Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Öd yolları xəstəlikləri

N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova

ÖD YOLLARININ XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTK YANAŞMA

N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova

 

 

ÖD YOLLARI XƏSTƏLİKLƏRİ

 

  • Anadangəlmə xəstəlikləri
  • Sistləri
  • Atreziyası
  • Funksional xəstəlikləri
    • Öd kisəsi disfunksiyası
    • Öddi sfinkteri diskineziyası
  • Öd daşı xəstəliyi və ağırlaşmaları
    • Öd sancısı (xroniki daşlı xolesistit)
    • Kəskin xolesistit
    • Kəskin xolangit
    • Xoledox daşları
    • Təkrarlayan irinli xolangit
  • Kəskin daşsız xolesistit
  • Çapıq daralmalar (skleroz xolangitlər)
    • Birincili skleroz xolangitlər
    • İkincili skleroz xolangitlər
  • Neoplastik xəstəlikləri
    • Kisə və xoledox polipləri
    • Öd kisəsi xərçəngi
    • Xolangiokarsinomalar
  • Zədələnmələr
  • Parazitar xəstəliklər (exinokokk, fasiola hepatika, Clonorchis və s.)
  • Damar xəstəlikləri
    • Portal hipertenziv xolangiopatiya
  • Digər

 

 

ÖD YOLLARININ MÜAYİNƏLƏRİ VƏ ƏLAMƏTLƏRİ

 

Klinik müayinələr

Ağrı-öd sancısı

Sağ qabırğaaltı və ya epiqastral nahiyədə kəskin başlayan, 15-30 dəqiqə ərzində artaraq, 6 saata qədər sabit davam edən və yavaş-yavaş azalaraq ən geci 24 saatda aradan qalxmayan ağrı. Öd yollarında spazm və hipertenziya nəticəsində baş verir

 

Öd yolları xəstəliyinin ən çox rast gələn əlamətidir.

Ağrının 6 saat ərzində keçməsi xroniki daşlı xolesistit tutması, çox davam etməsi isə kəskin xolesistit, kəskin xolangit və pankreatitdə rast gəlir.

Qaraciyər xəstəlikləri üçün bu tipli ağrılar xarakterik deyil.

Mədə, 12bb, MAV, və yoğun bağırsaq xəstəliklərində öd sancısı şəklində ağrılar ola bilər.

Ağrı-küt sağ qabırğaaltı

Sağ qabırğaaltı nahiyədə davamlı küt ağrı.

Adətən iltihaba bağlı meydana gəlir

Kəskin və xroniki iltihabi xəstəliklərdə rast gəlir. Kəskin xolesistit, kəskin və xroniki xolangitlərdə, şişlərdə, biliar sirrozda və öd kisəsi diskineziyasında ola bilir.

Qc xəstəlikləri üçün çox xarakterikdir. Digər peribiliar xəstəliklərdə də rast gəlir.

Sarılıq

Sklera və dərinin sarı rəngə boyanması. Bilirubinin qanda artmasına (> 2 mq/dl) bağlı meydana gəlir.

Hemolizin, Qc xəstəliklərinin və ya xolestazın əlaməti ola bilər.

Mövcudluğu xolestaza şübhə yarada bilər, olmaması isə xolestazı inkar etməz.

Qc-in əksər xəstəliklərində (hepatitlər, sirroz, şişlər və s.) və hemolizdə rast gəlir.

Az hallarda beta-karotinlər və ya retinol və riboflavin tərkibli qidalar çox istifadə edənlərdə görünür. Dəqiqləşdirmək üçün qanda bilirubinə baxmaq lazımdır.

Qaşınma

Bədəndə diffuz acışma və ya qaşınma hissi.

Öd və ya sidik turşularının, iltihab mediatorlarının, bakteriyaların, dərmanların sinir uclarına təsiri nəticəsində meydana gəlir.

 

Xolestazın, allergik, dəri, böyrək, qurd, sümük xəstəliklərinin, dərmanların əlaməti ola bilər.

Kəskin və xroniki xolestazlarda rast gəlir, lakin xolestazın mütləq əlaməti deyil. BBS və skleroz xolangitin ən erkən əlaməti ola bilər. Laborator və görüntüləmədə xolestaz yoxdursa qaşıntının öd mənşəli olması inkar edilir.

Ürək-bulanma və qusma

Öd yolları xəstəlikləri üçün yanaşı (ikinci dərəcəli) əlamətdir.

Öd yollarının kəskin xəstəliklərində, xoledoxolitiazda ağrı ilə birlikdə rast gəlir. Təkbaşına olması biliar xəstəlik üçün xarakterik deyil.

Mədə, 12bb, Qc, MAV, bağırsağın iltihabi və neoplastik xəstəlikləri, bağırsaq keçməzliyi və beyin xəstəliklərində rast gələ bilir.

Köp

Öd yolları xəstəlikləri üçün yanaşı (ikinci dərəcəli) əlamətdir.

Öd yollarının kəskin xəstəliklərində parezə, xroniki xolestazda isə bağırsaqlarda öd azlığına bağlı meydana gələ bilir.

Təkbaşına rast gəlməsi biliar xəstəlik üçün xarakterik deyil.

Mədə, 12bb, Qc, MAV, bağırsağın iltihabi və neoplastik xəstəlikləri və bağırsaq keçməzliyində rast gələ bilir.

Qıcqırma

Qastroezofageal reflüks əlamətidir.

Öd yolları xəstəliyi üçün xarakterik deyil, lakin bununla yanaşı reflüks ezofagit olarsa görünə bilir.

Palpator ağrılıq

Öd kisəsinin və yollarının kəskin iltihabı üçün çox xarakterik, obyektiv simp­tomdur.

Merfi simtomu- palpasiya ilə eyni vaxtda nəfəs aldıqda ağrı artır və ya nəfəsalma dayanır.

USM – Merfi simptomu- USM ucluğu öd kisəsi proyeksiyasında saxlanılır, bu vəziyyətdə nəfəs alarkən kəskin ağrı olur.

Ortner simptomu- döyəcləmə vaxtı sağ qabırğaaltında ağrının olması.

Bu əlamətlər kəskin daşlı xolesistitdə çox rast gəlir, daşsız xolesistitdə isə nisbətən az (75%) rast gəlir. Öd yollarının digər kəskin iltihabi xəstəliklərində də rast gələ bilər.

Ətraf orqanların iltihabı, hətta funksional xəstəliklərində də görünür.

Kütlə

Palpasiya vaxtı sağ qabırğaaltında və epiqastral nahiyələrdə törəmənin təyin edilməsi. İltihabi, neoplastik və sistik törəmələr ola bilər.

Kisənin hidropsu, empieması, absesi, infiltrati, şişi, xoledox sisti kütlə şəklində əllənə bilər. Kütlənin yerini dəqiqləşdirmək üçün USM və KT gərəklidir.

Peribiliar orqanlarin iltihabi və neoplastik xəstəliklərində də bu əlamət rast gə­lir.

Assit

Öd yollarinin xəstəlikləri üçün xarakterik deyil, lakin ağırlaşmalarında rast gələ bilər.

Kəskin xolesistit və öd peritonitində, əməliyyatdan sonra isə açıq əlavə axar (Luşka), güdül buraxması və xoledox zədələnməsi vaxtı assit ola bilər. Assitdəki bilirubin miqdarının qandan çox olması öd sızmasını göstərir.

Sirroz – portal hipertenziya, ürək və böyrək yetməzlikləri transsudativ, birincili və ikincili peritonitlər eksudativ assitə, şişlər adətən sekretor assitə, boşluqlu və vəzili orqanların zədələnməsi isə ekstravazasiyaya səbəb olurlar

Axolik nəcis

Nəcisin ağ rəngli olması. Bağırsağa ödün axmaması nəticəsində nəcisdə öd piqmentlərinin olmaması. Tıxanma sarılığı üçün xarakterikdir. Lakin ishal törədən xəstəliklərdə də nəcis rəngsiz ola bilər.

İshal

Nəcis ifrazının tezləşməsi və mayeşəkilli olması. Xolesistektomiyadan sonrakı ilk həftələrdə və xolestazda rast gələ bilər.

Laksativ istifadəsi, bağırsaqların iltihabi xəstəlikləri, mədə və bağırsaq əməliyyatlarından sonra ola bilər.

 

 

Laborator müayinələr

Aminotransferaza ALT, 10-40 TV/l AST, 10-40 TV/l

Hepatosellulyar zədələnmənin ən həssas göstəricisidir. AST erkən (mitoxondrial) zədələnmənin, ALT isə dərin zədələnmənin göstəricisidir, hepatositlər üçün daha spesifikdir. ALT və AST-nin birlikdə baxılması gərəkir.

Öd yolları xəstəlikləri Qc zədələnməsi törədərsə arta bilər (2-5 dəfə). Kəskin tıxanma və düşən daşlarda 20 dəfədən çox və qısamüddətli artma ola bilər

Qələvi fosfataza

QF, 45-115 TV/l

Xolestazın ən həssas göstəricisidir. Normal olması xolestazı inkar edə bilir, QQT ilə birlikdə artması isə xolestazı təsdiq edir.

Öd yollarında xolestaz və ya zədələnmə olarsa 1-2 gün ərzində artar.

Qc-in əksər xəstəliklərində 2-3 dəfə arta bilir, 3 dəfədən çox artması və ya ALT-yə nəzərən çox artması xolestazı (xolestatik hepatit, BBS, infiltrasiya) göstərir.

Qamma-qlütamil-transpeptidaza

QQT, 1-50 TV/l

Xolestazın və alkoqol mənşəli qaraciyər zədələnməsinin göstəricisidir. QF ilə birlikdə baxılması vacibdir.

Xolestaz törədən xəstəliklərdə QF ilə birlikdə artar. QF artarsa və QQT normaldırsa xolestaz inkar edilə bilər (XXATX və Bayer sindromundan başqa).

Qc xəstəliklərində, xüsusən də alkoqol hepatitində artır. QQT/QF >2,5 alkoqol hepatitini göstərir.

Böyrək, ürək, bağırsaq xəstəliklərində arta bilər.

5-nukleotidaza

5-NT, 1-10 TV/l

Xolestazın ən spesifik, lakin gec göstəricisidir. Xolestazı təsdiq və ya inkar etmək çətin olarsa istifadə edilir.

Xolestazda 4-5 gün sonra artır.

Qaraciyər xəstəliklərində arta bilər.

Digər xəstəliklərdə adətən artmaz.

Bilirubin

Ümumi, 0,1-1 mq/dl və ya 1-17 mkmol/l

 

Sərbəst 0,1-0,9 mq/dl və ya 1-15 mkmol/l

 

Birləşmiş (konyuqə) 0,1-0,5 mq/dl və ya 1-10 mkmol/l

Sarılığın diaqnostikası, xolestazın, hepatosellulyar zədələnmə və hemolozin isə ağırlıq dərəcəsi və dinamikasını təyin etmək üçün istifadə olunur.

Ekstra və intrahepatik xolestazlarda konyuqə bilirubin artır. Uzunmüddətli tıxanmalarda sərbəst bilirubin də arta bilər. Hissəvi və bölgəsəl xolestazlarda (darlıq, infiltrasiya, qapaqşəkilli daşlar və s.) QF artmasına baxmayaraq bilirubin artmaya bilər. 10 mq/dl-dən çox artması isə adətən şiş mənşəli tıxanmalarda rast gəlir.

Qc-in əksər qazanılma xəstəliklərində hər iki fraksiya 1-3 dəfə artır. Çox artma ağır dərəcəli xəstəliyi göstərir. Anadangəlmə enzim yetməzliklərində isə adətən fraksiyalardan biri artır. Sərbəst bilirubin Gilbert və Crigler-Najjar sindromlarında, konyuqə bilirubin isə Dubin-Jonson və Rotor sindromlarında artar.

Hemolizdə sərbəst bilirubin artır.

Albumin

4-6 q/dl

Qc-in sintetik funksiyasını və sepsisin ağırlığını qiymətləndirmək üçündür.

Öd yolları xəstəliklərində adətən dəyişmir, xroniki Qc xəstəliyi baş verərəsə (BBS, İBS) azala bilər.

Adətən Qc-in xroniki xəstəliklərində azalır, kəskin xəstəliklərində isə nadir hallarda azala bilir.

Sepsis və qida azlığında da azala bilər

Protrombin

12-14 san

0,9-1,2 BNN

Qaraciyərin sintetik funksiyasının ən həssas göstəricisi olmaqla yanaşı laxtalanmanı qiymətləndirmək üçün də istifadə edilir.

Xolestazlarda azalır, lakin Vit.K müalicəsinə cavab verir.

Kəskin və xronik qaraciyər yetməzliklərində azalır və Vit.K müalicəsinə cavab vermir.

YDDL və varfarin müalicəsində də azalır

Autoimmun göstəricilər

Antimitoxondrial anticisim (AMA)

Antinuklear anticisim (ANA)

Qaraciyər, böyrək mikrosomlarına qarşı anticisim (LKM)

AMA birincili biliar sirrozda ortaya çıxar, ANA və LKM isə autoimmun hepatit üçün xarakterik marker sayılır.

İltihab göstəriciləri

Leykositoz, sola meyillik və CRP öd yolları kəskin iltihabında (xolesistit, xolangit), EÇS artması isə xronik xəstəliklərdə rast gəlir.

 

 

Görüntüləmə müayinələri

USM

Öd yollarının ən həssas və ilkin müayinəsidir. Öd daşını (98%), öd yollarının genişlənməsini, kisə böyüməsi və divar qalınlaşmasını, kisəətrafı mayeni və digər patologiyaları göstərə bilir.

Endoskopik USM

Xoledoxun distal patologiyalarında ən həssas üsullardan biridir.

Əməliyyatdaxili USM

Xoledoxu və qaraciyərdaxili axacaqları qiymətləndirmək üçün dəqiq üsullardan biridir.

MRT

Öd yollarının diaqnostikasında ən həssas və spesifik üsul sayılır. Həm axacaqdaxili, həm də axacaq divarı və ətrafındakı patologiyaları yüksək həssaslıqla göstərir. USM-dən sonra ikinci vacib müayinədir.

KT

Öd yolları patologiyalarında yeri azdır, daha çox peribiliar patologiyaların diaqnostikası üçün istifadə edilir.

ERXPQ

Endoskopik retroqrad xolangio-pankreatoqrafiya. Əvvəllər diaqnostik məqsədlə geniş istifadə edilirdi. Hazırda daş çıxarmaq, stent qoymaq və drenaj etmək (nazobiliar) üçün ən geniş istifadə edilən azinvaziv müalicə üsuludur.

PTX

Perkutan transhepatik xolangioqrafiya. ERXPQ mümkün olmayan hallarda tətbiq edilən xolangioqrafiya və müdaxilə (daşçıxarma, stent, drenaj) üsuludur.

Xoledoxoskopiya

Xoledoxun yumşaq və ya sərt endoskopla birbaşa görüntwləmə üsuludur. Əməliyyat vaxtı (açıq və laparoskopik) və ya endoskopiya vaxtı aparıla bilir. Həm diaqnostik, həm də müalicə məqsədli (daş çıxarma, dilatasiya, stent, drenaj) istifadə edilir. Son illər laparoskopiya ilə birlikdə istifadə edilir və xoledoxolitiazın müalicəsində ERXPQ-yə alternativ üsul kimi geniş tətbiq edilir.

Laparoskopiya

Diaqnostik məqsədlə kəskin xolesistitin differensial diaqnostikasında istifadə edilir.

Biopsiya

Öd yollarının xəstəliklərində vacib müayinə üsuludur

 

 

ÖD YOLLARI XƏSTƏLİKLƏRİNDƏ DİAQNOSTİK YANAŞMA

 

Prinsip

  • Öd kisəsində, axacaqlarda və Oddi sfinkterində əvvəlcə üzvi, sonra funksional xəstəliklər axtarılır.
  • Öd kisəsində patologiya tapılarsa mütləq axacaqlar da yoxlanılmalıdır.

 

Şübhə

  • Ağrı (öd sancısı, öd ağrısı), sarılıq, qaşınma, pankreatit, anamnezdə öd yolları xəstəlikləri və əməliyyatları, QF artması öd yolları xəstəliklərinə şübhə yaradan əlamətlərdir.

 

Dəqiqləşdirmə

Birinci pillə müayinələr

  • Bu mərhələdə məqsəd öd kisəsində, axacaqlarda üzvi dəyişikliyi və xolestazı araşdırmaqdır.
  • Bu məqsədlə aşağıdakı ilkin müayinələr aparılır:
    • Klinik müayinə
    • USM
    • Xolestaz (QF, QQT, Bilirubin)
    • Qc enzimləri (ALT, AST)
    • Amilaza
    • Hemoqram
    • CRP

 

  • Öd kisəsi patologiyalarında USM çox həssas, öd yolları patologiyalarında isə xolestaz göstəriciləri çox həssasdır. USM öd yollarında patologiya göstərirsə var deməkdir, göstərmirsə yoxdur demək deyildir.

 

Şəkil 1. Öd yolları xəstəliklərinin diaqnostikasında ilkin müayinə nəticələri

 

  • İlkin müayinələrdən bir neçə nəticə ortaya çıxa bilər.
    • Birincisi, kəskin cərrahi xəstəlik müəyyən olunur (məslələn kəskin xolesistit, kəskin xolangit, hemobiliya). Belə hallarda təcili olaraq əlavə müayinələr və müdaxilələr aparılır.
    • İkincisi, öd kisəsində patologiya aşkar olunur, laborator xolestaz yoxdur və USM öd yollarında patologiya aşkar etmir, xəstənin şikayətləri kisə patologiyasına uyğun gəlir. Belə vəziyyətdə adətən diaqnoz dəqiqləşir və əlavə müayinələrə ehtiyac qalmır (daşlı xolesistit, öd kisəsi polipləri)
    • Üçüncü nəticə, öd kisəsində patologiyanın və xolestazın olub-olmamasından asılı olmayaraq, axacaqlarda üzvi dəyişiklik tapılır (genişlənmə, daralma, exopozitiv kütlə, sist və s). Belə vəziyyətdə diqnozu müəyyənləşdirmək üçün dəqiqləşdirici müayinəyə - xolangioqrafiyaya ehtiyac vardır.
    • Dördüncü nəticə, kisədə və axacaqlarda dəyişiklik olub-olmamasından asılı olmayaraq xolestaz əlamətləri var. Belə halda da dəqiqləşdirici müayinə kimi xolangioqrafiya məsləhətdir.
    • Beşinci nəticə, öd kisəsində, axacaqlarda üzvi dəyişkilik və xolestaz tapılmır, lakin klinik olaraq biliar patologiyaya şübhə qalır (öd sancısı, qeyri-xolestatik sarılıq, pankreatit). Bu hal USM ilə görünməyən daşlarda (ultraneqativ daşlar), öd kisəsi və Oddi sfinkteri disfunksiyalarında rast gəlinir. Bel halda da dəqiqləşmə üçün MRT məsləhət görülür.

 

İkinci pillə müayinə

  • İkinci mərhələdə məqsəd axacaqlardakı və ətrafındakı üzvi dəyişikliyi dəqiqləşdirməkdir.
  • MRT ilk seçimdir, bu mümkün olmazsa digər xolangioqrafiyalar seçilir.
  • Bu mərhələdə də bir neçə nəticə ola bilər:
    • Birincisi və ən çox rast gələni axacaqlardakı xəstəliyin və ağırlıq dərəcəsinin dəqiqləşməsidir.
    • İkinci nəticə, xolestazın ekstrahepatik (axacaqlarda genişlənmə var) və intrahepatik (axacaqlarda genişlənmə yoxdur) olması dəqiqləşir, lakin ağırlıq dərəcəsi və ya səbəbi dəqiqləşmir. Qaraciyərxarici xolestazı törədən xəstəliklər və ağırlıq dərəcələri əksər hallarda MRT və əvvəlki klinik-laborator müayinə ilə dəqiqləşdirilə bilir (xoledox daşları, daralmalar, törəmələr, sistlər və s). MRT ilə xəstəlik və ağırlıq dərəcələri dəqiqləşdirilə bilmirsə (xoledox distalının daralmaları və kiçik törəmələri, xoledoxdaxili varikozlar və s) üçüncü pillə müayinələr lazım gəlir. Qaraciyərdaxili xolestazı törədən xəstəlikləri dəqiqləşdirmək üçün adətən əlavə müayinlərə ehtiyac yaranır.
    • Üçüncü nəticə, xolestaz yoxdur və MRT-də öd yolları normal görünürsə funksional müayinələrə ehtiyac yaranır.

 

Şəkli 2. Öd yolları xəstəlikləri diaqnostikasında ikinci pillə müayinələrin nəticələri

 

 

Üçüncü pillə müayinə

  • Aparılan birinci və ikinci pillə müayinələrdə xəstəliyin diaqnozu və ya ağırlıq dərəcəsi müəyyən edilmirsə xüsusi göstərişlərlə üçüncü pillə müayinələr edilir:
    • Trifazik KT
    • PET-KT
    • İnvaziv xolangioqrafiyalar
      • Endoskopik retroqrad xolangioqrafiya (ERXPQ)
      • Endoskopik USM
      • Perkutan transhepatik xolangioqrafiya (PTX)
      • Laparoskopik xolangioqrafiya
    • Xoledoxoskopiya
    • Autoimmun markerlər
    • Biopsiya
    • Funksional müayinələr
    • Digər

 

 

ÖD YOLLARINA MÜDAXİLƏLƏR

 

Perkutan xolesistostoma

»   Dəridən və qaraciyərdən keçərək öd kisəsinin daxilinə kateter yerləşdirilir. Nadir hallarda öd kisəsi endoskopik yolla kateterizasiya edilir.

»   Kəskin xolesistitlərdə xolesistektomiya mümkün olmayan hallarda iltihabı müvəqqəti söndürmək üçün öd kisəsi dekompressiya edilir.

 

 

 

Perkutan xolangioqrafiya

  • Dəridən və qaraciyərdən iynə ilə öd yollarına daxil olunur və kontrast verilərək xolangiqorafiya edilir.
  • Bu üsul endoskopik xolangioqrafiya mümkün olmayanda edilir. PTX həm diaqnostik, həm də müalicə məqsədi ilə istifadə edilə bilər (drenaj, stent qoyma)
 

 

 

Laparoskopik və açıq xolesistektomiya

»   Öd kisəsinin çıxarılması əməliyyatıdır - öd kisəsi axacağı və arteriyası bağlanıb kəsildikdən sonra yatağından ayrılır və çıxarılır.

»   Öd kisəsinin xəstəliklərində (öd daşı, xolesistit, polip, diskineziya) tətbiq edilir. Laparoskopik üsul qızıl standartdır.

 

 

 

Radikal xolesistektomiya

»   Öd kisəsi qaraciyər yatağı və qapı limfa düyünləri ilə birlikdə çıxarılır.

»   Öd kisəsi xərçəngində tətbiq edilir.

 

 

 

Bilio-biliar anastomozlar

»   Öd yolları uc-uca anastomoz edilir. Adətən anastomozdan T-drenaj və ya kateter yerləşdirilir.

»   Öd yolları zədələnmələrində, qaraciyər transplantasiyasında tətbiq edilir.

 

 

 

Bilio-digestiv anastomozlar

»   Öd yolları ilə bağırsaqlar arasında qoyulan anastomozlardır. Calanan orqana görə müxtəlif növləri var:

»   Hepatiko-yeyuno-anastomoz - ən çox tətbiq edilən anastomoz olub axacaqlarla nazik bağırsaqlar arasında Ru-Y tipli anastomoz qoyulur

»   Xoledoxo-duodenoanastomoz

»   Xolesisto-yeyuno-anastomoz (çox nadir hallarda istifadə edilir)

 
 

 

 

Sfinkterotomiya (transduodenal, endoskopik)

»   Oddi sfinkterinin kəsilərək genişləndirilməsi əməliyyatıdır. Endoskopik və transduodenal (açıq və ya laparoskopik) üsulla edilir. Endoskopik üsul qızıl standartdır.

»   Oddi sfinkteri stenozlarında, diskineziyalarında, stent qoymaq üçün, daş çıxarmaq üçün tətbiq edilir.

 

 

 

Biliar darlıqda dilatasiya, stent

»   Öd yollarında daralma sahəsini genişləndirmək üçün balonla dilatasiya edilə bilir, stentlər qoyula bilir.

»   Bəd və xoşxassəli daralmalarda tətbiq edilir.

 

 

 

Litotomiya (açıq, laparoskopik, endoskopik)

»   Öd yollarındakı daşı çıxarma əməliyyatıdır. Endoskopik yolla aşağıdan, açıq və ya laparoskopik xoledoxotomiya ilə ortadan, perkutan yolla isə yuxarıdan daşlar çıxarıla bilir.

»   Öd yollarının birincili və ikincili daşlarında istifadə edilir.

 

 

 

Öd yollarında əməliyyatlarından sonrakı ağırlaşmalar

Öd yollarında aparılan əməliyyatlardan sonrakı ağırlaşmalar üç əsas qrupa bölünürlər:

  • Xüsusi (spesifik)
  • Ümumi (qeyri-spesifik)
  • Anestezioloji

Spesifik ağırlaşmalar – öd yollarının cərrahiyəsinə bağlı ağırlaşmalardır. Ən çox rast gələn ağırlaşmalar aşağıdakılardır:

  • Qanaxma (intraabdominal və hemobiliya)
  • Biliar sızmalar
  • Bilioma
  • Biliar strikturalar
  • Öd fistulaları
  • Abses (qaraciyər və peritondaxili)
  • Qaraciyər disfunksiyası
  • Qaraciyər yetməzliyi
  • Oddi sfinkterinin disfunksiyası
  • Sepsis
  • Xolangit
  • Xoledoxolitiaz
  • Postoperativ pankreatit
  • Xilyoz assit

Qeyri – spesifik ağırlaşmalarına ümumi cərrahi əməliyyata bağlı ağırlaşmalardır. Ən çox rast gələn ağırlaşmalar aşağıdakılardır:

  • Ağciyər atelektazı
  • Plevrit
  • Pnevmoniya
  • Sidik yolları infeksiyaları
  • Yara irinləmələri
  • Postoperasiyon ventral yırtıqlar
  • Bitişmə mənşəli bağırsaq keçməzliyi
  • Dərin vena trombozları
  • Bağırsaqların yatrogen zədələnmələri

 

Anestezioloji ağırlaşmalar:

  • Allergik reaksiyalar
  • İntubasiya ağırlaşmaları
  • Narkoz ağırlaşmaları
  • Ölüm
  • Digər

 

Öd yolları müayinələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Müayinələr

Suallar

Cavablar

Bilrubinin hansı səviyyəsində sarılıq əlaməti ortaya çıxır?

2-2,5 dəfə artarsa

Sarılıq əlaməti ilk olaraq hansı anatomik bölgədə ortaya çıxır?

Dilin altı

Böyrək funksiyası yaxşı olarsa total bilirubin nə qədər yüksək ola bilər?

20 mg/dl-dən çox

Tıxanma sarılığının əlamətləri hansılardır?

  • Sarılıq
  • Tünd rəngli sidik
  • Rəngsiz nəcis
  • Qaşınma
  • İştahsızlıq
  • Ürəkbulanma

Obsrtruktiv sarılıqda qaşınmanın səbəbi nədir?

Öd duzlarının dermaya təması (bilirubin deyil!)

Xolelitiaz nədir?

Öd daşı

Xolesisitolitiaz nədir?

Öd kisəsi daşı

Xoledoxolitiaz nədir?

Ümumi öd axarında daş

Xolesistit nədir?

Öd kisəsinin iltihabı

Xolangit nədir?

Öd yollarının iltihabı

Xolangiokarsinoma nədir?

Öd yollarının adenokarsinoması

Klatskin tumor nədir?

Sağ və sol qaraciyər axacaqlarının birləşdiyi yerdə (haçada) yerləşən xolangiokarsinoma

Öd sancısı (biliar kolika) nədir?

Sağ qabırğaaltı və ya epiqastralik bölgədə kəskin başlayan, 15-30 dəq. ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı (adətən öd daşının kisə axarını tıxaması nəticəsində baş verir).

Bilioma nədir?

İntraperitoneal və ya qaraciyərdaxili öd yığıntısı

Öd yollarının müayinəsi üçün ilkin görüntüləmə hansıdır?

Ultrasəs müayinəsi

Öd kisəsinin müayinəsi üçün ən çox istifadə edilən müayinə?

Ultrasəs müayinəsi

Öd axacaqlarını qiymətləndirmək üçün hansı üsulları bilirsiniz?

  • MRXQ - maqnit-rezonans xolangioqrafiya
  • EndoUSM- endoskopik ultrasəs müayinəsi
  • ERXPQ – endoskopik retroqrad xolangio-pankreatoqrafiya
  • PTX – Perkutan Transhepatik Xolangioqrafiya
  • Əməliyyatdaxili xolangioqrafiya
  • Kateter xolangioqrafiya
  • Radioizotop müayinə

Öd axacaqlarını qiymətləndirmək üçün ən dəqiq ilkin müayinə?

Maqnit rezonans xolangioqrafiya

R-müayinəsi hansı tezliklərdə kisədə daşı göstərə bilir?

10-15%

 

Öd yollarinda əməliyyatlar

Suallar

Cavablar

Xolesistektomiya nədir?

Öd kisəsinin çıxarılması (laparoskopik və ya açıq yolla)

Sfinkterotomiya nədir?

Öddi sfinkterinin kəsilməsidir, darlığı aradan qaldırmaq, xoledoxdakı daşları çıxarmaq, stend qoymaq üçün aparılır. Adətən ERXPQ ilə yerinə yetrilir, bəzən açıq üsulla transduodenal olaraq da edilə bilir.

Xoledoxo-yeyunostomiya nədir?

Ümumi öd axarı və yeyunum arasında anastomoz

Hepatiko - yeyunostomiya nədir?

Pay axacaqları və ya ümumi qaraciyər axacağı ilə yeyinum arasında anastomoz

Laparoskopik xolesistektomiyadan sonrakı biloma necə müalicə olunur?

1.Öd kolleksiyasını perkutan drenajı

2.ERXPQ ilə biliar stent yerləşdirməklə

Laparoskopik xolesistektomiya zamanı ümumi öd axarının böyük zədələnmələrində müalicə?

Xoledoxo-yeyunostomiya

 

ÖD YOLLARININ ANATOMİYASI VƏ FİZİOLOGİYASI

N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova

 

ANATOMİYASI

 

Öd yolları:

  • qaraciyərdə sintez olunan ödün toplanmasını, qatılaşmasını və 12bb-a tökülməsini təmin edən boruşəkilli strukturlardır
  • divarları öd epitelindən, əzələ və elastik liflərdən təşkil olunmuşdur.
  • qaraciyər paycıqlarında öd kapilyarlarından başlayıb, 12bb-ın böyük məməciyində bitir.

Hissələri

Klinik-anatomik olaraq öd yolları qaraciyərdaxili və qaraciyərxarici öd yolları olmaq üzrə iki hissəyə ayrılır və  4 vacib strukturdan ibarətdir:

  • qaraciyərdaxili öd yolları
  • qaraciyərxarici öd yolları:
  • qaraciyərxarici öd axacaqları
  • öd kisəsi və axacağı
  • sfinkterlər

 

 

Şəkil 1. Öd yollarının hissələri

 

 

Qaraciyərdaxili öd axarları

Qaraciyərdaxili öd axarları öd kapilyarlarından başlayıb, pay axacaqlarına qədər olan yollardır, kapilyar, paycıq, seqment, sektor axacaqlarını əhatə edir.

 

Qaraciyərxarici öd axarları

Sağ və sol Qc axacaqları, haça, ümumi qaraciyər axacağı, ümumi öd axarı, kisə axarı və öd kisəsi, Oddi sfinkteri qaraciyərxarici öd yollarına aid edilir.

  • Sağ Qc axacağı ön (V və VIII seqment) və arxa (VI və VII seqment) sektor axacaqlarının birləşməsindən əmələ gəlir.
  • Sol Qc axacağı lateral (II və III seqment) və medial (IV seqment) sektorların axacaqlarının birləşməsindən əmələ gəlir.
  • Haça sağ və sol Qc axarlarının birləşməsindən əmələ gəlir və ekstrahepatik yerləşir.
  • Ümumi qaraciyər axacağı haçadan başlayır və öd kisəsi axacağı ilə birləşdikdən sonra ümumi öd axarına keçir.

 

Öd kisəsi

Öd kisəsi armudşəkilli orqan olub, təxminən 50-60 ml həcmində öd tuta bilir. Qaraciyərin visseral səthində, IV və V seqmentlərin sərhəddindəki kisə çuxurunda yerləşir. Kisənin dibi, cismi, boynu və axacağı ayırd edilir.

Kalot üçbucağının divarlarını aşağıda kisə axacağı, yuxarıda qaraciyərin visseral səthi, solda isə ümumi qaraciyər axacağı təşkil edir. Kalot üçbucağında, periton səhifələri arasında adətən kisə arteriyası, venası, bəzən də limfa düyünü yerləşir.

 

Ümumi öd axacağı və ya xoledox

Ümumi qaraciyər axacağı ilə kisə axacağının birləşməsindən əmələ gəlir, 12bb-ın böyük məməciyinə açılır. Uzunluğu 5-10 sm, diametri 5-9 mm arasında dəyişən bu orqanın şərti olaraq 3 hissəsi ayırd edilir: supraduodenal, retroduodenal və intrapankreatik.

 

Sfinkterləri

Öd yollarında iki klinik əhəmiyyətli sfinkter var:

  • Öd kisəsinin axacağında yerləşən
  • Xoledoxun 12bb-a açılan hissəsində yerləşən Oddi sfinkteri

 

Qan təhcizatı

  • Qaraciyərdaxili öd yolları uyğun arteriyalardan qidalanır.
  • Qaraciyərxarici öd yollarının proksimal hissəsi sağ və sol qaraciyər arteriyaları vasitəsi ilə, orta hissəsi saat 3 və 9 istiqamətlərində axacağa paralel yerləşən arteriyalarla, distal hissəsi isə arxa pankreatoduodenal arteriyanın vasitəsi ilə qanla təchiz olunur.
  • Öd kisəsi sağ qaraciyər arteriyasından ayrılan kisə arteriyası ilə qidalanır.
  • Venalar adətən arteriyaları müşayət edir və qapı sisteminə açılır.

 

Limfatik axın

Öd yollarının limfası üç yolla günəş kələfi limfatik düyünlərinə axır: qaraciyər arteriyası ətrafı düyünlər vasitəsi ilə; retroduodenal və pankreatik düyünlər vasitəsi ilə; peripilorik və qastrik limfa düyünləri vasitəsi ilə. Öd kisəsinin limfası adətən Kalot üçbucağında yerləşən limfa düyününə axır.

 

İnnervasiya

  • Simpatik sinirlər öd kisəsi və sfinkterlərində boşalma törədir, parasimpatik təsir nəticəsində isə öd kisəsi yığılır, Oddi sfinktorunun peristaltizmi artır.
  • Vegetativ sinirlər həm də ağrı impluslarını daşıyırlar.

 

Anomaliyaları

Öd yollarının anadangəlmə dəyişiklikləri təxminən xəstələrin yarısında rast gəlir və  bunlar axacaqların və öd kisəsinin defektləri və ariasiyaları ola bilər.  

  • Öd yollarının defektləri adətən xəstəlik törədirlər və ya yüksək risk təşkil edirlər. Bunlara atreziya və sistlər aid edilir.
  • Öd axacaqlarının variasiyaları təxminən 38%-ə yaxın hallarda rast gəlinir və başlıca səbəbi sağ arxa axacağın (6 və 7-ci seqmentlərin) açılma yeridir. Huang təsnifatına görə qaraciyərdaxili axarların variasiyaları 5 tipə ayrılır: 1-ci tipdə normal birləşmə (62%), 2-ci tipdə üçlü (19%), 3-cü tipdə sağ arxa axacaq  sol axacağa açılır (11%) , 4-cü tipdə  ümumi qaraciyər axacağına açılır (6%), 5-ci tipdə isə kisə axacağına açılır (2%) və 6-cı tipə nadir rast gələnlər aid edilir (məsələn IV seqment axarı sağ axacağa açılır). (Şəkil 2).

 

 

Şəkil 2. Öd yolları variasiyalarının Huang klassifikasiyası

 

 

 

  • Öd kisəsi variasiyaları arasında ən çox aşağıdakılar rast gəlir: paralel kisə axacağı (20%), subseqmentar axacaqların ektopik açılması (26%) və kisə arteriyasının variantları (25%). (Şəkil 3).

 

 

Şəkil 3. Öd kisəsinin variasiyaları

 

 

FİZİOLOGİYASI

 

Əsas funksiya

Öd yolları təbiətcə axacaq sistemidir və əsas funksiyası qaraciyərdə ifraz olunan ödün bağırsaqlara tökülməsini təmin etməkdir. Bu funksiya aşağıdakı proseslər sayəsində həyata keçirilir:

  • ödün tərkibini dəyişmə
  • anbarlama
  • ödü qaraciyərdən bağırsağa axıtma

 

Ödün tərkibi və dəyişməsi

Qaraciyərdən ifraz olunan ilkin öd su (97%), elektrolit (1%) və üzvi maddələrdən ibarət izotonik şirə olub, yağların həzmi (öd turşuları, fosfolipidlər) və metabolizm məhsullarının kənarlaşdırılması (bilirubin, xolesterin, Ca+, dərmanlar və s. ) üçün vacibdir.

Qaraciyərdən ifraz olunan ilkin öd kisədə dəyişikliyə uğrayır:

  • su və elektrolitlərin sorulması sayəsində 5-10 dəfə qatılaşır
  • hidrogen ionlarının sekresiyası ödü turşulaşdırır (pH 7,8-dən 7,2-yə dəyişir)
  • sekresiya olan qlikoproteinlər öd epitelini öd turşularından qoruyur.

 

 

 

Şəkil 4. Ödün tərkibi

 

 

Anbarlama

  • Ödün anbarlanması öd kisəsinin çəllək funksiyası sayəsində mümkün olur, Oddi sfinktorunun sıxılması və qatılaşma buna şərait yaradır.

 

Ödün axını

  • Axacaqlarla bağırsaq arasındakı təzyiqlər fərqi ödün bağırsağa axımını təmin edir.
  • Bu fərqin yaranmasında və ödün axınında Oddi sfinktoru ilə öd kisəsinin koordinasiyası önəmli rol oynayır.

 

Oddi sfinktoru

  • Oddi sfinktoru 12bb əzələlərindən fərqli avtonomiyaya malikdir və üç əsas funksiyaya malikdir:
  • statik yığılaraq öd yollarında təzyiqi artırır və ödün kisəyə keçməsini təmin edir
  • öd kisəsi yığıldıqda gövşəyir və ödü bağırsağa buraxır
  • periodik olaraq 12bb-la birlikdə və yüksək təzyiqdə yığılaraq reflüksü önləyir.

 

Öd kisəsi

  • Öd kisəsi anbarlama və ödü dəyişdirmə ilə yanaşı ödün bağırsağa keçməsində önəmli rol oynayır ki, bu da iki növ yığılma sayəsində baş verir:
  • sakitlik halında kiçikhəcmli yığılmalar (10-15%),
  • həzm vaxtı isə böyükhəcmli yığılmalar (60-70%).

 

 

 

Şəkil 5. Öd yollarında gedən proseslər

 

Tənzimi

  • Öd yolları funksiyalarının tənzimində humoral amillər – xolesistokinin, motilin, sekretin və neyronal təsirlər – parasimpatik, simpatik, xolesisto-sfinktor, piloro-sfinktor reflekslər rol oynayır.
  • Sakitlik halında öd yollarında anbarlama və öd tərkibinin dəyişməsi ilə yanaşı hipertenziyanın və daşlaşmanın qarşısını almaq üçün bağırsağa kiçikhəcmli axınlar baş verir. Sonuncu proses 12bb peristaltikası ilə birlikdə və motilinin təsiri nəticəsində öd kisəsinin kiçikhəcmli yığılması və Oddi sfinktorunun gövşəməsi (xolesisto-sfinktor refleksi) nəticəsində baş verir.
  • Həzmin bağırsaq mərhələsində ödün bağırsağa aktiv axını və ifrazının artması baş verir. Xolesistokinin və vaqal impulslarının təsiri ilə öd kisəsinin böyükhəcmli yığılması və Oddi sfinktorunun açılması ödün bağırsağa axınını təmin edir. Sekretin isə öd yollarından su və elektrolit ifrazını artırır.

 

Öd yollarının anatomiyası və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Anatomiyası

Suallar

Cavablar

Öd yollarında “3-lər qaydası” nə deməkdir?

  • Öd yolları üç morfo-funksional komponentdən təşkil olunub: axacaqlar, öd kisəsi və Oddi sfinktoru
  • Öd yolları üç əsas funksiya yerinə yetirir: ödü qaraciyərdən bağırsağa axıtma,  ödün tərkibini dəyişmə və anbarlama
  • Ödün üç əsas əhəmiyyəti var: yağların həzmi, ifrazat və öd epitelini qoruma.

Öd yollarının hansı anatomik strukturları var?

  • Qaraciyərdaxili axarlar
  • Sağ qaraciyər axacağı
  • Sol qaraciyər axacağı
  • Ümumi qaraciyər axacağı
  • Öd kisəsi
  • Kisə axacağı
  • Ümumi öd axacağı (xoledox)
  • Vater ampulası
  • Oddi sfinktoru

Qaraciyərdaxili axarlara hansılar aiddir?

Öd kanalcıqları, seqment axacaqları

Qaraciyərxarici öd yollarına nələr aiddir?

Sağ və sol pay axacaqları, qaraciyər və ümumi öd axarı¸ öd kisəsi və axarı, Vater ampulası və Oddi sfinkteri

Öd yollarının anomaliyaları arasında ən çox rast gələnlər hansılardır?

Seqmentar axacaqların ektopik açılması (38%), paralel kisə axacağı (20%), və kisə arteriyasının variantları (25%).

İntrahepatik axacaqların variasiyaları hansılardır (ektopik açılmalar)?

Huang təsnifatına görə 6 tipi var:

  • Tip 1- klassik normal anatomiya (62%)
  • Tip 2-  trifikasion (19%)
  • Tip 3- sağ arxa axar sol qaraciyər axacağına açılır (11%)
  • Tip 4- sağ arxa axar ümumi qaraciyər axarına açılır (6%)
  • Tip 5- sağ arxa axar kisə axacağına açılır (2%)
  • Tip 6 – nadir rast gələnlər (məsələn IV seqment axarı sağ axacağa açılır)

Kalot üçbucağının sərhədləri hansılardır?

  • Kisə axacağı
  • Umumi qaraciyər axacağı
  • Qaraciyərin visseral səthi

Kalot üçbucağının klinik əhəmiyyəti nədir?

Xolesistektomiya əməliyyatında kisə axarı və arteriyasını dəqiq görmək üçün bu üçbucaq geniş açılmalıdır.

Kalot üçbucağında olan düyünün adı nədir?

Kalot düyünü

Qaraciyərdən birbaşa öd kisəsinə açılan kiçik öd axacaqlarının adı nədir?

Luşka axacaqları

Hansı arteriyanın xolesistektomiya zamanı zədələnmə ehtimalı var?

Sağ qaraciyər arteriyasının, çünki kisə arteriyasına və Kalot üçbucağına çox yaxındır

Öd kisəsi qapağının adı nədir?

Heister spiral qapaq

Öd kisəssinin boynu ?

Kisə axacağa yaxın

“Hartman” cibi nədir?

Öd kisəsi boynunun genişlənməsi

 

Fiziologiyasi

Suallar

Cavablar

Öd nədir?

Su, elektrolit və üzvi maddələr: xolesterin, lesitin (fosfolipid), öd turşusu, bilirubin

Öd nə edir?

Yağları əridir

Enterohepatik sirkulyasiya nədir?

Öd turşularının qaraciyərdən bağırsaqlara və geriyə qaraciyərə sirkulyasiyası

Öd turşuları ən çox harda absorbsiya olunur?

Terminal ileumda

Öd kisəsinin boşalmasını nə stimulyasiya edir?

Xolesistokinin və vaqal impluslar

Qələvi-fosfatazanın mənbəyi haradır?

Öd axacaqları epiteli. Ona görə də öd axacaqları obstruksiyasında səviyyəsi yüksəlir

Xolesistokinin mənbəyi haradır?

12bb selikli qişası

Xolesistokinin ifrazını nə stimulyasiya edir?

Yağ, protein, amin turşuları və HCl

Onun ifrazını nə inhibə edir?

Tripsin və ximotripsin

Xolesistokinin effektləri nələrdir?

  • Öd kisəsini boşaldır (yığır)
  • Ampula Vateri açır (gövşədir)
  • Mədəni yavaş boşaldır
  • Pankreatik asinar hüceyrələrdən ekzokrin enzimlərin ifrazını artırır