Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Travma - Özətlər və Suallar

Qarın travması - Özət və Suallar

Özət

Travmalarda qarın ən çox zədələnmə bölgələrindən biridir və travmalara bağlı ölümlərin təxminən 1/3 qarındaxili zədələnmələrin payına düşür (qarındaxili qanaxma, boşluqlu orqan zədələnmələri).

Qarın travmasına diaqnostik yanaşma. Qarın travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanır, stabillik qiymətləndirilir və gərəkərsə stabilləşdirmə tədbirləri həyata keçirilir. Bu məqsədlə klinik müayinə, USM (FAST) və stabil xəstələrdə KT, açıq yaraların təftişi edilir, əlavə olaraq endoskopiya, laparoskopiya, laborator və digər müayinələr aparıla bilər. Qarın müayinəsində ilk növbədə təcili laparotomiyaya göstərişlər axtarılır: qarındaxili qanaxma və boşluqlu orqan zədələnmələri

  • qeyri-stabil xəstədə açıq və ya qapalı qarın travması
  • stabil xəstədə boşluqlu orqan və ya böyük damar zədələnmələri
  • qarın boşluğuna keçən açıq yaralanmalar
  • qarının güllə yaralanmaları
  • peritonit və perforasiya əlamətləri

Stabil qapalı travmalarda parenximatoz yaralanmaları USM və KT ilə izlənilir.

Əməliyyat prinsipləri. Qarın travmalarında orta laparotomiya ilk seçimdir, stabil xəstələrdə laparoskopiya da tətbiq edilə bilər. Əməliyyatın vaxtı əvvəl qanaxma dayandırlır, sonra kontaminasiya aradan qaldırılır (bərpa). Əməliyyat vaxtı qanaxmanı daimi dayandırmaq mümkün olmursa zədələnməyə nəzarət cərrahiyyəsi tətbiq edilir (tamponada, 24-48 saat gözləmə, sonra çıxarma və bərpa). Bərpa işləminin xarakteri zədələnmənin yerindən və dərəcəsindən asılıdır. Boşluqlu orqan yaralanmaları birincili işlənilir, tikilir, hematomalarını açmaq və qanaxan damarları tikmək lazımdır (qida borusu və 12bb hematomaları bundan istisnadır), destruksiyalarında isə rezeksiya lazım gəlir. Parenximatoz orqanların yaralanmalarında hemostaz edilir, avulsiyalarında rezeksiya, ektomiya (dalaq) hətta transplantasiya (qaraciyər) aparıla bilər, hemaptomalarını isə açmaq lazım deyil. Damarlar yaralanmalarında təcili əməliyyat və bərpa lazımdır (açıq zədələnmə və mərkəzi hematomalar).

 

Qarın travması üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Qarının açıq yaralanmalarının növləri hansılardır?

  • daxilə keçməyən (1/3)
  • daxilə keçən, lakin qarındaxili zədələnmə törətməyən (1/3)
  • daxilə keçən və qarındaxili orqan zədələnməsi törədən (1/3)

Qarın divarında yaranın daxilə keçdiyini göstərən əlamətlər nələrdir?

  • tək qarın zədələnməsi olan qeyri-stabil xəstə
  • yarada qarındaxili orqanların görünməsi
  • yaradan orqan möhtəviyyatının gəlməsi
  • diffuz peritonit və sepsis əlamətləri
  • qaraciyər kütlüyünün itməsi
  • qarının dimanikada böyüməsi
  • qarının güllə yaralanması
  • USM və ya KT də qarında artan maye

Qarının açıq yaralanmalarında xəstəyə ümumi yanaşma prinsipləri hansılardır?

  • təcili laparotomiya və ya laparoskopiyaya – daxilə keçən yaralar
  • yaranın genişləndirilməsi və təftişi, gərəkərsə KT – daxilə keçməyən yaralar

Odlu silah yayralanmalarında xəstələrə ümumi yanaşma prinsipləri hansılardır?

stabil və peritonit əlamətləri olmayan xəstələrdə üçlü-kontrastlı KT ilə qeyri-operativ izləmə

Qarının küt travmalarında ümumi yanaşma prinsipləri hansılardır?

  • təcili laparotomiya - Qeyri-stabil və klinik əlamətləri olan xəstələrdə
  • KT - stabil, çoxlu travması olan xəstələrdə

Qarın travmalarında təcili laparotomiyaya göstərilər nələrdir?

  • hemodinamikası qeyri-stabil, açıq və ya qapalı qarın travması
  • qarın boşluğuna keçən açıq yaralanmalar
  • küt travmalı xəstələrdə boşluqlu orqan zədələnməsi və ya magistral damar zədələnməsi
  • peritonit və perforasiya əlamətləri

Hemodinamikası stabil olan küt travmalı xəstələrdə parenximatoz orqan zədələnməsi varsa hansı tədbirlər görülməlidir?

  • izləmək
  • qanaxma davam edərsə laparotomiya və ya angioqrafik müdaxilələr

Boşluqlu orqan zədələnmələrində əməliyyat üsulları hansılardır?

  • I-II-III dərəcəli zədələnmələrdə birincili işlənmə, tikiş (köndələn)
  • rezeksiya + anastomoz

Boşluqlu orqan hematomalarında ümumi yanaşma prinsipləri nələrdir?

Hematoma açılmalı, hemostaz təmin edilməli və perforasiya yoxlanmalıdır

Dalaq və qaraciyər hematomalarında cərrahi əməliyyata göstərişlər nələrdir?

  • böyük damar zədələnməsi əlamətləri (böyümə, pulsasiya)
  • hematomanın partlaması

Retroperitoneal hematomalara ümumi yanaşma prinsipləri nələrdir?

  • mərkəzi hematomalar açılmalı
  • yan və çanaq hematomalarında qalça və ya böyrək arteriyasının zədələnməsi varsa açılmalı

Mədə travmalarının diaqnostik üsulları nələrdir?

  • nazoqastrik zonddan qanlı ifrazatın gəlməsi
  • USM-də qarında maye,
  • KT-də qarındaxili hava və kontrast ekstravazasiya

Kəmər simptomu nədir və nə zaman müşahidə olunur?

Qarının aşağı nahiyəsində kəmərəbənzər ekximozdur və nazik bağırsaq perforasiyalarında müşahidə oluna bilər

Duodenal travmalarının klinik əlamətləri nələrdir?

  • keçməzlik əlamətləri - hematoma
  • qanaxma, peritonit və retroperitonal fleqmona əlamətləri

Duodenal travmalarının diaqnostik üsulları nələrdir?

kontrastlı KT və əməliyyat vaxtı diaqnostika

Duodenal travmalarının müalicə üsulları hansılardır?

  • Hematoma – NQZ və 2 həftə izləmə, keçməzlik davam edərsə əməliyyat
  • Mənfəzə keçməyən yara - tikiş, NQZ, drenaj
  • Mənfəzə keçən yara- əlavə olaraq kənarlaşdırma tədbirləri
  • Ampula zədələnmələri – stend və ya PDR

Kənarlaşdırma tədbirləri nədir?

12bb-a tökülən mədə, öd və pankreas şirələrini kənarlaşdırılması, bağırsağın həzm traktından kənarlaşdırılması

Kənarlaşdırma tədbirlərinə nələr aiddir?

  • dekompressiya
  • piloru bağlama
  • divertikulizasiya

Kənarlaşdırma tədbirləri nə zaman aparılmalıdır?

Tikiş və ya anastomoz buraxması riski yüksəkdirsə

ERXPQ vaxtı duodenal zədələnmələrin hansı ağırlıq dərəcələri var?

  • Yüngül – mikroperforasiya
  • Orta – kiçik yaralanmalar
  • Ağır – böyük yaralanmalar - rеtropеritonеal və ya intrapеritonеal mayе

ERXPQ vaxtı duodenal zədələnmələrin müalicə üsulları hansılardır?

  • Yüngül - 3-4 gün ərzində konservativ müalicə
  • Orta – 10 gün ərzində konservativ müalicə
  • Ağır - 10 gündən çox konservativ müalicə və ya əməliyyat

Qaraciyər zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • açıq zədələnmələri əməliyyat vaxtı
  • USM və KT
  • Küt zədələnmələr KT

Qaraciyər zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Hemostaz
  • küt zədələnmələrdə - konservativ müalicə
  • KT-də davam edən ekstravazsiya tapılarsa embolizasiya
  • partlamış hematomalarda əməliyyat
  • böyüyən və qapı nahiyyəsində tapılan böyük hematomaları açmalı
  • Qaraciyər avulsiyalarında – qaraciyər transplantasiyası

Qaraciyər travmalarında konservativ müalicə üçün hansı şərtlər var?

  • Xəstə hemodinamik stabil olmalı
  • Qarındaxili digər zədələnmə olmamalı
  • Sıx hemodinamik və görüntüləmə müşahidəsi olmalı

Öd yolları zədələnmələrinin diaqnostik üsulları hansılardır?

  • əməliyyatdaxili xolangioqrafiya
  • stabil xəstələrdə MRT və ERXPQ

Öd yolları zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Xolesistoektomiya - öd kisəsinin hematomalarında, avulsiya zamanı
  • Ru-tipli ilgəklə bilioenterik anastomoz - axarların seqmentar defektlərində
  • T-drenaj üzərindən yaranın tikilmə - IV, V dərəcəli yaralanmalarda

Mədəaltı vəz travmalarında diaqnostika üsulları hansılardır?

  • laparotomiya zamanı
  • vaxtaşırı KT və amilaza təyini
  • pankreatik duktoqrafiya - MRT, ERXPQ, əməliyyatdaxili duktoqrafiya

Mədəaltı vəz travmalarında müalicə üsulları hansılardır?

  • konservativ müalicə - qapalı travmalarda
  • təcili əməliyyat - açıq travmalar

Mədəaltı vəz hematomalarında yanaşma prinsipi necə olmalıdır?

Hematoma açılmalı, hemostaz təmin edilməli, axacaq zədələnməsi dəqiqləşdirilməli

Mədəaltı vəz yaralanmalarında yanaşma prinsipi necə olmalıdır?

I, II dərəcə – sorucu drenaj

III dərəcə – distal pankreatotomiya

IV dərəcə – nekroektomiya, Ru-tipli pankreato-yeyunostomiya

V dərəcə - PDR

Mədəaltı vəzin qapalı travmalarında əməliyyata göstərişlər nələrdir?

  • hemodinamika qeyri-stabil
  • KT-də böyük və artan hematoma, peripankreatik maye
  • peritonit, psevdokist, abses
  • digər orqanların zədələnməsi inkar edilməyən hallar

Dalaq travmalarının diaqnostika üsulları hansılardır?

  • əməliyyat vaxtı
  • KT

Dalaq travmalarının müalicə üsulları hansılardır?

  • Müşahidə - hemodinamika stabil olan xəstələrdə
  • Təcili əməliyyat – qeyri-stabil xəstələrdə

Sidik axarı yaralanmalarında diaqnostika üsulları hansılardır?

  • əməliyyatdan əvvəl kontrastlı KT
  • əməliyyat vaxtı venadaxili indikokarmin və ya uretradaxili metilen mavisi vurmaq

Sidik axarı yaralanmalarında əməliyyat üsulları hansılardır?

  • aşağı 1/3-də - reimplantasiya
  • orta və yuxarı 1/3-də - stend üzərindən yaranın tikilməsi və ya urtero-uretroanastomoz

Sidik kisəsi yaralanmalarında diaqnostika üsulları hansılardır?

  • makroskopik hematuriya, peritoneal maye əlamətləri
  • KT sistoqrafiya

Sidik kisəsi yaralanmalarında müalicə üsulları hansılardır?

  • intraperitoneal ekstravazasiyalarda cərrahi bərpa
  • ekstraperitoneal ekstravazasiyalarda konservativ müalicə

Sidik kisəsi yaralanmalarında cərrahi fiksasiyaya göstərişlər nələrdir?

  • 3 həftədən çox katater müalicəsi ilə sağalmayan yaralanmalarda
  • sidik kisəsi boyunu zədələnmələrində
  • yanaşı rektal, vaginal zədələnmələrdə

Sidik kanalı zədələnmələrinin diaqnostik üsulları hansılardır?

  • Sidik kanalının xarici dəliyində qan görünməsi, xayada şişkinlik və qançırlar, rektal müayinədə hematoma əlamətləri
  • retroqrad uretroqrama

Sidik kanalı zədələnmələrinin müalicə üsulları hansılardır?

  • sidik kateteri ilə yaranın sağalmasını təmin etmək (3-6 ay) və ya epistoma
  • cərrahi bərpa

Böyrək travmalarında müalicə üsulları hansılardır?

  • böyrəkqoruyucu konservativ
  • cərrahi müalicə

Böyrək travmalarında böyrək kapsulunun açılmasına göstərişlər nələrdir?

  • böyüyən və ya pulsasiya edən perirenal hematoma
  • böyrək arteriyası zədələnməsi
  • böyrək avulsiyası

Uşaqlıq travmalarında müalicə üsulları hansılardır?

  • histerektomiya - ağır dərəcəli yaralanmalarında və destruksiyalarında, hamilə qadınlarda qanaxma və fetal ölüm zamanı
  • hamilələrdə ciddi obstetrik və cərrahi nəzarət
 

Döş qəfəsi travmaları - Özət və Suallar

Özət

“Travmanın nəticəsi = anatomik zədələnmə + funksional pozulma + xəstənin rezervi”

Döş qəfəsi travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanaraq stabillik qiymətləndirilir və gərəkərsə stabilləşdirmə tədbirləri həyata keçirilir. Döş qəfəsi travmalarında ilk növbədə aşağıdakı həyati təhlükəli zədələnmələr yoxlanılmalı və aradan qaldırılmalıdır:

  • hava yolları tıxanması – endotraxeal intubasiya
  • gərgin pnevmotoraks – plevral drenaj
  • açıq pnevmotoraks – plevral drenaj
  • yelkən döş qəfəs – mexaniki ventilyasiya
  • massiv hemotoraks – torakotomiya
  • ürək tamponadası – perikardiosentez və torakotomiya
  • böyük damar zədələnmələri – torakotomiya, angioqrafik müadaxilələr
  • ağciyər əzilməsi – mexaniki ventilyasiya

Xəstə stabildirsə zədələnmələri dəqiqləşdirmək və gözdən qaçırmamaq üçün ikinci yoxlama (“təpədən dırnağa”) yenidən təkrarlanır (üçüncü yoxlama). Bundan sonra döş qəfəsi travmasının xarakteri, zədələnən orqan və ağırlıq dərəcəsi müəyyənləşdirilir. Bu məqsədlə klinik müayinə və stabil xəstələrdə KT edilir. Bu iki standart müayinəyə əlavə olaraq EKQ, exokardioqrafiya, ezofaqoskopiya, bronxoskopiya, laborator və digər müayinələr aparıla bilər.

Zədələnən orqana və ağırlıq dərəcəsinə uyğun müalicə tədbiri seçilir.

 

 

Döş qəfəsi travmaları üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Döş divarı yaralanmalarında xəstəyə yanaşma necə olmalıdır?

  • Yara təftiş edilməli
  • daxilə keçmirsə - I-li işlənmə və tikiş
  • Plevraya keçirsə - plevral denaj, yara işlənməsi, orqan zədələnməsinin aydınlaşdırılması

Döş divarı hematomalarında xəstəyə yanaşma necə olmalıdır?

  • İzləmə
  • Böyüyən hematomalarda - cərrahi müdaxilə
  • İrinləmiş hematomalarda - drenaj

Qabırğa sınıqlarında klinik əlamətlər hansılardır?

  • Nəfəsalmada ağrı
  • Palpator xırıltı ələmətləri
  • Plevra, ağciyər və damar zədələnmə əlamətləri

Döş sümüyünün sınıqlarında klinik əlamətlər nələrdir?

Tənəffüs aktında və palpator ağrı

Döş sümüyünün sınıqlarında ilk yardım üsulları hansılardır?

  • Yerdəyişməyən sınıqlarda konservativ müalicə (ağrıkəsici)
  • Yerdəyişən sınıqlarda isə cərrahi korreksiya

Kürək sümüyü sınıqlarının müalicə üsulları hansılardır?

Konservativ

Körpücük sümüyü sınıqlarında klinik əlamətlər hansılardır?

Ağrı və çiyində deformasiya

Körpücük sümüyü sınıqlarında müalicə üsulları hansılardır?

Cərrahi korreksiya

Döş qəfəsi sümüklərinin sınıqlarında diaqnostika üsulları hansılardır?

Rentgen və ya KT

Ağciyər əzilməsinin klinik əlamətləri hansılardır?

  • Asimptomatik - kiçik ölçülü əzilmə və hematoma
  • Hipoksiya əlamətləri - böyük əzilmələr

Ağciyər əzilməsinin diaqnostika üsulları hansılardır?

Rentgen və KT

Ağciyər əzilməsinin müalicə üsulları hansılardır?

Mexaniki ventilyasiya və bronxial tualet - hipoksiya əlamətləri olanlarda

Ağciyər yaralanmasının klinik əlamətləri hansılardır?

 

  • \Kiçik pnevmotoraks və hemotoraks əlamətləri - periferik ağciyər zədələnmələri
  • \Pnevmotoraks, massiv hemotoraks və endobronxial qanaxma əlamətləri - böyük bronx və damar zədələnmələri

Ağciyər yaralanmasının diaqnostika üsulları hansılardır?

KT, bronxoskopiya   

Ağciyər yaralanmasının müalicə üsulları hansılardır?

  • \Periferik ağciyər zədələnmələri - plevral drenaj, ikincili drenaj, bronxoskopiya, cərrahi əməliyyat
  • \Orta və böyük bronxların zədələnməsi - stend

Ağciyər yaralanmalarında cərrahi əməliyyata göstərişlər nələrdir?

  • İkinci drenaja baxmayaraq davam edən hava qaçağı
  • pay bronxlarının zədələnməsi

Hemotoraksda müalicə üsulları hansılardır?

  • Plevral drenaj
  • Cərrahi müdaxilə

Hemotoraksda cərrahi müdaxiləyə göstərişlər nələrdir?

Massiv və laxtalanmış hemotoraksda (5 gün ərzində)

Hemotoraksda torakotomiyaya göstərişlər nələrdir?

Drenaj edilən anda ilkin olaraq 1,5 litrdən çox qan gəlməsi və ya 6 saatlıq müşahidədə saatda 200 ml-dən çox qan gəlməsi

Endobronxial qanaxmanın diaqnostika üsulları hansılardır?

Bronxoskopiya

Endobronxial qanaxmanın müalicə üsulları hansılardır?

  • Təcili bronxoskopik sanasiya
  • Əks tərəfdəki ağciyər bronxunun intubasiyası - hipoksiya əlamətləri olanlarda
  • Təcili əməliyyat, bronxial stend və ya damar embolizasiyası

Traxeobronxial travmanın klinik əlamətləri hansılardır?

Massiv dərialtı emfizema

Traxeobronxial travmanın diaqnostika üsulları hansılardır?

KT və bronxoskopiya

Traxeobronxial travmanın müalicə üsulları hansılardır?

  • İntubasiya - Stabilizasiya üçün
  • Təcili əməliyyat

Traxeobronxial travmanın müalicəsində əməliyyat üsulları hansılardır?

  • Kəsilmiş yaralarda işlənmə və tikiş
  • Küt travmalarda traxeya və bronxun 2-3 həlqəsinin rezeksiyası və reanastomoz

Qida borusu zədələnmələrinin klinik əlamətləri hansılardır?

  • Erkən əlamətləri – boyunda emfizema, divararalığında hava, qanqusma
  • Gec əlamətləri – boyun fleqmonası, mediastinit peritonit və sepsis

Qida borusu zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • KT
  • Suda həll olan kontrastla endoskopik müayinə

Qida borusu zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Təcili müdaxilə
  • Birincili tikiş, izolyasiya (yöndəyişmə, diversiya), rezeksiya, stend və sadə drenaj

Qida borusu zədələnmələrinin müalicə üsulları hansılardır?

  • I-III dərəcəli yaralanmalarda birincili tikiş
  • Seqmentar defekt və devaskulyarizasiyalarda:
    • stabil xəstələrdə rezeksiyası və proksimal stoma
    • qeyri-stabil xəstələrdə isə yöndəyişmə və ya sadə drenaj
  • Gec dövrlərdə (24-48 saatdan sonra) - mediastinumun geniş drenajı, yöndəyişmə və ya stend
  • Patoloji qida borusunda - total rezeksiya

Ürəyin zədələnmələrinin diaqnostika üsulları hansılardır?

Exokardioqrafiya

Ürəyin zədələnmələrinin müalicə üsulları hansılardır?

Ürək tamponadasında perikardiosentez və ya subksifoid perikardiotomiya və təcili torakotomiya

Ürəyin küt zədələnmələrinin klinik əlamətləri hansılardır?

Asimptomatik formadan tutmuş ürək tamponadası və kardiogen şoka qədər

Ürəyin küt zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • EKQ
  • Exokardioqrafiya

Ürəyin küt zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Konservativ - miokard infarktı kimi
  • Cərrahi - miokard və ya qapaq zədələnmələrində

Döşdaxili böyük damarlarının zədələnmələrinin klinik əlamətləri hansılardır?

  • Massiv hemotoraks
  • Ürək tamponadası
  • Şok və genişlənmiş mediastinum əlamətləri (rentgenoloji olaraq)

Döşdaxili böyük damarlarının zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • Stabil xəstələrdə KT, angioqrafiya, exokardioqrafiya
  • Qeyri-stabil xəstələrdə əməliyyat vaxtı

Döşdaxili böyük damarlarının zədələnmələrinin müalicə üsulları hansılardır?

Cərrahi – birincili bərpa və ya damar qreftləri

Döş axacağı zədələnmələrinin klinik əlamətləri hansılardır?

Drenajdan davamlı limfa axıntısı

Döş axacağı zədələnmələrinin diaqnostika üsulları hansılardır?

Mayedə triqliseridlərin yüksək konsentrasiyası

Döş axacağı zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Konservativ tədbirlər
    • yağsız diet
    • effektiv olmadıqda parenteral qidalanma və oktreotid - 4 həftə
  • Cərrahi müalicə - axarın bağlanılması

Döş axacağı zədələnmələrində cərrahi əməliyyata göstərişlər nələrdir?

4 həftəlik konservativ müalicəyə baxmayaraq limfa ifrazı 1500 ml-dən çox olması

Diafraqma zədələnmələrinin klinik əlamətləri hansılardır?

  • Erkən mərhələdə zəif əlamətlər
  • Gec dövrlərdə yırtıq əlamətləri

Diafraqma zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • Rentgen - 40% hallarda normal görüntü
  • KT və əməliyyat vaxtı

Diafraqma zədələnmələrinin müalicə üsulları hansılardır?

  • Hemo- və pnevmotoraks olarsa plevral drenaj
  • Defektin bərpası - birincili tikiş, yamaqla bərpa

Boyun travmaları - Özət və Suallar

Özət

Boyun zədələnmələri həyati təhlükəli zədələnmələr hesab edilir. Boyunun yaralanmaları travmalar arasında 5-10% hallarda rast gəlinir və böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir.

Təsnifatı. Klassik olaraq boyun zədələnmələri açıq (yaralanmalar) va qapalı (küt) zədələnmələrə ayrılır. Açıq zədələnmələr dərinliyinə (səthi, dərin), yerləşməsinə (I, II və III zona), klinik əlamətlərinə (böyük və kiçik əlamətlər) və zədələnən orqana görə (aerodigestiv, damarlar, fəqərə və digər) təsnif edilir.

Boyun yaralanmalarına yanaşma. Boyun yaralanmalarının diaqnostika və müalicəsinə tarixi olaraq dörd yanaşma mövcud olmuşdur: konservativ, aktiv cərrahi, zonalara və klinik-KT nəticələrinə əsaslanan selektiv yanaşma. Hazırda klinik-KT nəticələrinə əsaslana selektiv yanaşma tətbiq edilir. Bu yanaşmaya görə xəstənin stabilliyi, yaralanmanın klinik əlamətləri və stabil xəstələrdə KT nəticələri nəzərə alınaraq diaqnostika və müalicə seçilir

Boyun travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanır, stabillik qiymətləndirilir və gərəkdirsə stabilləşdirmə tədbirləri həyata keçirilir.

Qeyri-stabil və ya böyük əlamətləri olan xəstələrdə (dərialtı geniş emfizema, xırıltılı səs, səsin karlaşması, qanhayxırma, qanqusma, boğulma əlamətləri, yarada kəsilmiş traxeya, yaradan massiv qanaxma, boyunda böyük hematoma, boyunda küy, yaradan hava qabarcıqlarının çıxması, qanqusma, mil arteriyası üzərində pulsasiyanın itməsi) həyatqurtarma tədbirləri başladılır və təcili əməliyyatxanaya verilir. İlk növbədə hava yolları zədələnmə əlamətləri və ya hava yoluna təhlükə törədən əlamətlər varsa etibarlı hava yolu – endotraxeal intubasiya edilir.

Stabil xəstələrdə ilk növbədə endotraxeal intubasiya ehtiyac olub-olmadığı müəyyənləşdirilir. Hava yolu etibarlılığı təmin edildikdən sonra boyunun zədələnməsinin “kiçik əlamətləri” (kiçik qanaxmalar, infuziyaya cavab verən hipotenziya, dərialtı və ya mediastinal hava, böyüməyən və ya pulsasiya etməyən hematoma, səs dəyişikliyi, disfagiya) yoxlanılır və bu əlamətlərdən hər hansı biri varsa KT edilərək damarlarda və digər orqanlarda zədələnmə axtarılır. KT-də zədələnmə tapılarsa uyğun cərrahi və ya invaziv müdaxilələr edilir. KT-də aerodigestiv zədələnmə tapılmadıqda, lakin xəstədə klinik əlamətlər olarsa (kiçik emfizema, səs dəyişikliyi, disfaqiya, qanqusma) bronxoskopiya və ezofaqoskopiya edilir.

Asimptomatik xəstələrdə 24 saatlıq izləmə tövsiyə olunur.

 

Boyun travmaları üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Rastgəlmə tezliyi nə qədərdir?

Travmalar arasında 5-10% hallarda

Hansı növləri var?

Açıq və qapalı

Açıq zədələnmələrin dərinliyinə görə hansı növləri var?

  • Səthi yaralar – platizmanı keçməyən
  • Dərin – platizmanı keçən

Açıq zədələnmələrin yerləşməsinə görə hansı növləri var?

  • I zona yaralanmaları
  • II zona yaralanmaları
  • III zona yaralanmaları

Klinik əlamətləri hansılardır?

  • “Böyük əlamətlər” - böyük zədələnməni göstərən
  • “Kiçik əlamətlər” - kiçik zədələnməni göstərən
  • Asimptomatik

“Böyük əlamətlər” hansılardır?

  • Çoxlu və davam edən qanaxma
  • Böyük, böyüyən və ya pulsasiya edən hematoma
  • Damarlar üzərində küy
  • İnfuziyaya cavab verməyən şok
  • Mil arteriyasında nəbzin zəifləməsi və ya olmaması
  • Nevroloji defisit (serebral işemiya)
  • Yaradan hava qabarcıqlarının çıxması
  • Massiv qanhayxırma və ya qanqusma
  • Nəfəsalma çətinliyi
  • Xırıltılı tənəffüs

“Kiçik əlamətlər” hansılardır?

  • Orqana yaxın yaralar
  • Kiçik qanaxmalar
  • İnfuziyaya cavab verən hipotenziya
  • Dərialtı və ya mediastinal hava
  • Böyüməyən və ya pulsasiya etməyən hematoma
  • Səs dəyişikliyi
  • Disfagiya

Stabil və ya “kiçik əlamətlər” olan xəstələrdə ilkin yardım tədbirləri hansılardır?

  • Hava yoluna nəzarət
  • KT
  • Aerodigestiv əlamətlər tapılarsa bronxoskopiya və ezofaqoskopiya

Asimptomatik xəstələrdə hansı tədbirlər görülməlidir?

  • 24 saat izləmə, vaxtaşırı hava yolu, tənəffüs, hemodinamika, beyin fəaliyyəti yoxlanılmalı
  • Hər hansı bir əlamət ortaya şıxarsa KT;

Hansı hallarda təcili torakotomiya edilməsi məsləhətdir?

Ağciyər-bronx zədələnməsinə bağlı pnevmotoraks və ya döşdaxili böyük damar zədələnməsindən şübhə varsa

Proqnozu nədir?

Böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir

 

Baş və üz travmaları - Özət və Suallar

Özət

Baş və maksillofasial zədələnmələr ən çox avtomobil qəzalarında, hündürlükdən yıxılmalarda və dalaşmalarda rast gəlinir. Baş zədələnmələri ektrakranial (baş dərisi və kəllə süçükləri) və intrakranial (beyin) zədələnmələrinə ayrılır. Beyin zədlədələnmələri yüngül, orta və ağır dərəcəli ola bilər. Bu zədlənmələrin diaqnostikasında əsasən klinik və KT müayinələri tətbiq edilir və əsas prinsip beyin zədələnməsinin olub-olmadığını müəyyənləşdirməkdir. Başın və maksillo-fassial travmaların müalicəsi əsasən uyğun mütəxəssislər tərəfindən həyata keçirilir. İntrakranial zədələnmələrdə beyini ikincili zədələnmədən qorumaq və cərrahi dekompressiyaya göstəriş olub-olmadığını dəqiqləşdirmək əsas müalicə prinsipləridir. Hipoksemiya, hipoperfuziya, kəllədaxili hipertenziya, yüksək hərarət və qıcolmalar ikincili zədələnmə törədən əsas amillərdir. Ona görə də bu amillərin qarşısını almaq ən vacib tədbirlər sayılır. Başın və üz-çənənin travmalarında müalicə əsasən bərpa üzərində qurulur.

 

Baş və üz travmaları üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Baş zədələnmələrinin hansı növləri var?

Ekstrakranial və intrakranial

Ekstrakranial zədələnmələrin hansı morfoloji formaları ola bilər?

  • Baş dərisinin yaralanmaları və hematomaları
  • Kəllə sümüklərinin sınığı

Beyin zədələnmələrinin morfoloji növləri hansılardır?

  • Epidural hematoma
  • Subdural hematoma
  • Subaraxinoidal qanaxma
  • İntraparenximal qanaxma
  • İntraventrikulyar qanaxma
  • Beyin əzilməsi
  • Beyin silkələnməsi

Beyin zədələnmələrinin diaqnostika üsulları hansılardır?

  • Klinik müayinə
  • KT

Başın yaralanmalarında xəstəyə ümumi yanaşma prinsipləri hansılardır?

Qanaxma dayandırılmalı → sınıqlar, kəllədaxili zədələnmə inkar edilməli → yaraya tikişlər qoyulmalı

İntrakranial zədələnmələrdə əsas müalicə prinsipləri nədən ibarətdir?

Cərrahi dekompressiyaya göstəriş olub-olmadığını dəqiqləşdirmək

Ilkin yardım üsullarına nələr aiddir?

Oksigenasiyanı və beyinin perfuziya təzyiqini təmin etmək

Beyin perfuziya təzyiqi nədir?

Orta arterial təzyiq (>70-80 mm Hg st) ilə intrakranial təzyiq arasındakı (<10-15 mm Hg st) fərq

Beyinin perfuziya təzyiqinə nəzarət necə olmalıdır?

Adekvat arterial təzyiqi təmin etmək və intrakranial təzyiqi azaltmaq

İntrakranial təzyiqə nəzarət üsulu hansıdır?

Subaraxinoidal təzyiq monitoru

İntrakranial təzyiqi azaltmaq üçün hansı tədbirlər həyata keçirilir?

  • Başın 30-45 dərəcə qaldırılması
  • Yüngül hiperventilyasiya
  • Diuretiklər
  • Hipotermiya 32-340 C (əgər koaqulopatiya yoxdursa)
  • Qıcolmaların ən azı 1 həftə müalicəsi
  • Antipiretiklər
  • Göstərişə görə cərrahi dekompressiya

Alın sümüyü sınığında xəstəyə ümumi yanaşma prinsipləri nədir?

  • Yerdəyişməsi olmayan sınıqlarda nəzarət
  • Yerdəyişmiş sınıqlarda cərrahi

Burun sümüyü sınıqlarında xəstəyə ümumi yanaşma prinsipləri nədir?

  • Yerdəyişmiş sınıqlarda cərrahi
  • Septal hematomalarda təcili dekompressiya

Maksillofassial sınıqlarda nazoqastral zond qoymaq olarmı?

Xeyr, lakin oral-qastrik zond qoymaq olar

Kəllə əsası sümüklərinin sınıqlarında xarakterik əlamətlər hansılardır?

  • “Yenot gözü” və ya eynək əlaməti – göz ətrafında ekximoz
  • Battle simptomu – qulaq arxasında ekximoz
  • Otorreya, rinorreya
  • hemotimpanium

Travmada ümumi prinsiplər - Özət və Suallar

Özət

Travma dedikdə fiziki, mexaniki, kimyəvi və bioloji amillərin qısamüddətli təsiri nəticəsində orqanizmdə meydana gələn morfo-funksional pozulma nəzərdə tutulur. Travma əlilliyə və ölümə səbəb olan xəstəliklər arasında ilk yerdə durur və 20-50 yaş qrupu insanlarda ölümün ən çox rast gələn səbəbidir. Travmadan sonra ölüm halları ən çox 3 dövrdə rastlanır:

  • ilk dəqiqələrdə (ölümlərin 50%-ni təşkil edir), ağır beyin zədələnməsi, aorta, ürək və böyük damarların zədələnmələri, ani böyük qanaxma və həyatla uyuşmayan zədələnəmələr əsas səbələrdir
  • ilk saatlarda (ölüm hallarının 30%-ni təşkil edir), beyin zədələnməsinə, qanaxmaya və tənəffüs yetməzliyinə bağlı hipoksiya əsas səbəbdir
  • travmadan 24 saat sonrakı dövrdə (ölüm hallarının 20%-ni təşkil edir), sepsis əsas ölüm səbəbidir

Travmalı xəstələrə müasir tibbi yardım travmanın yuxarıdakı təbii gedişinə və həyati vacib orqanların funksiyasına əsaslanır və aşağıdakı prinsiplər üzərində qurulur:

  • Erkən yardım – travmadan sonrakı ilk 60 dəqiqə həyatqurtarma (“qızıl saat”)
  • Ardıcıl yardım – yardım YADDAŞ adlandırılan ardıcılıqla (Yol, Ağciyər, Dövran, beyin (Düşüncə), Açıq müayinə, Şərait) edilməlidir
  • Pilləli yardım – həyati vacib orqanlardan birinin müayinəsi və tapılan patologiyası aradan qaldırıldıqdan sonra digərinə keçmək lazımdır (birini bitir, sonra digərinə keç)
  • Mərhələli yardım – əvvəl həyatqurtarma tədbirləri, sonra isə bərpa tədbirləri həyata keçirilməlidir: xəstəxanayaqədərki yardım (“çıxar və xəstəxanaya qaç”), ilkin xəstəxana yardımı (həyatqurtarma – stabilləşdirmə və göndərmə), ixtisaslaşmış yardım – erkən bərpa və sepsisin profilaktikası.

Xəstəxanayaqədərki yardım mərhələsində əsas məqsəd xəstəni zədələyici amilin təsirindən qurtarmaq, təcili yardım çağırmaq və ya xəstəxanaya erkən çatdırmaq, ilkin yardımı göstərməkdir. İlk yardımda sadə və sürətli üsullarla həyati vacib funksiyalar qiymətləndirilir və həyatqurtarma tədbirləri həyata keçirilir:

  • Nəfəs alırmı? Əgər nəfəs almırsa hava yolunu açmaq və maska ilə nəfəs vermək
  • Nəbzi və ya ürək döyüntüsü varmı? Əgər yoxdursa ürək masajı başlatmaq
  • Davam edən xarici qanaxma varmı? Varsa dayandırmağa çalışmaq
  • Boyun və ya onurğa zədələnməsinə şübhə varmı? Varsa və ya bilinmirsə xəstəni tərpətməzdən əvvəl boyunu və onurğa sütununu qorumaq
  • Sümük sınıqları varsa şina qoymaq

İlkin xəstəxana yardımı mərhələsində məqsəd travmadan sonrakı ilk 60 dəqiqədə (“qızıl saat”da) baş verən ölüm hallarının qarşısını almaq üçün həyati funksiyaları (tənəffüs, qan dövranı, beyin) sabitləşdirmək (həyatqurtarma) və vaxt itirmədən ixtisaslaşdırılmış yardıma göndərməkdir. Bu məqsədlə birincili (ilkin) və ikincili yoxlamalar adlanan iki qrup tədbirlər həyata keçirilir.

Birinci yoxlama tədbirlərinin məqsədi xəstənin həyatını qurtarmaqdır, yəni stabilləşdirməkdir – orqanizmin adekvat oksigenasiyasına nail olmaq üçün adekvat hava yolunu, ventilyasiyanı, perfuziyanı və beyin fəaliyyətini təmin etməkdir. Bu məqsədlə həyati vacib orqanlar YADDAŞ ardıcılığı ilə müayinə edilir və tapılan həyati təhlükəli patologiyalar təcili aradan qaldırılır (“axtar-tap-düzəlt”).

Birinci yoxlama bitdikdən, yəni həyatqurtarma tədbirləri ilə xəstə stabilləşdirlidikdən sonra ikinci yoxlama başlanır. İkinci yoxlamanın məqsədi travmalı xəstədə bütün zədələnmələri aşkarlamaq, qeyd etmək və ixtisaslaşmış yardıma göndərməkdir. İkinci yoxlamada xəstə anatomik bölgələr üzrə başdan ayağa doğru (“təpədən dırnağa”) ardıcıl müayinə edilir. Baş, boyun, döş, qarın, çanaq-aralıq, onurğa sütunu və ətraflar əvvəlcə klinik müayinə edilir, şübhəli əlamətlər olarsa dəqiqləşdirmək üçün spesifik instrumental və laborator müayinələr başlanılır. Hər bölgənin müayinəsində ilk növbədə həyati təhlükəli, sonra təhlükə törədə biləcək, sonra isə digər zədələnmələri aşkar etmək, ağırlıq dərəcəsini və xarakterini müəyyənləşdirmək lazım gəlir. Unutmamaq lazımdır ki, ikincili yoxlama, o cümlədən instrumental müayinələr xəstə sabitdirsə aparıla bilər. Digər tərəfdən travmalarda instrumental və laborator müayinələr və müalicə təcili şəkildə yerinə yetirilməlidir.

İlkin xəstəxana yardımı mərhələsindəki birincili və ikincili yoxlamalar bitdikdən və xəstə stabilləşdikdən sonra ixtisaslaşmış yardım mərhələsi başlanır. Bu mərhələ bərpa prinsipi üzərində qurulur - xəstədə hərtərəfli müayinələr edilir və bütün yaralanmalar bərpa edilir. İxtisaslaşmış yardım adətən uyğun sahənin mütəxəssisləri tərəfindən həyata keçirilir.

 

 

Travmada birincili və ikincili yoxlamalar üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Travmadan sonra ölüm halları əsasən hansı dövrlərdə müşahidə olunur?

  • İlk dəqiqələrdə (50%)
  • İlk saatlarda (30%)
  • 24 saat sonra (20%)

Travmatik xəstələrdə ölüm baş verməsində əsas mexanizm nədir?

MOY – multiorqan yetməzliyi

MOY-un səbəbləri nələrdir?

  • İlk 24 saatda- hipoksiya
  • Sonrakı dövrdə - SİRS və sepsis

Hipoksiyanın mexanizmləri hansılardır?

  • hipoksemiya
  • hipoperfuziya (şok)

Travmada qüsurlu dövran?

Yolun tıxanması → ventilyasiyanın pozulması → perfuziyanın pozulması → beyində zədələnmələr → ventilyasiya və perfuziyanın pozulması

Travma zamanı yardımın mərhələləri nələrdir?

  • Xəstəxanayaqədərki yardım
  • İlkin xəstəxana yardımı
  • İxtisaslaşdırılmış yardım

Travmada yardım prinsipləri nələrdir?

  • Erkən yardım
  • Ardıcıllıq prinsipi (YADDAŞ)
  • Pilləlilik prinsipi
  • Mərhələli yardım

YADDAŞ prinsipi nədir?

Yol - hava yolu

Ağciyər tənəffüsü

Dövran – qan dövranı

Düşüncə - beyin

Açıq müayinə

Şərait - kateterlər qoyma, şəraiti düzəltmə

Hava yolu müayinəsinin məqsədi nədir?

Hava yollarının açıqlığını və boyunun immoblizasiyasını təmin etmək

Hava yolu tıxanma əlamətləri hansılardır?

  • Danışma çətinliyi
  • Apnoe
  • Səsli tənəffüs
  • Süst düşmə və sianoz
  • Əlavə əzələlərin iştirakı

Hava yolu tıxanmasını dəqiqləşdirmək üçün ən rahat üsul hansıdır?

Xəstəni danışdırmaq

Hava yollarının zədələnmə əlamətləri hansılardır?

  • yarada hava qabarcıqları
  • dərialtı emfizema
  • xırıltılı səs, səsin karlaşması
  • qanhayxırma
  • boğulma əlamətləri
  • yarada kəsilmiş traxeya
  • yaradan massiv qanaxma
  • boyunda hematoma və ya küy

Hava yolları tıxanmalarında yardım üsulları hansılardır?

  • Oksigenasiya
  • Boyun fiksasiyası
  • Ağız və udlağı təmizləmə
  • Müvəqqəti hava yolu
  • Çənəni asma və ya irəli itələmə
  • Orofaringeal və ya nazofarengeal boru
  • Əsas (güvənli) hava yolu (intubasiya) orotraxeal və ya nazotraxeal
  • Cərrahi - krikotiroidotomiya

Ağciyər tənəffüsü müayinəsinin məqsədi nədir?

Ventilyasiyanı pozan həyati təhlükəli zədələnmələri aşkarlamaq

Ağciyər tənəffüsü müayinələrinə nələr daxildir?

  • Baxma, auskultasiya
  • Döş qəfəsi hərəkəti, simmetriyası
  • Tənəffüs sayı, dərinliyi
  • Yara və zədələnmə
  • Əlavə əzələ hərəkəti
  • Boyun venaları

Ventilyasiya pozulması əlamətləri nələrdir?

  • Apnoe
  • Təngnəfəslik
  • Nəfəs çətinliyi
  • Sianoz
  • Asimmetriya
  • Səslərin azalması və ya eşidilməməsi
  • Nəfəs alan yara
  • Hərəkətli pəncərə

Ventilyasiya tədbirlərinə nələr daxildir?

  • Oksigen verilməsi
  • Mexaniki ventilyasiya
  • Plevral drenaj

Qan dövranı müayinəsinin əsas məqsədi nədir?

Qanxama və şok (hipoperfuziya) kimi həyati təhlükəli patologiyaları aşkarlamaq

Qan dövranı müayinəsinə hansı göstəricilər daxildir?

Hemodinamik göstəricilər

  • Nəbz
  • Nəbz təzyiqi
  • Mərkəzi venoz təzyiq (MVT)
  • Ortostatik hipotenziya

Perfuziya göstəriciləri

  • Dərinin hərarəti və rəngi
  • Dırnaqda kapilyar testi
  • Sidik ifrazı
  • Huşun vəziyyəti
  • Arterial pH, qanda laktat

Qan dövranı pozulması əlamətləri hansılardır?

  • Qanaxma
  • Taxikardiya
  • Təzyiqin azalması
  • Soyuq dəri
  • Alaqaranlıq huş
  • İnfuziyaya cavab verməmə
  • Qanaxmanın yerli əlamətləri

Hansı xəstələrdə hipovolemiya zamanı normal arterial təzyiq müşahidə edilə bilər?

Gənc xəstələrdə

Hansı xəstələrdə hipovolemik şok zamanı taxikardiya müşahidə edilməyə bilər?

Onurğa beyni zədələnmələrində, β-blokator istifadəsi zamanı, idmançılarda

Şokda müalicə tədbirlərinə nələr daxildir?

  • Qanaxmanı dayandırma
  • Qan həcminin bərpası – infuziya
  • Oksigen daşımanı artırma və tələbatı azaltma
  • Adekvat toxuma perfuziyasını qorumaq

Beyin müayinələrinin məqsədi nədir?

Beyin zədələnməsini aşkarlamaq və beyini ikincili zədələnmədən qorumaq

İkincili zədələnmə törədən əsas amillər hansılardır?

Hipoksemiya, hipoperfuziya və kəllədaxili hipertenziya, yüksək hərarət və qıcolmalar

Beyi funksiyasını qiymətləndirmək üçün hansı göstəricilər nəzərə alınmalıdır?

  • Mental status - QKŞ (Glasgow Koma Şkalası)
  • Bəbəklərin ölçüsü və reaksiyası
  • Motor və sensor zədələnmələr

QKŞ qiymətləndirmə sisteminin göstəricilərinə nələr daxildir?

  • Gözlərin açma reaksiyası - açıqdır, səsə açır, ağrıya açır, açmır
  • Motor cavab – adekvat, ağrının yerini göstərir, ağrıdan uzaqlaşır, dekortikasion poza, deserebralizasion poza, hərəkət etmir
  • Verbal cavab – adekvat, qarışıq, tək-tək kəlimələr, anlaşılmayan səslər, danışmır

Normal insan QKŞ ilə neçə balla qiymətləndirilir?

15

Ölən insan QKŞ ilə neçə balla qiymətləndirilir?

3

Koma QKŞ ilə neçə balla qiymətləndirilir?

≤8

QKŞ ilə neçə bal intubasiyaya göstərişdir?

≤8

Beyin zədələnmə əlamətləri nələrdir?

  • Amneziya
  • GKŞ ≤15
  • Anizokariya
  • Bəbəyin reaksiyasının azalması
  • Lateralizasiya

Beyin zədələnməsi zamanı beyini qoruma tədbirləri nədən ibarətdir?

  • Oksigenasiya
  • Şokun müalicəsi
  • Kəllədaxili hipertenziyanı aradan qaldırma
  • Dekompressiya
  • Başı qaldırma
  • Hiperventilyasiya
  • Diuretiklər
  • Sakitləşdiricilər

Açıq müayinənin məqsədi nədən ibarətdir?

Böyük zədələnmələri, qanaxmanı gözdən qaçırmamaq, təkrari müayinəni asanlaşdırmaq və ikinci müayinəyə hazırlıq

İkincili müayinə kimlərdə aparılır?

Stabil (stabilləşdirilmiş) xəstələrdə

İxtisaslaşmış yardım nədir?

Birincili və ikincili yoxlamalar bitdikdən sonra mütəxəssislər tərəfindən aparılan müayinə və müalicə