Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Appendiksin xəstəlikləri

N.Y.Bayramov, S.Ş.Salahova

Ədəbiyyat

KƏSKİN APPENDİSİT, AĞIRLAŞMALARI VƏ APPENDİKSİN DİGƏR XƏSTƏLİKLƏRİ

N.Y.Bayramov, S.Ş.Salahova

 

KƏSKİN APPENDİSİT

 

Tərifi

Kəskin appendisit soğulcanabənzər çıxıntının kəskin iltihabı xəstəliyidir, bir neçə saat ərzində divarda destruksiya-perforasiyaya və peritonit, abses, sepsis, keçməzlik və s. kimi ağırlaşmalara səbəb ola bilir.

Rastgəlmə tezliyi

Ən çox rast gələn təcili cərrahi xəstəlikdir, əhalinin təxminən 7-12%-ində kəskin appendisit rastlana bilir. Bütün yaş qruplarında rast gələ bilir, ən çox 20-30 yaşlarda ortaya çıxır.

Təsnifatı

Morfologiyasına görə

  • Kataral
  • Fleqmanoz
  • Qanqrenoz, perforativ

Klinik-morfoloji cəhətinə görə

  • Sadə (səthi, ağırlaşmamış)
  • Destruktiv (fleqmonoz, qanqrenoz)
  • Ağırlaşmış (peritonit, abses, pilefilebit, sepsis, keçməzlik və s)

Klinik-görüntüləmə cəhətinə görə

  • Qeyri-perforativ
  • Perforativ (ağırlaşmış): periapendikulyar kütlə (infiltrat, absess), peritonit, keçməzlik, pilefilebit, sepsis və s

Klinik təzahürünə görə

  • A- tipik
  • B- tipik klinik
  • C- Atipik
  • D- Ağırlaşmış

Etiologiyası

Kəskin appendisitin ən çox rast gəlinən səbəbi mənfəzin obturasiyasıdır. Obturasiya törədən səbəblər arasında ən çox rast gəlinəni aşağıdakılardır:

  • Selikaltı limfioid hiperplaziya çox rast gəlir (60%), gənc xəstələrdə viral infeksiyalardan sonra çox müşahidə edilir.
  • Nəcis daşları 10-35% hallarda tapılır, yaşlılarda və uşaqlarda çox rastlanır.
  • Fibroz
  • Parazitlər
  • Şişlər

Kəskin appendisitin az rast gəlinən ikinci səbəbi isə damar trombozudur. Buna bəzi ədəbiyyatlarda birincili qanqrenoz appendisit də deyilir.

Patogenezi

Kəskin appendisitin baş verməsində və gedişində əsas mexanızm mənfəzdaxili hipertenziya və divar işemiyasıdır.

Obturasiya nəticəsində çıxıntının mənfəzində meydana gələn durğunluq seliyin toplanmasına və bakteriyaların inkişafına səbəb olur. Bunlar mənfəzdaxili təzyiqin artmasına gətirib çıxarır. Hipertenziya divarda işemiya və aseptik iltihaba səbəb olur. Aseptik iltihaba bağırsaq infeksiyalarının qoşulması (Escherichia coli, Peptostreptococcus, Bacteriodes, Pseudomonans və s) iltihabi prosesi ağırlaşdırır.

İlk 6-12 saat ərzində iltihab mukozanı əhatə edir (kataral appendisit), 12-24 saat ərzində bütün qatları əhatə edən irinli iltihab (fleqmanoz appendisit), 24-48 saat sonra isə nekroz və perforasiyalar (qanqrenoz appendisit) meydana gəlir (Şəkil 1).

appe img 1

appe img 2 appe img 3 appe img 4 appe img 5

Şəkil 1.Appendisitin patogenezi

Gedişi

Kəskin appendisit əksər hallarda spontan və ya konservativ müalicə ilə geriyə dönməyən proqressiv iltihabi-destruktiv xəstəlik kimi qəbul edilir. Vaxtında müalicə olunmazsa divarın destruksiyası (perforasiya) nəticəsində iltihab ətrafa yayılaraq letallığı yüksək olan ağırlaşmalar törədir:

  • Absess
  • Diffuz peritonit
  • Appendikulyar infiltrat
  • Tiflit
  • Pilefilebit
  • Entero-kutanoz fistula
  • Bağırsaq keçməzliyi

Kəskin appendisitdə letallıq 0,1%-dən azdır, daha çox yaşlılarda və uşaqlarda gecikməyə, ağırlaşmalara və yanaşı xəstəliklərə bağlı meydana gəlir. Yaş, lokalizasiya və vaxt gedişə təsir edən önəmli amillərdir.

 

Klinikası və müayinələr

Şikayətləri

  • Ağrı (100%)
  • Anoreksiya (90%)
  • Bulantı, qusma (70%)
  • Diarreya (10%)

Əsas simptom olan sağ qalça nahiyəsində ağrı adətən səbəbsiz başlayır, birbaşa sağ qalça nahiyəsində başlaya bilər və ya bir neçə saat əvvəl qarında yayğın başlayıb sağ qalça çuxurunda lokallaşa bilər (Koxer somptomu). Ağrı adətən daimi xarakterli olur. Sancışəklilli, şiddətli ağrı kəskin appendisitdə çox az rast gəlinir.

Obyektiv müayinə

Sağ qalça çuxurunun hərəkətlə bağlı və ya palpasiya zamanı ağrılı olması ən vacib əlamətdir:

  • Qarnı köpürdərkən, öskürərkən, yeriyərkən ağrı və ya ağrının artması
  • Palpasiyada ağrı və ya ağrının artması
  • Sola çevrilərkən ağrının artması (Sitkovski simptomu)
  • Sol yan vəziyyətdə palpator ağrı (Bartomye-Mixelson)
  • Sol qalça çuxurunu perkusiya edərkən sağda ağrı (Rovsing simptomu)
  • Sağ ayağı düz qaldırarkən ağrı və bu vəziyyətdə palpator ağrı (psoas simptomu)
  • Pelvik və rektal müayinələrdə ağrı

Sağ qalça çuxurunda əzələ gərginliyi (50% halda rast gəlir)

Sağ qalça çuxurunda ağrılı törəmə (infiltrat, abses)

Hərarətin yüksəlməsi, taxikardiya və digər septik əlamətlər ola bilər.

 

Laborator müayinə

  • Qanın ümumi analizində - leykositoz (> 12x109/L) və ya qranulositoz ola bilir (77% həssas, 63% spesifik)
  • CRP arta bilər (> 3 mq/dl)
  • Sidik analizində dəyişiklik 25-40% halda rast gəlir, lakin appendisit üçün spesifik deyil (görmə sahəsində 20 dən artıq leykosit, 30-dan artıq eritrosit görünməsi sidik yolları patologiyasını göstərir)

 

Görünütüləmə

  • USM differensiasiyada istifadə edilir, genişlənmiş (>6 mm), aperistaltik, kompressiya olunmayan appendiks, periappendikulyar maye appendisit əlamətləridir (80% həssaslıq və spesifiklik)
  • KT yüksək həssaslıq və spesifiklik (95%) göstərir, diaqnostik çətinlikdə istifadə edilir. Genişlənmiş (diametri 6 mm-dən çox), divarı qalınlaşmış appendiks, ətrafında ödem, abses, fleqmona kimi əlamətlər appendisitə xarakterikdir (Şəkil 2).
  • MRT nəticələri KT ilə eynidir, hamilə qadınlarda diaqnostik çətinlik olarsa istifadə edilir.
  • Diaqnostik laparoskopiya son və həlledici diaqnostik vasitədir və gənc ovulyator qadınlarda ilk seçimdir.
appe img 7 appe img 8

Şəkil 2. Appendisitin diaqnostikası

 

Diaqnostika

 

Şübhə

Kəskin qarın əlamətləri ilə daxil olan bütün xəstələrdə kəskin appendisitdən şübhələnmək lazımdır. Aşağıdakı hallar kəskin appendisitə yüksək şübhə əlamətləri sayılır:

  • Bir neçə saat əvvəl başlayan, hazırda davam edən sağ qalça çuxurunda ağrı
  • Qarının sağ aşağı hissəsində palpator ağrı və gərginlik

 

Dəqiqləşdirmə

Kəskin apendisit şübhəsi olan xəstələrdə ilkin olaraq klinik, laborator və USM edilir. Bu xəstəliyin patoqnomonik əlaməti yoxdur diaqnoz adətən kriteriyalar əsasında qoyulur. Diaqnostikada klinik müayinə əsas yer tutur, laborator müayinələr (leykositoz, qranulositoz, CRP və s.) və USM diaqnozu dəstəkləyə bilir, lakin inkar edə bilmir, KT, MRT və laparoskopiya isə diaqnozu dəstəkləyə bilir, bəzi hallarda isə inkar edə bilir.

Kəskin appendisitdə klinik əlamətlər öz diaqnostik əhəmiyyətlərinə görə üç yerə bölünür: əsas, ikinci və üçüncü dərəcəli meyarlar.

 

Əsas meyarlar – bu meyarlar mütləq kriteriyalardır və bunların olmaması diaqnozu şübhə altına alır.

  • Sağ qalça çuxurunda davamlı ağrı
  • Sağ qalça çuxurunun ağrılı olması: hərəkətə bağlı (yerimə, öskürmə, çevrilmə) və ya palpasiya vaxtı ağrı.
  • İltihabın ümumi əlamətlərindən ən azı biri – hərarətin artması, leykositoz, qranulositoz, CRP artması
  • KT və ya MRT-də appendiksin böyüməsi və ətrafında ödem, maye

 

İkinci dərəcəli meyarlar – bu əlamətlərin olması diaqnozu dəstəkləyir, olmaması isə diaqnozu inkar etmir.

  • Əzələ gərginliyi
  • Əli çəkmə simptomu (Şötkin – Blümberq simptomu).
  • Ürəkbulanma
  • İştahasızlıq
  • Bir – iki dəfə qusma
  • USM əlamətləri

 

Üçüncü dərəcəli meyarlar - bu əlamətlər ola bilər, lakin xarakterik deyil. Bunlar xəstəliyin atipik formalarına və ya başqa xəstəliklərə şübhə yarada bilir.

  • Kəskin başlayan ağrı
  • Sol alt kvadrantda, hipoqastral, sağ bel və qabırğaaltı nahiyyədə ağrılar
  • Sancışəkilli ağrı
  • Təkrari qusmalar
  • Ishal
  • Dizuriya

İlkin klinik – laborator – USM nəticələrinə görə bir neçə variant ola bilər (Şəkil 3):

  • A variantı – tipik variant, aşağıdakı əlamətlərlə xarkterizə olunur:
    • Sağ qalça çuxurunda davamlı ağrı
    • Sağ qalça çuxurunun palpator ağrılı olması: hərəkətə bağlı (yerimə, öskürmə, çevrilmə), palpasiya vaxtı ağrı.
    • İltihabın ümumi əlamətlərindən ən azı biri – hərarətin artması, leykositoz, qranulositoz, CRP artması.
    • Görüntüləmədə digər orqan patologiyası yoxdur.
    • Bu vəziyyət kəskin appendisit kimi qəbul edilir və təcili əməliyyat edilir.
  • B variantı – klinik variant aşağıdakı əlamətlərə xarakterizə olunur:
    • Klinik əlamətlər kəskin appendisiti göstərir, lakin laborator və USM bunu dəstəkləmir və əlavə patologiyanı da göstərmir.
    • Bu variant kəskin appendisit kimi qəbul edilə bilər və ya KT (hamilələrdə və uşqalarda MRT) edilə bilər. Belə hala retrosekal appendisitdə, absesdə, infiltratda daha çox rast gəlinir.
  • C variantı – atipik variant aşağıdakı əlamətlərlə xarakterizə olnur.
    • Klinik əlamətlər tipik deyil, peritonit və sepsis əlamətləri yoxdur. Lakin laborator və USM appendisitə uyğun əlamətləri göstərir. Bu xəstələrdə atipik appendisit və ya digər xəstəliklər ola bilər.
    • Bu variantda KT (hamilələrdə və uşqalarda MRT) və ya bir neçə saatlıq dinamik müşahidə aparıla bilər.
    • Dinamik müaşahidə ilə kəskin appendisiti inkar etmək mümkün deyilsə, diaqnostik laparoskopiya və ya laparotomiya edilə bilər.
  • D variantı – ağırlaşmış variant:
    • Klinik əlamətlər tipik deyil, peritonit və sepsis əlamətləri var, USM və laborator əlamətlər qarındaxili iltihabı göstərir. Peritonitin mənbəyini dəqiqləşdirmək məqsədi ilə oral kontrastli KT edilə bilər. Bu xəstələr təcili əməliyyat olunmalıdırlar

 

appe img 9

Şəkil 3. Kəskin appendisitdə diaqnostik yanaşma

 

 

Differensial diaqnostika

Kəskin appendisiti kəskin qarın törədən cərrahi və qeyri – cərrahi xəstəliklərlə differensiasiya etmək lazım gəlir. Differensiasiyada ən əhəmiyyətli göstəricilər klinik və tomoqrafik göstəricilərdir. Differensiasiya edilməsi lazım olan xəstəliklərə aşağıdakıları aid etmək olar.

  • Qarın boşluğunun kəskin cərrahi xəstəlikləri
    • Mədə, 12bb perforasiyası
    • Kəskin xolesistit
    • Kəskin pankreati
    • Kəskin bağırsaq keçməzliyi
    • Mekkel divertikuliti
    • Kron xəstəliyi
    • Qeyri – spesifik xoralı kolit
    • Epiploik appaendagit
  • Ginekoloji xəstəliklər
    • Uşaqlıqdankənar hamiləlik
    • Yumurtalıq sistləri
    • Pelvioperitonit
    • Adneksit
  • Uroloji xəstəliklər
    • Böyək sancısı
    • Kəskin pielonefrit
    • Kəskin paranefrit
  • Diğər
    • Qatroenterit
    • Enterokolit
    • Dövrü xəstəlik
    • Hepatit
    • Plevrit
    • Nevrit
    • Herpes zoster

 

Müalicəsi

 

Prinsipi

Kəskin appendisitin standart müalicəsi açıq və ya laparoskopik appendektomiyadır. Bu prinsipdən nadir istisnalar var: infiltrativ appendisit, əməliyyat riski çox yüksək olan xəstələrdə ağırlaşmamış appendisit əlamətləri. Son illər ağırlaşmamış appendisitlərdə antibiotikoterapiyanın faydalı olduğu barədə məlumatlar var.

 

Müalicə yanaşması

Kəskin appendisitə şübhə olan xəstələr digər kəskin qarın xəstəlikləri kimi xəstəxanaya yatırılır, təcili qaydada müayinə və müalicə olunurlar. İlkin olaraq damar yolu açılır, ağrıkəsici və antibiotik verilir.

  • Laparokopik appendektomiya ən çox tövsiyə olunan üsuldur, həm ağırlaşmamış, həm ağırlaşmış appendisitlərdə, hətta hamilələrdə aparıla bilər. Qadınlarda və diaqnostik çətinlikdə laparoskopiya ilk seçim sayılır.
  • Açıq appendektomiya ədətən sağ aşağı çəp (McBurney nöqtəsindən keçən kəsik) və ya sağ aşağı pararektal kəsiklə icra olunur.
  • Əməliyyat vaxtı normal görünən appendiksi çıxarmaq və patoloji müayinəyə göndərmək lazımdır (5-20% hallarda appendisit makroskopik görünməyə bilir), lakin qarın boşluğunu diqqətli təftiş etmək də unudulmamalıdır.
  • Antibiotikoterapiya əməliyyatlardan sonrakı ağırlaşmaların profilaktikası üçün aparılır, əməliyyatdan əvvəl bütün xəstələrə, sonra isə yalnız perforativ appendisitlərdə tövsiyə edilir.

 

appe img 10

Şəkil 4. Kəskin appendisitdə müalicə yanaşması

 

KƏSKİN APPENDİSİTİN AĞIRLAŞMALARI

 

Appedukulyar abses

  • Perforativ appendistin piylik və bağırsaqlar tərəfindən hüdudlanması nəticəsində əmələ gəlir, adətən appendisit başladıqdan 48 – 72 saat sonra ortaya çıxır. Yüksək hərarət, qarında davamlı ağrı, palpasiyada sağ alt kvadranda ağrılı kütlə və sepsisi əlamətləri ilə biruzə verir. Diaqnozu əməliyyatdan əvvəl USM və ya KT ilə və ya əməliyyat vaxtı dəqiqləşdirilir.
  • Əməliyyatdan əvvəl tapılan appendikulyar abseləri USM və ya KT nəzarərti altında dəridən keçən və ya cərrahi drenajla müalicə etmək olar. Əməliyyat vaxtı təyin edilən abseslərdə bitişmələr ayrılır, irin təmizlənir, mümkünsə appendektomiya edilir. İltihablaşmış piylik və piy artımları rezeksiya olunur. Abses bölgəsi və çanaq drenajlanır. Appendiks lizisə məruz qalıbsa, əməliyyat abses boşluğunun drenajı ilə tamamlanır.

 

appe img 11

 

Şəkil 5. Apendukulyar absess

 

Appendikulyar infiltrat

  • Appendisiti hüdudlamaq üçün ətrafındakı bağırsaqlar və digər toxumalar infiltratlaşır və və sərt bitişmələr əmələ gətirərir, appendisit tutmasından 3 – 4 gün sonra ortaya çıxır. Qarında ağrı və sağ alt kvadrantda ağrılı kütlə əlamətləri ilə biruzə verir. Spontan və ya müalicə ilə sönə bilər (4 – 6 həftə) və ya absesə çevrilə bilər. Əmliyyatdan əvvəl klinik əlamətlərlə və KT ilə diqnozu dəqiqləşdirmək olar.
  • Əməliyyatdan əvvəl təyin olunan appendikulyar infiltratda 2 həftə konservativ müalicə aparılır və nəzarət edilir. Absesləşmə baş verərsə cərrahi və ya dəridən keçən yolla (USM və ya KT nəzarərti altında) drenaj edilir. İltihab sönərsə 1,5-2 aydan sonra planlı appendektomiya tövsiyə olunur. İnfiltrat əməliyyat vaxtı tapılarsa əməliyyat qarın boşluğunun drenajı ilə tamamlanır, əməliyyatdan sonrakı dövrdə infiltratın müalicəsi aparılır və gedişinə nəzarət edilir.

 

Yayılmış peritonit

  • Appendiksin perforasiyası və ya absesin peritona yayılması nəticəsində əmələ gəlir, yayılmış peritonit əlmətləri ilə biruzə verir (qarında diffuz ağrı, gərginlik, köp, sepsis əlamətləri). Əməliyyatdan əvvəl KT ilə peritonitin mənbəyini dəqiqləşdirmək olur.
  • Təcili əməliyyat mütləqdir və peritonitin müalicəsi həyata keçirilir: laparotomiya/laparoskopiya, mənbənin aradan qaldırılması, sanasiya, drenaj, infuziya, antibiotikoterapiya, digər dəstək müalicələri.

 

Pilefilebit

  • Portal venanın irinli tromboflebitidir, appendisitdən başqa digər qarındaxili irinli xəstəliklər (divertikulit, pankreatit, xolesistit və s) pilefilebit törədə bilir. Pilefilebit antibiotikoterapiyaya tabe ola bilir, qaraciyər absesləri, sepsis və letallıq törədə bilər. Üşütmə, yüksək qızdırma, sarılıq xarakterik əlamətləriidr. Appendisitdə üşütmə və sarılıq görünərsə pilefilebitdən şübhələnmək lazımdır. Dəqiq dizqnozu USM və KT ilə portal venada tromb, hava görünməsi ilə qoyulur.
  • Müalicəsi üçün yüksək doza antibiotik, qaraciyər absesi baş verərsə drenaj edilməlidir.

 

Tiflit və peritiflit

  • Appenisitdəki iltibabi prosesin kor bağırsağa və ətrafındakı toxumalara yayılmasıdır, adətən sərbəst və ya müsariqə kökünə perforasiya nəticəsində baş verir. Kor bağırsaqda və nazik bağırsaqlarda perforasiyalar meydan gələ bilər. Diaqnozu adətən əməliyyat vaxtı təyin olunur.
  • Appendektomiya edildikdən sonra iltihaba uğramış bağırsaq seqmenti (kor bağırsaq və ileosekal bölgə) moblizasiya edilir və laparatom yaradan bayıra çıxarılır. Perforasiya dəlikləri tikilir. Bağırsaq seqmenti 4 – 7 gün ərzində bayırda saxlanılır (ekstraperitonizasiya) və gedişə nəzarət edilir. Perforasiya olmadıqda və ya dəliyin örtüldüyünə əmin olduqdan sonra ileosekal seqment qarın boşluğuna salınır. İleosekal bölgənin geniş nekrozu olarsa hemikolektomiya edilə bilər.

 

Entero – kutanoz fistula

  • Appendiks əsasının nekrozu, güdülün nekrozu və ya açıq qalması, bağırsaq perforasiyaları bağırsaqla dəri arasında fistula səbəb ola bilirlər.Kəskin appendisitdə entero-kutanoz fistullar aşağıdakı hallarda çox rast gəlir:
    • Appendukulyar absesin drenajından sonra (cərrahi və ya perkutan müdaxilə, nadir hallarda spontan)
    • Nekrotik appendektomiyalardan sonar
    • Tiflit və peritiflit olan xəstələrdə.
    • Bədxassəli törəmələrdə
  • Bu fistullar əksər hallarda spontan bağlanır. Ağırlaşma görünərsə əməliyyat edilir.

 

Bağırsaq keçməzliyi

  • Kəskin appendisit abses, infiltrat və bitişmə törədərək kəskin bağırsaq keçməzliyinə səbəb ola bilər. Diaqnozu KT ilə və ya əməliyyat vaxtı təyin edilir. Belə xəstələrdə kor bağırsaq törəməsini unutmamaq lazımdır.

 

XRONİKİ APPENDİSİT

 

  • Xroniki apendisit ilə əlaqədar mübahisəli fikirlər mövcuddur.
  • Bəzi müəlliflərə görə xroniki apendisit nozoloji vahid kimi yox, morfoloji dəyişiklik kimi qəbul edilə bilər və çıxıntıda xroniki iltihab hüceyrələrinin infiltrasiyası və fibrozun olması xarakterikdir.
  • Bəzilərinə görə isə xroniki appendist nozoloji vahid kimi qəbul edililir və sağ qalça çuxurunda təkrarlayan və ya 7 gündən çox davam edən ağrı, zəif palpator ağrı, leykositozun olmaması və çıxıntıda xroniki iltihab əlamətlərinin tapılması xarakterik əlamətləri sayılır. Bu qrup xəstələrin əksəriyyətində appendektomiyadan sonra əlamətlər keçir.

 

APPENDİKSİN TÖRƏMƏLƏRİ

 

Soxulcanabənzər çıxıntının şişləri çox nadir hallarda rast gəlinir. Çıxarılmış çıxıntıların histoloji müayinəsi nəticəsində yalnız 0,2-0,3 % xəstələrdə aşkarlanır. Appendiksin xoşxassəli şışlərinə nevromalar, miomalar, lipomalar, angiomalar, fibromalar və poliplər (adenomatoz və hovcuqlu), bədxassəli şışlərinə isə - xərçəng, karsinoid və retikuloblastoma aiddir. Karsinoid şiləri çıxmaq şərti ilə apendiks şışləri spesifik əlamətlər vermir, kliniki olaraq kəskin apendisit və ya xroniki ağrı əlamətləri ilə birüzə verir, mövcudluğu və təbiəti isə yalnız histoloji müayinədə təyin edilir.

 

Karsinoid şişləri

Çıxıntının şışləri arasında ən çox rast gələni karsinoid şişlərdir (90%). Karsinoid törəmələr (neyroendokrin törəmələr və ya APUD-omalar) selikli qişasının endokrin hüceyrələrindən (Kulchitsky, enteroxromaffin, APUD hüceyrələr) inkişaf edən törəmələrdir. Bu törəmələrin ölçüləri böyük olmur (1-2 sm), adətən appendiksin distalında yerləşir, kəsikdə sarı-boz rəngdə olur. Metastazlar nadir olar (3%). Əksəriyyəti hormonal aktivdirlər və xəstəliyin təzahürü karsinoid sindromdur: qəflətən başlayan, təkrarlanan diareya və bədənin üst hissəsində (sifət və yuxarı ətraflar) bir neçə dəqiqə davam edən qızarmalar. Diaqnozu 5-hidroksi-indol asetat turşusunun serotoninin metaboliti) və ya qanda xromoqrafin-A-nın səviyyəsinin artması ilə dəqiqləşdirilir. Hormonal qeyri-aktiv törəmələrin diaqnozu histoloji müayinədə neyronal enolaza enziminə görə qoyulur. Müalicəsi appendektomiyadır.

 

Adenokarsinoma

Soxulcanabənzər çıxıntının xərçəngi polipşəkilli olur, bəzən xoralaşır, histoloji olaraq adenokarsinoma aşkar edilir. Xərçəng zamanı çıxntının mənfəzi tez tutulur və kəskin appendisit kimi əməliyyat olunur, bununla əlaqədar metastazları cox az hallarda olur. Çıxarılmış appendiksdə xərçəng aşkar edildikdə təkrar sağtərəfli hemikolektomiya icra edilir. Proqnozu kor bağırsağın xərçəngi ilə eynidir.

 

Mukosel

Appendiks mukoseli çıxıntı mənfəzində seliyin toplanması və kistşəkili formaya çevrilməsidir. Psevdomiksomadan fərqli olaraq mukosel həmişə bəd xassəli olmur, lakin adenokarsinoma səbəbli mukosel peritoneal psevdomiksomanın mənbəyi ola bilər. Mukosel neoplastik (sistoadenoma, sistoadenokarsinoma) və qeyri-neoplastik (retension kist, mukozal hiperplaziya) səbəblərdən ortaya çıxa bilər. Appendiks mukoseli adətən simtopmatik və ya asimptomatik xəstələrda aparılan KT, kolonoskopiya və ya laparotomiyalarda tapılır. Xoş xassəli səbəblərdən meydana gəlmiş mukoselllərdə (retension kist, mukozal hiperplaziya və sistoadenoma) appendektomiya yetərlidir, adenokarsinomalarda hemikolektomiya və geniş rezeksiyalar aparılması lazım gələ bilir.

 

Özət

Kəskin appendisit soğulcanabənzər çıxıntının kəskin iltihabı xəstəliyidir, əksər hallarda çıxıntının mənfəzinin tıxanması nəticəsində (nəcis daşları, limfiod hiperplaziya, qurd invaziyası və s) neydana gəlir. Mənfəzdaxili durğunluq və hipertenziya əvvəl selikli qişada aseptik iltihab törədir, sonra infeksiyanın inkişafı prosesi ağırlaşdırır və divarda destruksiyalar meydana gəlir. Xəstəlik tipik halda epiqastral və ya göbəkətrafı ağrılarla kəskin başlayır, bir neçə saat ərzində ağrılar sağ qalça çuxurunda lokallaşır, bulantı və azsaylı qusmalar ola bilər. Müalicə olnmadıqda bir neçə saat sonra perforasiya, peritonit, abses, sepsis, keçməzlik və s. kimi ağırlaşmalara səbəb ola bilir. Diaqnostikasında ilkin klinik laborator və USM müayinəsi ilə əksər hallrda diaqnozunu qoymaq mümükün olur, bəzən KT (uşaqlarda və hamilələrdə MRT), həttda laparoskopiya gərəkə bilir. Sağ qalça çuxurunda ağrı, palpator ağrı, iltihab göstəriciləri (leykositoz, qranulositoz, CRP artması), USM-də kəskin apendisit əlamətləri və digər xəstəliklərin inkarı xarakterik əlamətləridir. Kəskin apendisitin standart müayinəsi appendektomiyadır, laparoskopik üsul ilk seçimdir.

Kəskin apendisitin ağırlaşmalraında uyğun müalicələr seçilir: infiltratda konservativ, absesdə drenaj, peritonitdə sanasiya və drenaj, tifilitdə extraperitonizasiya, pilefilebitdə antibiotikoterapiya və s.

Soxulcanabənzər çıxıntının şişləri çox nadir hallarda rast gəlinir, xoşxassəli şışlərinə nevromalar, miomalar, lipomalar, angiomalar, fibromalar və poliplər (adenomatoz və hovcuqlu), bədxassəli şişlərinə isə - xərçəng, karsinoid və retikuloblastoma aiddir. Karsinoid şiləri çıxmaq şərti ilə apendiks şişləri spesifik əlamətlər vermir, kliniki olaraq kəskin apendisit və ya xroniki ağrı əlamətləri ilə birüzə verir, mövcudluğu və təbiəti isə yalnız histoloji müayinədə təyin edilir.

Karsinoid şişlərində və xoş xassəli törəmələrdə əksər hallrda appendekomiya yetərli olur. Adenokarsinomalarda hemikolektomiya lazım gəlir. Mukoseli psevdomiksomadan fərqlədnrimək lazım gəlir, xoş xassəli səbəbli mukosellərdə appendektomiya, bəd xassəli səbəbli mukosellərdə isə geniş rezeksiyalar uyğun müalicələr lazım gəlir

Appendiks xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva

Kəskin apendisit və ağırlaşmaları

Suallar

Cavablar

Appendisit nədir?

Soğulcanabənzər çıxıntının obstruksiyası nəticəsində appendiksin iltihabi (perforasiya və nekroz da ola bilir).

Səbəbi nədir?

Limfoid hiperplaziya və fekalit (appendikolit)

Nadir hallarda-parazit, yad cisim, tumor (karsinoid)

Kəskin appendisitin rast gəlmə tezliyi nə qədərdir?

Təqribən 7-20%

Ən çox rast gəlinən təcili abdominal cərrahi xəstəlik hansıdır?

Kəskin appendisit

Appendisit klassik olaraq hansı əlamətlərlə biruzə verir?

Klassik xronologiya:

  • Göbəkətrafı ağrı
  • Ürəkbulanma və qusma
  • Anoreksiya
  • Ağrı sağ qalça çuxuruna miqrasiya edir (lokallaşır)

Ağrı nəyə görə göbək ətrafında olur?

Erkən mərhələdəki visseral ağrı implusları günəş kələfinə getdiyi üçün

Ağrı nəyə görə sağ qalça çuxurunda lokallaşır?

Peritonda iltihab başladıqda somatik ağrılar meydana gəldiyi üçün

Appendisitin obyektiv əlamətləri hansılardır?

Peritonun lokal qıcıqlanma əlamətləri:

  • palpator ağrı
  • gərginlik
  • əlçəkmə əlaməti
  • obturator və psoas əzələ əlamətləri
  • subfebril temperatur (yüksək hərarət adətən perforasiyada olur)
  • sağ qalça çuxurunda hiperesteziya

Obturator əzələ əlaməti nə deməkdir?

Ayağı bud və diz oynağı səviyyəsində içəri burarkən ağrının baş verməsi və ya artmasıdır. Adətən çanaqda yerləşən appendisitlərdə rast gəlinir.

Psoas əlaməti nə deməkdir?

Dizi bükmədən sağ aşağı ətrafı yuxarı qaldırarkən ağrının baş verməsi və ya artmasıdır. Adətən retrosekal yerləşən appendisitlərdə rast gəlinir.

Rovsinq əlaməti nə deməkdir?

Sol qalça çuxurunu perkusiya edərkən sağda ağrı

McBurney nöqtəsi nədir?

Yuxarı qalça tini ilə göbəyi birləşdirən xəttin bayır və orta 1/3 arasındakı nöqtədir. Kəskin appendisitdə maksimal ağrı da bu nöqtədə olur.

Kəskin appendisiti hansı xəstəliklərlə differensiasiya etmək lazım gəlir?

Mekkel divertikulu

Kron xəstəliyi

xora perforasiyası

invaginasiya

qəbizlik

qastroenterit

burulma

törəmə

yumurtalıq burulması, sisti və törəməsi

adneksitlər

boru hamiləliyi

mezenterik limfadenit

sidik yollarının iltihab

pielonefrit

sidik daşı

digər

Kəskin appendisiti digər xəstəliklərdən differensiasiya çətinliyi yaranarsa ən güvənli müayinə hansılardır?

Klinik, tomoqrafik və laparoskopik müayinələr.

Kəskin appendisitdə hansı laborator testlər yoxlanılmalıdır?

Qanın ümumi analizi (leykositoz, qranulositoz)

CRP

Sidik analizi: pielonefrit və böyrək daşının istisna etmək üçün (qeyd: yüngül hematuriya və piuriya çanaq iltihablı appendisitlərdə də ola bilər).

Gənc qadınlarda betta HCG

Hansı görüntüləmə müayinələri lazım gələ bilir?

USM, KT, MRT

MRT kimlərdə daha çox tövsiyə olunur?

Hamilələrdə və uşaqlarda

Kəskin appendisitlərdə klassik olaraq qusma nə vaxt baş verir?

Adətən ağrıdan sonra baş verir. Qastroenteritlərdə isə adətən qusma ağrıdan əvvəl başlayır.

Pozitiv sidik analizi appendisiti inkar edirmi?

Xeyr! Periappendikulyar iltihab fonunda uretral iltihab olur ki, bu da sidikdə iltihabı dəyişikliklər törədə bilir.

Kəskin appendisitlərdə KT-də hansı əlamətlər görünür?

Appendiks diametrinin böyüməsi (6 mm-dən çox), ətraf yağ toxumasında ödem, maye

Əməliyyatönü hansı hazırlıqlar aparılır?

  • İnfuziya
  • Antibiotik

Laparoskopik appendektomiya kimlərdə ilk seçimdir?

Qadınlarda və fiziki iş görənlərdə

Ağırlaşmamış (sadə, səthi, kataral) kəskin appendisitdə müalicə tədbirləri hansılardır?

İnfuziya, antibiotic və appendektomiya.

Perforativ kəskin appendisitin müalicəsi nədən ibarətdir?

İnfuziya, appendektomiya, qarında olan maye və irinin drenajı, antibiotikoterapiya, yaranın çox hallarda açıq buraxılması (yalnız fassiya qapanır, yara ikincili sağalır).

Appendikulyar absesin müalicəsi necədir?

Absesin perkutan drenajı, antibiotikoterapiya, gərəkərsə planlı appendektomiya (6 həftə sonra)

Appendikulyar infiltratın müalicəsi necədir?

Konservativ müalicə və iltihab söndükdən sonra (6-8 həftə) appendektomiya.

Ağırlaşmamış appendisitlərdə antibiotikoterapiya nə qədər davam etdirilməlidir?

Adətən əməliyyatönü tək doza.

Perforativ appendisitlərdə antibiotik nə qədər müddətə verilir?

Leykositlərin sayı normallaşır, həyat göstəriciləri stabilləşir, hərarət olmur, bağırsaq fəaliyyəti bərpa olunur (adətən 3-5 gün)

Perforasiya riski nə qədərdir?

Xəstəlik başladıqdan sonrakı 24 saat ərzində 25%, 36 saat ərzində 50%, 48 saat ərzində isə 75%

Hamilələrdə ən çox rastlanan təcili əməliyyat hansıdır?

Appendisit (uşaqlığın böyüməsi ilə əlaqədar ağrı sağ yuxarı kvadrantda ola bilər)

Appendisit hansı ağırlaşmaları törədə bilər?

Peritonit, abses, infiltrat, pilefilebit, keçməzlik

Retrosekal retroperitoneal appendiks populyasiyanın neçə faizində olur?

Təxminən 15%

Əgər təftişdə appendiks normal görünərsə çıxarılmalıdırmı?

Bəli. Çünki makroskopik normal görünən appendiklərin təxminən yarısında mikroskopik olaraq iltihab tapılır.

Neçə faiz hallarda appendisitə görə aparılan əməliyyatlarda appendiksdə makroskopik dəyişiklik tapılmır?

20%-ə qədər. Qeyd etmək lazımdır ki, appendisiti səhv olaraq saxlamaqdansa normal appendiksi çıxarmaq daha düzgündür.

“Təsadüfü” appendektomiya nədir?

Qarın boşluğunun müxtəlif əməliyyatları zamanı normal appendiksin çıxarılmasıdır.

Appendektomiyanın ağırlaşmaları hansılardır?

Bitişmə xəstəliyi, fistul, yara irinləməsi, qadınlarda perforasiya zamanı infertilite, sağ qasıq yırtığının əmələ gəlmə riskinin artması, güdül absesi, qanaxma, peritonit

Kəskin appendisitlərdə əməliyyat vaxtı rutin olaraq kültür götürülürmü?

Xeyr !!!. Kültür perforativ appendisitlərdə götürülür.

Appendiksi necə tapmaq olar?

Kor bağırsaq zolağını təqib edərək.

Retrosekal və retroperitoneal appendiksi necə tapmaq olar?

Kor bağırsağın lateral peritoneal büküşünü açaraq.

Nəyə görə appendektomiyadan sonra güdüldə olan mukoza elektrokoaqulyasiya olmalıdır?

Mukosele əmələ gəlməməsi üçün.

Əgər terminal ileumda Crohn xəstəliyi aşkarlanıbsa appendiks çıxarılırmı?

Bəli!! Əgər appendiksin əsası prosesə cəlb olunmayıbsa.

Əgər əməliyyatda appendiks normal görünürsə ilk növbədə hansı orqanları təftiş edərsiniz?

Terminal ileum: Mekkel divertikulu, Crohn xəstəliyi, invaginasiya

Ginekoloji: Sist, yumurtalıq burulması

Yırtıqlar, düz əzələ yatağı hematoması

Əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?

Yara infeksiyası

Appendiks törəmələri

Appendiks törəmələrindən ən çox rast gəlinəni hansıdır?

Karsinoid tumor

Ölçüsü 2 sm-dən az olan appendiks karsinoidinin müalicəsi?

Appendektomiya (əgər bağırsaq divarını keçməyibsə)

Ölçüsü 2 sm-dən böyük appendiks karsinoidinin müalicəsi?

Sağ hemikolektomiya

Appendiks karsinoidinin neçə faizi maligndir?

5% aşağı

Appendiks tumorlarının növləri?

Karsinoid, adenokarsinoma, malignant adenoid, miksoid adenokarsinoma

Appendiks tumorunun hansı növü appendiks partlayan zaman peritoneal yayılma verir?

Miksoid adenokarsinoma