N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova
Tərifi
Kəskin xolesistit öd kisəsinin kəskin iltihabı olub əksər hallarda (90%) öd daşının kisə axacağında pərçimlənməsi nəticəsində, az hallarda isə ümumi ağır xəstəlik və əməliyyatlara bağlı meydana gəlir.
Rastgəlməsi
Əhali arasında 2-3% hallarda, öd daşı olanlarda isə 10-20% hallarda rast gəlir. Yaş artdıqca öd daşının və kəskin xolesistitin rast gəlmə tezliyi də artır.
Təsnifatı
|
Səbəbinə görə |
Daşlı, daşsız |
|
|
Morfologiyasına görə |
Kataral, fleqmanoz (empiema), qanqrenoz, hidrops və s |
|
|
Gedişinə görə |
Kəskin faza, sönmə fazası (yarımkəskin) Ağırlaşmamış, ağırlaşmış (hidrops, empiema, perforasiya, peritonit, abses, infiltrat, xoledoxolitiaz, xolangit, Mirizzi sindromu, pankreatit, sepsis, fistul, bağırsaq keçməzliyi və s) |
|
|
Ağırlıq dərəcəsinə görə |
Tokiyo klassifikasiyası: yüngül, orta, ağır, çox ağır |
|
Etiologiyası
Kəskin xolesistit (KX) əksər hallarda (90%) öd daşının kisə axacağını tıxaması nəticəsində baş verir – öd daşı xəstəliyinin ağırlaşmalarından biridir. Öd daşının kimdə və nə vaxt kəskin xolesistit törədəcəyini müəyyən etmək çətindir, lakin təkrari öd sancısı olanlarda kəskinləşmə ehtimalı yüksəkdir.
Az hallarda (10%) kisə divarında işemiya və nekroz törədən səbəblər (sepsis, ağır travma, tromboz, yanıq, pankreatit, böyük əməliyyatlardan sonra, kimyaterapiya və s.) kəskin daşsız xolesistitə səbəb olurlar.
Patogenezi
Öd kisəsi iltihabında əsas başladıcı və aparıcı mexanizm divar işemiyasıdır və bunu iki mexanizm törədə bilir: kisədaxili hipertenziya və birincili qan dövranı pozulması.
- İnfeksiya adətən iltihabi prosesə ikincili olaraq qoşulur və prosesi ağırlaşdırır.
- Hipertenziya adətən öd daşlarının kisə axacağında pərçimlənməsinə bağlı meydana gəlir. Daşlar bir tərəfdən tıxanma, digər tərəfdən isə selikli qişada qıcıqlanma və sekresiya törədərək hipertenziyaya səbəb olurlar. Hipertenziya divar işemiyası və nəhayət aseptik iltihab törədir. İlkin aseptik iltihab selikli qişadan başlayır və 24-48 saata qədər davam edir (ödematoz-kataral xolesistit). Bu mərhələdə tıxanma aradan qalxarsa – dekompressiya baş verir və iltihabi proses spontan olaraq 7-10 gün ərzində sönür.
- Tıxanma davam edərsə, lakin infeksiya qoşulmazsa kisədəki öd piqmentləri sorulur – ağ öd tərkibli hidrops adlanan tıxanmış kisə meydana gəlir.
- Tıxanma aradan qalxmazsa və prosesə infeksiya qoşularsa bütün divarları əhatə edən infeksion iltihab - fleqmanoz xolesistit və qanqrena başlayır. Bu mərhələdə də tıxanma davam edərsə empiema – kisədə qapalı irinli öd toplanır. Bəzi hallarda klostridial infeksiya qoşularaq emfizematoz xolesistitə səbəb olur.
- Kəskin xolesistitdəki infeksiyanın mənbəyi bağırsaqlardır, əksər hallarda coli, Klebsiella, Enterokokklar az hallarda Bakteroidlər tapılır.
- Kisə divarı işemiyasının ikinci mexanizmi olan mikrosirkulyasiyanın pozulması kəskin daşsız xolesistit üçün xarakterikdir və adətən ağır xəstələrdə (yanıqlar, böyük travma, əməliyyatlar, sepsis, kəskin ürək-damar yetməzliyi və s.) rast gəlir.
Gedişi
- Daşlı xolesistit xəstələrin təxminən yarısında spontan olaraq 7-10 gün ərzində sönür.
- Təxminən 30-40% hallarda infeksiya qoşularaq destruktiv iltihaba, 10-15% hallarda ağırlaşmalara (perforasiya, infiltrat, absess, fistul, peritonit, emfizematoz xolesistit, empiema, sepsis) səbəb olur.
- Təxminən 30% xəstələrdə bir ay ərzində təkrarlaya bilir.
- Təxminən 10-15% hallarda xoledox patologiyası ilə birlikdə və ya ağırlaşmasına səbəb olur (xoledoxolitiaz, xolangit, Mirizzi sindromu).
- Letallıq müalicə olunmazsa 1-3%, əməliyyat olunarsa <0,5% olur. olur.
- Kəskin daşlı xolesistitdən fərqli olaraq kəskin daşsız xolesistit daha çox kişilərdə və kritik xəstələrdə rast gəlir, ağır gedişli olub spontan sönmür, 75% halda qanqrena inkişaf edir, yüksək letallığa səbəb olur (40%), xəstələrin az hissəsində (25%) klassik əlamətlər görünür.

Şəkil 1. Kəskin daşlı xolesistitin təbii gedişi
Ağırlaşmaları
- Perforasiya
- Infiltrat
- Abses
- Fistul (daxili və xarici)
- Peritonit
- Emfizematoz xolesistit
- Empiema
- Sepsis
- Xoledoxolitiaz
- Xolangit
- Mirizzi sindromu
- Digər
Klinikası
Kəskin daşlı xolesistit əksər hallarda (75%) öd sancısı ilə başlayır, sancı 6 saatdan çox davam edir və buna iltihab əlamətləri qoşulur (hərarət artması, leykositoz, CRP artması və s.).
Kəskin daşsız xolesistitdə isə tipik öd sancısı və yerli əlamətlər az (25%) hallarda rast gəlir, kritik xəstədə adətən səbəbi bilinməyən qızdırma, leykositoz, amilaza artması şəkilində büruzə verir.
Diaqnostika
Şübhə
Öd sancısı olan xəstələrdə kəskin xolesistitdən şübhələnmək lazımdır. Kritik xəstələrdə izah olunmayan hərarət, leykositoz və hiperamilazemiya kəskin daşsız xolesistitə yüksək şübhə yaradır.
Dəqiqləşdirmə
Kəskin xolesistit diaqnozunu dəqiqləşdirmək üçün klinik müayinələrlə yanaşı iltihabın göstəriciləri yoxlanılır, görüntüləmə müayinələri ilə öd kisəsi qiymətləndirilir (USM ilk seçimdir). Qaraciyər göstəriciləri və digər görüntüləmə müayinələri adətən göstərişə görə ağırlaşmaları müəyyənləşdirmək və ya inkar etmək üçün aparılır.
Kəskin daşlı xolesistitin patoqnomonik simptomu yoxdur və diaqnozu klinik – laborator – görüntüləmə kriteriyalarına görə qoyulur:
- Altı saatdan çox davam edən öd sancısı
- Yerli iltihab əlamətləri – Merfi simptomu, sağ qabırğaaltı nahiyədə gərginlik və ya ağrılı kütlə
- Ümumi iltihab əlamətləri - temperatur > 37,50C, leykositoz > 12x109/l və ya qranulositoz və ya CRP > 3 mq/dl. Bilirubin və enzim səviyyələri zəif arta bilər.
- Görüntüləmədə (USM, KT, MRT): kisənin böyüməsi, divarının qalınlaşması (> 4 mm) və ətrafında maye tapılması, ssintiqrafiyada kisə bloku.
Sintiqrafiyada və funksional USM-də kisə bloku yoxdursa kəskin xolesistit inkar edilir, blokun olması isə təkbaşına kəskin xolesistiti göstərməz.
Kritik xəstələrdə izah olunmayan hərarət, leykositoz və hiperamilazemiya kəskin daşsız xolesistitə yüksək şübhə yaradır. Dəqiqləşdirmək üçün görüntüləmə ilə (USM, KT, sintiqrafiya) kisədə böyümə, divar qalınlaşması, ətrafında maye və kisə bloku təyin edilməlidir.
![]() |
![]() |
![]() |
Ağırlıq dərəcəsinin təyini (Tokyo klassifikasiyası)
|
I dərəcəli (yüngül dərəcə) |
Kəskin xolesistit əlamətləri var, lakin orqan yetməzliyi və yerli ağırlaşma əlamətləri (peritonit, abses, infiltrat, empiema, emfizematoz) yoxdur. |
|
II dərəcəli (orta dərəcə) |
Ağır yerli iltihab əlamətlərindən ən azı biri var və xolesistektomiyada texniki çətinlik törənir: 72 saatdan çox davam edən tutma, leykositoz >18 x 109/L, palpator kütlə |
|
III dərəcə (ağır dərəcəli) |
İltihabi proses təcili əməliyyat tələb edən ağırlaşma törətmişdir: biliar peritonit, emfizematoz xolesistit, empiema və sepsis, yanaşı xolangit |
|
IV dərəcəli (çox ağır dərəcə) |
Kəskin xolesistitlə yanaşı bir və ya bir neçə orqan və ya sistem disfunksiyası var. Dəstək müalicələrinə ehtiyac var. |
Müalicəsi
- Kəskin xolesistitin əsas və radikal müalicəsi erkən (12 – 24 saat) laparoskopik xolesistektomiyadır. Digər müalicələr (konservativ və dekompressiv) köməkçi vasitə kimi və ya əməliyyata əks göstəriş olduqda istifadə edilə bilər.
- Əməliyyata əks-göstəriş olarsa, əvvəlcə konservativ müalicə ilə (infuziya, antibiotik, ağrıkəsici) iltihab söndürülməyə çalışılır. İltihab sönmürsə dəridən keçən xolesistostoma qoyulur, 1,5 – 2 ay sonra xəstənin ümumi vəziyyəti düzələrsə əməliyyat edilir, düzəlməzsə dəridən keçən yolla daşlar çıxarılır.
- Əməliyyat vaxtı öd kisəsi ətrafında ağır iltihabı və sklerotik dəyişikliklər olarsa və kisənin tam çıxarılması ağırlaşma ehtimalını artırısa (qanaxma, orqan zədələnməsi və s) xolesistostoma və ya hissəvi xolesistektomiya edilə bilər.

Şəkil 2.Kəskin daşlı xolesistitin müalicəsi
Özət
Kəskin xolesistit öd kisəsinin kəskin iltihabı olub əksər hallarda (90%) öd daşının kisə axacağında pərçimlənməsi nəticəsində, az hallarda isə ümumi ağır xəstəlik və əməliyyatlara bağlı meydana gəlir. Kəskin daşlı xolesistit əksər hallarda öd sancısı ilə başlayır, sancı 6 saatdan çox davam edir və buna iltihab əlamətləri qoşulur. Xəstələrin yarısında tıxanma spontan aradan qalxır və iltihab 7-10 gün ərzində spontan sönür, digər yarısında isə aseptik prosesə infeksiya qoşulur ki, bu da destruktiv (fleqmanoz, qanqrenoz xolesistit) formaların, bəzi hallarda isə ağırlaşmaların (perforasiya, infiltrat, absess, fistula, peritonit, emfizematoz xolesistit, empiema, sepsis) meydana çıxmasına səbəb olur. Diabet, irəli yaş, ürək-damar xəstəlikləri destuktiv forma üçün risk amilləridir. Kəskin daşsız xolesistit əksər hallarda kisə divarının birincili işemik-nekrozu nəticəsində meydana gəlir, adətən ağır xəstələrdə (yanıqlar, böyük travma, əməliyyatlar, sepsis, kəskin ürək-damar yetməzliyi və s.) rast gəlir, gedişi çox ağırdır və letallığı yüksəkdir.
Diaqnostikasında klinik, laborator və görüntüləmə müayinələri əsas yer tutur, diaqnozu kriteriyalar əsasında qoyulur ki, bunlara 6 saatdan çox davam edən öd sancısı, yerli və sistemik iltihab əlamətləri (Merfi simptomu, sağ qabırğaaltı ağrılıq, Ortner simptomu, leykositoz, CRP artması, qranulositoz), görüntüləmədə kisənin böyüməsi, divarının qalınlaşması (> 2 mm) və ətrafında maye aiddir. Müalicəsi erkən laparoskopik xolesistektomiyadır. Digər müalicələr (konservaiv və dekompressiv) köməkçi vasitə kimi və ya əməliyyata əks göstəriş olduqda istifadə edilə bilər. Daşlı xolesistitlərdə letallıq müalicə olunmazsa 1-3%, əməliyyat olunarsa <0,5%, daşsız xolesistitdə isə çox yüksək (40%) olur.
Kəskin xolesistit üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
Kəskin daşlı xolesistit
|
Suallar |
Cavablar |
|
Kəskin xolesistit nədir? |
Öd kisəsi axacağının obstruksiyası nəticəsində öd kisəsinin iltihabıdır. |
|
Kəskin xolesistitin səbəbləri nədir? |
90-95% hallarda daş mənşəli, 5-10% halda isə daşsız olur. |
|
Kəskin daşlı xolesistitin patogenezi necədir? |
Daş axacağı tıxayır, kisədaxili hiertenziya, sonra işemiya və iltihab baş verir. |
|
Kəskin daşsız xolesistitin patogenezi necədir? |
Kisə divarında birincili olaraq mikrosirkulyasiya pozulur, işemiya və nekroz baş verir. |
|
İnfeksiya kəskin xolesistitdə birincilidir yoxsa ikincili? |
İnfeksiya kəskin xolesititdə adətən ikincili qoşulur |
|
Simptom və əlamətləri hansılardır? |
Sağ yuxarı kvadrantda ağrı, gərginlik, temperatur, ürəkbulanma, qusma, ağrılı palpasiya, Merfi simptomu |
|
Merfi simptomu nədir? |
Öd kisəsi nahiyyəsi palpasiya edilir və xəstəyə nəfəsalma təklif edilir. Kisədə iltihab olduqda xəstə ağrı səbəbi ilə tam nəfəs ala bilmir |
|
Kəskin xolesistitin ağırlaşması nələrdir? |
Abses, perforasiya, xoledoxolitiaz, xolesistoenterik fistul, daş mənşəli keçməzlik |
|
Kəskin xolesistitdə hansı laborator dəyişikliklər olur? |
Leykositoz, CRP artması, qələvi-fosfotazanın, ALT,AST, bilirubinin, amilazanın zəif artması |
|
Kəskin xolesistitdə diaqnostik müayinə hansıdır? |
Ultrasəs müayinəsi |
|
Kəskin xolesistitin USM əlamətləri hansılardır? |
|
|
USM əlamətləri kəskin xolesistit üçün patoqnomonikdirmi? |
Xeyr. Kisə böyüməsi, divar qalınlaşması, ətrafında maye kimi əlamətlər sirrozda, pankreatitdə, perforativ xoralarda görünə bilər. |
|
Öd sancısı ilə kəskin xolesistitin fərqi nədir? |
Kəskin xolesistitdə ağrılar 6 saatdan çox davam edir, leykositoz, temperatur və digər iltihaba xas əlamətlər görünür |
|
Kəskin xolesistitin diaqnostik kriteriyaları hansılardır? |
6 saatdan çox davam edən ağrı Yerli və ümumi iltihab əlamətləri USM əlamətləri |
|
Daşın olmaması kəskin xolesistiti inkar edirmi? |
Xeyr |
|
Kəskin xoleistiti təsdiq edən müayinə hansıdır? |
Laparoskopiya |
|
Kəskin xolesistiti inkar edən müayinə varmı? |
Var. Ssintoqrafiyada öd kisəsinin görünməsi kəskin xolesititi inkar edir. |
|
Kəskin xolesistitin müalicəsi? |
İnfuziya, antibiotik, xolesistektomiya |
|
Kirəcləşmiş öd kisəsi nədir? |
Kalsifikasiya olunmuş öd kisəsinə deyilir. Adətən xroniki xolelitiazın nəticəsidir, USM və ya KT ilə görünür. kanser riskini ciddi ölçüdə artırdığı üçün əməliyyat lazımdır. |
|
Öd kisəsi hidropsu nədir? |
Kisə axacağının daşla tamamən tıxanması fonunda kisəsinin maye ilə-kisə mukozasından (ödlə yox)dolması. |
|
Gilbert sindromu nədir? |
Anadangəlmə hiperbilirubinemiyadır: –qaraciyərdəki bilirubin mənimsəmə və qlükuronizasiya proseslərində genetik defektlər sərbəst bilirubinin artması ilə nəticələnir. Əksər hallarda ciddi problem törətmir və müalicəyə ehtiyac yoxdur. |
|
Courvoiser simptomu nədir? |
Əllənən, lakin gərgin olmayan və az ağrılı öd kisəsi, sarılıqla birlikdə mşahidə olunur. Kəskin xolesistitdən fərqli olaraq kisə az ağrılıdır, sərt deyil və çox böyüyə bilir. Adətən pankreas başı xərçəngində rast gəlir. |
|
Mirizzi sindromu nədir? |
Kisə axacağına pərçim olunmuş daşın xoledoxu sıxaraq mexaniki sarılıq törətməsidir |


