. Klinik və laborator olaraq ciddi zədələnmə və iltihab görünmür, lakin histoloji müayinələrdə iltihab, fibroz, ödem əlamətləri görünür. Bunu nəzərə alaraq bəzi müəlliflər haqlı olaraq bunu xroniki daşlı xolesistit adlandırırlar.
Gedişi və ağırlaşmaları
Tıxanma əksər hallarda (90%) spontan və ya spazmolitik və ağrıkəsicilərlə 6-24 saat ərzində keçib gedir.
Ağrı tutmaları 6%/il tezlikdə və xəstələrin 70%-ində təkrarlayır. Təkrarlanan tutmalar öd kisəsi fibrozuna, durğun kisəyə, Oddi fibrozuna, xronik pankreatitə gətirib çıxarır.
Xroniki daşlı xolesistit 10% halda və 1%/il tezlikdə ağırlaşmalara səbəb ola bilər
- kəskin xolesistit
- kəskin pankreatit
- xronik pankreatit
- xoledoxolitaz
- xolanqit
- Oddi fibrozu
- Digər

Şəkil 1. Öd sancısı xəstəliyinin gedişi və ağırlaşmaları
Klinikası
Ağrı əsas klinik əlamətidir və klassik olaraq öd sancısı şəkilində ortaya çıxır:
- sağ qabırğaaltı və ya epiqastral nahiyyədə olur
- sağ çiyinə, boyuna, yayıla bilir
- təxminən 50% halda yeməkdən 0,5-1 saat sonra kəskin və sancışəkilli başlayır, 0,5-1 saat ərzində artır, 1-6 saat davam edir, sonra azalır, ən gec 24 saat sonra tam keçir
- ürəkbulanma, qusma ilə müşayiət oluna bilər.
Obyektiv müayinədə öd kisəsi proyeksiyası ağrılı ola bilir və bu 24 saata qədər görünə bilər. Bir çox hallarda obyektiv müayinədə heç nə tapılmır.
Diaqnostikası
Şübhə
Epiqastral və ya sağ qabırğaaltında sancışəkilli ağrıları olan xəstələrdə öd sancısından şübhələnmək lazımdır.
Dəqiqləşdirmə
Diaqnozu dəqiqləşdirmək üçün klinik, laborator və USM aparılır.
Xroniki daşlı xolesistit tutması (öd sancısı xəstəliyi) üçün diaqnostik kriteriyalar:
- Sağ qabırğaaltı və ya epiqastrik nahiyədə 6 saata qədər davam edən ağrı
- Öd kisəsində daş
- Klinik, laborator və görüntüləmə ilə iltihabi, xolestatik və zədələnmə əlamətlərinin olmaması və 12 – 24 saatlıq izləmədə də ortaya çıxmaması.
Differensiasiya
Öd sancısı xəstəliyini aşağıdakı xəstəliklərlə differensiasiya etmək lazım gəlir.
- Kəskin daşlı xolesistit adətən öd sancısı ilə başlayır və ağrı 6 saatdan çox davam edir, klinik, laborator və USM-də iltihab əlamətləri ortaya çıxır: hərərətin artması, palpator gərginlik, leykositoz, CRP artması, USM-də kisənin böyüməsi, divar qalınlaşması, ətrafında maye və s.
- Kəskin xolangit üçün xarakterik klinik triada ilə yanaşı (ağrı, sarılıq, üşütmə – yüksək hərarət) laborator olaraq xolestaz və iltihab, görüntüləmədə öd yollarında patologiya tapılır.
- Kəskin pankreatitdə şiddətli və davam edən ağrılar (ən azı 3 gün), ümumi vəziyyətin proqressiv pisləşməsi, amilzanının artması, USM-də pankreatit əlamətləri görünür.
- Kəskin qastritlərdə sancışəkilli ağrılar ola bilir, lakin qusma, ürəkbulanma, qıcqırma, xüsusən qida qəbulundan sonra şiddətlənən ağrı, anamnezdə zədələyici qidalar xarakterikdir.
- Kəskin hepatitlərdə adətən ağrılar daimi və küt xarakterli olur, qaraciyər enzimlərində və bilirubində artma, USM-də qaraciyərin böyüməsi və periportal ödem qeyd olunur.
- Böyrək daşına bağlı sancılarda ağrının bel nahiyyəsində olur, bir neçə dəqiqədən bir tutub-buraxır , USM-də sidik yollarında blok görünür.
- Spastik kolit ağrılarını bəzən öd sancısından fərqləndirmək çətin olur, xüsusən öd kisəsində daşı olanlarda bu differensiasiya ciddi çətinliklər törədə bilir. Spastik kolit üçün qısamüddətli olma və defekasiyadan sonra aradan qalxma xarakterikdir. Belə xəstələr əksər hallarda daşa görə əməliyyat olunurlar və spastik kolit əməliyyatdan sonra təkrarlaya bilir.
Müalicəsi
Öd sancısı xəstəliyinin (xroniki daşlı xolesistitin) «qızıl standart» müalicəsi laparoskopik xolesistektomiyadır. Ağır ürək – ağciyər yetməzliyi və yayğın damardaxili laxtalanma sindromu istisna olarsa, laparoskopik xolesistektomiyaya mütləq əks-göstəriş yoxdur.
Özət
Öd sancısı xəstəliyi və ya xronik daşlı xolesistit tutması öd daşının kisə axacağını təkrarlayan və müvəqqəti tıxaması nəticəsində kisədə yaranan morfofunksional dəyişikliklərlə (durğunluq, hipoaktiv kisə, fibroz, iltihab) xarakterizə olunur. Avropa ədəbiyyatlarında bu xəstəlik öd sancısı da adlanır. Xəstəlik adətən öd sancısı ilə başlayır, sancı əksər hallarda spontan və ya dərmanlarla (spazmolitik, ağrıkəsicilərlə) 6 saat, ən gec isə 24 saat ərzində keçib gedir, lakin vaxtaşırı təkrarlama xarakterikdir. Təkrarlayan tutmalar adətən öd kisəsi fibrozuna, durğun kisəyə, Oddi fibrozuna, xronik pankreatitə gətirib çıxarır, bəzən ağrı tutmalarının ardınca ağırlaşmalar baş verir (kəskin xolesistit və pankreatit, xoledoxolitaz və xolangit və s.).
Diaqnostikasında klinik, laborator və USM əsas yer tutur, öd sancısı, USM-də kisədə daşların tapılması ilə yanaşı klinik, laborator və görüntüləmə müayinələrdə iltihabi, xolestatik və zədələnmə əlamətlərinin olmaması və 12-24 saatlıq izləmədə də ortaya çıxmaması xarakterikdir. Xroniki daşlı xolesistitin (öd sancısı xəstəliyinin) standart müalicəsi laparoskopik xolesistektomiyadır.
Öd sancısı (xroniki daşlı xolesistit) üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
|
Suallar |
Cavablar |
|
Xroniki daşlı xolesistit (öd sancısı xəstəliyi) nədir? |
Öd daşının kisə axacağını təkrarlayan və müvəqqəti tıxaması nəticəsində kisədə yaranan morfofunksional dəyişikliklərlə (durğunluq, hipoaktiv kisə, fibroz, iltihab) ağrı tutmaları ilə xarakterizə olunan xəstəlikdir. |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Öd daşı olanların 20-30% -də |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Öd kisəsində daşın olması |
|
Patogenezi nədən ibarətdir? |
Kisə axacağının daşla müvəqqəti tıxanması kisənin blokuna, kisədaxili hipertenziyaya və ağrıya səbəb olur. |
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Epiqastral və ya sağ qabırğalatında sancışəkilli ağrıları olan |
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
Klinik, laborator və USM |
|
Laborator əlamətləri nələrdir? |
Spesifik laborator əlamətləri yoxdur |
|
Görüntüləmə əlamətləri nələrdir? |
USM – öd kisəsində daşlar. |
|
Digər müayinələrdə nə tapılır? |
Digər göstəricilər normal olur. |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
Cərrahi |
|
Əməliyyata göstərişlər nələrdir? |
Ağrı tutmaları əməliyyata göstərişdir. |
|
Əməliyyat üsulları hansılardır? |
Laparoskopik xolesistektomiya – «Qızıl standart» |
|
Proqnozu nədir? |
Yaxşıdır |
|
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Xroniki daşlı xolesistit (öd sancısı xəstəliyi) ən çox rast gəlinən cərrahi xəstəlikdir. |