Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Düz bağırsağın və anusun cərrahi xəstəlikləri - Özətlər və Suallar

Qəbizlik - Özət və Suallar

Özət

Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur. Kəskin və xroniki formaları vardır. Səbəbinə yerinə görə: kologen, proktogen olur. Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:

  • Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanir.
  • Anorektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması.
  • Düz bağırsağın peristaltik gücünün artması.
  • Gücənmə və qarındaxili təzyiqin artması.
  • Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.

Bu mərhələlərin hər hansı birində pozulma qəbizliyə gətirib çıxara bilir.

QƏBİZLİK XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Qəbizlik nəyə deyilir?

Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir.

Rastgəlməsi

Böyüklərin 2-30%-də qəbizlik problemi vardır 65 yaşından yuxarı olan qadınlar da kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.

Koksiqodiniya - Özət və Suallar

Özət

Koksiqodiniya büzdüm nahiyəsində olan ağrılara deyilir. Əksər hallarda büzdüm nahiyəsində olan travmalardan sonra meydana gəlir. Koksiqodiniyanın əsas simptomu büzdüm nahiyəsində olan ağrıdır. Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, düz bağırsağın digital müayinəsi zamanı ağrılar artır.

Müalicə

  • Konservativ (fizioterapiyalar, ultrasəslə müalicə, lazer müalicəsi, parafin aplikasiyaları, palçıq müalicəsi).
  • Cərrahi müalicə – konservativ müalicənin effekti olmadığı halda vəya büzdüm sümüyünün patoloji hərəkətliyi olduqda aparılır: büzdüm sümüyünün çıxarılması icra olunur.

 

KOKSİQODİNİYA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Koksiqodiniya nədir?

Büzdüm nahiyəsində olan ağrılara deyilir.

Rastgəlməsi

Qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.

Klinikası

Büzdüm nahiyəsində olan ağrı.

Diaqnostikası

Koksoqodiniya əksər hallarda digər xəstəliklərin əlamətidir. Büzdüm nahiyəsinin palpasiyası, Düz bağırsağın digital müayinəsi əhəmiyyətli müayinədir

Anal kriptit - Özət və Suallar

Özət

Anal kriptit, və ya kriptoqlandulit, anal kanalda dişli xətt səviyyəsindəki kripatların və bura açılan vəzilərin iltihablaşmasıdır, paraproktitlərə səbəb ola bilir. Kliniki əlamətləri , ağrı, qəbizlik, anus nahiyəsində şişkinlik, qızartı, qaşınma, nəcis qaçırtma, yanma hissidir. Diaqnozu adətən anoskopiya və ya rektoskopiyada təyin edilir: anal kanaldan dişli xətt səviyyəsində iltihabın görünməsi, kriptalar səviyyəsində ifrazatın gəlməsi.

 

ANAL KRİPTİT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal kriptit nədir?

Kriptaların və bura açılan vəzilərin iltihablaşmasıdır.

Kliniki əlamətləri

Ağrı, qəbizlik, şişkinlik, qızartı, qaşınma, yanma hissi, bəzən nəcis qaçırtma.

Differensial diaqnostikası

  • Rektal abses,
  • Pararektal fistul,
  • Pilonidal sinus,
  • Qəbizlik,
  • Yaşlı xəstələrdə alt intestinal qanaxma,
  • Bağırsağın iltihabi xəstəlikləri,
  • Divertikulyoz.

Müalicəsi

  • Qəbizlik və ya ishalın aradan qaldırılması
  • Bol maye qəbulu
  • İdman və ya Kegel hərəkətləri
  • Ağrıkəsici məlhəmlərdən istifadə
  • Antibakterial müalicə
  • Oturaq vannalar.

Anal qaşınma - Özət və Suallar

Özət

Anal qaşınma anal nahiyyədə davamlı qaşınmadır (pruritus ani). Perianal nahiyədə qızartı, sulanma, ağrı, yanma hissi və perianal dərinin sərtləşməsi də ola bilər. Yüngül, orta, ağır, xroniki formaları vardır. Etilologiyası – İdiopatik (50-90%), qida, içkilər,  alkoqol, şəxsi gigiyena, dərmanlar, kimyəvi maddələr, infeksiya (göbələk, bakterial, virus, parazitar), psixoloji (stress, depressiya), dəri xəstəlikləri, qadın xəstəlikləri, yaralanmalar, xronik qəbizlik, ishal,bağırsağın iltihabi xəstəlikləri, düz bağırsağın xəstəlikləri ola bilər və s. Anal qaşınmanın müalicəsi olmazsa gələcəkdə perianal nahiyədə ciddi infeksiyaya yol açaraq anal sepsis və ya çanaq sepsisi adlandırılan, perianal nahiyədən qan ayayılan və xəstəyə həyati təhlükə törədən bir hala çevrilə bilər.

 

ANAL QAŞINMA (PRURİTUS ANİ) XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal qaşınma nədir?

Anal nahiyyədə davamlı qaşınmadır

Rastəlmə tezliyi nə qədərdir?

  • Anal qaşınmaya 1-4% hallarda və ən çox kişilərdə rast gəlinir.
  • Ən çox 40-60 yaş arası müşahidə olunur.

Hansı klinik formaları var?

  • Yüngül: perianal nahiyənin müayinəsi zaman heç bir patologiya aşkarlanmır, lakin anoskopiya ağrılıdır
  • Orta: dəridə qızartı və quruluq, çatlama qeyd edilir
  • Ağır: dəri qızartılı və islanma müşahidə olunur, səthi xoralar qeyd edilir
  • Xronik: dərinin rəngi solğun olur, tüklər isə tökülür.

Səbəbi və ya risk faktorları nələrdir?

  • İdiopatik (50-90%)
  • Qida
  • İçkilər
  • Alkoqol
  • Şəxsi gigiyena
  • Dərmanlar
  • Kimyəvi maddələr
  • İnfeksiya (göbələk, bakterial, virus, parazitar)
  • Psixoloji (stress, depressiya)
  • Dəri xəstəlikləri
  • Qadın xəstəlikləri
  • Yaralanmalar
  • Xroniki qəbizlik, ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Düz bağırsağın xəstəlikləri və s.

Patogenezi nədən ibarətdir?

Perianal nahiyədə nəcis qalıqlarının olması anal qaşınmaya və yanmaya səbəb  ola bilər. Lakin, anal qaşınma və yanma hissi anal nahiyəni həddən artıq təmiz saxlayan insanlarda da görülə bilər. Perianal dəridə olan vəzilərin azalması, dəridə quruluq, qoruma mexanizminin zəifləməsi, travmatizasiya, dəri həsaslığının artması digər mexanizmlərdir.

Ağırlaşmaları nələrdir?

Anal sepsis və ya çanaq sepsisi.

Klinik əlamətləri hansılardır?

  • Perianal nahiyədə qızartı,
  • Sulanma, ağrı,
  • Yanma hissi
  • Perianal dərinin sərtləşməsi.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Klinika
  • Kolonoskopiya
  • Ginekoloji müayinələr
  • Allergik testlər
  • Dərinin biopsiyası.

Müalicə üsulları hansılardır?

  • Göbələkəleyhinə dərman preparatları: kremlər, tabletlər
  • Antibiotiklər
  • Parazitəleyhinə dərman preparatları: albendazol
  • Qaşınmanın qarşısını almaq üçün preparatlar: kremlər, pastalar və s.
  • Cərrahi müalicə: qaşınmanı yaradan əsas xəstəliyin aradan qaldırılması (babasil, anal çat, anal fistul və s.)

Anal inkontinensiya - Özət və Suallar

Özət

Anal inkontinensiya və ya yetməzlik qazların, duru və bərk nəcisin saxlana bilməməsinə deyilir. Qaz və ya nəcisin iradi və qeyri-iradi saxlanılmaması sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq) əsas diaqnostik əlamətləridir. Anal inkontinensiyaya 1-18% insanlarda (4-24%-i qadınlar, 5%-i kişilər) rast gəlinir. Ağır hallarda sidik qaçırtması da müşühidə olunur. Nəcis qaçırtma qadınlarda kişilərdən 8 dəfə artıq izlənilir. Anal inkontinensiya hallarına 65 yaşından sonra daha çox rast gəlinir.

 

ANAL İNKONTİNENSİYA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Anal inkotinensiya nədir?

Duru və bərk nəcisin saxlana bilməməsinə deyilir.

Rastgəlmə tezliyi nə qədərdir?

Anal inkontinensiyaya 1-18% insanlarda (4- 24%-i qadınlar, 5%-i kişilər) rast gəlinir. Nəcis qaçırtma qadınlarda kişilərdən 8 dəfə artıq izlənilir. Anal inkontinensiya hallarına 65 yaşından sonra daha çox rast gəlinir.

Səbəbi və ya risk faktorları nələrdir?

  • Çanaq sümüyünün və çanaq dibi əzələlərinin zədələnmələləri
  • Anorektal nahiyədə aparılan cərrahi əməliyyatlr (az rast gəlinən səbəblərdəndir)
  • Doğuş zamanı zədələnmələr
  • Sfinkterotomiya – xroniki anal çatın cərrahi müalicəsi zamanı
  • Anorektal nahiyənin zadələnmələri
  • Yaşla əlaqəli anal sfinkterin boşalması
  • Anal dilatasiya
  • Işlətmə dərmanlarından istifadə
  • İltihablı ishal
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Anal kanalın xərçəngi
  • Tabes dorsalis
  • Şəkərli diabet (nevropatiya)
  • Rektal prolaps
  • Rektosele
  • Şüa terapiyası

Dəqiqləşdimək üçün hansı müayinələr gərəkdir?

Anal yetməzliyin diaqnozu adətən klinik olaraq təyin olunur:

  • qaz və ya nəcisin saxlanılmaması
  • sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq).

Differensasiya, səbəbi araşdırmaq və sfinkter tonusunu ölçmək məqsədi ilə əlavə müayinələr edilir.

  • Endoskopik müayinə
  • Anorektal manometriya
  • Anorektal elektromioqrafiya – xarici anal sfinkterə elektrod yerləşdirərək əzələ gücü təyin edilir
  • Defekoqrafiya
  • MRT
  • Rektal USM.

Diaqnostik kriteriyalar hansılardır?

Qaz və ya nəcisin iradi və qeyri-iradi saxlanılmaması sfinkter tonusunun kəskin azalması (klinik və ya manometrik olaraq).

Müalicə üsulları hansılardır?

  • Pəhriz;
  • Kegel idmanı – çanaq dibi əzələlərinin gücləndirilməsi üçün;
  • Dərman preparatları – loperamid, aktivləşdirilmiş kömür, pektin, amitriptillin, morfin;
  • Anorektal əzələlərin stimulyasiyası;
  • Sakral sinirin stimulyasiyası;
  • Hiperbarik oksigen terapiyası;
  • Süni sfinkter;
  • Sfinkteroplastika;
  • Neosfinkterin yaradılması – m. gracilis- dən istifadə edərək süni sfinkter yaradılır;
  • Kolostomiya.

Anal stenoz - Özət və Suallar

Özət

Anal kanalın daralmasına, diametrinin azalmasına və elastiklik qabiliyyətinin itirilməsinə anal stenoz və ya anal darlıq deyilir. Anal darlıq həqiqi anatomik darlıqlar,əzələ sıxılması və funksional daralma formasında ola bilər. Həqiqi anal daralmanı anodermada əməliyyat sonrası çapıq toxumanın inkişaf etməsi təşkil edir. Anal kanalın normada diametri 3 sm olub, açılma zamanı 5-9 sm, tam sıxılma zamanı isə 2,5 sm qədər ölçülür. Digital müayinədə təyin olunan anal kanalın daralması, anus nahiyəsində ağrı, defekasiya zamanı ağrı, qanaxma diaqnostik əlamətlərdəndir. Müalicəsi əsasən cərrahidir.

 

ANAL STENOZ XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal stenoz nədir?

Anal kanalın daralmasına, diametrinin azalmasına və elastiklik qabiliyyətinin itirilməsinə anal stenoz və ya anal darlıq deyilir

Hansı klinik formaları var?

3 tipi var

Səbəbi və ya risk faktorları nələrdir?

  • Hemorroidektomiya (90%)
  • Aşağı səviyyəli düz bağırsaq xərçəngi;
  • Iltihabi bağırsaq xəstəliyi əməliyyatı;
  • Anal çatın ləğvi əməliyyatı;
  • Anal sfinkterin bərpası;
  • Pararektal fistulun ləğvi əməliyyatı;
  • Rektovaginal fistulun ləğvi;
  • Anal ziyillərin yandırılması;
  • Anismus;
  • Xroniki anal çat;
  • Anal kanalın xərçəngi;
  • Endometrioz;
  • Xroniki olaraq işlətmə dərmanların istifadəsi;
  • Xroniki ishal;
  • Anal nahiyənin yaralanmaları;
  • İltihabi bağırsaq xəstəlikləri;
  • Anal nahiyənin şüa terapiyası;
  • Cinsi yolla keçən xəstəliklər.

Klinik əlamətləri hansılardır?

  • Nəcisin incəlməsi;
  • Defekasiya zamanı tam boşalma hissinin olmaması;
  • Defekasiya zamanı ağrı;
  • Qanaxma;
  • Qarın ağrısı;
  • Qarında köp;
  • Qəbizlik.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Obyektiv müayinə;
  • Anoskopiya;
  • Anorektal manometriya;
  • Defekoqrafiya;
  • Endoanal USM;
  • Anorektal MRT;
  • KT;
  • Kolonoskopiya

Diaqnostik kriteriyalarını sadala?

  • Digital müayinədə kanalın daralması; təyin olunan anal
  • Anus nahiyəsində ağrı;
  • Defekasiya zamanı ağrı, qanaxma.

Əməliyyat üsulları hansılardır?

  • Selikli qişanın endirilməsi;
  • Anoplastika.

Pilonidal sinus - Özət və Suallar

Özət

Pilonidal sinus anadangəlmə olaraq büzdüm nahiyyəsində dəridən əmələ gələn ciblər və bunların törətdiyi iltihabı ağırlaşmalardır. Büzdüm nahiyəsində ağrılı şişkinlik, şişkinlik üzərində 1 və ya bir neçə dəlik, dəliyə təziq etdikdə irinli bəzən qanlı ifrazatın xaric olması əsas diaqnostik əlamətlərdir. Dəri ciblərinin (epithelial kanalın) iltihablaşması əsas mexanizm hesab edilir. Cibin divarındakı dəridən ifraz olunan tər, yağ və tükləri bu ciblərdə toplana bilir. Hesab edilirki, cibin dəliklərinin tıxanması (travmatizasiya, yağ və ya tük tıxacları) cibin daxilində durğunluğa və infeksiyanın inkişafına səbəb olur. Nəticədə abses və ya fleqmona meydana çıxır. Pilonidal sinusun radikal müalicəsi dəri ciblərinin aradan qaldırılmasıdır.

 

PİLONİDAL SİNUS XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

 

Suallar

Cavablar

Pilonidal sinus nədir?

Pilonidal sinus anadangəlmə olaraq büzdüm nahiyyəsində dəridən əmələ gələn ciblər və bunların törətdiyi iltihabı ağırlaşmalardır.

Diaqnostik əlamətlər hansılardır?

  • Büzdüm nahiyəsində ağrılı şişkinlik
  • Şişkinlik üzərində 1 və ya bir neçə dəlik
  • Dəliyə təziq etdikdə irinli bəzən qanlı ifrazatın xaric olması.

Ağırlaşmalar

  • Abses,
  • Fleqmona.

İtiuclu kondiloma - Özət və Suallar

Özət

Perianal kondiloma və ya itiuclu kondiloma anusətrafı nahiyədə və anal kanalda,eyni zamanda cinsi orqanlar nahiyəsində tək və ya çox saylı papillomalardır. Xoralaşma, qanaxma, malginizasiya törədə bilir. Tək və ya çoxsaylı papillomaların olması əsas diaqnostik əlamətləridir. İti uclu kondilomaların əsas etioloji faktoru “Human papilloma virus”udur (Kondiloma accuminatum). Bu patologiya cinsi yolla keçən xəstəliklərə aiddir. Əsasən HPV-6, HPV-11, HPV-16 və ya HPV-18 virusları ilə keçir. Diaqnozu əksər hallarda papillomanın görünməsi ilə qoyulur, lakin dəqiqləşdirmək üçün biopsiya və viral müayinə (HİV, HPV, Sifilis, Hepatit B, Hepatit C) gərəkir.

Müalicə

  • Konservativ müalicə ziyillər kiçikdirsə aparılır(Podofilin, İmikvimod məlhəmi, Sidofovir, İnterferon, 5-flourasil).
  • Cərrahi müalicə – ziyillər böyükdürsə aparılır (Kondilomaların koaqulyatorla cərrahi eksiziyası, krioterapiya, lazer terapiyası, infraqırmızi şüalanma).

 

PERİANAL KONDİLOMA VƏ YA İTİUCLU KONDİLOMA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Perianal kondiloma və ya itiuclu kondiloma nədir?

Anus və/və ya aralıqda yerləşən çoxsaylı papillomalardır.

Səbəbi nədir?

Kondiloma accuminatum (Human Papiloma virusu).

Ən böyük təhlükəsi nədir?

Yastı hüceyrəli karsinoma.

Ziyillər kiçikdirsə müalicəsi necədir?

Yerli Podofillin, Aldara.

Ziyil böyükdürsə müalicəsi nəcədir?

Cərrahi eksiziya və ya lazer ablasiyası.

Rektosele - Özət və Suallar

Özət

Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir, defekasiya çətinliyinə, prolapslara və genital disfunksiyaya səbəb ola bilir. Defekasiyadan sonra tam boşalma hissinin olmaması, qəbizlik, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, klinik olaraq və ya defekoqrafiyada düz bağırsağın uşaqlıq mənfəzinə doğru qabarması əsas diaqnostik əlamətləridir. Müalicə taktikası dərəcəsindən asılı olaraq dəyişir. Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyin aradan qaldırılması və çanaq əzələlərini möhkəmləndirmə hərəkətləri tövsiyə edilir. Simptomatik, orta və böyük ölçülü (3 sm-dən böyük) rektosellərdə əməliyyat lazım gəlir.

 

REKTOSELE XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektosele nədir?

Rektosele düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasına deyilir.

Hansı diaqnostik əlamətləri vardır?

Qəbizlik, defekasiyadan sonra tam boşalma hissinin olmaması, uşaqlıq yolundan əli ilə təzyiq etməklə defekasiya aktını icra etməsi, defekoqrafiyada düz bağırsağın uşaqlıq yoluna qabarması.

Etiologiyası

Toxuma zəifliyi, doğuş və yaşlanmalar, qəbizlik, histerektomiya.

Müalicəsi

Asimptomatik və kiçik rektosellərdə müşahidə və qəbizliyə görə mübarizə.

Simptomatikdə və böyük ölçüdə cərrahi müalicə.

Arxa kolporafiya nədir?

Uşaqlıq yolundan rektovaginal divarın bərpası aparılır, həmçinin levatoroplastika icra edilir.

Rektal prolaps - Özət və Suallar

Özət

Rektal prolaps (düz bağırsaq sallanması) düz bağırsağın anusdan xaricə çıxmasıdır, xoralaşma – nekroz, keçməzlik törədə bilir. Rektal prolaps anal sfinkterlərin zəifləməsi  ilə birbaşa əlaqəlidir. Formasına görə - anal dəliyin sallanması, düz bağırsağın sallanması, anal dəlik və düz bağırsağın sallanması, düz bağırsaq və ondan yuxarıda yerləşən yoğun bağırsağı invaginasiyası formalarına bölünür. Müalicəsi qeyri-cərrahi (pəhriz, radiofrekans ablasiya, akupunktura, skleroterapiya) və cərrahi olmaqla iki qrupa bölünür. Cərrahi müalicə perineal və abdominal olmaqla iki qrupa bölünür.

 

REKTAL PROLAPSDA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektal prolaps nədir?

Rektal prolaps (düz bağırsaq sallanması) – düz bağırsağın anusdan xaricə çıxmasıdır

Formasina görə təsnifatı:

  • Anal kanalın sallanması
  • Düz bağırsağın sallanması
  • Anal kanal və düz bağırsağın sallanması
  • Düz bağırsağın invaginasiyası

Sallanma dərəcəsinə görətəsnifatı:

  • Yüngül – 5 sm
  • Orta – 5-10 sm
  • Ağır – 10 sm-dən böyük

Daha çox kimlərdə müşayət olunur?

Qadınlarda kişilərə nisbətən 6 dəfə artıq rast gəlinir (80%).

Ağırlaşmaları

  • Bağırsağın boğulması
  • Bağırsağın iltihabı və perforasiyası
  • Düz bağırsaq selikli qişasının sallanması
  • Nəcisin saxlana bilməməsi
  • Xərçəng riski
  • Çanaq absesi
  • Fistulun əmələ gəlməsi.

Ən çox rast gələn kliniki əlaməti

Qaz və nəcisin saxlana bilməməsi (40-80%)

Differensial diaqnostika

  • Hemorroy
  • Anal kanalın polipləri
  • Anal kanalın xərçəngi.

Müalicəsi

Əsasən cərrahi.

Rektovaginal fistul - Özət və Suallar

Özət

Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir. Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi, uşaqlıq yolundan pis iyli ifrazatın xaric olması, vaginit diaqnostik əlamətləridir. Aşağı rektovaginal fistullar və yuxarı rektovaginal fistullar olmaqla iki qrupabölünür. Müalicəsi: 52% hallarda rektovaginal fistullar öz-özünə bağlanır. Cərrahi əməliyyat öncəsi xəstələrə mütləq antibakterial müalicə təyin edilir.

 

REKTOVAGİNAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Rektovaginal fistullar nədir?

Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir.

Diaqnostik əlamətləri

Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi.

Ən çox rast gəlinən etioloji faktor?

Doğuş zamanı travmalar (20-80%).

Cərrahi əməliyyatlar neçə qrupa bölünür?

Perineal və abdominal.

Əməliyyatdan sonra olan ağırlaşmalar?

  • Cinsi əlaqə zamanı ağrı;
  • Sidik qaçırtma;
  • Qazların və nəcisin saxlana bilməməsi.

Perianal fistullar - Özət və Suallar

Özət

Perianal fistullar anal kanal və perianal arasında yaranan patoloji əlaqəyə (kanal və ya tunel) deyilir. Anusətrafı nahiyədə qızartı, qızartı nahiyəsində dəlik, dəliyə təzyiq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması, perianal axıntı əsas diaqnostik əlamətlərdir. Intrasfinkter fistul – 45%, transsfinkter fistul – 30%, transsfinkter fistul – 20%, ekstrasfinkter fistul 5% hallarda rast gəlir. Diaqnostikasında digital, zond müayinəsi, fistuloqrafiya, rektal USM, MRT, endoskopiya (anoskopiya, siqmoidoskopiya və ya kolonoskopiya icra oluna bilər). Müalicəsi – konservativ müalicə (oturaq vannalar, isidicikompres, defekasiyanın tənzimlənməsi, məlhəmli sarğılar, antibiotiklər, rentgenoterapiya); qeyri-cərrahi müalicə (fibrin yapışdırıcı, fistula Plug – tıxac texnikası); cərrahi müalicə lazer texnikası, seton texnikası, VAAFT, LİFT, fistulotomiya, fistulektomiya, fistulun tikilməsi).

 

PERİANAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal fistul nədir?

Anal fistul duz bağırsaqla perianal dəri arasında patoloji kanaldır.

Anal fistulun səbəbi nədir?

Adətən anal kriptin/vəzlərin infeksiyasıdır (adətən perianal abses).

Anal fistulun əlamət və simptomları hansılardır?

Perianal axıntı, qaşıntı, perirektal abses, perirektal abseslərin residivi.

Hansı xəstəlikdə anal fistul da duşunmək gərəkir?

Crohn xəstəliyində

Diaqnoz necə qoyulur?

  • Muayinə
  • Proktoskopiya

Anorektal fistulların mualicə prinsipləri hansılardır?

  1. Anatomiyaya hakim olmaq
  2. Fistul traktının acılması
  3. Yaraya qulluq: oturaq vannalar, yara sarğıları
  4. Sfinkter əzələsindən kecən fistullarda seton yerləşdirmək.

Seton nədir?

Qalın tikiş olub, fistul traktından kecməklə sfinkter əzələsinin yavaş kəsilməsinə səbəb olur, capıq toxuması formalaşdırır ki, o da sfinkter əzələsini yerində və kəsildikdən sonra daimi saxlamasına səbəb olur.

Anorektal fistulun daxili dəliyini əməliyyat otağında necə tapmaq olar?

H2O2 (və ya metilen abısı) xarici dəlikdən yeridilir, qabarcıqların cıxdığı yer daxili dəlikdir.

Furne qanqrenası - Özət və Suallar

Özət

Furne qanqrenası anus ətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli-nekrotik xəstəlikdir, ağır sepsisə səbəb olur, letallığı yüksəkdir. Perianal nahiyyədə nekroz, göyərmə və yaxud qaralma göyərmə ətrafında dəri suluğu, dərialtı krepitasiya və sepsis əsas əlamətləridir.Xəsətəliyin yaranmasında  dəridə  olan  kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür. Diaqnozu klinik müayinəyə əsasən qoyulur: perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri. Müalicə – nekrektomiya, antibiotikoterapiya, hiperbarik oksigen terapiyası.

 

FURNE QANQRENASI XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Furne qanqrenası nədir?

Anusətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli nekrotik xəstəlikdir.

Etiologiyası

Xəsətəliyin yaranmasında dəridə olan kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür.

Diaqnostikası

Perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri.

Müalicəsi

  • Nekrektomiya
  • Antibiotikoterapiya
  • Hiperbarik oksigen terapiyası.

Paraproktit - Özət və Suallar

Özət

Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyyədə irinli iltihaba deyilir, sepsis və pararektal fistul törədə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı hərarətin yüksəlməsi əsas əlamətləridir. Perianal, sfinkterdaxili, ishio-rektal, supralevator, submukozal formaları vardır. Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, differensiasiya dərəcəsini müəyyənləşdirmək üçün KT/MRT və ya USM tətbiq edilə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı,hərarətin yüksəlməsi, rektal USM-də və ya KT/MRT-də anal ətrafı nahiyyədə mayenin toplanması diaqnozu təsdiqləyir. Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır.

PARAPROKTİT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Paraproktit nədir?

Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyədə irinli iltihaba deyilir.

Rastəlmə tezliyi nə qədərdir?

  • Xəstəlik ən çox 30-50 yaşlarında rast gəlinir.
  • Kişilərdə qadınlara nisbətən 2-5 dəfə çox rast gəlinir.
  • Uşaqlarda isə az təsadüf olunur.

Hansı klinik formaları var?

Aşağı abseslər:

  • Perianal – 40%
  • Sfinkterdaxili – 40%
  • İshio-rektal – 20% Yuxarı abseslər:
  • Supralevator – 6%
  • Submukozal – 3%

Səbəbi və ya risk faktorları nələrdir?

  • Qəbizlik
  • Şəkərli diabet
  • Anal çatın iltihablaşması
  • Cinsi yolla ötürülən xəstəliklər
  • Bağırsağın iltihabi xəstəlikləri
  • Bağırsaqda divertikulit
  • Kortizon tərkibli şamların, məlhəmlərin istifadəsi.

Ağırlaşmaları nələrdir?

  • Sepsis
  • Parerektal fistul (40-50%)

Klinik əlamətləri hansılardır?

  • Anusətrafı nahiyədə ağrı, şişkinlik, qızartı
  • Hərarətin yüksək olması
  • Üşütmə, titrətmə, halsızlıq
  • Aralıq dərisinin iltihabi ödemləşməsi, qızarması, anal dəliyin deformasiyası
  • Sərt konsistensiyaslı ağrılı infiltrat

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Anal nahiyyədə ağrı və septik əlamətləri olanlarda kəskin paraproktitdən şübhələnmək lazımıdır.

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, diferensasiya və yayılma dərəcəsini müəyyənləşdirmək üçün tomoqrafiya və ya USM tətbiq edilə bilər.

Diaqnostik kriteriyalarını sadala?

  • Anus ətrafinda ağri, şişkinlik, qizartı
  • Hərarətin yüksəlməsi
  • Rektal USM-də və ya KT/MRT-də anal ətrafı nahiyyədə mayenin toplanması

Müalicə üsulları hansılardır?

  • Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır.
  • Anusətrafı dəri kəsilərək irinli möhtəviyyatın boşaldılır.
  • Abses boşaldıldıqdan sonra həmən boşluq drenajlanır. Paraproktitin açılmasından 24 saat sonra ağrı vəyanğı hissi itir, lakin boşluğun tam sağalması 3-5 həftə çəkir.
  • Əməliyyatdan sonrakı dövrdə xəstələrə oturaq vannalar, həmçinin lifli qidaların qəbulu məsləhət görülür.
  • Pararektal abses öz-özünə və ya cərrahi yolla boşaldıla bilər. Bu zaman anusətrafı nahiyədə ağrı və təzyiq azalır. Paraproktit 40-50% hallarda pararektal fistulla nəticələnə bilər.

Anal çat - Özət və Suallar

Özət

Anal çat anus dərisinin cırılmasına deyilir, ağrı, qanaxma, hətta striktur törədə bilir. Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, anal dəridə cırılma, sentinel pile (anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza) və hipertrofik papillomanın olması çatın olmasını təsdiqləyir. Kəskin formada konservativ müalicə (pəhriz, yüksək lifli qidalar, oturaq vannalar, işlədici dərmanlar, kortizollu məlhəmlər, nitro tərkibli məlhəmlər, botulin toksini (Botox), spazmolitiklər ), xroniki formada cərrahi əməliyyat (anal çatın kəsilib götürülməsi, anal dilatasiya, lateral internal sfinkterotomiya (açıq və qapalı üsulla) göstərişdir.

 

ANAL ÇAT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Anal çat nədir?

Anal epiteldə cırılma və ya çatın olmasıdır.

Ən çox rast gəlinən yeri?

Arxa orta xətt (qan axını nisbətən zəif olan yer).

Anal çatın səbəbi nədir?

Bərkləşmiş nəcis ifrazı (qəbizlik), sfinkter tonusunun yüksək olması, anal bölgədə xəstəliyin olması (Crohn xəstəliyi).

Simptom və əlamətləri hansılardır?

Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, defekasiyadan sonra tualet kağızı üzərində qan izləri, sentinel tag, anal dəridə cırılma, rektal müayinədə kəskin ağrının olması, sentinel pile, hipertrofik papilla.

"Sentinel pile” nədir?

Anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza.

Xroniki anal çat triadası nədir?

  • Çat
  • Sentinel pile
  • Hipertrofik anal papilla

Konservativ müalicəsi necədir?

Oturaq isti vannalar, yumşaldıcılar, yüksək lifliqidalar, anal gigiyena, nitro tərkibli məlhəmlər, Botilin toksini (Botox)

Xronik anal fissurlarda hansı xəstəliyi düşünmək lazımdır?

Crohn xəstəliyi, anal kanser, seksual yolla keçən xəstəliklər, xoralı kolit, QİÇS

Cərrahi müalicəyə göstəriş nədir?

Konservativ müalicə effekt verməyən xronik anal çatlar.

Cərrahi seçim nədir?

Lateral internal sfinkterotomiya.

 

Babasil - Özət və Suallar

Özət

Babasil düyünü və ya hemorroid düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin genişlənməsi və kavernoz cisimciklərin hiperplaziyasıdır, selikli qişa və ya anal haşiyənin qabarmasına və sallanmasına səbəb olur, qanaxmaya, tromboza, iltihaba səbəb ola bilir. Diaqnoz kliniki əlamətlərə və müayinələrə əsasən qoyularaq, kliniki mərhələsi aydınlaşır və uyğun müalicə taktikası seçilir (konservativ, cərrahi – az invaziv cərrahi üsullar, radikal cərrahiyyə).

 

Babasil xəstəliyində diaqnostik yanaşma üzrə suallar

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Babasil nədir?

Düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin böyüməsi nəticəsində selikli qişa və/və ya anal haşiyənin

qabarması və ya sallanmasıdır.

Səbəbləri?

Qəbizlik, gücənmə, portal hipertenziya, hamiləlik.

Daxili hemorroidlər nədir?

Dental xətdən proksimalda olan hemorroidlər.

Xarici hemorroidlər nədir?

Dental xətdən aşağıda olan hemorroidlər.

Üç «hemorroid kvadrantı» nədir?

  1. Sol lateral
  2. Sağ posterior
  3. Sağ anterior

Əlamətləri hansılardır?

Anal kütlə, prolaps, qanaxma, qaşınma, ağrı.

Hansı növü daha ağrılıdır?

Xarici növü (dental xətdən aşağıda olanlar).

Diaqnozu üçün hansı müayinələr edilir?

Klinik (anamnez, obyektiv):

  • Rektoskopiya
  • Kolonoskopiya

I dərəcə hemorroidlər nə deməkdir?

Prolaps etməyən hemorroid (sallanmayan).

II dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı prolaps edən, lakin öz-özünə geri qayıdan.

III dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı və ya hər hansı fiziki gücvermədən prolaps edən, əllə geri qayıdan.

IV dərəcə hemorroidlər nə deməkdir?

Prolaps olub, geri qayıtmayan hemorroidlər.

Müalicəsi nədir?

  • Yüksək lifli qidalar, anal bölgənin təmizliyi, yerli steroidlər, oturaq vannalar.
  • Lateks liqasiyası (internal hemorroidlər üçün), damarı və düyünü tikmə.
  • Cərrahi müdaxilə.

Düz bağırsağın və anusun anatomiyası, fiziologiyası, xəstəlikləri və müayinələri - Özət və Suallar

Özət

Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir. Düz bağırsaq uzunluğunun 1/5 – ampula üstü hissəsinin, 3/5 – ampulyar hissəsinin və digər 1/5-i isə anal kanalın payında düşür. Düz bağırsağın 2 əsas funksiyası var: anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti və defekasiya.

Müayinə üsulları

Düz bağırsaq xəstəliklərini aşkar etmək üçün aşağıdakı müayinələrdən istifadə edilir:

  • Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
  • Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
  • Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
  • İnstrumental müayinələr (rektoskopiya, anoskopiya, rektosiqmoidoskopiya, kolonoskopiya, fistuloqrafiya, rentgenoloji müayinə, rektal ultrasonoqrafiya, defekoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT).

 

Düz bağırsağın və anusun anatomiyası, fiziologiyası, xəstəlikləri və müayinələri üzrə suallar

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Düz bağırsaq harada yerləşir?

Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir.

Düz bağırsağın peritona münasibəti necədir?

Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir.

Dişli xətt haradadır?

Dişli xətt düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir.

Daxili və xarici sfinkter necə formalaşır?

Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır). Anal kanalın xarici sfinkteri eninə zolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir.

Damar sinir təchizatı

Arterial təchizat

  • Yuxarı düz bağırsaq arteriyası
  • Orta düz bağırsaq arteriyası
  • Aşağı düz bağırsaq arteriyası

Venoz təchizat

Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya.

Limfatik drenaj

Limfatik damarlar arteriyalar müşayət edirlər.

İnnervasiya

Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir.

Düz bağırsağın funksiyaları

Düz bağırsağın 2 əsas funksiyası var:

  • Anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti.
  • Defekasiya.

Düz bağırsağın instrumental müayinələri

Rektoskopiya, anoskopiya, fistuloqrafiya, rektosiqmoidoskopiya, kolonoskopiya, rentgenoloji müayinə, defekoqrafiya, rektal ultrasonoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT.