Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Ürəyin cərrahi xəstəlikləri

A.Əmrah, C.İbrahimov, E.Vəliyev, N.Y.Bayramov

 
 

Ədəbiyyat

Ümumi ədəbiyyat

  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne LH. Surgical Recall. 4 edition, 2006, LWW, Philadelphia
  • Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
  • İsayev H.B. Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
  • Klingensmith ME, Aziz A, Bharat A, Fox AC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
  • Medscape, http://www.medscape.com
  • Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
  • Sayek İ. Sayek Temel Cerrahi 1-2. 4-cü baskı, 2016, Güneş Tıp Kitabevleri.
  • Topçubaşov M.A. Xüsusi cərrahlıq. Bakı, 1979
  • UpToDate, http://www.uptodate.com

 

Xüsusi ədəbiyyat

  • 2017 AHA/ACC Focused Update of the 2014 AHA/ACC Guideline for theManagement of Patients With Valvular Heart Disease
  • 2011 ACCF/AHA Guideline for Coronary Artery Bypass Graft Surgery
  • 2010 ACCF/AHA/AATS/ACR/ASA/SCA/SCAI/SIR/STS/SVM Guidelines for the Diagnosis and Management of Patients With Thoracic Aortic Disease
  • CC/AHA/HRS 2008 Guidelines for Device-Based Therapy of Cardiac Rhythm Abnormalities
  • Effect of bosentan on intimal hyperplasia of carotid artery anastomoses in rabbits. Jahollari A, et al. Turk KardiyolDernArs. 2014. Authors Jahollari A1Emrahov A2Tavlaşoğlu M3, Şahin MA2
  • Evaluation of skill-acquisition process in mitral valve repair techniques: a simulation-based study.
  • An instrument facilitates mitral valve repair training at home. Tavlasoglu M, et al. Eur J Cardiothorac Surg. 2012. Authors Tavlasoglu M, Amrahov A, Sahin MA.
  • Eksperimental siçovullarda işemik reperfuziya zədələnməsi zamanı silostazolun təsirinin tətqiqi. Anar Əmrahov

ÜRƏK ƏMƏLİYYATLARI

Əməliyyatdan əvvəl müayinə və hazırlıqlar

Ürək əməliyyatı planlanan xəstələr geniş və diqqətli müayinə olunmalıdır. Çünki, başqa sahələrdə əhəmiyyətli olmayan kiçik çatışmazlıqlar ürək cərrahiyyəsində ağır nəticələr verə bilər.

  • Hərtərəfli anamnez. Simptomlar, keçirilmiş miokard infarktı və ya insult nəzərə alınmalıdır. Yanaşı xəstəliklər, xüsusən, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı, periferik damar xəstəliyi, 90 günə qədər olan miokard infarktı ölüm riskini artıra bilər. Əməliyyatdan 5-7 gün əvvəl qanaxmanı azaltmaq üçün aspirin, klopidoqrel və varfarin qəbulu dayandırılır. Allergiyalar, yaddan çıxarılmamalıdır, döş qəfəsi orqanlarının infeksiyaları yaddan çıxarılmamalıdır. İrinli və ya infeksiyalı diş endokarditə səbəb ola bildiyinə görə stomatoloq ağız boşluğunu ciddi müayinə etməli, lazım gələrsə sanasiya aparılmalıdır. Əvvəllər keçirilmiş ürək və varikoz vena əməliyyatları da nəzərə alınmalıdır.
  • Tam klinik müayinə - xüsusən ürək çatışmazlığı əlamətləri, aktiv infeksiya (abses qapaq protezləşdirilməsi üçün nisbi əks-göstərişdir), damar qreftinə görə venalar yoxlanılır (varikoz venalar varmı?).
  • Laborator müayinə - bütün xəstələrə qanın ümumi analizi, sidik cövhəri, kreatinin, elektrolitlər, qaraciyərin və qalxanvari vəzin funksional testləri yoxlanılır və koaquloqramma edilir.
  • 2 vahid qan hazırlanır. Əgər xəstəyə qan və TDP köçürüləcəksə tək donorun eritrositar kütlələrin və təzə dondurulmuş plazma alınması yaxşıdır.
  • EKQ və ağciyər rentgenoloji müayinəsi
  • Exokardioqrafiya bütün xəstələrə olunur.
  • Koronar angioqrafiya aorta-koronor şuntlama əməliyyatı və 40 yaşdan yuxarı qapaq əməliyyatı nəzərdə tutulan bütün xəstələrə aparılmalıdır.
  • US və Doppler müayinəsi - əməliyyatdan öncə kardiovaskulyar sahədə ixtisaslaşmış radioloq tərəfindən yuxu və döşdaxili arteriyaların doppler müayinəsi, tiroid və abdominal US müayinəsi edilir.

 

Ağciyər və ürək əvəzediciləri

 

Ağciyəri və ürəyi əvəz etmək üçün istifadə edilən süni cihazları prinsipal olaraq 3 qrupa ayırmaq olar:

  • Ağciyər-ürək körüyü (AÜK)
  • Ekstrakorporal membran oksigenasiyası (EKMO)
  • Süni ürək cihazları

 

Ağciyər-ürək körüyü

Ağciyər-ürək körüyü – oksigen təminatını və qan dövranını saxlamaq üçün istifadə olunan cihazdır. Əməliyyat vaxtı ağciyərləri və ürəyi müvəqqəti əvəz edir. AÜK cihazı prinsipal olaraq qanı hərəkət etdirən körükdən, oksigenatordan və birləşdirici borulardan ibarətdir. Xəstənin venoz qanı qulaqcıqlardan və ya boş venalardan borularla cihaza daxil olur, oksigenləşir və filtrasiya olunduqdan sonra borularla aortaya verilir. Laxtalanmanın qarşısını almaq üçün cihaz və xəstə heparinləşdirilir. Açıq ürək əməliyyatları zamanı, xüsusən də, qapaq və arakəsmə defektlərinin əməliyyatı, aorta qövsünün disseksiyası, anevrizma cərrahiyyəsi, böyük arteriyalara invaziya etmiş bəzi şişlərin rezeksiyası və s. üçün AÜK əvəzedilməzdir. Lakin onun postperfuzyon sindrom, tromboz və qanaxma riskləri kimi çatışmazlıqları da rast gəlir. Postperfuzyon sindrom orqanlarda iltihab və disfunksiya törədir.

 

Ekstrakorporal membran oksigenasiyası

Ekstrakorporal membran oksigenasiyası ağciyəri və ya həm ağciyəri həm də ürəyi daha uzunmüddətli (günlərlə) əvəz etmək üçün istifadə edilən cihazdır. Adətən geriyədönən ağciyər və ürək çatışmazlıqlarında tətbiq olunur. Veno-venoz rejim adətən respirator distress sindromunda və tənəffüs çatışmazlığında oksigenləşdirməni təmin etmək üçün tətbiq olunur. Arterio-venoz rejimi isə ürək çatışmazlığı zamanı həm oksigenləşdirməni, həm də qan dövranını tənzimləməyə imkan verir.

Süni ürək cihazları

Süni ürək cihazları ürəyi uzunmüddətli (həftələr və aylar) əvəz etmək üçün tətbiq edilən cihazlardır, adətən ürək çatışmazlığında bərpaya və ya transplantasiyaya qədərki dövrdə keçid müalicə üsulu kimi istifadə edilir. Süni ürək cihazlarının müxtəlif növləri var.

Kardioplegiya

AÜK ürəyi əvəz edərək bədənin qan dövranını təmin edir, lakin onunla birlikdə ürək döyünmələri davam edir. Belə vəziyyətdə ürəyi dayandırmaq və hərəkətsiz ürəkdə əməliyyat etmək üçün üç yoldan biri seçilir: ürəyin fibrilyasiyası, xəstənin soyudulması və kardioplegiya. Kardioplegiya tərkibi K+ ilə zəngin olan məhluldur və ürəyi dayandırmaq üçün ondan ən çox istifadə olunur. Bu məhlul ürəyi diastola fazasında dayandırır və miokard işemiyasının qarşısını alır.

 

Qapaq əməliyyatları

 

Qapaq əməliyyatının növləri

Qapaqların bərpası üçün təmir və ya dəyişdirmə əməliyyatları həyata keçirilir.

Təmir əməliyyatları:

  • Annuloplastika – həlqənin ölçülərinin kiçildilməsi ilə bərpası
  • Valvuloplastika – qapaq taylarının plastikasıdır
  • Kommisurotomiya – mexaniki yolla (barmaqla və ya alətlə) darlığın aradan qaldırılmasıdır
  • Balon dilatasiyası – balonla darlığın genişləndirilməsidir

Dəyişdirmə əməliyyatları – qapaqların yeni qapaqlarla əvəzedilməsidir. Cərrahi və ya endovaskulyar yolla edilə bilir:

  • Mexaniki qapaqlar
  • Bioloji qapaqlar.

 

Mexanik qapaqlar

Mexanik qapaqlar adətən keramikadan hazırlanır, təktaylı və ya ikitaylı ola bilir.

  • Üstünlükləri–uzunömürlüyünə görə təkrar cərrahi əməliyyata ehtiyacı olmur.
  • Çatışmazlıqları - trombemboliya riski olduğu üçün ömür boyu warfarin təyin edilir, qanaxma diatezlərində, hamiləlikdə, professional idmançılarda problemlər yaranır.

 

Bioloji qapaqlar

Bioloji qapaqlar heyvanlardan (donuz, inək və s) və ya insanlardan alınan və ya bioloji toxumalardan hazırlanan qapaqlardır. Üzəri tikiş parça halqası ilə örtülən metal çərçivə ilə təsbit edilir.

  • Üstünlükləri – warfarin qəbuluna ehtiyac olmur.
  • Çatışmazlıqları–bioloji qapaqlar 6-15 il ərzində deqradasiya olur və təkrar əməliyyata ehtiyacı yarana bilər.

 

   

 

Texnikası

Əməliyyat orta sternotomiya kəsiyi ilə ağciyər-ürək körüyü vasitəsilə aparılır. Mitral qapağa sağ torokotomiya ilə də müdaxilə oluna bilər.

Ağırlaşmalar

  • Ölüm aşağı riskli xəstələrdə 0-3% təşkil edir
  • İnsult 5-10% (kalsifik qapaqdan və aort kanyulyasiyası zamanı qopan hissəsik səbəbli)
  • Qanaxma və ürək tamponadası
  • Döş qəfəsi infeksiyası, səyrici aritmiya, daimi pacemaker qoyulmasını tələb edən ürəyin tam bloku, yara infeksiyası, böyrək çatışmazlığı.
  • Süni qapağın endokarditi, trombozu, süni qapaq kənarından çatışmazlıq, qapaq fəaliyyətinin pozulması

 

Aorta-koronar yanyol əməliyyatı

 

Tərifi

Aorta-koronar şunt və ya yanyol əməliyyatı aorta ilə tac damarları arasında damar köprüsünün yaradılmasına deyilir. Ədəbiyyatlarda koronar arter bypass, aorta-tac yanyol (ATY) əməliyyatı da deyilir.

 

 

Göstərişlər

Əsas göstəriş tac damarlarının daralmasıdır:

  • sol əsas damarın daralması
  • sol ön enən damarın daralması
  • üç damar xəstəliyi
  • koronaroqrafiya və ya stentdən sonra koronar arteriyalarda yırtılma, disseksiya və tromboz.

Texnikası

Orta sternotomiya edilir. Aorta ilə koronar arteriyanın darlıqdan sonrakı hissəsi arasına damar parçası (böyük və ya kiçik dərialtı vena, sol və sağ daxili döş arteriyası, mil arteriyası, sağ qastroepiploik arteriya)anastomoz edilir. Adətən sol daxili döş arteriyası sol ön enən arteriyaya anastomoz edilir. Çünki bu vəhdətin patentliyi on illərlədir və sol ön enən arteriyanın darlığı müalicə olunmalı ən vacib darlıqdır. Sol daxili döş arteriyası sol körpücükaltı arteriyanın şaxəsidir və döş sümüyünün 2 sm bayırında yerləşir.Bu arteriyanın körpücükaltı arteriyadan olan mənbəyi açıq saxlanılır (qalxan aortaya anastomoz edilməsinə ehtiyac qalmır).

AKŞ əməliyyatı əksər hallarda ağciyər-ürək körüyü (AÜK) qoşularaq dayandırılmış ürəkdə aparılır. Bəzən AKŞ əməliyyatını döyünən ürəkdə də aparıla bilir və bu AÜK ağırlaşlarından qaçmağa imkan verir. Lakin döyünən ürəkdə əməliyyat texniki cəhətdən çətin olduğu üçün ancaq xüsusi göstərişə əsasən aparılır.

Ağırlaşmalar

Yaşın çox olması, zəif sol mədəcik funksiyası, böyrək çatışmazlığı, xroniki obstruktiv ağciyər xəstəliyi ağırlaşmalara yol açan risk amilləridir.

  • ölüm, aşağı riskli xəstələrdə - 1-3%
  • insult, aşağı riskli xəstələrdə - 1-2%
  • resternotomiya-qanaxma və ürək tamponadasına görə - 5%
  • döş qəfəsi infeksiyası, qulaqcıqların fibrilyasiyası, yara infeksiyası, böyrək çatışmazlığı və s.

 

Özət

Ürək əməliyyatlarının bir neçə özəllikləri vardır ki, bunların birincisi xəstələrin hərtərəfli və geniş müayinəsi, digəri isə əməliyyat vaxtı köməkçi vasitələrdən geniş istifadə olunmasıdır.

Ürək əməliyyatı planlanan xəstələr geniş və diqqətli müayinə olunmalıdır, çünki, başqa sahələrdə problemə səbəb olmayan kiçik kənaraçıxmalar ürək cərrahiyyəsində ağır nəticələr verə bilər.

Əksər hallarda ağciyər və ürək əvəzediciləri, ürəyi dayandırma üsulları lazım gəlir.

Ağciyər-ürək körüyü – oksigenləşdirməni və qan dövranını təmin edən cihazdır. O, əməliyyat vaxtı ağciyəri və ürəyi müvəqqəti əvəz etmək üçün istifadə edilir.

Ekstrakorporal membran oksigenasiyası ağciyəri və ya həm ağciyəri həm də ürəyi nisbətən uzunmüddət ərzində (günlərlə) əvəz etmək üçün istifadə edilən cihazdır.

Süni ürək cihazları ürəyi daha uzunmüddətə - həftələr və aylar ərzində əvəz edir.

Ürəyi dayandırmaq və hərəkətsiz ürəkdə əməliyyat apararkən üç yoldan biri seçilir: ürəyin fibrilyasiyası, xəstənin soyudulması və kardioplegiya.

Qapaqların bərpası təmir və ya dəyişdirmə əməliyyatları ilə həyata keçirilir.Təmir əməliyyatlarına annuloplastika, valvuloplastika, kommisurotomiya, balon dilatasiyası aiddir. Dəyişdirmə əməliyyatları – qapaqların mexaniki və ya bioloji qapaqlarla əvəzedilməsidir, cərrahi və ya endovaskulyar yolla həyata keçirilir.

Aorta-koronar şunt və ya yanyol əməliyyatı aorta ilə tac damarları arasında damar körpüsünün yaradılmasıdır və koronar arteriya xəstəliklərində tətbiq edilir. Ədəbiyyatda buna koronar arter bypassaorta-tac yanyol (ATY) əməliyyatı da deyilir.

                                                    

Ürək əməliyyatları üzrə suallar

 

Ağciyər-ürək körüyü

Suallar

Cavablar

Ağciyəri və ürəyi əvəz etmək üçün hansı süni vasitələr var

  1. Ağciyər-ürək körüyü
  2. Ekstrakorporal membran oksigenasiyası
  3. Süni ürək cihazları

Ekstrakorporal membran oksigenasiyası nədir?

Ağciyərin və ürəyin günlərlə əvəz edilməsi üçün istifadə olunan cihazdır. Oksigenləşdirmə ilə yanaşı həm də qan dövranını əvəz edə bilən rejimləri var.

Ağciyər-ürək körüyü nədir?

Əməliyyat vaxtı ağciyəri və ürəyi müvəqqəti əvəz etmək üçün istifadə olunan cihazdır, oksigenləşdirməni və qan dövranını təmin edir.

AÜK necə işləyir?

Qanı yuxarı və aşağı boş venadan götürüb ağciyər vəzifəsini görən oksigenatordan keçirir və aortaya qaytarır.

AÜK hansı əməliyyatlarda istifadə edilir?

Açıq ürək əməliyatları, ürək transplantasiyası, ağciyər transplantasiyası, ürək-ağciyər transplantasiyası, böyük arteriyaların proksimal hissələrində aparılan əməliyyatlar.

Antikoaqulyasiya vacibdirmi?

Bəli, əməliyyatdan öncə və əməliyyat zamanı heparin vasitəsilə.

 

Antikoaqulyasiya normal vəziyyətə necə qaytarılır?

Təbii olaraq somon balıq spermlərindən əldə edilmiş protaminlə

AÜK-dən sonra ürəyin atımını idarə etmək üçün 6 yol hansılardır?

Nəbz, ritm, dolma həcmi, müqavimət, yığılma gücü, mexaniki vasitələr (aorta daxili balon körüyü, süni ürək körükləri)

AÜK-dən sonra hansı mexaniki problemlər ürəyin atım həcmini azalda bilər?

 

Ürək tamponadası, pnevmotoraks

Ürək tamponadası hemodinamikaya necə təsir göstərir?

Ürək atımı azalır, nəbz artır, arterial təzyiq düşür, mərkəzi venoz təzyiq artır

Ağırlaşmaları nələrdir?

Qanın formalı elementlərinin travması (xüsusən trombositopeniya və trombosit disfunksiyası)

Pankreatit (ləng axın)

Heparinin geri sorulması

İşemik insult

CPB-dan çıxmada müvəffəqiyyətsizlik

Texniki ağırlaşmalar (əməliyyat texnikası)

Miokard infarktı

Açıq əməliyyatlardan sonra mediastinal qanaxmanın müalicə metodları hansılardır?

Protamin, nəfəsvermə sonu müsbət təzyiq (PEEP) ↑, təzə dondurulmuş plazma (TDP), trombosit kütləsi, transeksamik turşusu və əməliyyat

Heparinin geriyə sorulması nə deməkdir?

AÜK-dən sonra periferik toxumalarda olan heparinin qan dövranına keçməsi nəticəsində baş verən hipokoaqulyasiya.

AÜK-dən sonra sistemik damar rezistentliyini (SDR) azaltmağın yolları hansılardır?

Xəstənin isidilməsi, sodium nitroprussid və dobutamin infuziyası

Xəstənin AÜK-dən ayrılması çətinləşdikdə nə etmək lazımdır?

İnotrop preparatlar (epinefrin, dopamin, dobutamin, levosimendan, milrinon) infuziyası

Mədəcik dəstək cihazı

Aorta Daxili Balon körüyü

AÜK-dən sonra xəstələrin neçə faizində qulaqcıq fibrilyasiyası əmələ gəlir?

33%-ə qədərində

Aortadaxili balon körüyü necə işləyir?

Aorta Daxili Balon körüyü aorta daxilinə, sol körpücükaltı və böyrək arteriyalar arasına yerləşdirilən bir balondur. Balon diastolda şişərək diastolik qan təzyiqini, beyin və koronar qan axımını artırır. Sistolda balon boşalaraq mənfi təzyiq əmələ gətirir, müqaviməti azaldır və sistolik qan təzyiqini artırır.

Gücləndirilmiş xarici kontrpulsasiya nədir?

Aortadaxili balon körüyünün xaricə tətbiq edilən formasıdır. Diastolda koronar, serebral və intestinal perfuziyanı yaxşılaşdırır və bu orqanlarda yeni kollaterallar əmələ gəlməsinə kömək edir.

 

Qapaq əməliyyatları

Suallar

Cavablar

Qapaqlarda hansı əməliyyatlar aparılır?

Təmir və dəyişdirmə

Qapaq protezləşdirilməsi nədir?

Zədələnmiş qapaqların bioloji (toxuma) və ya mexaniki qapaqlarla əvəz edilməsidir.

Qapaqların növləri hansılardır?

Mexaniki və bioloji

Bioloji qapaqlar nə deməkdir

Heyvanlardan, insanlardan alınan və ya bioloji toxumalardan hazırlanan qapaqlardır

Bioloji qapaqların müsbət və mənfi cəhətləri nələrdir?

Ömür boyu antikoaqulyasiya tələb etmir, lakin müəyyən müddətdən sonra deqradasiya olunur və təkrarən əməliyyat lazım gəlir.

Mexniki qapaqlar nədir?

Adətən keramikadan hazırlanan sintetik qapaqlardır

Mexaniki qapaqların müsbət və mənfi cəhətləri nələrdir?

Adətən daimidir, lakin ömür boyu antikoaqulyant qəbul olunmalıdır. Ona görə də qanaxmaya meylli xəstələrdə əks-göstərişdir.

Əməliyyatın ölüm faizi nə qədərdir?

1-5%.

Süni qapaq qoyulmuş xəstələrə diş çəkmə prosedurundan öncə hansı preparatlar verilməlidir?

Endokarditin profilaktikası üçün antibiotiklər.

 

Ross əməliyyatı nədir?

Xəstənin öz pulmonar qapağı aortaya, pulmonar qapağın yerinə isə bioloji qapaq qoyulur.

 

 

Aorta-koronar şuntlama əməliyyatı

Suallar

Cavablar

Aorta-koronar yanyol əməliyyatı nədir?

Aorta ilə tac damarları arasında damar körpüsünün yaradılması

Göstərişlər nələrdir?

  1. sol əsas damarın daralması
  2. sol ön enən damarın daralması
  3. üç damar xəstəliyi
  4. stentdən sonra koronar arteriyalarda disseksiya və tromboz

Texnikası necədir?

Aorta ilə koronar arteriyanın darlıqdan sonrakı hissəsi arasına damar körpüsü yerləşdirilir.

Körpü (yanyol) məqsədilə hansı damarlardan istifadə olunur?

Daxili döş arteriyası

Böyük dərialtı vena

Mil arteriyası

Sağ qastroepiploik arteriya

Kiçik dərialtı vena

Dalaq arteriyası

Ağırlaşmaları nələrdir?

Qanaxma, ürək tamponadası

Miokard infarktı, aritmiyalar

Yaranın irinləməsi

Plevral, perikardial maye

Qreft trombozu

Döş sümüyü çatlaması, bitişməsinin gecikməsi (sternal dehissens)

Postperikardiotomiya sindromu, insult

Əməliyyatın ölüm faizi nə qədərdir?

Tək AKŞ əməliyyatı üçün 0.6-1.3% (kəskin miokard infarktı keçirmiş xəstələrdə 5%-10%-ə dək)

Hansı dərmanları əməliyyatdan sonra təxminən bütün xəstələr ömrüboyu qəbul etməlidir?

Aspirin, beta-blokator, statinlər.

AKŞ əməliyyatı ürək ağciyər aparatı olmadan icra edilə bilərmi?

Bəli, günümüzdə AKŞ ürək-ağciyər körüyü ilə və onsuz həyata keçirilir.

Postperikardiotomiya sindromu nədir?

Perikardiotomiyadan sonra əmələ gələn perikardit (naməlum etiologiyalı), 3 aya qədər müşahidə edilə bilər.

Əlamətləri nələrdir?

Hərarət

Döş qəfəsində ağrı, qulaqcıqların fibrillyasiyası

Halsızlıq

Perikardın sürtünmə küyü

Perikardial maye, plevral maye

Müalicəsi nədir?

QSİƏ dərmanlar, steroidlərlə (birgə və ya təklikdə), diuretiklər

Miokard infarktından sonrakı perikardit necə adlanır?

Dressler sindromu

Minimal invaziv aorto-koronar yanyol əməliyyatı nə deməkdir?

Kiçik torokotomiya ilə, AÜK olmadan daxili döş arteriyasının sol ön enən arteriyaya (mədəciklərarası arteriya) anastomoz edilməsi

Transmiokardial lazer revaskulyarizasiyası nədir?

Qanın miokard əzələsinə daha yaxşı nüfuz etməsi üçün lazer vasitəsilə miokardda kiçik dəliklər açılır.

Hansı ürəkdə transmural qan təchizatı geniş yayılıb?

Sürünənlərdə və insan dölündə

Gücləndirilmiş xarici kontrpulsasiya nədir?

Aortadaxili balon körüyünün xaricə tətbiq edilən formasıdır. Diastolda koronar, serebral və intestinal perfuziyanı yaxşılaşdırır və bu orqanlarda yeni kolloterallar əmələ gəlməsinə kömək edir.

 
 

ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI

Tərifi və təsnifatı

Anadangəlmə ürək qüsurları dedikdə qapaqlarda, ürək divarında və ya damarlarda yaranmış anomaliyalar nəzərdə tutulur.

Funksional baxımdan qüsurlar ya qanın patoloji istiqəmətdə axmasına (sağdan sola və ya soldan sağa), ya da normal istiqamətdəki axınının pozulmasına səbəb ola bilir. Buna əsasən qüsurlar sianotik və qeyr-sianotik qruplara bölünür. Sianotik qüsurlarda sağdan sola keçid baş verir, oskigenləşməmiş qan ümumi qan dövranına keçir və sianoz müşahidə edilir. Qeyri-sianotik qüsurlarda isə soldan-sağa keçid, sağ və ya sol çıxışlarda maneələr olur. Bu qüsurlarda oksigenləşməmiş qan dövrana keçmədiyi üçün başlanğıcda sianoz olmur, lakin xəstəlik irəlilədikdə dekompensasiyaya bağlı sağdan-sola keçid baş verir və sianoz inkişaf edir.

 

Sianotik qüsurlar (sağdan-sola şunt)

  • Fallot tetradası
  • Trunkus Arteriosus
  • Total pulmonar venoz dönüş anomaliyası
  • Trikuspid atreziya
  • Böyük damarların transpozisiyası
  • Hipoplastik sol ürək

 

Qeyri-sianotik qüsurlar

  • Soldan-sağa şunt törədən anomaliyalar
    • Qulaqcıqlararası çəpər defekti
    • Mədəciklərarası çəpər defekti
    • Qulaqcıq-mədəcik çəpər defekti
    • Açıq arterial axacaq (Botal axacağı)
  • Sağ tərəfli anomaliyalar
    • Pulmonar stenoz
    • Ebştein anomaliyası
  • Sol tərəfli anomaliyalar
    • Aorta stenozu
    • Aorta koarktasiyası
    • Tac damar anomaliyaları

 

Klinik nöqteyi-nəzərdən ilk bir il ərzində müdaxilə tələb edən (kritik qüsurlar) və müdaxilə tələb etməyən qruplar müəyyən edilir. Adətən sianotik və açıq axacağa bağlı qüsurlar ilk bir il ərzində müdaxilə tələb edirlər. Kritik qüsurlar ürək qüsurlarının 25%-ni təşkil edir və aşağıdakı növlərə bölünür:

  • Hipoplastik sol ürək
  • Fallot tetradası
  • Trunkus Arteriosus
  • Total pulmonar venoz anomaliyası
  • Trikuspid atreziya
  • Böyük damarların transpozisiyası
  • Açıq arterial axacaq (Botal axacağı)
  • Ebştein anomaliyası
  • Aorta koarktasiyası
  • Tək mədəcik

 

Sianotik qüsurlar

Fallot tetradası - pulmonar stenoz (sağ mədəcik çıxışının obstruksiyası), mədəciklərarası çəpər defekti, sağ mədəcik hipertrofiyası və aortanın dextrapozisiyası ilə xarakterizə olunan qüsurdur. Sianoz, ürəkgetmələr və ürəkdə küy xarakterik əlamətləridir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsi cərrahi korreksiyadır və vaxtında icra edilərsə 95%-ə qədər müsbət nəticə verir.

Trunkus arteriozus (arterial kötük) adlanan anomaliyada aorta ilə pulmonar arteriya arasındakı arakəsmə olmur və ürəkdən tək damar çıxır. Bu damardan sistemik, koronar və pulmonar şaxələr ayrılır. Ürək çatışmazlığı və sianoz əsas əlamətləridir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Erkən cərrahi korreksiya olunmazsa doğuşdan bir neçə ay sonra ölüm baş verir.

Böyük damarların transpozisiyası anomaliyasında aorta sağ mədəcikdən, pulmonar arteriya isə sol mədəcikdən çıxır. Sağ və sol mədəciklər arasında əlaqəni təmin edən qulaqcıqlararası çəpər defekti, arterial axacağın açıqlığı və mədəciklərarası çəpər defekti olmazsa xəstəlik ölümə səbəb olur. Doğuşdan dərhal sonra sianoz baş verir, ürək çatışmazlığının və küylərin olması xarakterikdir. Botal axacağı və qulaqcıq arakəsməsi bağlı olarsa xəstələr yaşamır. Diaqnoz exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası ilə qoyulur. Müalicəsi üçün təcili olaraq qulaqcıqlararası çəpərdə defekt yaradılır (balon septostomiya), sonra isə arterial yerdəyişmə əməliyyatı icra edilir - aorta və ağciyər arteriyası öz mədəcikləri ilə əlaqələndirilir, koronar arteriyalar isə reimplantasiya olunur. Erkən əməliyyat vacibdir. Əməliyyat ilk 2 həftə ərzində icra edildikdə yaxşı nəticə verir.

 

 

 

Total pulmonar venoz dönüşüm anomaliyasında pulmonar venalar sistemik venalara açılır (yuxarı və aşağı boş venalara və ya portal venaya), nəticədə sistemik dövranda qarışıq qan olur. Obstruksiya olmazsa bir müddət ümumi anomaliyanın əlamətləri görünməyə bilər. Lakin xəstəlik inkişaf etdikcə və ya obstruksiya olduqda pulmonar hipertenziya əmələ gəlir. Müalicəsi cərrahi korreksiyadan ibarətdir.

Trikuspid atreziyada sağ qulaqcıq ilə sağ mədəcik arasında əlaqə olmur, venoz qan qulaqcıqlararası çəpərdən sol qulaqcığa keçir, sağ mədəcik atrofik olur, nəticədə tək mədəcik kimi sol mədəcik qalır. Sianoz əsas əlamətidir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsi cərrahi korreksiyadır.

Hipoplastik sol mədəcik anomaliyasında sol mədəcik və qalxan aorta atrofik olur, qan dövranı sağ mədəciyin və arterial axacağın hesabına baş verir. Bu anomaliya tək mədəcik anomaliyalarından biridir (digərlərinə trikuspid atreziya, pulmonar atreziya və atrioventrikulyar septal defekt aid edilir). Müalicəsi üçün ürək transplantasiyası və mərhələli rekonstruktiv əməliyyatlar icra olunmalıdır.

 

Qeyri-sianotik anomaliyalar

Qulaqcıqlararası çəpər defekti ən çox rast gəlinən üçüncü qüsurdur, çəpərdəki dəliyin doğuşdan sonra bağlanmaması nəticəsində əmələ gəlir. Qan yüksək təzyiqli sol tərəfdən sağ tərəfə keçir və müəyyən müddətdən sonra pulmonar hipertenziyaya səbəb olur. Kiçik defektlər uzun müddət asimptomatik olur, böyük defektlər isə erkən mərhələdə tez yorulma, təkrarlanan ağciyər infeksiyaları, küylərlə özünü göstərir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsi üçün dəliyin kateterlə perkutan bağlanması və ya cərrahi əməliyyatı lazımdır.

Mədəciklərarası çəpər defekti ən çox rast gəlinən (30%) qüsurdur. Əksər hallarda (80%) arakəsmənin membranoz hissəsini əhatə edərək, qanı sol mədəcikdən sağ mədəciyə keçirir. Kiçik defektlər adətən asimptomatik olur, orta və böyük defektlərdə pulmonar hipertenziya, ürək çatışmazlığı, Eisenmenger sindromu (pulmonar hipertenziya ilə əlaqədar əvvəlki soldan sağa axın istiqamətini dəyişərək sağdan sola keçir) inkişaf edir. Kiçik asimptomatik defektləri izləmək lazımdır. Orta və simptomatik defektlər müalicə tələb edir. Bu məqsədlə kateter müdaxilə və cərrahi plastikalar istifadə edilir. Eisenmenger sindromunda isə yeganə müalicə ağciyər ürək transplantasiyasıdır.

 

 

Atrioventrikulyar çəpər defekti adı altında qulaqcıq, mədəcik çəpərlərinin və qapaqların qüsurları nəzərdə tutulur. Diaqnozu adətən exokardiqorafiya ilə qoyulur. Müalicəsi erkən cərrahi korreksiyadır.

Açıq arterial axacaq (Botal axacağı) döldə qanın pulmonar arteriyadan aortaya keçməsini təmin edir, doğuşdan 12-24 saat sonra bağlanır. Hipoksiya, prostaqlandinlərin artması və erkən doğuş axacağın bağlanmasına mane olur. Axacağın açıq qalması qanın sol tərəfdən (aortadan) sağ tərəfə (ağciyər arteriyasına) keçməsinə, pulmonar hipertenziyaya səbəb olur. Başlanğıcda asimptomatik ola bilir, lakin bir müddət sonra ürək çatışmalığı inkişaf edir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsi axacağı bağlamaqdan ibarətdir. Bu məqsədlə konservativ (prostoqlandin inhibitoru-indometasin), endovaskulyar-kateterlə perkutan və ya cərrahi üsulla orta sternotomiya və ya yan-arxa torakotomiya ilə bağlama seçilə bilər.

 

 

Pulmonar stenoz ayrıca şəkildə az rast gəlinən anomaliyalardandır. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsində balon valvulopalstika və ya cərrahi müdaxilə tətbiq edilir.

Ebstein anomaliyasında üçtaylı qapaq çox aşağıda yerləşir, nəticədə qapaq çatışmazlığı əmələ gəlir, sağ mədəcik kiçik, qulaqcıq isə böyük olur. Adətən ürək çatışmazlığı əlamətləri ilə özünü göstərir. Ana hamiləlik zamanı litium preparatı qəbul edibsə əmələ gəlmə ehtimalı 400 dəfə artır. Müalicəsində müxtəlif korreksiya üsulları tətbiq edilir.

Aorta stenozu aortanın qapaq səviyyəsində və ya ona yaxın bölgədə daralmasıdır. Ürək çatışmazlığı, özündəngetmələr verir, ani ölümlərə səbəb ola bilir. Diaqnozu exokardioqrafiya ilə qoyulur. Müalicəsinə erkən başlamaq lazımdır.

Aorta koarktasiyası enən aortanın proksimal hissəsində olan daralmalardır, arterial axacağa görə axacaqönü, axacaqüstü və axacaqsonrası ola bilər. Daralma aorta qövsündən çıxan damarlarda axının artmasına, aşağı hissələrdə isə azalmasına səbəb olur. Kollaterallar müəyyən qədər kompensasiya edir (körpücükaltı arteriyadan daxili döş arteriyaya, ordan qabırğaarası arteriyalara, daha sonra qan yenidən enən aortaya qayıdır). Baş ağrısı, burun qanaxması, aşağı ətraflarda zəiflik və axsama, küylər, femoral nəbz azalması xarakterik əlamətlərdir, sistolik təzyiq aşağı ətrafla müqayisədə yuxarı ətraflarda daha yüksək, diastolik təzyiq isə eyni olur. Diaqnoz exokardioqrafiya və angioqrafiya ilə dəqiqləşdirilir. Müalicəsi üçün cərrahi (rezeksiya, damar qreftləri) və endovaskulyar (balon vasitəsilə aortadakı darlığın genişləndirilməsi və ya stent implantasiyası) üsullar istifadə edilir.

 

 

 

Özət

 

Anadangəlmə ürək qüsurları dedikdə qapaqlarda, ürəyin divarında və ya damarlarda rast gələn anomaliyalar nəzərdə tutulur.

Funksional baxımdan qüsurlar zamanı qan ya patoloji istiqəmətdə axır məsələn, sağdan sola və ya soldan sağa, ya da normal istiqamətdə axını pozur. Qüsurlar sianotik və qeyri-sianotik qruplara bölünür. Sianotik qüsurlarda sağdan sola şunt baş verir, oskigenləşməmiş qan ümumi qan dövranına keçir və sianoz müşahidə edilir. Qeyri-sianotik qüsurlarda isə soldan-sağa şunt, sağ və ya sol çıxışlarda problemlər olur. Bu qüsurlarda oksigenləşməmiş qan dövrana keçmədiyi üçün başlanğıcda sianoz olmur, lakin xəstəlik irəlilədikdə dekompensasiya - sağdan-sola şunt baş verir və sianoz ortaya çıxır.

Anadangəlmə qüsurların təxminən ¼-i ilk bir il ərzində müalicə tələb etdiyi kritik qüsurlar adlandırılır. Sianotik, açıq arterial axacaq və aorta daralmaları kritik qüsurlara aiddir - hipoplastik sol ürək, fallot tetradası, trunkus arteriosus, total pulmonar venoz dönüşüm anomaliyası, trikuspid atreziya, böyük damarların transpozisiyası, açıq arterial axacaq - Botal axacağı, Ebştein anomaliyası, aorta koarktasiyası, tək mədəcik. Klinik olaraq sianoz, ürəkdə küy, ürək çatışmazlığı, ürəkgetmə və s. əlamətlərlə özünü göstərir. Exokardioqrafiya əksər qüsurların diaqnozunu dəqiqləşdirməyə imkan verir. Müalicə üçün endovaskulyar kateter və cərrahi korreksiya, bəzən də ürək transplantasiyası lazım gəlir.

 

Anadangəlmə ürək qüsurları üzrə suallar

 

Sianotik ürək qüsurları

Suallar

Cavablar

Sianoz nə vaxt baş verir?

Qanda deoksihemoqlobinin miqdarı 5 g/dl-dən çox, Hb 5 mq-dan az olduqda

Sianozun səbəbləri nələrdir?

Hemoqlobinin oksigenləşməməsi və ya oksigenin həddindən artıq çıxması.

Sianotik ürək qüsurlarına nələr aiddir?

“ 5 - T” qaydası:

  1. Fallot Tetradası
  2. Trunkus Arteriosus
  3. Total pulmonar venoz axımın anomaliyası
  4. Trikuspid atreziya
  5. Böyük damarların Transpozisiyası

 

Fallot tetradası

Suallar

Cavablar

Fallot tetradası nədir?

Ən azı 4 anomaliya ilə xarakterizə olunan anadangəlmə ürək qüsurudur:

  1. Pulmonar darlıq/sağ mədəcikdən çıxım yolun tutulması
  2. Aortanın dextrapozisiyası
  3. Sağ mədəcik hipertrofiyası
  4. Mədəciklərarası çəpər defekti

Şikayətlər hansılardır?

Sianoz və ürəkgetmələr

Obyektiv əlamətləri hansılardır?

Sianoz

Barmaqların nağara çubuqlarına oxşaması

Küy, adətən, sistolik

Diaqnozu necə qoyulur?

Exokardioqrafiya

Müalicəsi nədən ibarətdiir?

Cərrahi – korreksiya və ya transplantasiya

Proqnozu necədir?

Təkmilləşdirilmiş cərrahi mərkəzlərdə 95% sağalma

 

Böyük damarların transpozisiyası

Suallar

Cavablar

Böyük damarların transpozisiyası nədir?

Aorta sağ mədəcikdən, ağciyər arteriyası isə sol mədəcikdən başlanğıc götürür.

Rastgəlmə tezliyi nə qədərdir?

Ürək qüsurlarının 5-8%-ni təşkil edir.

Əlamətləri hansılardır?

Sianoz ən çox rast gəlir

Neonatal dövrdə doğulandan 1 gün sonra ürək çatışmazlığı - 90%

Diaqnozu necə qoyulur?

Exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası (spesifik)

Müalicəsi nədir?

Arterial yerdəyişmə əməliyyatı

 

Mədəciklərarası çəpər defekti

Suallar

Cavablar

Mədəciklərarası çəpər defekti nədir?

Mədəciklərarası arakəsmənin tam və ya hissəvi bağlanmamasıdır.

Rastgəlməsi necədir?

Ən çox rast gəlinən anadangəlmə ürək qüsurudur

Ağciyərin obstruktiv damar xəstəliyi nədir?

Qanın soldan sağa axması ilə əlaqədar olaraq pulmonar hipertenziyanın törətdiyi arterial hiperplaziyadır.

Eisenmenger sindromu nədir?

Geriyə dönməz pulmonar hipertenziya ilə əlaqədar olaraq soldan sağa axan qanın sağdan sola yönəlməsidir

Eisenmenger sindromunun müalicəsi nədir?

Yeganə müalicə seçimi ağciyər-ürək transplantasiyasıdır

Mədəciklərarası çəpər defektinin (VSD) rastgəlmə tezliyi nə qədərdir?

Ürək qüsurlarının 30%-ni təşkil edir və ən çox yaşlılarda rast gəlir

 

Açıq arterial axacaq

Suallar

Cavablar

Açıq arterial axacaq nədir?

Bətndaxili dövrdə qanın pulmonar arteriyadan aortaya keçməsi olub, doğuşdan 12-24 saat sonra bağlanır.

Bağlanmasının qarşısını alan faktorlar hansılardır?

Hipoksiya, prostaqlandinlərin artması, erkən doğuş

Şikayətlər hansılardır?

Çox hallarda asimptomatik

Zəif qidalanma

Təngnəfəslik

Tənəffüs infeksiyaları ilə birgə ürək çatışmazlığı

Obyektiv əlamətləri nələrdir?

Asianotiklik, daimi “maşın” küyü

Diaqnoz necə qoyulur?

Exokardioqrafiya (digər yanaşı qüsurları da aşkar edir)

Ürək boşluqlarının kateterizasiya (nadirən tələb olunur)

Müalicəsi nədən ibarətdir?

Axacağı bağlamaq üçün

  1. Konservativ
  2. Endovaskulyar
  3. Cərrahi

Dərman müalicəsini nə təşkil edir?

İndometasin - prostaqlandin inhibitoru (prostaqlandin arterial axacağı açıq saxlayır)

 

Ebşteyn anomaliyası

Suallar

Cavablar

Ebşteyn anomaliyası nədir?

Üçtaylı qapaq çox aşağıda yerləşdiyindən qapaq çatışmazlığı və sağ mədəciyin kiçik, qulaqcığın isə böyük olması.

Risk faktorları hansılardır?

Ana hamiləlik zamanı litium preparatı qəbul edibsə əmələ gəlmə ehtimalı 400 dəfə artır.

 

Aorta koarktasiyası

Suallar

Cavablar

Aorta koarktasiyası nədir?

Enən aortanın proksimal hissəsində olan daralmalar

3 növü hansıdır?

  1. Axacaqönü (preduktal) - müalicə almayan körpələr ölür
  2. Axacaq səviyyəsində (duktal)
  3. Axacaqdan sonra (postduktal)

Neçə faizi digər qüsurlarla birlikdə rast gəlinir?

60% (ən çox ikitaylı aorta qapağı ilə )

Kollateral dövranın əsas yolu hansıdır?

Körpücükaltı arteriyadan daxili döş arteriyaya, ordan qabırğaarası arteriyalara, daha sonra enən aortaya

Risk faktorları hansılardır?

Turner sindromu, kişi>qadın

Şikayətlər hansılardır?

  1. Baş ağrısı
  2. Epixtasis (burun qanaması)
  3. Aşağı ətraflarda yorğunluq-axsama

Obyektiv əlamətləri hansılardır?

Aşağı ətraf nəbzləri azalmışdır.

Küylər

Diaqnozu necə qoyulur?

Exokardioqrafiya

Ürək qüsurları varsa ürək boşluqlarının kateterizasiyası

Müalicə üsulları hansılardır?

Endovaskulyar - balon dilatasiyası, stent

Əməliyyat:

  1. Rezeksiya və uc-uca anastomoz
  2. Körpücükaltı arteriya qrefti
  3. Sintetik qreft

Əməliyyata göstərişlər nələrdir?

  1. simptomatik xəstə
  2. enən aorta üzərində qradient 20mmHg-dan yüksək olarsa
  3. 3-4 yaşdan yuxarı olan asimptomatik xəstə

Postoperativ ağırlaşmalara nələr aiddir?

  1. Paraplegiya
  2. “Paradoksal” hipertenziya
  3. Mezenterik nekrotik panarteriit (MB qanaması), Horner sindromu
  4. Qayıdan qırtlaq sinirinin zədələnməsi

Uzaq dövr ağırlaşmaları nə ola bilər?

Aorta disseksiyası, hipertenziya, beyin damarlarının anevrizması

 

 
 
 
 

ÜRƏK QAPAQLARININ XƏSTƏLİKLƏRİ

Tərifi və təsnifatı

Ürək qapaqlarının qazanılmış xəstəlikləri dedikdə 4 qapaqdan hər hansı birinin və ya bir neçəsinin daralması və ya çatışmazlığı nəzərdə tutulur.

  • Mitral çatışmazlıq və ya darlıq
  • Üçtaylı qapaq çatışmazlıq və ya darlığı
  • Aorta qapaq çatışmazlığı və ya darlığı
  • Pulmonar qapaq çatışmazlığı və ya darlığı

 

Mitral qapaq darlığı

 

Tərifi

Mitral darlıq sol qulaqcıq və mədəcik arasındakı qapağın daralmasına deyilir. Bu adətən ağciyərlərdə durğunluğa və ağırlaşmalara səbəb olur.

Rastgəlmə tezliyi

Qərb ölkələrində <1% dır; Asiya və Afrikada daha çox yayılmışdır.

Etiologiyası

Revmatik xəstəliklər ən çox rast gəlinən səbəbidir.

Klinikası

Əsas əlamətləri təngnəfəslik, bronxit, hemoptiz, səyrici aritmiya, döş sümüyünün sol kənarında ağrıdır. Zirvədə guruldayıcı orta-diastolik küy ən çox rast gəlir.

Diaqnostikası

Diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya, təzyiq ölçmək və ağırlıq dərəcəsini müəyyənləşdimək üçün ürək kateterizasiyası lazım gəlir.

Müalicəsi

Daralmanı mexaniki yollarla aradan qaldırmaq əsas müalicə prinsipidir və bu məqsədlə aşağıdakılar tətbiq edilə bilir:

  • Açıq kommisurotomiya
  • Balon plastikası
  • Qapaq təmiri və ya dəyişdirilməsi

Əməliyyata göstərişlər:

  • Mitral qapaq sahəsinin <1.0 sm2 olması (normal qapaq sahəsi 3-4 sm2)
  • Təkrarlanan tromboemboliyalar
  • Mitral qapaq cərrahiyyəsi PMK-ya (perkutan mitral komissurotomiya) uyğun olmayan simptomatik mitral qapaq darlığı xəstələrinə göstərişdir.
  • İnvaziv müdaxilə olan PMK (perkutan mitral komissurotomiya) cərrahiyyə əməliyyatı riski yüksək olan mitral qapaq darlığı xəstələrinə göstərişdir.

Proqnoz

Əməliyyat ilə 10 illik yaşam 80% təşkil edir. Ürək çatışmazlığı əlamətləri olarsa proqnoz pisləşir.

 

Mitral qapaq çatışmazlığı

 

Tərifi

Mitral çatışmazlıq sol qulaqcıq və mədəcik arasındakı qapaqların yetərli qapanmamasıdır. Bu requrgitasiyaya və ağırlaşmalara səbəb olur.

Rastgəlmə tezliyi

Ən çox rast gəlinən qapaq xəstəliyidir! Yayılması 2% təşkil edir.

Etiologiyası

Səbəbləri mitral qapaq prolapsı (anadangəlmə və ya xorda/papilyar əzələ cırılması), revmatik xəstəliklər, endokardit və birləşdirici toxuma xəstəlikləridir.

Klinikası

Kəskin mitral qapaq çatışmazlığı ürək çatışmazlığı əlamətləri ilə təzahür edir. Xroniki MÇ fiziki hərəkət zamanı təngnəfəslik və ortopnoe, zirvə vurğusunun yerdəyişməsi, pansistolik küy, 80% hallarda səyrici aritmiya ilə özünü göstərir.

Diaqnostikası

Diaqnoz exokardioqrafiya, TEE ilə dəqiqləşdirilir. Ürək boşluqlarının kateterizasiyası müayinəsi də istifadə oluna bilər.

Müalicəsi

Qapaqların dəyişdirilməsi və ya təmiri (annuloplastika, P2 qapaq tayı rezeksiyası, A2 qapaq tayı rezeksiyası, yeni xorda köçürülməsi) əsas müalicədir.

Əməliyyata göstərişlər:

  • Kəskin mitral çatışmazlıq
  • Ürəyin atım fraksiyası aşağı olan (AF<30%) simptomatik xəstələr
  • Sol mədəcik disfunksiyası (AF<60% və ya sol mədəcik sistola sonu diametri>45mm) olan asimptomatik xəstələr;
  • Əməliyyat riski yüksək olan, lakin müdaxilə üçün exokardioqrafik kriteriyalı mitral çatışmazlığı olan xəstələr perkutan mitral qapaq müdaxiləsinə göstərişdir.

Proqnoz

Müalicə edilməmiş ciddi MÇ olan xəstələrdə bir il ərzində ölüm 5%-dir. Aşağı riskli xəstələrdə əməliyyat zamanı ölüm riski 1-2%-dir. Erkən əməliyyat olunanların ömrü xeyli uzanır. Mitral qapaq təmiri əməliyyatı olan xəstələrdə proqnoz daha yaxşıdır. Mexaniki qapaq protezləşdirilməsi olunan xəstələr ömürboyu warfarin içməli və ayda ən gec 1 dəfə İNR analizinə baxılmalıdır. İNR dəyərinin 2.0-3.5 arasında saxlanması lazımdır.

 

Aorta qapaq darlığı

 

Tərifi

Aorta qapaq darlığı (stenoz) sol mədəcikdən qanın qovulmasını çətinləşdirməklə ağırlaşmalara səbəb olur.

Rastgəlmə tezliyi

65 yaşdan yuxarı şəxslərin 1-2%-ində rast gəlir.

Etiologiyası

Kalsifik zədələnmə, revmatik xəstəliklər və anadangəlmə ikitaylı qapaq ən çox rast gəlinən səbəbləridir. İkitaylı aorta qapağı ürəyin ən çox görünən anadangəlmə qapaq qüsurudur- 1-2%.

Klinikası

Klinikasında döş qəfəsi ağrısı, təngnəfəslik və özündəngetmədən ibarət üçlük xarakterik əlamətləridir. Qəfləti ölüm ola bilir. Yavaş yüksələn, aşağı həcmli nəbz, zirvə vurğusunun qabarması, aorta üzərində yüksək olub yuxu arteriyalarına yayılan sistolik küy rast gəlir. Xəstəlik irəlilədikcə ürək çatışmazlığı əlamətləri inkişaf edir.

Diaqnostikası

Exokardioqrafiya əsas diaqnostik üsuldur. Kateterizasiya müayinə üsulu əməliyyat planlanan xəstələrdə lazım gəlir.

Müalicəsi

Darlığın aradan qaldırılması əsas prinsipdir, bu məqsədlə süni qapaq və balon valvuloplastika lazım gəlir. Yüksək riskli xəstələrdə transfemoral aorta qapaq implantasiyası və ya balon valvuloplastika tətbiq edilir.

Əməliyyata göstərişlər:

  • Ciddi yüksək qradientli (orta qradient ≥ 40mmHg, sürət zirvəsi ≥ 4m/s) simptomatik aorta qapaq darlığı olan xəstələr
  • Ürək atım fraksiyası aşağı olan (AF<50%), aşağı qradientli (orta qradient ≤40mmHg) ciddi aorta qapaq darlığı olan xəstələr
  • Ciddi aorta qapaq darlığı olan, məşq testində simptomları bəlli edən asimptomatik xəstələr
  • Aorta qapaq sahəsi 0.75 sm2-dən kiçik olan xəstələr

Proqnoz

Döş ağrıları olan xəstələrdə ortalama yaşama müddəti 5 il, özündəngetmə simptomu olanlarda 3 il, xroniki ürək çatışmazlığı olanda isə 2 il təşkil edir.

 

Aorta qapaq çatışmazlığı

 

Tərifi

Aorta qapaqlarının yetərli dərəcədə qapanmamasıdır. Bu nəticədə requrgitasiya və ağırlaşmalara səbəb olur.

Rastgəlmə tezliyi

<1% yayılma

Etiologiyası

Səbəblərini revmatik xəstəlik, endokardit, aorta disseksiyası, Marfan sindromu və başqa birləşdirici toxuma xəstəlikləri, kalsifik zədələnmə və travma təşkil edir.

Klinikası

Kəskin aortal çatışmazlıq (endokarditlərdə) sol mədəcik çatışmazlığı ilə ortaya çıxır. Xroniki yetməzlik isə başlanğıcda adətən asimptomatikdir. Gec dövrlərdə sol mədəcik yetməzliyinə bağlı ortopnoe, yorğunluq, təngnəfəslik ortaya çıxır. Geniş nəbz təzyiqi, kollapsedici, su-çəkic nəbzi əlamətləri, Quinkenin əlaməti (dırnaq yatağı pulsasiyası), Corrigan əlaməti (görünən boyun pulsasiyası), De Musset əlaməti (başın önə əyilməsi), Durozier əlaməti (budda diastolik küy), hiperdinamik yerdəyişmiş zirvə vurğusu, erkən diastolik küy, requrgitant axının ön mitral qapaq tayına vurması nəticəsində yaranan orta diastolik Austin-Flint küyü rastlanır.

Diaqnostikası

Diaqnozu exokardioqrafiya ilə dəqiqləşdirilir, ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün kateterizasiya lazım gəlir.

Müalicəsi

Müalicəsi üçün qapağın təmiri və ya dəyişdirilməsi lazım gəlir, cərrahi və perkutan üsullar tətbiq edilə bilər.

Əməliyyata göstərişlər:

  • Kəskin aorta qapaq çatışmazlığı (infektiv endokardit və aort disseksiyası səbəbli) təcili əməliyyata göstərişdir.
  • Simptomatik aort qapaq yetməzliyi olan xəstələr
  • Ürək atım fraksiyası (AF<50%) az olan və sol mədəcik genişlənməsi (sol mədəcik diastola sonu diametr > 70mm və ya sol mədəcik sistola sonu diametr >50mm) olan asimptomatik xəstələr

Proqnoz

Kəskin yetməzlikdə proqnoz pisdir, xroniki yetməzlikdə isə ürək yetməzliyi meydana gələnə qədər proqnoz yaxşıdır.

 

Üçtaylı qapaq yetməzliyi

 

Üçtaylı qapaq sağ qulaqcıq və mədəcik arasında yerləşir, stenozu nadir rast gəlir, yetməzliyi isə nisbətən çox rast gəlinir.

 

Etiologiyası

Səbəblərini revmatizm, bakterial endokardit, karsinoid şişlər, Ebşteyn anomaliyası, küt travmalar, və pulmonar hipertenziyanın törətdiyi həlqə genişlənməsi təşkil edir.

Klinikası

Sistolik küy, boyun venalarının genişlənməsi və pulsasiyası əsas klinik əlamətləridir.

Diaqnostikası

Diaqnozu exokardioqrafiya ilə qoyulur.

Müalicəsi

Yüngül dərəcəli çatışmazlıqda müalicə lazım gəlmir, ağır dərəcədə isə cərrahi müalicə üçün annuloplastika ilk seçim olmalıdır.

 

Özət

 

Ürək qapaqları mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlardır. Qapaqlarda baş verən patologiyalar iki qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir.

Revmatizm, endokarditlər, kollagenozlar, papillyar əzələ disfunksiyası və destruksiyası qapaq patologiyalarının ən çox rast gəlinən səbəbləridir.

Qapaqların çatışmazlığı qanın geri qayıtmasına səbəb olur, daralmaları isə çıxmasını çətinləşdirir. Nəticədə qapaqdan əvvəlki hissədə hipertenziya və durğunluq, qapaqdan sonrakı hissədə isə qan həcminin azalması baş verir. Ləng inkişaf edən xəstəliklərin erkən mərhələsində bu dəyişikliklər kompensasiya olunur, lakin müəyyən müddətdən sonra dekompensasiya baş verir və ürək çatışmazlığı əlamətləri ortaya çıxır. Kəskin proseslərdə kompensasiya mümkün olmur və dekompensasiya tez əmələ gəlir. Xəstəliyin gedişi qüsurun dərəcəsindən və yerindən asılıdır. Aorta və mitral daralmaların gedişi daha ağırdır.

Qapaq xəstəlikləri adətən hərəkət vaxtı təngənəfəslik və tez yorulma əlamətləri ilə təzahür edir, müayinədə küylərin eşidilməsi xarakterikdir. Diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya lazım gəlir, ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə ürək boşluqlarının kateterizasiyası və təzyiq ölçülməsinə ehtiyac yaranır.

Müalicədə bərpa əsas tədbirdir və bu məqsədlə valvuloplastika, annuloplastika, kommisurotomiya, mexaniki və ya bioloji qapaqlarla əvəzetmə həyata keçirilə bilər. Müalicə üsulunun seçimində xəstəliyin gedişi-kəskin ya xroniki, xarakteri-çatışmazlıq ya daralma və yeri-üçtaylı, mitral, aorta nəzərə alınır. Kəskin və ağır dərəcəli qüsurlarda əməliyyat ilk seçimdir.

 

Qapaq xəstəlikləri üzrə suallar

 

Mitral qapaq darlığı

Suallar

Cavablar

Mitral qapaq darlığı nədir?

Sol qulaqcıq və mədəcik arasındakı qapağın kalsifikasiyası ya daralmasıdır

Ən çox rast gəlinən səbəbi nədir?

Revmatizm

Şikayətlər hansılardır?

  1. Təngənəfəslik - sol qulaqcıq təzyiqinin artması ilə əlaqədər ağciyər ödeminə bağlı
  2. Hemoptiz – ağciyərdə durğunluğa görə (nadir hallarda həyat üçün təhlükəli olur)
  3. Səs dəyişməsi -sol qulaqcıq genişlənməsi qayıdan qırtlaq sinirini sıxdığı üçün
  4. Ürək döyünmələr – qulaqcıq fibrillyasiyası

Obyektiv əlamətləri nələrdir?

  1. Küy-adətən diastolik
  2. Aritmiya
  3. İnsult (sol qulaqcıqdan emboliyalar)

Hansı diaqnostik müayinələr edilməlidir?

  1. Exokardioqrafiya
  2. Ürək boşluqlarının kateterizasiyası

Müalicə metodları hansılardır?

  1. Açıq kommisurotomiya (Açıq ürək əməliyyatı)
  2. Balon valvuloplastikası: perkutan
  3. Qapağın təmiri və ya dəyişdirilməsi

Yüngül simptomatik xəstələr üçün dərman müalicəsini nə təşkil edir?

Sidikqovucular, ACE-inhibitorları

Proqnozu necədir?

Əməliyyat sonra 80% xəstələr 10 ilə qədər yaşayır.

Müalicə üçün göstərişlər hansılardır?

  1. Mitral qapaq sahəsi <1.0 sm2 (norma 3-4 sm2)
  2. Təkrarlanan tromboemboliyalar
  3. Mitral qapaq cərrahiyyəsi PMK-ya (perkutan mitral komissurotomiya) uyğun olmayan simptomatik mitral qapaq darlığı xəstələrinə göstərişdir.
  4. PMK (perkutan mitral komissurotomiya) cərrahiyyə riski yüksək olan mitral qapaq darlığı xəstələrinə göstərişdir.

 

Mitral qapaq çatışmazlığı

Suallar

Cavablar

Mitral qapaq çatışmazlığı nədir?

Sol qulaqcıq və mədəcik arasındakı qapağın kifayət qədər qapanmaması

Səbəbləri hansılardır?

  1. Ciddi mitral qapaq prolapsı - əhalinin 5%-ində qadın ≥ kişi çoxluğu ilə prolaps aşkar edilir.
  2. Miokard infarktı sonrası papilyar əzələ disfunksiyası/yırtılması
  3. Xorda qopması
  4. Revmatizm
  5. Endokardit
  6. Birləşdirici toxuma xəstəlikləri

Ən çox rast gələn səbəblər hansılardır?

  1. Revmatizm
  2. Xorda qopması/papilyar əzələ disfunksiyası

Şikayətlər hansılardır?

Adətən gizli və gec bilinən: təngnəfəslik, ürəkdöyünmə, yorğunluq

Obyektiv əlamətləri nələrdir?

Küy – holosistolik, zirvədə olub qoltuqaltı nahiyəyə yayılan

Diaqnozu necə qoyulur?

  1. Exokardioqrafiya
  2. Ürək boşluqlarının kateterizasiyası

Müalicəsi nədən ibarətdir?

  1. Qapaq dəyişdirilməsi
  2. Qapaq təmiri (annuloplastika)

Müalicə üçün göstərişlər hansılardır?

  1. Kəskin mitral çatışmazlıq
  2. Ürəyin atım fraksiyası (AF) <30% - aşağı olan simptomatik xəstələr əməliyyata göstərişdir.
  3. Sol mədəcik disfunksiyası (AF) <60% və ya sol mədəcik sistola sonu diametri>45mm olan asimptomatik xəstələrdə mitral qapaq əməliyyatı göstərişdir.
  4. Əməliyyat riski yüksək olan, lakin müdaxilə üçün exokardioqrafik kriteriyalara sahib olan simptomatik mitral çatışmazlıqlı xəstələr perkutan mitral qapaq müdaxiləsinə göstərişdir.

 

Aorta qapaq darlığı

Suallar

Cavablar

Aorta qapaq darlığı nədir?

Aorta qapağının destruksiya və kalsifikasiyası nəticəsində daralmasına görə sol mədəcikdən qanın qovulmasının çətinləşməsi

Səbəblər hansılardır?

  1. Bikuspid aorta qapağının kalsifikasiyası - ən çox rast gəlinən anadangəlmə qapaq qüsurudur
  2. Revmatizm
  3. Qazanılmış kalsifikasiya - 70 və 80 yaşlarda

Şikayətlər nələrdir?

  1. Döş ağrıları - əməliyyatsız orta yaşam 5 il
  2. Senkop - özündən getmə - əməliyyatsız orta yaşam 3 ilə qədər
  3. Ürək çatışmazlığı - əməliyyatsız orta yaşam 2 il
  4. Asimptomatik ola bilər

Obyektiv əlamətlər hansılardır?

Küy, adətən sistolik

Nə üçün uca, gur eşidilən küy yaxşı əlamət hesab edilir?

Sol mədəciyin funksiyasının saxlanmasını göstərir

Zaman keçdikcə nə üçün aorta darlığının küyü azala bilər?

Sol mədəciyin funksiyası azalarsa

Diaqnozu necə qoyulur?

Exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası

Müalicəsi nədən ibarətdir?

Valvuloplastika və ya aorta qapağının dəyişdirilməsi

Əməliyyata göstərişlər nələrdir?

  1. Ciddi yüksək qradientli (orta qradient ≥ 40mmHg, sürət zirvəsi ≥ 4m/s) simptomatik aorta qapaq darlığı
  2. Ürəyin atım fraksiyası aşağı olan (AF<50%), aşağı qradientli (orta qradient ≤40mmHg) ciddi aorta qapaq darlığı
  3. Ciddi aorta qapaq darlığı olan, məşq testində simptomları üzə çıxan asimptomatik xəstələr.
  4. Qapaq sahəsi 0.75 sm2-dən kiçik olan

Əməliyyat risqi yüksək olanlarda nə edilir?

Balon aort “valvuloplastikası” (perkutan)

Transfemoral aorta qapaq implantasiyası

Transfemoral aorta qapaq implantasiyası nə deməkdir?

Yüksək riskli xəstələrdə döş qəfəsi açılmadan və anesteziya verilmədən transfemoral yolla aorta qapağının dəyişdirilməsi

 

Aorta qapaq çatışmazlığı

Suallar

Cavablar

Aorta qapağının çatışmazlığı nədir?

Aorta qapağının tam qapanmamasıdır

Səbəblər nələrdir?

  1. Bakterial endokardit
  2. Revmatizm
  3. Kollagen damar xəstəliyində qapaq həlqə genişlənməsi - xüsusən Marfan sindromu

Şikayətlər hansılardır?

  1. Ürəkdöyünmə
  2. Ortopnoe, təngnəfəslik
  3. Döş ağrıları (koronar qan axını ən çox diastola zamanı və aortadan qan qayıdarkən baş verir)

Obyektiv əlamətləri nələrdir?

  1. Küy, adətən diastolik
  2. Nəbz təzyiqinin artması: periferik arteriyalar üzərində palpasiya edilən “tapança atəşi (pistol shota)”, “su çəkici”nəbzi, Corrigan nəbz

Corrigan nəbzi nədir?

  1. Diastolik arterial təzyiqin aşağı olması
  2. Geniş nəbz təzyiqi ; məs: AT 150/40mmHg

Diaqnozu necə qouyulur?

Exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası

Müalicəsi nədən ibarətdir?

Aorta qapağın təmiri və ya dəyişdirilməsi

Əməliyyata göstərişlər hansılardır?

  1. Kəskin aorta qapaq çatışmazlığı - infeksion endokardit və aortanın disseksiyasına görə təcili əməliyyata göstərişdir.
  2. Simptomatik aorta qapaq çatışmazlığı
  3. Ürəyin atım fraksiyası (AF)<50% -dən az olması və sol mədəcik genişlənməsi – sol mədəcik diastola sonu diametri > 70mm və ya sol mədəcik sistola sonu diametri >50mm olan asimptomatik xəstələr

 

İnfeksion endokardit

Suallar

Cavablar

İnfeksion endokardit nədir?

Ürək qapaqlarının bakterial infeksiyasıdır, uzun sürən qızdırma ilə müşayiət olunur

Şərait yaradıcı vəziyyətlər hansılardır?

  1. Qapaq xəstəlikləri
  2. Bakteremiya verə bilən müdaxilələr-vena daxilinə dərman yeridilməsi

Ən çox səbəb olan törədicilər hansılardır?

  1. S.viridans: qeyri-normal qapaqlarla əlaqəlidir.
  2. S.aureus: venadaxili dərman istifadəsi ilə əlaqəlidir.
  3. S.epidermitidis: mexanik qapaqlarla əlaqəlidir.

Əlamətləri/simptomları hansılardır?

  1. Küy (yeni və ya dəyişən)
  2. Petexiya
  3. Splinter (qəlpəli) qanaxmalar (dırnaqlarda)
  4. Roth ləkələri (gözün torlu qişasında)
  5. Osler düyünləri (qabarıq, ayaqaltı və ovuc nahiyələrində ağrılı,
  6. Janeway lezyonu (zədələnməsi)

Hansı diaqnostik müayinə metodları həyata keçirilməlidir?

  1. Exokardioqrafiya, transezofageal exokardioqrafiya (TEE)
  2. Bütün növ yaxmalar

Müalicəsini nə təşkil edir?

Antibiotikoterapiya

Proqnozu necədir?

Qapaqlarda ciddi çatışmazlıq yaranarsa qapağın təmiri və ya protezləşdirilməsi

 

 
 

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ (ÜİX)

Tərif

Ürəyin işemik xəstəliyi tac arteriyalarının daralması nəticəsində əmələ gələn işemik patologiyalara deyilir. Ədəbiyyatlarda koronar arteriya xəstəlikləri də adlanır.

Rastgəlmə tezliyi

40 yaşdan yuxarı insanların hər 1000 nəfərinin 5-ində simptomatik ÜİX rast gəlir. İl ərzində 1000 nəfərdən 5-inə kəskin koronar sindroma görə təxminən 800 aorta koronar şuntlama əməliyyatı həyata keçirilir.

Etiologiyası

Yaş, kişi cinsi, siqaret çəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, hiperlipidemiya, piylənmə, irsiyyət, stress faktoru, qeyri-təbii qidalar, hərəkətsizlik başlıca risk amilləriridir.

Gedişi

Damarların daralması adətən yayılmış olur və getdikcə artır. Prosesin proqressivləşmə dərəcəsi dəyişkəndir. Zədələnmənin azalması da müşahidə edilmişdir. Damar diametrinin 50 %-ə qədər daralması koronar qan axını ehtiyatını məhdudlaşdırır, yəni O2-ə tələbatın artmasının qarşısını almaq üçün yüksəlmiş qan axını aşağı düşür, 90% darlıqlarda koronar qan axını istirahət zamanı da azalır.

Sol mədəcik funksiyası qeyri-normal ola bilər. Fiziki hərəkət sağlam şəxslərdə sol mədəciyin qlobal sistolik funksiyasını artırır, lakin ÜİX olan xəstələrdə dar arteriyaların təchiz etdiyi sahələrdə bu göstərici daha da pisləşir.

Kəskin miokard infarktı damarın kəskin total və ya subtotal trombotik okklyuziyası zamanı baş verir; proksimal sol ön enən arteriyanın daralması daha təhlükəlidir.

Klinikası

Tac damarların tıxanması və ya daralması adətən 3 klinik formada ortaya çıxır – stenokardiya, miokard infarktı və xroniki işemik kardiomiopatiya.

Stenokardiya (angina pectoris) ürək əzələlərinin təkrarlanan müvəqqəti işemiyasıdır, bu zaman nekroz baş vermir. Klinik olaraq döş ağrıları (yanma və s.) və təngnəfəsliklə müşaiyət olunur. New York Heart Association təsnifatına görə aşağıdakı ağırlıq dərəcələrinə bölünür:

  • 0 Sinif, döş ağrısı yoxdur
  • I Sinif, döş ağrısı uzunmüddətli və gərgin fiziki hərəkət zamanı baş verir.
  • II Sinif, ağrılar adi hərəkət zamanı yüngül məhdudlaşmaya səbəb olur
  • III Sinif, döş ağrıları adi hərəkətləri ciddi məhdudlaşdırır
  • IV Sinif, ağrılar yüngül hərəkətlər və ya istirahət zamanı baş verir. Qeyri-stabil stenokardiyada ağrılar istirahət vaxtı baş verir və 15 dəqiqədən çox çəkir.

Miokard infarktı əzələlərin kəskin işemiyası və geriyədönməyən nekrozu ilə xarakterizə olunan vəziyyətdir. Klinik olaraq güclü ağrılar, aritmiya, kəskin ürək çatışmazlığı, ürək arakəsməsinin və papilyar əzələlərin yırtılması, ürək anevrizma ilə biruzə verə bilər.

Xroniki işemik kardiomiopatiya təkrarlanan infarktlarla əlaqədar miokardın diffuz zədələnməsidir, klinik olaraq ürək çatışmazlığı əlamətləri ilə özünü göstərir.

Diaqnostikası

Şübhə

Gündəlik hərəkətlər zamanı göbəkdən yuxarıda olan ağrı, diskomfort və arterial təzyiqin artması yüksək şübhə əlamətləridir. Döş sümüyü arxasında yanma, güclü ağrılar və qorxu hissi infarkta şübhə yaradır. Ürək çatışmazlığında ilk növbədə koronar arteriya xəstəliklərinə görə yoxlama aparmaq lazımdır. Ailədə tac damar xəstəliyinin, şəkərli diabetin olması şübhəni daha çox artırır.

Dəqiqləşdirmə

EKQ öncə keçirilmiş və ya hazırkı infarktların əlamətlərini göstərə bilər. Stress testi stenokardiyada 97% spesifikliyə malikdir. Stress exokardioqrafiya, yəni fiziki hərəkət zamanı exokardioqrafiya hərəkətsiz bölgələri göstərə bilir. Həmçinin Miokard Perfuziyası Ssintiqrafiyası (MPS) və positron emission tomoqrafiya (PET) miokard perfuziyasını yaxşı əks etdirir.

Tac damarların daralmasını müəyyənləşdirmək üçün əsas müayinə kontrastlı angioqrafiyadır. Angioqrafiya KT, MRT və ya birbaşa invaziv yolla aparıla bilər. İnvaziv angioqrafiya bu xəstəlikdə qızıl standart sayılır, xüsusən də əməliyyat və müdaxilələrdə əvəzsizdir.

Diaqnostik əlamətlər

  • Müxtəlif dərəcəli stenokardiya, miokard infarktı və ya ürək çatışmazlığı
  • Koronor angioqrafiyada tac damarların daralması

Klinik formanın təyini

Klinik, laborator və exoqrafik göstəricilərə görə klinik forma təyin edilir (stenokardiya, infarkt, kardiomiopatiya)

Müalicəsi

Ürəyin işemik xəstəliyinin müalicəsində əsas hədəf miokardın revaskulyarizasiyasını təmin etməkdir. Bu məqsədlə aşağıdakı üsullar tətbiq edilə bilir:

  • Dərman müalicəsi
  • Angioplastika və stent
  • Aorto-koronar yanyol əməliyyatı

Əməliyyata göstərişlər:

  • Sol əsas koronar arteriyanın >70% stenozu olan xəstələr
  • Sol ön enən arteriyanın >70% stenozu olan xəstələr
  • Hər üç damarda >70% stenozu olan xəstələr (üç damar xəstəliyi)
  • Koronar damarlarda zəif dərəcəli daralması olub lakin başqa səbəblərə görə, məsələn qapaq protezləşdirilməsi əməliyyatı lazım gələn xəstələr
  • Angioplastikadan sonra ağırlaşma və ya angioplatikanın effekt verməməsi

Proqnoz

1 il ərzində 10% və 5 il ərzində 30% xəstə kəskin miokard infarktı keçirə bilər. Miokard infarktının xəstəxana daxili ölüm faizi 7-10%-dir. 3 damar xəstəliyində 5 illik yaşam 50%-dir. Sol mədəcik funksiyası zəif olanlarda bu göstərici daha aşağıdır. Sol əsas koronar arteriya xəstəsində orta yaşam müddəti əməliyyatsız 6 il, əməliyyatdan sonra 12 il təşkil edir.

 

 

Özət

Ürəyin işemik xəstəlikləri tac arteriyaların daralması nəticəsində əmələ gələn işemik patologiyaya deyilir və üç əsas klinik formada özünü göstərir: stenokardiya, infarkt və kardiomiopatiya.

Stenokardiya (angina pectoris) ürək əzələlərinin təkrarlanan və nekroza keçməyən müvəqqəti işemiyasıdır. Klinik olaraq təkralanan döş ağrıları (yanma və s.) və təngnəfəsliklə müşayiət olunur.

Miokard infarktı əzələlərin kəskin işemiyası və geriyədönməyən nekrozu ilə xarakterizə olunan vəziyyətdir. Klinik olaraq güclü ağrılar, aritmiya, kəskin ürək çatışmazlığı, ürək arakəsməsinin və papilyar əzələlərin yırtılması, ürəyin anevrizması ilə təzahür edir.

Xroniki işemik kardiomiopatiya təkrarlanan infarktlarla əlaqədar miokardın diffuz zədələnməsidir. Klinik olaraq ürək çatışmazlığı verir.

Diaqnozu dəqiqləşdimək üçün əsas müayinə kontrast angioqrafiyadır (KT, MRT və ya birbaşa invaziv), spesifik göstərici damarların daralmasıdır. Müalicəsində əsas hədəf miokardın revaskulyarizasiyasını təmin etməkdir. Bu məqsədlə medikamentoz, angioplastika-stend və aorto-koronar yanyol əməliyyatı tətbiq edilir.

 

Koronar damar xəstəlikləri üzrə suallar

Suallar

Cavablar

Koronar xəstəliklər nə deməkdir?

Koronar arteriyaların stenozu (daralması) və okkluziyası nəticəsində baş verən işemiya xəstəliyidir.

Hansı klinik formaları var?

  1. Stenokardiya
  2. Miokard infarktı
  3. Kardiomiopatiya

Stenokardiya nədir?

Müvəqqəti və qeyri-nekrotik işemiya

İnfarkt nədir?

İşemik nekroz

İşemik kardiomiopatiya nədir?

Təkrarlanan işemiyaların törətdiyi diffuz zədələnmə və ürək çatışmazlığı

Rastgəlməsi nə qədərdir?

ÜİX qərb dünyasında 1-ci ölüm səbəbidir; xəstələrin 50%-dən çoxunda 3 damar zədələnir.

Simptomları nələrdir?

Sinədə ağrı, sıxılma, substernal təngnəfəslik, ürək bulanma, üst qarın nahiyəsində və kürəkdə ağrı. Yorğunluq fonunda asimptomatik ola bilər.

Kimlərdə “səssiz” miokard infarktı olur?

Şəkərli diabeti olan xəstələrdə (avtonom disfunksiya ilə əlaqədar ağrı olmaya bilər)

Üç damar xəstəliyi nə deməkdir?

Sol ön enən, dolanan və sağ tac koronar arteriyalarda daralma.

Risk faktorları hansılardır?

  1. Arterial hipertenziya
  2. Siqaret çəkmə
  3. Yüksək (>240) xolesterol/lipidlər
  4. Piylənmə
  5. Şəkərli diabet
  6. İrsiyyət
  7. Qeyri-düzgün qidalanma
  8. Hərəkətsizlik

Hansı diaqnostik müayinələr həyata keçirilir?

  1. EKQ
  2. Stress test
  3. Exokardioqrafiya: diskinetik divar seqmenti, qapaq disfunksiyası, atım fraksiyası azalması,
  4. Angioqrafiya (KT və ya invaziv): damar daralması

Müalicəsi nələrdir?

  1. Dərman müalicəsi (β blokator, aspirin, antikoaqulyant, nitratlar, antihipertenziv dərmanlar)
  2. Angioplastika/stend
  3. Cərrahi müalicə: aorto-koronar yanyol əməliyyatı

ÜRƏYİN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

Anatomiyası

Tac arteriyaları

Ürəyi sağ və sol tac arteriyaları qidalandırır. Onlar aorta qapaqlarına yaxın valsalva ciblərindən başlayır.

Sol əsas tac arteriyası sol ön enən və sol dolanan arteriyalara bölünür. Sol ön enən (left anterior descending-LAD) arteriya mədəciklərarası şırımda yerləşir, septal və diaqonal şaxələr verir. Sol dolanan arteriya isə arxa, yan atrioventrikulyar şırımda yerləşir, bir neçə marginal şaxələrə bölünür. Təxminən 10-15% hallarda bu arteriyadan arxa enən arteriya adlanan şəxə çıxır (posterior descending artery – PDA) və bu hal sol dominant koronar sirkulyasiya adlanır.

Sağ tac arteriyası arxa atrioventrikulyar yarıqda yerləşir və 80-85% hallarda arxa enən şaxə verir və bu hal sağ dominant koronar sirkulyasiya adlanır.

Tac venaları

Ürəyin venoz axını 3 əsas damarla təmin olunur:
• Tac venaları
• Tebesian venaları
• Ürəyin ön venaları

Qapaqlar

Ürək qapaqları ürəyin kameraları arasında qanın ancaq bir istiqamətdə keçişinə və təzyiqlər fərqinə şərait yaradan klapanlardır. Ürəyin körük funksiyasını həyata keçirmək üçün qapaqlar çox vacib strukturlardır. Ürəkdə iki atrioventrikulyar, iki aypara qapaq var.

Mitral qapaq iki taylı olmaqla sol mədəcik və sol qulaqcıq arasında yerləşir. Onun arxa tayı ön tayından kiçikdir. Sol mədəciyin iki papilyar əzələsinə birləşmiş xordalar qapaqları sabit vəziyyətdə saxlayır.

Üçtaylı qapaq sağ qulaqcığı sağ mədəcikdən ayırır.

Aorta qapağı üçtaylıdır və aorta kökünün soğanağında yerləşir, valsalva sinusları adlanan 3 genişlənməsi var. Sol koronar sinusdan sol əsas koronar arteriya, sağdan isə sağ koronar arteriya başlayır. 3-cü sinus qeyri-koronar sinus adlanır. Qulaqcıq-mədəcik düyünü sağ və qeyri-koronar qapaq tayları arasında yerləşir. Qapaqların aortaya birləşdiyi yerdə əmələ gələn həlqə tac formasındadır.

Pulmonar qapaq da üçtaylıdır və sağ mədəciyi pulmonar arteriyadan ayırır.

 

Fizioloji əsaslar

Bir-biri ilə sıx əlaqəli üç əsas komponentdən (ürək, damar və qan) təşkil olunmuş qan dövranı sisteminin əsas funksiyası toxumaların perfuziyasını təmin etməkdir. Ürək və böyük damarlar (makrohemodinamika) qanı hərəkətə gətirən qüvvəni-qan təzyiqi yaratmaqda, kapillyarlar sistemi isə (mikrohemodinamika) qanın paylanmasını təmin etməklə toxumaların adekvat perfuziyana şərait yaradırlar.

Ürək körük kimi fəaliyyət göstərir - yığılaraq təzyiq yaradır və müəyyən miqdar qanı damarlara qovur, onu bir istiqamətdə hərəkətə gətirir. Bu prosesdə qapaqlar və damar elastikliyi çox vacib rol oynayır. Ürəyin əsas funksional göstəricisi qovduğu qanın miqdarıdır. Bunu isə bir-biri ilə sıx əlaqəsi olan üç faktor yaradır – dolma yükü (dolma həcmi), çıxış yükü (müqavimət) və yığılma gücü.

Ürəyin dolma və ya giriş yükü (preload) əslində sol mədəcik qanla tam dolduqda divarın gərilmə qüvvəsi olub, bilavasitə qanın həcmindən və mədəcikdaxili təzyiqdən asılıdır. Klinik praktikada bu adətən diastola sonu həcm və ya təzyiq kimi qəbul edilir. Dolma yükünü birbaşa ölçmək çətin olduğu üçün dolayı göstəricilərdən istifadə edilir. Diastola sonu həcm və mədəcikdaxili təzyiq dolma yükünü nisbətən dəqiq göstərsədə, klinik praktikada ondan az istifadə olunur. Praktikada mərkəzi venoz təzyiqi, pulmonar arteriya uc təzyiqi və ya sol qulaqcıq təzyiqlərini ölçməklə təxmini məlumat əldə etmək olar. Bu təzyiqlər bəzən ümumi adla “dolma təzyiqi” də adlandırılır.

Ürəyin çıxış yükü (afterload) əslində sistola vaxtı sol mədəcik divarının gərilmə qüvvəsidir, bilavasitə dolma həcmindən və axına müqavimətdən asılıdır. Klinik praktikada bu axına müqavimət kimi qəbul edilir. Müqavimət isə bilindiyi kimi orta arterial təzyiqdən, sistemik damar müqavimətdən, damar elastikliyindən və mədəcik-aorta təzyiqlər fərqindən asılıdır. Çıxış yükünu aorta-ventrikulyar təzyiqlər fərqinə görə ölçmək olar, lakin klinik praktikada bu az istifadə edildiyi üçün dolayı yolla –sistemik damar müqavimətinə əsasən müəyyən edilir.

Yığılma gücü diastolanın sonunda sistolanı başlatmaq üçün miokardın yaratdığı qüvvədir, həcmdən və müqavimətdən bilavasitə asılı olur.

Starling qanunu ürəyin diastola sonundakı həcmi ilə yığılma gücü arasındakı əlaqəni göstərir. Bu qanuna görə fizioloji həddlərdə diastola həcmi artdıqca ürəyin yığılma gücü də artır. Yəni, normal vəziyyətdə ürək ona daxil olan qanın hamısını qovmağa çalışır. Lakin ürəyin genişləməsi fizioloji həddləri keçərsə yığılma gücü azalır. Sağ ürək çatışmazlığının müalicəsində Starling qanunu mütləq nəzərə alınmalıdır.

Beləliklə, həm ürək fəaliyyəti (qovduğu qan), həm də ümumi qan dövranı (təzyiq) bilavasitə qanın həcmindən, ürəyin yığılma gücündən və damar müqavimətindən asılıdır.

 

Anatomiya və fiziologiya üzrə suallar

Suallar

Cavablar

4 əsas tac damarları hansılardır?

  1. Sol ana koronar arteriya
  2. Sol ön enən arteriya
  3. Dolanan arteriya
  4. Sağ tac arteriya

Miokarda koronar qan daha çox nə vaxt gəlir?

Diastolada (66%)

Vurğu həcmi (VH) nədir?

Bir ürək vurğusu zamanı qovulan qanın miqdarı

Ürək atımı (ÜA) nədir?

Bir dəqiqə ərzində ürəkdən qovulan qanın miqdarı qanın miqdarı

ÜA = VH x nəbz

Normada ürək atımı nə qədərdir?

4-8 L/dəq

Ürək indeksi (Üİ) nədir?

Ürək atımının bədən səthinin sahəsinə nisbəti

Üİ = ÜA/bədən sahəsi

Normada ürək indeksi nə qədərdir?

2.5-4 L/dəq

Atım fraksiyası nədir?

Sol mədəcikdən körüklənən qanın faizi

AF = VH/diastola sonu həcm

Ürək divarı yatqınlığı nədir?

Divarların həcminin dəyişmə imkanı və ya elastikliyi

Sistemik damar müqaviməti (SDM) necə hesablanır?

SDM – (OAT-MVT)/ÜAx80

Giriş və ya dolma yükü (preload) nədir?

Sol mədəciyin diastola sonu həcmi və ya təzyiqi

Çıxış yükü (afterload) nədir?

Arterial müqavimət

Pulmonar damar müqavimət (PDM) necə hesablanır?

PDM= Orta pulmonar təzyiq – uc təzyiq/ÜAx80

Orta arterial təzyiq (OAT) nədir?

OAT = Diastolik təzyiq + (Sistolik təzyiq – Diastolik təzyiq)x1/3

Nəbz təzyiqi nədir?

Sistolik təzyiqlə diastolik təzyiqin fərqi

Ürək atımını artırmaq üçün hansı tədbirlər görülür?

  1. Dolma həcmini artırmaq
  2. Müqaviməti azaltmaq
  3. Yığılma gücünü artırmaq (inotroplar)
  4. Nəbzi artırmaq
  5. Mexaniki dəstək (intraaortal balon, süni ürək cihazları)

Üç əsas “ürək elektrolitləri” hansılardır

  1. Kalsium (inotrop)
  2. Kalium (aritmik)
  3. Magnezium (aritmik)

Ürəyin cərrahi xəstəlikləri və müayinələri

  • Koronar damar xəstəlikləri (stenokardiya, miokard infarktı və digər)
  • Ürək qüsurları
    • Ağciyərdə qan axınını artıran anomaliyalar
    • Ağciyərdə qan axınını azaldan anomaliyalar
    • Stenotik anomaliyalar
    • Pulmonar stenoz
    • Aorta koarktasiyası
    • Mitral qapaq anomaliyası
    • Hipoplastik sol ürək
    • Digər anadangəlmə ürək anomaliyaları
  • Qapaq xəstəlikləri
    • Mitral stenoz
    • Mitral yetməzlik
    • Üçtaylı (trikuspid) qapaq xəstəlikləri
    • Aortal qapaq yetməzliyi
    • Aortal stenoz
  • Anevrizma
  • İnfeksion endokardit
  • Kardiomiopatiya
  • Ürək şişləri
  • Perikardit
  • Ürək əməliyyatlarının ağırlaşmaları

 

Müayinələr

  • Klinik müayinələr
  • Laborator müayinələr
  • Funskional müayinələr
    • EKQ
    • Stress test (Exo, EKQ)
  • Görüntüləmə
    • Exokardioqrafiya
    • Angioqrafiya
    • Ventrikuloqrafiya
    • Kateterizasiya
    • Radioizotop
    • KT
    • MRT
  • Biopsiya

 

Əməliyyatlar

Perikardiosentez

Perikard fenestrasiyası

Perikardektomiya

Pacemaker qoyulması

Aorta-koronar yanyol əməliyyatları

Ürək qapaqlarının təmiri və protezləşdirilməsi

Ürək qüsurlarında əməliyyatlar

Süni ürək

Ürək köçürülməsi